Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Doktoranturaya qəbul zamanı əsas meyar iddiaçıların biliyidir”

  • Oxunub 2542 dəfə

 Rəsmiyyə Abdullayeva: “Elmdə yeni söz deyə biləcək, yazacağı dissertasiyalarla Azərbaycan iqtisadiyyatına fayda verəcək tədqiqatçılarla işləmək istəyirik”

 AMEA İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayevanın economics.com.az saytına müsahibəsi

- Rəsmiyyə xanım, 2015-2016-cı tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd qəbulu başa çatdı. Neçə nəfər sənəd verib? Əvvəlki illərlə müqayəsədə artım və ya azalma varmı?
- Bu il doktoranturaya 26 nəfər sənəd verib. Onlardan 14-ü fəlsəfə, 12-si isə elmlər doktoru hazırlığı proqramı üzrə sənədlərini təqdim ediblər. Sənəd verənlərin 73 faizini kişilər, 27 faizini isə qadınlar təşkil edir. Keçən il isə ümumilikdə 23 nəfər sənəd vermişdi. Göründüyü kimi, ötən illə müqayisədə bu il sənəd verənlərin sayında artım var.

- İmtahanlar nə vaxt və hansı qaydalar əsasında keçiriləcək?
- Qəbul imtahanları test üsulu ilə noyabrın 16-dan dekabrın 1-dək keçiriləcək. 

- İqtisadiyyat İnstitutu ixtisas fənlərindən imtahanları (doktoranturaya qəbul və doktorluq imtahanları) keçirməyə hazırdırmı?
- Bəli, hazırdır. Artıq mövcud ixtisaslar üzrə istər qəbul, istərsə də doktorluq imtahanları üçün test sualları bankı, müvafiq proqramlar hazırlanıb və İnstitutun Elmi Şurasında təsdiqlənib.

- Seçim zamanı hansı iddiaçılara daha çox üstünlük veriləcək?
- Təbii ki, doktoranturaya qəbul zamanı ilk növbədə iddiaçıların biliyi əsas meyardır. Eyni bal toplayanlar arasından isə elmi əsərləri, beynəlxalq sertifikatları olanlara üstünlük veriləcək.

- İqtisadiyyat İnstitutunda hər iki proqram üzrə - fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturada təhsil büdcə vəsaiti hesabınadır. Hansı səbəbdən ödənişli əsaslarla qəbul aparılmır?
- Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”nda doktoranturada təhsilin dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirildiyi təsbit olunmuşdur. Lakin Sizin də qeyd etdiyiniz kimi, İqtisadiyyat İnstitutuna ödənişli əsaslarla qəbul aparılmır. Bu məsələ İnstitutların öz səlahiyyətində deyil.

- Hazırda İnstitutun nə qədər doktorant və dissertantı var? Onlarla iş necə aparılır?
- 150 nəfər doktorant və dissertantımız var. İnstitutun katibliyi tərəfindən onlarla mütəmadi iş aparılır. Lakin bizim işimiz təkcə hazırda təhsil alan doktorant və dissertantlarla deyil. Əgər əvvəllər təhsil alıb, lakin dissertasiya müdafiə etməyənləri də əlavə etsək böyük bir rəqəm alınar. İnstitutumuzda xarici tələbələr də var. Yəni iş yetərincə çoxdur. Ancaq çalışırıq ki, doktorantlarla fəaliyyətimizi səmərəli quraq. Bu işdə İnstitutun şöbələrinin də üzərinə böyük iş düşür.
Doktorantlar üçün Diskussiya Klubu təşkil etmişik. Respublikamızın tanınmış alimləri müxtəlif iqtisadi mövzularda onların qarşısında çıxış edirlər. Bununla yanaşı, Gənc Alim və Mütəxəssislər Şurası da tez-tez müxtəlif mövzularda elmi diskussiyalar təşkil edir. Elmi diskussiyalara, müzakirələrə maraq göstərən doktorantlarımız çoxdur.
Bu mövzuda söhbət edərkən, bir problemə də toxunmaq istərdim. Doktorantların bir çoxu müxtəlif müəssisələrdə çalışırlar. Onların iş rejimi elədir ki, istəsələr də, elmə lazım olduğu qədər vaxt ayıra bilmirlər. Əslində problemlərin bir çoxu yenə də dolanışıq, əmək haqqı ilə bağlıdır.

- 2014-cü il üçün doktorantların attestasiyasının nəticələri barədə nə deyə bilərsiniz?
- Hər il olduğu kimi, 2014-cü ildə də doktorantların attestasiyası keçirildi. Əvvəlcə şöbələrdə, sonra Attestasiya Komissiyasında, daha sonra isə Elmi Şurada doktorantların 1 illik fəaliyyətləri ilə bağlı hesabatlarını dinlədik. Vəziyyət bizi qane edən səviyyədə olmasa da, ancaq pis də deyil. Çox istedadlı, kreativ gənc doktorantlarımız çoxdur. Onlar iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə tədqiqatlar aparırlar. İnkişaf etmiş ölkələrdə tədqiqat aparan gənclərimiz də var. Onların həm xaricdə, həm də daxildə qazandıqları biliklərin, apardıqları tədqiqatların ölkə iqtisadiyyatının inkişafı üçün səmərəli olcağına inanırıq.

- Müxtəlif vaxtlarda Elmi Şuranın iclaslarında bəzi dissertantların mövzuları, hətta elmi rəhbərləri dəyişdirilir. Bu, hansı zərurətdən doğur?
- Buna təbii baxmaq lazımdır. Tədqiqat aparıldığı dövrdə yeni ideyalar, yeni fikirlər yaranır. Bu isə tədqiqatı bir istiqamətdən başqa istiqamətə apara bilər. Belə olduqda, mövzunun və elmi rəhbərin dəyişdirilməsi zərurəti yaranır.

- Bildiyimiz qədər, ötən il İqtisadiyyat İnstitutunun dissertanturasına qəbul zamanı 5 yer boş qalıb. Səbəb nədir: elmə gəlmək istəyən yoxdur, yoxsa iddiaçılar arasında layiqli namizədlər olmadı?
- Məlumat doğrudur. Keçən il İnstitutumuzda dissertanturaya 5 plan yerimiz olsa da, lakin sənəd verənlərin müsabiqə zamanı cavabları komissiyanın üzvlərini qane etmədiyi üçün heç bir dissertant qəbul olunmadı. Biz layiqli kadrlara üstünlük veririk. Elmdə yeni söz deyə biləcək, yazacağı dissertasiyalarla Azərbaycan iqtisadiyyatına fayda verəcək tədqiqatçılarla işləmək istəyirik.

- Doktorant və dissertantların neçə faizi öz işini yekunlaşdırıb müdafiə edə bilir? Yəni bu yolu sonacan başa çatdırır...
- Sualı bir az dəqiqləşdirmək lazımdır. Siz yəqin ki, təhsil müddətində dissertasiya işlərini müdafiəyə təqdim edən doktorantları nəzərdə tutursunuz. Konkret rəqəm demək çətindir. Doktorantların təxminən 10 faizi vaxtında dissertasiya işlərini müdafiə edirlər. Bunun da obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər sırasında əyani doktorantlara verilən təqaüdün azlığı, elm sferasında çalışanların əmək haqların aşağı olması və digər amillər təsir göstərir.

- Bugünkü gənclərin elmə marağını necə xarakterizə edə bilərsiniz? Kimlər daha çox elmə maraq göstərirlər? Bizim müşahidələrimizə görə, elm sahəsində də qadınlar say baxımından üstünlük təşkil etməyə başlayıblar. Sizcə, səbəb nədir?
- Elmdə qadınların sayca çoxluq təşkil etməsinin səbəbləri bundan əvvəl cavab verdiyim sualda qismən öz əksini tapıb. Heç kəsə sirr deyil ki, elm sahəsində əmək haqları aşağıdır. Bu da ailə başçısı olan və ya olacaq kişiləri elmdən “uzaqlaşdırır”. Ancaq bundan ehtiyatlanmaq lazım deyil. Əsas odur ki, qadın və ya kişi olmasından asılı olmayaraq bu sahəyə elmi potensialı olan, Azərbaycan elmini dünya elmi ilə inteqrasiya etdirməyi bacaran və elmi sevən insanlar gəlsinlər.
Bir şeyi də qeyd edim ki, sizin müşahidələrinizin əksinə olaraq, bu il İqtisadiyyat İnstitutuna sənəd verənlər arasında kişilər üstünlük təşkil edir. Anoloji vəziyyət özünü ötən illərdə də göstərib.

- Müsahibəyə görə təşəkkür edirik.