Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Azərbaycanda sosial sahibkarlığın inkişaf potensialı böyükdür

  • Oxunub 378 dəfə

 İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayevanın economics.com.az saytına müsahibəsi 

 Rəsmiyyə xanım, son illər dünyada sosial sahibkarlıq genişlənməkdədir. Öncə aydınlıq gətirək ki, sosial sahibkarlıq nədir?

- Sosial sahibkarlıqsosial, iqtisadi və ekoloji problemlərə innovativ həll yolları axtaran fəaliyyət növüdür. Məqsəd əldə olunan mənfəətin cəmiyyətin problemlərinin həllinə yönəldilməsidir. 

- Sosial sahibkarlıq hansı üstünlüklərə malikdir?

- Sosial sahibkarlığı ənənəvi sahibkarlıqdan bir sıra xüsusiyyətlər fərqləndirir. Ənənəvi sahibkarlıqda əsas məqsəd mənfəətin əldə olunmasıdırsa, sosial sahibkarlıqda isə həssas qrupların məşğulluğunun təmin edilməsi, yoxsulluğun azaldılması, rifahın yaxşılaşdırılması, inklüzivliyin artırılması, sosial müdafiənin gücləndirilməsidir. Sosial sahibkarlıqda sosial rifah birinci, mənfəət isə ikinci dərəcəli hesab olunur. Təbii ki, sosial sahibkarlıq iqtisadi artımı da sürətləndirir. Bunlarla yanaşı, sosial sahibkarklığın inkişafı, həm də dövlətin uzunmüddətli perspektivdə sosial yükünün azaldılması deməkdir. Göründüyü kimi, sosial sahibkarlığın inkişafı çoxsaylı problemlərin həllinə gətirib çıxarır.

Sizin də üzvü olduğunuz tədqiqat qrupu “Azərbaycanda sosial sahibkarlığın inkişafı üzrə təklif və tövsiyələrin hazırlanması” layihəsini icra edir. Layihənin icrasının məqsədi nədir?

- Bizim tədqiqat qrupunun icra etdiyi “Azərbaycanda sosial sahibkarlığın inkişafı üzrə təklif və tövsiyələrin hazırlanması” layihəsinin məqsədi Azərbaycanda sosial sahibkarlıqla bağlı mövcud vəziyyətin qiymətləndirilməsi, problemlərin aşkarlanması və onların həlli istiqamətində təklif və tövsiyələrin verilməsidir. Layihənin rəhbəri i.e.d., professor Nazim Müzəffərlidir (İmanov). Bu layihə çərçivəsində Azərbaycanda sosial sahibkarlığın inkişaf istiqamətləri ilə bağlı bir monoqrafiya da çap ediləcəkdir.

Ölkəmizdə sosial sahibkarlıqla bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

- Bildiyimiz kimi, sosial sahibkarlıq son illərdə dünyada sürətlə inkişaf edir. Təəssüflər olsun ki, bizim ölkəmizdə onun inkişafı istənilən səviyyədə deyildir. Doğrudur, ölkəmizdə fəaliyyət göstərən sosial sahibkarlar var, lakin onların sayı azdır. Bu sahədə ölkəmizdə mövcud qanunvericilik bazası təkmil deyil. İnsanlar arasında məlumatlılıq səviyyəsi aşağıdır. Lakin ölkəmizdə sosial sahibkarlığın inkişaf potensialı böyükdür.

Bu layihə çərçivəsində Azərbaycanda sosial sahibkarlıqla bağlı vəziyyəti qiymətləndirmək üçün bir sorğu da keçirmisiniz. Bu haqda məlumat verməyinizi istərdik. Sorğu kimlər arasında keçirilmişdir və əsas məqsəd nə idi?

- Sorğu Google-Survey vasitəsi ilə keçirilmişdir. Sorğuda 100 iqtisadçı iştirak etmişdir. Sorğuda iştirak edən iqtisadçıların təqribən yarısı elm adamlarıdır. Onlardan 14 nəfəri iqtisad elmləri doktoru, 32 nəfəri isə iqtisad üzrə fəlsəfə doktorlarıdır. Sorğunu keçirməkdə məqsədimiz, son illərdə dünyada sürətlə inkişaf etməkdə olan, məşğulluğun səviyyəsinin  yüksəldilməsinə, yoxsulluğun səviyyəsinin azaldılmasına, həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sosial sahibkarlığın Azərbaycanda mövcud vəziyyətinə iqtisadçıların münasibətini öyrənmək idi.  

-  Sorğunun nəticələrinin təhlili ölkəmizdə sosial sahibkarlıqla bağlı hansı mənzərəni ortaya qoydu?

- Sorğuda ilk olaraq biz ölkədəki biznes mühitinə münasibəti öyrənmək istədik. “Azərbaycanda biznes mühitini necə qiymətləndirirsiniz?” sualına cavabında sorğuda iştirak edənlərin 65,1%-i “qismən əlverişli” hesab etmişdir. Biznes mühitini “Əlverişli” hesab edənlərin xüsusi şəkisi 25.2%, “Əlverişsiz” hesab edənlərin payı isə 9.7% olmuşdur. Göründüyü kimi, ekspertlərin böyük əksəriyyəti ölkəmizdəki biznes mühitini daha çox “Qismən əlverişli” hesab edirlər.

Sosial sahibkarlıq haqqında məlumatınız varmı?” sualına ekspertlərin 72,50%-i “bəli”, 22.50%-i “qismən məlumatlıyam” cavabını vermişdir. Bu suala “xeyr” deyənlərin sayı  5% təşkil etmişdir. Bu da onu göstərir ki, iqtisadçılar arasında belə, sosial sahibkarlıqla bağlı məlumatı olmayanlara rast gəlmək mümkündür.

Azərbaycanda sosial sahibkarlıqla bağlı vəziyyəti necə qiymətləndirirsiniz?” sualını cavablandıranların 54.5%-i vəziyyəti “qeyri-qənaətbəxş”, 36.4%-i “qənaətbəxş” hesab etmişdir. Respondentlərin 9,1%-i isə “digər” versiyasını seçiblər.

Azərbaycanda sosial sahibkarlığın inkişafına mane olan amillər hansılardır?” sualını cavablandıranların 59.6%-i məlumatsızlığı, 47.5%-i maliyyə çatışmazlığını, 36.4%-i qanunvericilik bazasının yetərli olmamasını, 27.3%-i biznes mühitinin əlverişsizliyini səbəb göstərmişdir. Qeyd etmək lazımdır ki, respondentlərə bir neçə cavab seçmək imkanı verilmişdir. Odur ki, cavabların sayı respondentlərin sayından çoxdur.

-  Sorğunun nəticələrinə görə respondentlər sosial sahibkarlığın inkişafı üçün nələri zəruri hesab edirlər?

- “Azərbaycanda sosial sahibkarlığın inkişafı üçün nələri zəruri hesab edirsiniz?” sualını cavablandıranların seçimi arasında ən populyar cavab “Əhali arasında maarifləndirmənin aparılması” olmuşdur – 67.3%. Azərbaycanda sosial sahibkarlığın inkişafı üçün  “Dövlət dəstəyinin olmasını” seçənlərin xüsusi çəkisi 54.5%, “Kredit əlçatarlığının təmin edilməsi”ni seçənlərin xüsusi çəkisi 44.6%, “Qanunvericilik bazasının təkmilləşdirilməsini” seçənlərin xüsusi çəkisi 41.6%, “İdxal-ixrac prosedurlarının sadələşdirilməsini” seçənlərin xüsusi çəkisi isə 33.7% təşkil etmişdir.

-  Maraqldır ki, dövlət dəstəyi dedikdə, respondentlər nələri nəzərdə tuturlar?

- “Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstəyinin  hansı istiqamətlərini daha vacib hesab edirsiniz?” sualına respondentlərin 58%-i “Güzəştli kreditlər”, 54%-i “Maliyyə yardımı və vergi güzəştləri”, 45%-i “Hüquqi yardım”, 33%-i “Texniki avadanlıqla güzəştli şərtlərlə təchizat”, 32%-i “İdxal rüsumlarında güzəştlər”, 29%-i “Tikililərin güzəştli şərtlərlə icarəsi”, 18%-i “Ödənişsiz torpaq sahəsi” cavabını seçmişdir. Göründüyü kimi, respondentlər ölkəmizdə sosial sahibkarlığın inkişafında dövlətin əsas dəstəyini güzəştli kreditlərdə, maliyyə yardımında və vergi güzəştlərində görürlər.

Sizin və respondentlərin fikrinizcə, Azərbaycanda sosial sahibkarlıq hansı sahələrdə daha perspektivlidir?

- Sorğuda belə bir sual da yer almışdı. “Azərbaycanda sosial sahibkarlığın inkişafını hansı sahədə perspektivli hesab edirsiniz?” sualını cavablandıranların ən böyük hissəsi (64%) “kənd təsərrüfatı” cavabını seçmişdir. İkinci yerdə 48%-lə “turizm” gəlir. Respondentlər sosial sahibkarlığı perspektivli hesab etdiyi üçüncü sahə təhsildir (44%).  İctimai iaşə 39%-lə dördüncü yerdədir. Dünyada sosial sahibkarlığın daha çox inkişaf etdiyi ticarət sahəsi (32%-lə) səhiyyə ilə bərabər 5-6-cı yerləri bölüşdürür. Mənim fikrimcə də, ölkımizdə sosial sahibkarlıq daha çox xidmət sektorunda, kənd təsərrüfatı sahəsində perspektivli sayıla bilər.

Rəsmiyyə xanım, əhali arasında sosial sahibkarlıqla bağlı məlumatlılığın aşağı olduğunu qeyd etdiniz. Bununla bağlı nə təklif edirsiniz?

- Sorğuda bu məsələyə də münasibəti öyrənməyə çalışdıq. “Sosial sahibkarlıqla bağlı maarifləndirmə işini kim aparmalıdır?” sualını cavablandıranların 34%-i KOBİA, 29%-i KİV, 25%-i ƏƏSMN, 23%-i QHT, 16%-i elm adamları cavablarını seçmişdir. Sorğuda iştirak edənlərin təqribən yarısı (48%) sosial sahibkarlıqla bağlı “bütün qüvvələrin səfərbər olması” qənaətindədirlər.

Sosial sahibkarlıqla bağlı maarifləndirmə işi necə aparılmalıdır?” sualını cavablandıranlar təqdim olunmuş versiyalar arasında ən vacib təlimləri hesab etmişlər (58,8%). Maraqlıdır ki, son illərdə həyatımızın ayrılmaz parçasına çevrilən sosial şəbəkələrin də rolu önəmli sayılmışdır. Belə ki, sosial şəbəkələr vasitəsi ilə cavabını seçənlərin sayı 57.8%, KİV-də ekspert çıxışlarının, müsahibələrin təşkili vasitəsi ilə cavabını seçənlərin sayı isə 56.9% təşkil etmişdir. KİV-də reklam çarxları vasitəsi ilə cavablarını seçənlərin xüsusi çəkisi isə 51%-dir. Mən də o qənaətdəyəm ki, bütün üsullardan – KİV, sosial şəbəkələr, QHT və s. vasitəsi ilə maarifləndirmə işi aparılmalıdır. Burada elm adamlarının üzərinə də böyük iş düşür. Təlimlərin verilməsi, ekspert rəylərinin hazırlanması və s. zəruridir.  

-  Müsahibəyə görə təşəkkür edirik.