“Qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın dayanıqlılığına təkan verir”
- Oxunub 3007 dəfə
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d., dosent Aqil Əsədovun “Vergilər” qəzetinə müsahibəsi
- Aqil müəllim, bir müddət əvvəl Azərbaycanda keçirilən birinci Avropa Oyunları başa çatdı. Bu tədbir ölkəmizin sosial-iqtisadi həyatında hansı mühüm dəyişikliklərlə səbəb oldu və qarşıdakı dövrdə nə kimi iqtisadi səmərə vəd edir?
İlk növbədə onu qeyd etmək istərdim ki, 50-yə yaxın ölkənin qatıldığı belə bir mötəbər tədbirə ev sahibliyi etmək olduqca məsuliyyətli və qürurvericidir. I Avropa Oyunlarının olduqca yüksək təşkilatçılıqla və uğurla başa çatması Azərbaycanın ən mötəbər yarışlara ev sahibliyi etməyə qadir olduğunu sübut etdi. Beynəlxalq aləm ölkəmizdə mövcud olan sabitliyi, əmin-amanlığı görür, bizə etibar edir və artıq ölkəmiz etibarlı bir tərəfdaş kimi qəbul olunur. Təbii ki, bütün bunlara heç də asan yolla nail olmaq mümkün deyil. O ki qaldı oyunların əhəmiyyətinə, bilirsiniz, artıq bizim əsrimiz top-tüfəng əsri deyil, informasiya əsridir. İndi dünyada informasiya mübarizəsi gedir və kim bu sahədə qalib gəlirsə, digər sahələrdə də birmənalı şəkildə uğurlarını təmin edir. Bu gün bütün Avropa mətbuatı, aparıcı qəzetlər ölkəmizdən, buradakı inkişaf səviyyəsindən, təşkilatçılıq keyfiyyətlərindən, xalqımızın birliyindən yazır. Belə mötəbər beynəlxalq tədbirlər zamanı hər bir vətəndaş öz ölkəsinin səfiri olmalıdır və şükürlər olsun ki, ölkəmiz, xalqımız, vətəndaşlarımız da bu işin öhdəsindən layiqincə və məharətlə gəldilər.
Eyni zamanda, təbii ki, belə tədbirlərin iqtisadi səmərəsi də mövcuddur. Ümumilikdə, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin çox mühüm sosial-iqtisadi və strateji əhəmiyyəti var. Sosial-iqtisadi əhəmiyyəti də bir oyunların keçirildiyi zamana aid olan carı gəlirlər kimi, bir də perspektiv sosial-iqtisadi gözləntilər olaraq nəzərdən keçirməliyik. İlk növbədə, oyunların keçirilməsindən turizm və digər bir sıra xidmət sahələri daha çox bəhrələndi. Hər idmançı ilə bir-iki nəfər turistin gəlməsi, jurnalistlər, reklamçılar və s. Mövcud standartlara görə Azərbaycanda olan bir turistin həftəlik orta xərcləri 1000 dollar təşkil edir. Oyunların iki həftə ərzində keçiriləcəyini nəzərə alsaq, bir turistin 2000 dollardan az olmayaraq vəsait xərcləyəcəyi aydın olar. Bu da milyonlarla manat vəsait deməkdir. Digər tərəfdən, mətbuatdan da məlum olduğu kimi, oyunların xaricdə yayımlanması ilə bağlı, kifayət qədər müraciətlər olunmuşdur ki, bu da əlavə gəlirlər deməkdir. I Avropa Oyunları zamanı, hətta ayrı-ayrı oyunların keçirildiyi zallarda, meydançalarda reklamlar yerləşdirilmişdir ki, bu da müvafıq reklam gəlirləri əldə etməyə imkan verir. Ümumilikdə cari gəlirlərə biletlərin satışını, reklam və yayım gəlirlərini aid etmək olar.
Möhtəşəm Oyunlardan əvvəl ən çox müzakirə edilən məsələlərdən biri də birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin manata olan tələbə necə təsir göstərməsi ilə bağlı idi. Qitədə ilk dəfə təşkil edilən bu Oyunlar milli valyutaya tələbin artmasına səbəb oldu. Turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına, Mərkəzi Bankın intervensiya xərcinin azaldılması gətirib çıxardı. Bu isə Avropa Oyunlarının ölkəmizdə maliyyə sabitliyinin möhkəmləndirilməsinə töhfə verməsi kimi qiymətləndirilə bilər. Nəhayət, oyunların keçirilməsindən iqtisadi baxımdan bəhrələnən tərəflərdən biri də kiçik və orta sahibkarlıq oldu. Turistlərin ölkəmizə gəlməsi ilə bağlı müxtəlif xidmətlərə tələb formalaşdı. Nəzərə alsaq ki, bu xidmətlərin əksəriyyəti kiçik və orta sahibkarlıq subyektləri tərəfindən təklif edilirdi, onda bu sahəni də oyunlardan bəhrələnən kimi qəbul edə bilərik.
O ki qaldı, strateji gözləntilərə, təbii ki, I Avropa Oyunlarının səmərəsini yanız cari gəlirlərlə dəyərləndirmək düzgün olmazdı. I Avropa Oyunlarına xərclənən vəsaitlərin 75 faizdən çoxu infrastrukturların yaradılmasına və təkmilləşdirilməsinə sərf edilib. Yəni xərclənən vəsaitlər Bakı və eləcə də bir sıra regionlarda infrastruktur təminatın yaxşılaşdırılmasına xidmət edir. Təbii ki, bütün bunlar Azərbaycanın rəqabət qabiliyyətini yüksəldəcək. Oyunlar bitəcək, infrastruktur isə qalacaq. Növbəti mötəbər tədbirlərə ev sahibliyi etməyə imkan verəcək. Növbəti tədbirlərdə isə xərclər az olacaq, artıq infrastruktur mövcuddur, gəlirlər daha çox olacaq. Artıq 2017-ci ildə İslam Həmrəylik oyunlarına Azərbaycan ev sahibliyi edəcəyi rəsmən təsdiqlənib. Avropa mətbuatında Azərbaycan Yay Olimpiya Oyunlarına iddialı, bu oyunları keçirməyə qadir bir ölkə kimi təqdim olunur. Təbii ki, bütün bunlar ölkəmiz üçün böyük dividendlər vəd edir, mühüm iqtisadi-strateji əhəmiyyət kəsb edir.
- Hazırda qlobal böhran şəraitində əksər ölkələrdə iqtisadiyyatın zəifləməsi baş verir. 2015-ci ilin birinci yarısını başa vuran Azərbaycanın iqtisadi vəziyətini necə qiymətləndirmək olar?
Aydındır ki, Azərbaycanda hər bir sahə üzrə düşünülmüş proqram var: iqtisadi inkişaf, sosial məsələlərin həlli, ekoloji proqram, neft-qaz sektorunun inkişafı, regional inkişaf proqramı, səhiyyə proqramı, təhsil proqramı. Demək olar ki, elə bir sahə yoxdur ki, orada bizim proqramımız olmasın. Eyni zamanda, ölkə başçısı nın fikirləri ilə ifadə etsək, bu proqramlar sadəcə olaraq, bir niyyət sənədi, şüar toplusu deyil, düşünülmüş, konkret tədbirlər planıdır. Danılmaz reallıqdır ki, güclü iqtisadiyyat tezisini əməli fəaliyyətində gerçəkləşdirən dövlət başçısının düşünülmüş uzaqgörən siyasəti hər bir sahədə böyük uğurların əldə olunması ilə nəticələnir.
O cümlədən, 2015-ci ilin birinci yarısında da bu müsbət meyillər davam edib. Təbii ki, hələlik birinci rübün yekunları məlum olduğu üçün, biz bu dövrə aid rəqəmlərlə iqtisadi vəziyyətimizi təsvir edə biləri. Yalnız birinci rüb ərzində ümumi daxili məhsul 5 faizdən çox artmışdır. Sevindirici hal ondan ibarətdir ki, bu müddətdə qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasətin bariz nəticəsidir. Ötən illər ərzində Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı inkişaf etsin. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi də, ölkəmizin ümumi iqtisadi inkişafına ciddi təsir etməmişdir. Budur, Azərbaycan Respublikasının ümummilli lider H.Əliyevin strategiyası və bu strategiyanın uğurla davam etdirilməsi nəticəsində formalaşan iqtisadi modelinin unikallığı.
Hələ, neftin qiyməti dəfələrlə yüksək olduğu bir neçə il öncədən, ölkə başçısı, Azərbaycan Hökuməti bu günki vəziyyəti görərək, qeyri-neft sektorunun inkişafını prioritet seçmişdir. Məhz, bunun nəticəsidir ki, qeyri-neft sektorunda silsilə və dinamik uğurlar əldə edilməkdədir. Həyata keçirilən ardıcıl tədbirlər sayəsində kənd təsərrüfatında, yalnzı 2015-ci ilin ilk 3 ayında 3.0%-dən çox artım əldə edilmişdir. Ölkəmizdə əhalinin gəlirləri infilyasiya səviyyəsini 2 dəfəyə qədər üstələyir, işsizlik və yoxsulluq ən aşağı səviyyədədir, 5 faiz səviyyəsindədir və s.
Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri ondan ibarətdir ki, bu, möhkəm təməl üzərində qurulub, özünü təmin edən iqtisadiyyatdır, xarici maliyyə resurslarından asılı deyil. Əksinə, biz indi özümüz donor kimi, həm başqa ölkələrə, eyni zamanda, beynəlxalq maliyyə qurumlarına maliyyə resurslarımızı təklif edirik.
Sevindirici haldır ki, Azərbaycanın xarici dövlət borcu çox aşağı səviyyədədir və dünya miqyasında biz bu göstəriciyə görə ən qabaqcıl yerdəyik. Bütün bunlar, ölkədə görüləsi olan işləri daxili imkanlar hesabına reallaşdırmağa imkan verir.
- Neftin ucuzlaşması ölkəmizin maliyyə-fiskal, monetar siyasətində hansı dəyişikliklərin edilməsi zərurətini meydana çıxarıb?
Əslində, bu sualı maliyyəçilər daha dəqiq cavablandıra bilərlər. Mən ixtisasca maliyyəçi olmasam da, çalışağam ki, sualınıza bir iqtisadçı kimi öz fikirlərimi bildirim. Hələ illər öncədən, neftin qiymətinin aşağı düşmədiyi illərdən ölkəmizdə istər həyat səviyyəsi, istərsə də iqtisadi inkişaf baxımından olduqca mühüm əhəmiyyətə malik inflyasiya səviyyəsi yolverilə bilən həddə gətirilib. Artıq, 10 ildən də çoxdur ki, inflyasiya birrəqəmli səviyyədədir və əsasən 3-5% çərçivəsində dəyişir. Konkret olaraq, 2015-ci ilin birinci rübündə bu göstərici 2,8% təşkil etmişdir. O cümlədən, milli pulun alıcılıq qabiliyyətində uzun müddətli sabitlik təmin olunmuşdur. Bu baxımdan da, neftin ucuzlaşması ilə bağlı hər hansı tələsik və ya kəskin tədbirlərin reallaşdırılmasına hər hansı lüzum yoxdur. Eyni zamanda, mövcud şəraitin tələblərinə uyğun addımların atılması da qaçılmazdır. Məsələn, milli pulun devalvasiyası qaçılmaz bir proses idi. Gələcəkdə isə, tamamilə üzən valyuta sisteminə keçid də mümkündür. Digər tərəfdən, hörmətli ölkə başçısının da qeyd etdiyi kimi, maliyyələşmə istiqamətlərinə də bir daha baxıla bilər. Daha zəruri layihələrin dəstəklənməsi, o qədər də zəruri olmayan perspektiv layihələrin müəyyən qədər yubadılması da ola bilər.
- Azərbaycan müasir iqtisadi çağırışlar astanasındadır. Neftdənkənar sahələrin üzunmüddətli inkişafı ilə bağlı müxtəlif ssenarilər hazırlanır. Gələcək iqtisadi inkişafın əsas ağırlıq mərkəzi kimi hansı sahələri perspektivli hesab etmək olar?
Bir məsələni qeyd etmək istərdim ki, klassik iqtisadiyyatda sənayeləşmə, fiziki məhsul istehsalı iqtisadiyyatın qan damarı, istehsal edilən əmtəəyə sahib olmaq zənginlik əlaməti sayılırdısa, müasir iqtisadiyyatda eyni fikirlər xidmət sektoru haqqında deyilir. Dövrümüzdə xidmət sektoru perspektiv vəd edən sahə kimi tanınır və dünya iqtisadiyyatının gəlirli sahəsi kimi böyük cəlbediciliyə malikdir.
Dünya təcrübəsi, ölkəmizin mövcud potensial imkanları, təbii-iqtisadi və coğrafi mövqeyi də əsas verir ki, turizm, nəqliyyat-tranzit və s. xidmət sahələrini ölkəmizin müqayisəli üstünlüyə malik sahələri kimi qəbul edək. Bu mənada, mən də hesab edirəm ki, bir halda ki, dünyanın inkişaf etmiş ölkələrində ÜDM-in 60%-dən çoxu xidmət sahələrinin payına düşür və Azərbaycan Respublikası da qlobal məkana sürətlə inteqrasiya olunan, əksər göstəriciləri ilə inkişaf etmiş ölkələr səviyyəsində dayanan bir ölkədir, onda müxtəlif xidmət sahələrinin inkişaf etdirilməsi qarşıda dayanan əsas perspektivlər kimi diqqət mərkəzində saxlanılmalıdır. Konkret olaraq, turizm, nəqliyyat, tranzit, rabitə və s. kimi xidmət sahələrini, sənayenin müxtəlif istiqamətlərini (tikinti materialları sənayesi, aqrar-sənaye, əczaçılıq sənayesi və s.) perspektivli sahələr kimi seçmək olar.
- AMEA-nın İqtisadiyyat İnstitutu qeyri-neft sektorunun inkişafı ilə bağlı hansı təkliflərin və layihələrin hazırlanmasını məqsədəuyğun sayır?
İqtisadiyyat İnstitutunda, dövlət sifarişi əsasında, qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişafı ilə bağlı genişmiqyaslı ardıcıl araşdırmalar aparılır. O cümlədən, qeyri-neft sektorunun inkişafı, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması və s. istiqamətlərə dair proqramlar, təklif və tövsiyələr hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunur. Bu işlər davamlı şəkildə həyata keçirilir. O ki qaldı, hansı layihələrin hazırlanması məsələsinə, mən bu məsələyə İnstitut səviyyəsində deyil, rəhbərlik etdiyim şöbənin araşdırmaları əsasında münasibət bildirmək istərdim. Bizim şöbə “Xidmət sahələrinin inkişaf problemləri” adlanır. Burada, müxtəlif xidmət sahələrinin inkişafına dair 12 istiqamətdə araşdırmalar həyata keçirilir. Konkret olaraq, mən regionlarımızın turizm xidmətləri üzrə ixtisaslaşdırılmasını və bu ixtisaslaşmaya uyğun da dəstək göstərilməsini zəruri hesab edirəm. Ölkəmizin zən-gin tranzit imkanları mövcuddur, bu istiqamətdə proqram xarakterli fəaliyyət planının olması vacibdir. Azərbaycanda nəqliyyat sektoru, yol-nəqliyyat kompleksi sürətlə inkişaf edir. Bununla yanaşı, nəqliyyatın, xüsusilə avtomobil nəqliyyatının mənfi ekoloji təsirləri də artır ki, bu da müəyyən xəstəliklərin çoxalması, orta ömür müddətinin azalması və s. kimi hallarla müşahidə olunur. Ona görə də, nəqliyyat-ətraf mühit-sağlamlıq üzrə kompleks tədbirlər planının hazırlanması məqsədəuyğun olardı. Ölkəmiz I Avropa oyunları kimi mötəbər bir yarışa çox məharətlə və uğurla ev sahibliyi etdi. Artıq formalaşmış infrastruktur təminatı gələcəkdə daha mötəbər yarışlara ev sahibliyi etməyə imkan yaradacaqdır. Bunları nəzərə alaraq, turizmin inkişafı ilə bağlı uzun-müddətli proqramın hazırlanması məqsədəuyğun olardı və s.
- Iqtisadi inkişafın təmin olunmasında həyata keçirilən vergi siyasətinin rolunu necə qiymətləndirmək olar?
Ümummilli lider H.Əliyevin “Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik” sözləri vergi siyasətinin rolunu tam mənası ilə ifadə edir. Bazar iqtisadiyyatı özəl sektorun inkişafını və dövlətin iqtisadi proseslərdə iştirakının minimumluğunu dəstəkləyir. Bu halda, dövlətin tənzimləyici funksiyaları önə çıxır ki, bunun da mühüm bir istiqamətini vergi siyasəti təşkil edir. Vergi dövlətin əsas dayağıdır. Həm də ona görə ki, dövlətin maliyyə dayağı olan, sosial-iqtisadi, təhlükəsizlik və s. istiqamətlərdə dövlət məqsədlərinin reallaşmasında əvəzsiz rol oynayan büdcə gəlirlərinin 85-87%-i də, məhz vergilərin hesabına formalaşır. Bütün bunlar vergi siyasətinin rolunu ifadə edir.
- Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirmək üçün vergi siyasətində hansı dəyişikliklərin edilməsini zəruri hesab edirsiniz?
Ümumiyyətlə, bizim vergi sistemi və siyasəti çox sürətlə təkmilləşir, cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə son dərəcə operativ şəkildə reaksiya verir. Vergilər üzrə, demək olar ki, vergi işçisi-sahibkar münasibətləri tamamilə elektronlaşdırılmışdır. Bu sistemdə İKT dən istifadə, innovativ dəyişikliklərin edilməsi, innovativ düşüncənin formalaşması və qəbulu çox sürətlə baş verir ki, bütün bunlar da alqışlanmalıdır. Qeyd edilənləri, bu yaxınlarda Vergilər Nazirliyinin Tədris Mərkəzində “Azərbaycan Respublikasının davamlı inkişafında vergilərin rolu” mövzusunda keçirilən konfrans da bir daha təsdiq etdi. Bu mənada dövlətimizin vergi siyasətini çevik və təkmil hesab edə bilərik.
Bütün bunlarla yanaşı, dünya təcrübəsi də göstərir ki, bazar münasibətləri şəraitində inzibati təsirlərə nisbətən stimullaşdırıcı təsirlər daha effektli olur. Bunu nəzərə alaraq, vergi siyasətində də müəyyən stimullaşdırıcı tədbirlərin yer alması pis olmazdı. Bununla bağlı müxtəlif və çoxsaylı təkliflər nəzərdən keçirilə bilər. Məsələn, il ərzində ən çox işçi işlədən, ən çox vergi ödəyən bir neçə sahibkarı dünyanın tanınmış bir ölkəsinə 15 günlük istirahətə göndərmək, müəyyən həddən yuxarı dövriyyəsi olanlara daha aşağı vergi dərəcəsi tətbiq etmək və s. kimi məsələlər nəzərdən keçirilə bilər. O cümlədən, yuxarıda qeyd etdiyimiz prioritet sahələr üzrə müəyyən stimullaşdırıcı addımlar məqsədəuyğun olardı. Ümumilikdə isə, mən bir iqtisadçı kimi heç bir sahənin vergidən azad edilməsini dəstəkləmirəm. Buna nisbətən, fəaliyyətin ilk illərində vergi tətilinin tətbiqini, sonralar isə “çox qazan az ödə” və ya “çox məhsul istehsal et, az ödə” kimi prinsiplərə üstünlük verməyi daha məqsədəuyğun hesab edirəm.
“Vergilər” qəzeti, 29 iyul 2015-ci il.