"Bakı-Sumqayıt dəmir yolu nəqliyyat layihələri arasında şah əsərlərdən biridir"
- Oxunub 1584 dəfə
Aqil Əsədov: "Bakı-Sumqayıt qatarı iki meqapolis arasında ən rentabelli və bəlkə də yeganə ictimai nəqliyyat növünə çevriləcək"
Son illər ölkəmizdə sürətlə inkişaf edən, daha çox investisiya yatırılan sahələr-dən biri də nəqliyyat sektorudur. Bu sahəyə istər beynəlxalq layihələr çərçivəsində, istərsə də daxili daşımaların daha səmərəli təşkili, sənaye və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə iri həcmli investisiyalar qoyulmaqdadır. Artıq milli nəqliyyat sistemi təkmil infrastruktur təminata və müasir idarəetmə imkanlarına malikdir. Bütün bunlarla yanaşı, nəqliyyat sektoru daim yeniləşməyə ehtiyac duyulan, sənayedə, cəmiyyətin zövq və tələbatında baş verən dəyişikliklərə çevik uyğunlaşmağı bacarmalı olan mühüm bir sahədir. Avtomobillərin tullantı qazları ilə ətraf mühit və atmosferin çirklənməsi, çoxsaylı yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də məhz inəqliyyat vasitələrinin nasazlığı, avtoservis xidmətlərinin vaxtlı-vaxtında və düzgün göstərilməməsi, texniki xidmət məntəqələrinin standartlara uyğun olmamasıdır. Ölkə başçısı tərəfindən “Avtomobil nəqliyyatı haqqında” qanuna 10 avqust 2015-ci tarixində edilən dəyişikliklər də, məhz bu çatışmazlıqların aradan qaldırılması zərurətindən irəli gəlir. Bəs, qanuna edilən dəyişikliklər hansı yenilikləri vəd edir? Dəyişikliklərin praktiki cəhətdən özünü doğrultması üçün hansı addımlar atılmalıdır?
Koordinat.az-ın bu və ya digər suallarını AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d. Aqil Əsədov cavablandırıb.
- Avqustun 10-da “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişikliklər avtovağzalların pasportlaşdırılması, təminatlı texniki xidmətlərin göstərilməsi, texniki xidmət stansiyaları üçün standartların hazırlanması və digər istiqamətləri əhatə edir. Göründüyü kimi, bunlar çox vacib məsələlərdir. Xüsusilə, texniki xidmətlə bağlı dəyişikliklər çox vacibdir və zamanında verilmiş qərardır. Belə ki, ölkəmizdə avtonəqliyyat vasitələrinin sayı sürətlə artır, çeşidi çoxalır. Nəqliyyat vasitələrinin sazlığı və istismara yararlılığı baxımından olduqca önəmli olan texniki xidmət stansiyalarının və bu sahədə çalışan ustaların bolluğu müşahidə edilsə də, əslində keyfiyyətli texniki xidmət göstərənlər o qədər də çox deyil. Qanuna edilən dəyişikliyin biri təminatlı texniki xidmətlərin təşkili ilə bağlıdır ki, bu da avtoservis xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə kömək edəcək. Digər bir məsələ, qeyd olunduğu kimi, texniki xidmət stansiyaları üçün uyğun standartların hazırlanması ilə bağlıdır. Bu barədə müvafiq qurumların üzərinə müəyyən işlər düşür və standartlar hazır olduqdan sonra biz bunun nəticəsini görəcəyik. Digər tərəfdən həmin tarixində ölkə başçısı bir qanun da imzaladı ki, burada avtomobil nəqliyyatı üçün idxal edilən ehtiyat hissələrinin sertifikatlaşdırılması təsbit edilir. Bu da olduqca ciddi məsələdir. Keçmiş SSRİ dövründə bütün müəssisələrdə texniki nəza¬rəti həyata keçirən (buna o dövrlərdə, rus dilində OTK – Otdе́l texnи́çeskoqo kontrо́lə) müvafiq qurum fəaliyyət göstərirdi. Bu qurum hər bir ilk məhsulu müəyyən sınaqdan keçirdikdən və müsbət rəy verdikdən sonra həmin əmtəənin kütləvi istehsalı başlayırdı. İndi isə belə müəssisələrin əksəriyyəti özəl sektora malikdir, idxal da ayrı-ayrı iş adamları tərəfindən həyata keçirilir. Ona görə də nasazlığı aradan qaldırmalı olan ehtiyat hissələrinin bir çoxu keyfiyyətinin aşağı olması, standartlara uyğun olmaması səbəbindən nasazlığı yaradan bir amilə çevrilir. Bu baxımdan da, ehtiyat hissələrinin sertifikatlaşdırılması, paralel olaraq da təminatlı texniki xidmətlərin göstərilməsinə xidmət edən bu dəyişikliklər çox vacibdir və yaxın gələcəkdə öz müsbət təsirlərini göstərəcək.
- Ölkə başçısı da dəfələrlə qeyd edib ki, nəqliyyat sektorunda ciddi problemlər mövcuddur və bu istiqamətdə müəyyən islahatların aparılması labüddür. Sizcə, hansı islahatlardan başlamaq lazımdır?
- Nəqliyyat, xüsusilə də avtomobil nəqliyyatı gündəlik həyatımızın ayrılmaz tərkib hissəsidir. Digər tərəfdən, Azərbaycan Respublikası beynəlxalq nəqliyyat layihələrinin kəsişdiyi bir məkandır, ölkəmiz dünyanın aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilməkdədir. Təbii ki, bütün bunlar, həm də qarşıda müəyyən vəzifələr yaradır. Düşünürəm ki, nəqliyyat sektorunda islahatlar iki istiqamətdə aparılmalıdır. Bir istiqaməti ölkədaxili təkmilləşdirmələr, başqa bir istiqaməti isə beynəlxalq daşımalarla bağlı məsələlər təşkil etməlidir. Xüsusilə, dünyanın əsas yük mərkəzləri ilə münasibətlər yaradaraq ölkəmizin nəqliyyat-tranzit imkanlarını təbliğ etmək, daşıma sifarişləri cəlb etmək, tranzit xidmətlərin yaxşılaşdırılmasına nail olmaq, daşımaların logistik təşkili üçün münbit şərait yaratmaq zəruridir. O ki, qaldı ölkədaxili daşımalarla bağlı, bu sahədə də müəyyən addımlar atılmalıdır. İlk növbədə, nəqliyyat vasitələrindən səmərəli istifadəyə nail olmaq, nəqliyyat vasitələrinin mənfi təsirlərinin qarşısını almaq zəruridir. Yükdaşıma işlərinin yolun yükgötürmə qabiliyyətinə uyğunluğunun təmin edilməsi, sərnişin daşınmasında vahid ödəniş sisteminə keçidin sürətləndirilməsi, nəğd ödənişlərin aradan qaldırılması, iri şəhərlərdə elektrik nəqliyyatından istifadəyı üstünlük verilməsi, piyada və sürücülərin mütəmadi olaraq maarifləndirilməsi, tənzimləmə tədbirlərinin, xüsusilə sərnişin daşıma ilə bağlı daha da sərtləşdirilməsi məqsədəuyğun olardı.
- “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən son dəyişikliklərin bir istiqaməti də texniki xidmət stansiyalarına dair standartlarla bağlıdır. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Bu, olduqca vacib məsələdir. Ona görə ki, texniki xidmətin növündən asılı ola-raq hər bir stansiyanın özünəməxsus xüsusiyyətləri mövcuddur. Nəzərə alsaq ki, bu stansiyalarda yanmaya meyilli, kimyəvi, ətraf mühiti çirkləndirici və s. təhlükəli maddələr də olur, onda standartların zəruriliyi aydınlaşar. Şəhərin hündürmərtəbəli yaşayış binalarının əhatəsində, həyətlərdə çoxsaylı texniki xidmət məntəqələrinə rast gəlirik. Əslində isə, belə stansiyalar yaşayış yerlərindən müəyyən məsafədə yerləşməlidir. Düzdür, şəhərimizdə yaşayış binalarının ortasında yanacaqdoldurma stansiyasına, eləcə də ona bitişik şadlıq evinə də rast gəlmək olar. Hansı ki, bütün bunlar olduqca təhlükəlidir. Texniki xidmət stansiyaları haqqında standartların hazırlanması və tətbiqi bu sahədə müəyyən mənada mövcud olan xaotikliyin ara¬dan qal¬dırılmasına da kömək edəcək.
- Ölkə başçısının qərarı ilə avtonəqliyyat vasitələrinə təminatlı texniki xidmətlər göstərilməlidir. Bunun üçün praktiki olaraq hansı addımlar atılmalıdır ki, qanunda da göstərildiyi kimi, təminatlı xidmətlərə nail olaq?
- Nəqliyyat vasitəsinə qoyulan hər bir manat vəsait əlavə yürüş verməlidir. Hər bir ehtiyat hissəsi müəyyən dövr nəqliyyat vasitəsinin problemsiz istismarına imkan yaratmalıdır. Bu bir reallıq olsa da, praktikada buna nail olmaq mümkün deyil. Qanuna edilən dəyişiklər, həm də bu sahədə müəyyən irəliləyişlərə imkan yaradacaq. Başqa sözlə, texniki xidmət göstərən tərəflərin də məsuliyyəti yaranacaq ki, bu da xidmətlərin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq. Amma bütün bunlara praktikada nail olmaq üçün, mənə elə gəlir ki, texniki xidmət stansiyaları şəhərin yaşayış yerlərindən kənar müəyyən ərazilərdə cəmləşdirilməlidir. Yəni, şəhərətrafı bir neçə poliqonlar yaradılmalı, konkret avtomobil istehsalçılarına məxsus ixtisaslaşmış texniki xidmət stansiyaları istisna olmaqla, bütün texniki xidmət və təmir işləri bu poliqonlarda cəmləşdirilməlidir. Bunun üçün poliqonda, hazırlanmaqda olan standartlara uyğun stansiyaların tikintisi, ustaların müvafiq qurum tərəfindən sertifikatlaşdırılması və sertifikat alan ustaların müvafiq stansiyalarla ödənişsiz təmin olunması məqsədəuyğun olardı. Müvafiq qurum dedikdə, burada Nəqliyyat Nazirliyinin Avtomobil Nəqliyyatı Xidməti, Tədris-Kurs Kombinatı və digər qurumlar iştirak edə bilər. Bu, həm sahədə bir nizam-intizamın yaradılmasına kömək edər, xidmətlərin keyfiyyəti yüksələr, təminatlı xidmətlər göstərmək asanlaşar və ən əsası şəhərimizin ekoloji vəziyyəti nisbətən yaxşılaşar, yol-nəqliyyat hadisələrinin mənfi təısirləri azalar. Lakin təbii ki, hər şeyin zamana ehtiyacı var, gec-tez texniki xidmət stansiyaları da, maşın yuma məntəqələri də yaşayış yerlərindən kənara çıxarılmalıdır.
- Aqil müəllim, yeni istifadəyə verilmiş Bakı-Sumqayıt qatarının fəaliyyəti, iş qrafiki, xidmətin təşkili məsələləri gündəmin əsas mövzularındandır. Nəqliyyatçı mütəxəssis kimi, sizin bu məsələyə münasibətiniz necədir? Sizcə, Bakı-Sumqayıt sürət qatarı gözləntiləri doğrulda bilirmi? Bu qatarın istifadəyə verilməsi Bakı-Sumqayıt yolunda avtomobil tıxaclarını azaldıbmı?
- Doğurdan da bu, geniş ictimai müzakirə obyektinə çevrilmiş bir məsələdir. Əvvəla, bu layihənin reallaşmasına cəmiyyətdə inam az idi və bəzən də bu layihə bir xəyal kimi qəbul edilirdi. Ona görə, hələ də insanlar inana bilmirlər ki, bu artıq reallıqdır. Digər tərəfdən, Bakı-Sumqayıt qatarı ölkədə ilk belə müasir qatarın tətbiqidir ki, bu da öz növbəsində diqqəti cəlb edir. Təbii ki, yeniliklərin tətbiqi heç bir dövrdə cəmiyyət tərəfindən birmənalı qarşılanmır və asanlıqla qəbul edilmir. Amma tam səmimi olaraq bildirirəm ki, Bakı-Sumqayıt sürət qatarının istifadəyə verilməsi olduqca ciddi əhəmiyyət kəsb edir və müstəqillik illərində milli nəqliyyat sektorunda həyata keçirilən layihələr içərisində şah əsərlərdən biridir. Bu işləri yalnız alqışlamaq olar və daşıma xidmətlərinin daha keyfiyyətli olması üçün hər kəs əlindən gələni etməlidir. Bu bizim vətəndaşlarımız üçün, ölkəmiz üçün, iqtisadiyyatımız üçün vacibdir. O ki, Bakı-Sumqayıt sərnişin qatarı layihəsinin özünü doğrultmasına, bu məsələ bir çox digər amillərdən də asılıdır. Bu günün sərnişinini daha çox komfort deyil, daha uçuz daşıma maraqlandırır. İstismara verilmiş qatar ən son modeldir və ən müasir dünya standartlarına cavab verir. Qatarda çay-kofe xidməti təklif edilir, internet təminatı mövcuddur, yüksək komforta malikdir, biznes-siniflər mövcuddur. Eyni zamanda, praktika göstərir ki, belə qatarlar uzaq məsafələr üçün özünü daha tez doğruldur. Əlbəttə, qeyd edilən təminatlarla yanaşı, daşıma qiymətinin 50-60 qəpik civarında olması daha arzu ediləndir. Ona görə ki, sərnişinlərin əksəriyyəti qatardan düşdükdən sonra da müəyyən marşrutdan istifadə etməyə məcburdur. Bütün bunlar nəticə etibarilə sərnişinin gündəlik nəqliyyat xərclərini artırır. Bu baxımdan bəzi insanlar qatardan istifadə etməkdənsə, daha ucuz qiymətə iş yerinə getməyə üstünlük verirlər. Lakin ümumilikdə Bakı-Sumqayıt qatarı bu yolda tıxacların aradan qaldırılması, insanların Bakı şəhərinə və əksinə gedişlərini rahat və təhlükəsiz təmin etməkdə əvəzsiz bir nəqliyyat növüdür. Mən inanıram ki, insanlar zaman keçdikcə şəxsi minik avtomobillərinə nisbətən, belə yüksək komfortlu və təhlükəsiz nəqliyyat vasitələrinə daha çox üstünlük verəcəklər. Ona görə də biz bu layihənin uğurlarını artan dinamika ilə müşahidə edəcəyik. Ümid edirəm ki, yaxın gələcəkdə Bakı-Sumqayıt qatarı iki meqapolis arasında ən rentabelli və bəlkə də yeganə ictimai nəqliyyat növünə çevriləcək.