Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Hər bir uğurun arxasında gərgin zəhmət dayanır

  • Oxunub 403 dəfə

Rəsmiyyə Abdullayeva: “Azərbaycanda elmi sevən, onunla məşğul olmağı həyat tərzi seçən fanatik insanlar var”

 İqtisadiyyat İnstitutunda Zəfər Bayramına həsr olunmuş müsabiqənin qalibi olmuş İnklüziv sosial inkişaf şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayevanın economics.com.az saytına müsahibəsi

- Rəsmiyyə xanım, 2022-ci ili yola salırıq. Bu il yaddaşınızda necə qaldı?

- 2022-ci il əlamətdar hadisələrlə yaddaşımda iz qoydu. Ömrümü həsr etdiyim elm sahəsində ən böyük uğurlarımdan biri məhz 2022-ci ilə təsadüf etdi. Bu il iqtisad elmləri doktoru elmi dərəcəsini aldım. Bunu elm sahəsindəki karyeramın önəmli hadisələrindən hesab edirəm. “Azərbaycanda sosial sahibkarlığın inkişafı” adlı layihəni həmkarlarımla birlikdə uğurla başa çatdırdıq. Bir neçə monoqrafiyanın elmi redaktoru oldum. Azərbaycanda və xaricdə məqalələrim çap edildi, elmi konfranslarda iştirak etdim. Ən əsası, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf implusları” beynəlxalq konfransın Təşkilat Komitəsinin məsul katibi oldum. Bundan gözəl nə ola bilər?...

2022-ci ildə rəhbərlik etdiyiniz İnklüziv sosial inkişaf şöbəsi İqtisadiyyat İnstitutunda keçirilən elmi-tədqiqat işləri müsabiqəsində 1-ci yerə layiq görüldü. Bu münasibətlə Sizi təbrik edirik. Bununla bağlı fikirlərinizi öyrənmək maraqlı olardı...

- Birinci olmaq hər kəsin, hər tədqiqatçının arzusudur. İlk olaraq qeyd edim ki, sevincli və qürurluyam. Elmdə çalışdığınız üçün siz də bu sahədəki problemləri yaxşı bilirsiniz - əməkhaqqının azlığı, bəzi təsadüfi insanların elmdə olması və s. Lakin elmi sevən, onunla məşğul olmağı həyat tərzi seçən fanatik insanlar da az deyil. Mən bu qalibiyyəti o insanların mükafatı hesab edirəm. Bir məsələni də qeyd edim. Hər bir mütəxəssisi (alimi, həkimi, mühəndisi və s.) hazırlayan müəllimdir. Odur ki, bu mükafatı, həm də müəllimlərimin uğuru hesab edirəm. Hər bir uğurun arxasında isə gərgin zəhmət dayanır.

Rəhbərlik etdiyiniz şöbənin əməkdaşları “birincilik” xəbərini necə qarşıladılar?

- Təbii ki, çox sevindilər.Güclü rəqiblərimiz var idi. Ancaq şöbəmizin əməkdaşları il boyu böyük həvəslə çalışmışdılar. Mükafata görə yox, elmi sevdikləri üçün gərgin işləmişdilər. Müxtəlif tədqiqat üsullarından (müqayisəli təhlil, korrelyasiya, riyazi modelləşdirmə, sorğu və s.) istifadə edərək nəticəyönümlü tədqiqatlar aparmışdılar. Rəhbərlik etdiyim şöbənin əməkdaşlarının böyük hissəsini gənclər təşkil edir. Gənclik isə hər zaman öndədir. Mən Azərbaycan gəncliyinə çox güvənirəm. Onu da qeyd edim ki, elmi-tədqiqat işlərinə görə mükafat veriləcəyi xəbərini ilin sonunda öyrəndik. O zaman, biz elmi-tədqiqat işlərinin hesabatını vermişdik.

Qalib kimi aldığınız mükafatı - 2000 manatı necə bölüşdürdünüz?

- Mükafatı şöbənin əməkdaşları arasında bərabər şəkildə bölüşdürdük.

2022-ci ildə İnklüziv sosial inkişaf şöbəsinidə əsasən hansı istiqamətlərdə elmi araşdırmalar aparılıb, tədqiqat işləri yerinə yetirilib?

- Hər bir ölkənin sosial-iqtisadi siyasətində sosial müdafiənin gücləndirilməsi aparıcı yer tutur. Sosial müdafiənin gücləndirilməsi sosial stabilliyin qorunmasına, inklüzivliyin təmin edilməsinə, iqtisadiyyatın səbatlı inkişafına və s. gətirib çıxarır. Son illərdə Azərbaycanda da həyata keçirilən sosial-iqtisadi siyasət, qəbul edilən proqramlar, strategiyalar və konsepsiyalar gəlirlərin ədalətli bölgüsünə, əhalinin sosial təminatının və sağlamlığının gücləndirilməsinə, məşğulluq və həyat səviyyəsinin yüksəldilməsinə, işsizlik və yoxsulluğun azaldılmasına, ümumiyyətlə, sosial müdafiə sisteminin təkmilləşdirilməsinə hədəflənmişdir. Bildiyiniz kimi,02 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5 prioritetdən biri “Dinamik, iklüziv və sosial ədalətə əsaslan cəmiyyət” quruculuğudur. Şöbəmizin elmi-tədqiqat istiqaməti də bu prioritetdən irəli gəlir. 2022-ci ildə şöbəmiz “İnklüziv inkişaf və sosial müdafiənin mövcud vəziyyətinin qiymətləndirilməsi” adlı elmi-tədqiqat işi yerinə yetirirdi. Bu elmi-tədqiqat işi çərçivəsində Azərbaycanda əhalinin, o cümlədən əlillərin, pensiyaçıların sosial müdafiəsinin və sağlamlığının mövcud vəziyyəti, ölkəmizdə dövlətin sosial xərclərinin iqtisadi səmərəliliyi, sosial müdafiənin gücləndirilməsində sosial müəssisələrin  və həyat sığortasının rolu qiymətləndirilmişdir.

Bu il, həmçinin şöbə əməkdaşları tərəfindən Azərbaycanın post-konflikt ərazilərində əhalinin məşğulluğunun təmin olunması məsələləri araşdırılmışdır. Azərbaycanda sosial müdafiəni xarakterizə edən göstəricilər (minimim əməkhaqqı, gəlirlər, pensiyalar, müavinətlər və s.) dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri ilə müqayisəli şəkildə təhlil edilmişdir. Sosial xərclərlə əhalinin sağlamlığı, təhsil və yoxsulluq səviyyələri və s. arasında korrelyasiya asılılıqları müəyyənləşdirilmişdir. Sosial müdafiənin gücləndirilməsində, əhalinin  məşğulluq səviyyəsinin yüksəldilməsində, yoxsulluğun səviyyəsinin azaldılmasında mühüm rol oynayan sosial sahibkarlığın ölkəmizdəki mövcud vəziyyətini qiymətləndirmək üçün sorğu metodundan istifadə edilmişdir. Riyazi modelləşdirmə metodundan istifadə edilərək Azərbaycanda dövlətin sosial xərcləri ilə ÜDM və yoxsulluq səviyyəsi arasında asılılıqlar müəyyənləşdirilmişdir. İlk növbədə dəyişənlərin stasionarlığı Genişləndirilmiş Dickey-Fuller və Philips-Perron Vahid Kök Testi vasitəsilə yoxlanılmışdır. Sonra dəyişənlər arasında asılılıq ARDL analizi vasitəsilə müəyyən edilmişdir.

Əldə etdiyiniz ən mühüm nəticələr nədən ibarətdir?

- Məlum olduğu kimi, son illərdə sosial müdafiə sahəsində bir sıra islahatlar aparılmışdır. Ölkəmizdə məşğulluğun təmin olunması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Nəticədə məşğulluğun səviyyəsi yüksəldilmiş, işsizliyin səviyyəsi isə azaldılmışdır. Lakin bu sahədə bir sıra problemlər də mövcuddur. Belə ki, səmərəli məşğulluq səviyyəsinin aşağı olması, minimum əməkhaqqının azlığı, minimum əmək haqqının orta aylıq əməkhaqqına nisbətinin Avropa Sosial Xartiyasının tələblərindən (60%) aşağı olması, iqtisadiyyatın bəzi sahələrində orta aylıq əməkhaqqının ölkə üzrə orta aylıq əməkhaqqından azlığı və s.

Bunlardan başqa, ölkəmizdə 1 iş saatına düşən minimum əməkhaqqı inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağıdır. Özünüməşğulluq proqramları davamlı və səmərəli deyil. Məşğulluğun təmin olunmasında və yoxsulluq səviyyəsinin azaldılmasında mühüm rol oynayan sosial sahibkarlıq ölkəmizdə inkişaf etməmişdir. Halbuki sosial sahibkarlığın inkişaf etdirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə müsbət təsir göstərə bilər.

Azərbaycanda əhalinin sosial strukturu ilə bağlı qeyd etmək olar ki, orta təbəqənin xüsusi çəkisi aşağıdır. Örta təbəqənin xüsusi çəkisinin artırılması üçün səmərəli məşğulluğun səviyyəsinin yüksəldilməsi, layiqli iş yerlərinin olması zəruridir. Azərbaycanda dövlət tərəfindən həssas əhali kateqoriyasına verilən bəzi sosial müavinətlərin məbləği həm ehtiyac meyarı, həm də yaşayış minimumundan aşağıdır.

Ölkəmizin səhiyyə sistemində bir sıra problemlər həllini gözləyir. Bu problemlərin əksəriyyəti səhiyyənin maliyyələşməsi ilə əlaqədardır. Dövlət səhiyyə xərclərinin istər dövlət büdcəsindəki payı, istərsə də ÜDM-ə nisbəti aşağıdır. Beynəlxalq statistikaya əsasən ölkəmizdə səhiyyə xərclərinin tərkibində əhalinin ödənişləri yüksək xüsusi çəkiyə malikdir. Ölkəmizdə icbari tibbi sığorta mexanizmi tətbiq olunsa da, müxtəlif səbəblərdən səmərəli fəaliyyət göstərmir.

Azərbaycanda baş verən demoqrafik dəyişikliklər növbəti onilliklərdə demoqrafik yükü artıraraq ölkəmizdə pensiya sistemində ciddi problemlər yaradacaqdır. Azərbaycanda pensiya yaşlı əhalinin əmək qabiliyyətli əhaliyə nisbəti artdıqca pensiya yaşlı əhalinin yaşa görə əmək pensiyası ilə təmin olunma səviyyəsi aşağı düşür. Ölkəmizdə sosial sığorta haqları dərəcəsi istər inkişaf etmiş, isətərsə də inkişaf etməkdə olan ölkələrlə müqayisədə yüksəkdir. Bu isə qeyri-formal məşğulluğun səviyyəsini yüksəldir.

 - 2022-ci il İqtisadiyyat İnstitutu üçün hansı hadisələrlə yadda qaldı?

- Hesab edirəm ki, 2022-ci il İqtisadiyyat İnstitutu üçün səmərəli illərdən biri olub. Ümumiyyətlə, son illərdə İnstitutda görülən işlər, aparılan tədqiqatlar təqdir olunmalıdır. İnstitut strateji hədəflərinə (Azərbaycanda fundamental iqtisadi tədqiqatların REAL mərkəzinə, Azərbaycanda iqtisadi tədqiqatların ƏSAS əlaqələndiricisinə, Azərbaycan hökumətinin KOLLEGİAL ekspertinə və məsləhətçisinə) doğru inamla irəliləyir.
İnstitut 2022-ci ildə də dövlət qurumları ilə sıx əməkdaşlıq edib, onların sifarişlərini yerinə yetirib və birgə tədqiqatlar aparılıb. Bu il yerinə yetirilən bir neçə layihə uğurla başa çatdırılıb. Əməkdaşlarımız tərəfindən Azərbaycanın iqtisadi rayonları, respublika tabeli şəhərləri və inzibati rayonları üçün sosial-iqtisadi inkişaf səviyyəsi, həyat keyfiyyəti və maliyyə özünəyetərliyi üzrə 3 reytinq hazırlanıb. 2023-cü ildə də dövlət qurumları ilə sıx əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirmək, dövlətimizə xidmət göstərmək, məsuliyyətimizi dərk edərək öz üzərimizə düşən işləri vicdanla yerinə yetirmək əzmindəyik.

2023-cü il üçün planlarınız nədən ibarətdir?

- Düzünü deyim ki, plan sözündən xoşum gəlmir. Sevmədiyim inzibati-amirlik sistemini xatırladır. 2023-cü ildə həyata keçirilməsini nəzərdə tutduğum bir sıra işlər var. “İnklüziv sosial inkişaf” adlı monoqrafiya üzərində çalışıram. 2023-cü ilin ilk aylarında nəşr etdirməyi nəzərdə tutmuşam. Təbii ki, tədqiqatlarım davam edəcək. Məqalələrin nəşri, elmi konfranslarda iştirak və s. Şöbənin fəaliyyətinə və doktorantlara rəhbərlik də müəyyən öhdəliklər yaradır. Elmi rəhbəri olduğum bir neçə dissertasiya tamamlanmaq üzrədir. Yaxın vaxtlarda doktorantlarım dissertasiyalarını ilkin müzakirəyə təqdim edəcəklər. Hamısına uğurlar arzulayıram!

Elmi fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq!