Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Əsas hədəfimiz elmi tədqiqatların keyfiyyətini yüksəltməkdir”

  • Oxunub 2146 dəfə

  Allahyar Muradov: “Məqsədimiz ölkədə baş verən iqtisadi prosesləri daha dərindən öyrənmək və elmi əsaslandırılmış təkliflərlə çıxış etməkdir”

 AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradovun economics.com.az saytına müsahibəsi

- Allahyar müəllim, ilk öncə sizi ad gününüz münasibətilə təbrik edirik. Şəxsi həyatınızda hansı yeniliklər var?

- Həyatım haqqında qısa onu deyə bilərəm ki, ailəliyəm, 2 övladım var. Oğlum ötən il Qazaxıstanda universiteti bitirib vətənə döndü, iqtisadçıdır, qızım isə tələbədir.

- Doktorluq dissertasiya işinizi nə vaxt müzakirəyə təqdim edəcəksiniz?

- Əslində doktorluq işini bir neçə il öncə bitirmişdim. Lakin iş məni qane etmədiyi üçün müzakirəyə çıxarmadım. Düşündüm ki, daha keyfiyyətli iş təqdim etmək lazımdır. Çünki rəhbərlik olaraq başqalarından keyfiyyətli iş tələb etdiyimız halda, zəif işlə müzakirəyə çıxmağımız düzgün olmazdı. Keyfiyyətli iş isə daha çox zaman və gərgin əmək tələb edir. Lakin İnstitutda işlərin çox olması, tədbirlər, müzakirələr, daxil olan məktublara cavab hazırlamaq və s. səbəbindən zaman “qıtlığı” var. Vaxt tapdıqca dissertasiya işi üzəridə işləyirəm. Artıq yekunlaşdırmaq üzrəyəm. Yaxın aylarda onu İnstitutun müvafiq şöbələrinə müzakirəyə təqdim etməyi planlaşdırıram.
Məncə elmlər doktoru dərəcəsinə iddia etmək üçün həmin dərəcəyə uyğun iş təqdim olunmalıdır. Bu dərəcənin məsuliyyətinə hazır olmaq lazımdır. Ümumiyyətlə hesab edirəm ki, elmi dərəcəyə iddia edən insan onun məsuliyyətini hiss etməlidir. Yoxsa qonşum, dostum, tanışım elmi dərəcə alıb, mən də almalıyam kimi yanaşma elmi nüfuzdan salır.

- 2015-ci il sona çatdı. İnstitutun şöbələri yekun hesabatları təqdim etdilər. Ümumiyyətlə həmin hesabatların elmi səviyyəsi sizi nə dərəcədə qane edir?

- 2015-ci ildə İqtisadiyyat İnstitutunda Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin nəticələri, makroiqtisadi vəziyyət, maliyyə, sənaye, kənd təsərrüfatı, regional inkişaf, qeyri-neft sahələri, demoqrafik proseslər, həyat səviyyəsi və s. istiqamətlərdə mövcud vəziyyət təhlil edilərək qiymətləndirilmişdir. Hesabat ilində 4 problemi əhatə edən 12 mövzu üzrə 106 mərhələdən ibarət 12 elmi-tədqiqat işi yerinə yetirilmişdir.
Ümumiyyətlə hesabatların səviyyəsindən razıyam desəm, doğru olmaz. Bu sahədə problemlərimiz var. Tədqiqatların, bura həm elmi tədqiqat planlarının, həm də, institutda yerinə yetirilən dissertasiya işlərinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı işlər aparılır. Müəyyən nailiyyətlərimız də vardır. Hesabatların, dissertasiya işlərinin qəbul edilməsi, müzakirəsi Elmi Şura tərəfindən qəbul edilən ümumi prossedur qaydaları əsasında aparılır.
Lakin bu qaydaların qəbul edilməsi hesabatların yüksək səviyyədə yerinə yetirilməsi üçün kifayət etmir. Keyfiyyətin yüksəldilməsi bir sıra obyektiv və subyektiv amillərdən asılıdır. Bura əmək haqqını, işçinin iş yerinə və işə münasibətini, elmi işçinin yaradıcılıq bacarığını, sosial problemlərı və s. amilləri daxil etmək olar. Bu amillərin hər birinin özünəməxsus təsiri vardır.

 Əmək haqqının aşağı olması bir çox hallarda işin keyfiyyətinə mənfi təsir göstərə bilir. Çünki keyfiyyətli tədqiqat işinin aparılması üçün daha çox zaman “xərclənməsi” (təbii ki, burada söhbət yaradıcı insandan gedir) tələb olunur. Çünki müasir elmi informasiyaların mənimsənilməsi, ölkədə və dünyada baş verən elmi yeniliklərin izlənilməsi, mənimsənilməsi, yeni ədəbiyyatlarla tanışlıq, təhlil və qiymətləndirmənin aparılması, elmi nəticənin çıxarılması böyük vaxt itkisi və yaradıcı düşüncə hesabına başa gəlir. Əgər işçi bunlara zaman ayıra bilmirsə onda keyfiyyət də aşağı olacaqdır. Əmək haqqının az olması isə işçiləri sosial problemlərini həll etmək üçün başqa işlərdə çalışmağa məcbur edir. Nəticədə tədqiqata daha az vaxt ayırır. Lakin bu əsas vermir ki, il boyu əmək haqqı alan işçi sonda “çox aşağı” səviyyəli iş təqdim etsin. Çünki kollektivimizdə aşağı əmək haqqı ilə keyfiyyətli iş yerinə yetirənlər də var.

 Deməli iş yerinə və işə münasibət, yaradıcılıq qabiliyyəti də keyfiyyətə təsir göstərir. Öz işini sevən, yaradıcılıqdan zövq alan insan inanmıram ki, çox keyfiyyətsiz iş təqdim etsin. Bu bütün sahələrdə belədir. Bu artıq işə münasibət, işə vicdanla yanaşma məsələsidir. Yenə qeyd edirəm ki, sosial problemlər keyfiyyətə öz təsirini göstərir. Yaradıcı insan bütünlükdə öz bacarıq və enerjisini elmi yaradıcılığa həsr edə bilmir.
Bəzi insanlar vardır ki, onların elmi yaradıcılıq potensialı zəifdir, onlara hətta yüksək əmək haqqı verilsə belə yenə nəticə olmayacaqdır. Elmi fəaliyyətin digər sahələrdən fərqli cəhətləri vardır. Burada yaradıcı düşüncə, yenilik axtarışı, informasiyanı mənimsəmək və emal etmək, ona fərqli baxış ortaya qoymaq, nəticə çıxarmaq, çıxardığı nəticəni elmi əsaslandırma bacarığı tələb olunur. Ola bilməz ki, yaradıcılıq bacarığı olan hər hansı tədqiqatçı bir il düşünsün, tədqiqat aparsın amma sonda müəyyən nəticələri olmasın. İstənilən halda nəticə olmalıdır. Əgər yaradıcılıq bacarığı yoxdursa ondan təbii ki, nəticə də gözləmək mənasızdır. Çox təəssüf ki, özləri də elmi fəaliyyətin onlar üçün olmadığını bilə-bilə, elmə, cəmiyyətə səmərə verə biləcək birinin yerini tutur. Belələri kollektivdə söz-söhbət yaratmaqla sağlam yaradıcılıq mühitinin yaramnasına da mane olurlar.

 Bəzən əməkdaşlar layihələrdə iştirakla bağlı narazılıq edirlər. Bu günə qədər İnstitutda icra olunan layihələr əməkdaşların təşəbbüsü ilə qrant verən təşkilatlara təqdim olunub. Layihəni hazırlayan əməkdaş isə kiminlə işləyəcəyinə özü qərar verir. İnstitutda müxtəlif qurumlara layihə təqdim edən və müsabiqədə qazanan əməkdaşlar var. Onların bu işi alqışlanmalıdır. Başqaları da təşəbbüskar olmalıdır.
Bir ilə yaxındır ki, İnstituta İqtisadiyyatın solluq (sağlıq) İndeksinin hesablanması ilə bağlı layihə verilməsi planlaşdırılır. Əməkdaşlara müraciət də olunub ki, kim özünü layihədə görürsə müraciət etsin. Çox az adam layihədə iştirak edə biləcəyini bildirmişdir.

 İstəyirəm bir məsələyə də aydınlıq gətirəm. Əslində bu elə söhbətimizin əvvəlində dediyim əmək haqqı ilə bağlıdır. Hesab edək ki, illik plan işləri özü elə bir layihədir. 3 illik elmi-tədqiqat planı İnstitut tərəfindən hazırlanaraq Rəyasət Heyətinə təqdim olunur. RH-də baxıldıqdan sonra Nazirlər Kabinetinə təqdim olunur, təsdiq edilir. Tədqiqat aparmaq üçün burada da əmək haqqı formasında pul verilir. Bəs bunun əvəzində tədqiqatçı nə verir? Gəlin baxaq elmi işçi bir mövzu üzərində 3 il çalışır və əmək haqqı alır. Ayda orta hesabla tutduğu vəzifədən və elmi dərəcəsindən asılı olaraq ayda 250-400 manat (3 ildə 9000-14400 manat) əmək haqqı alır. Bunun müqabilində yerinə yetirdiyi iş hansı səviyyədə olur. Artıq dövlət elmi tədqiqat İnstitutlarından ayrılan vəsaitin müqabilində nəticə tələb edir. Mən demirəm hamı elmdə ciddi yeniliyə imza atmalıdır. Ən azından tədqiqat apardığı problem üzrə qiymətləndirmə aparıb nəticə əldə bilər.
Bəziləri bunu şəxsi problemləri ilə, bəziləri əmək haqqının azlığı, digərləri başqa işlərdə də işləmələri – universitetlərdə dərs demələri və s. ilə izah edirlər. Amma bunlar əsas arqument ola bilməz və istənilən halda tədqiqatlar yüksək səviyyədə yerinə yetirilməli və keyfiyyətli, sanballı, müəyyən əsaslandırılmış nəticələri olan hesabatlar hazırlanmalıdır.

- Bəs bunu edə bilməyənlərlə bağlı nə etmək lazımdır?

- Bilirsiniz, hər bir insan işlədiyi yerə, kollektivə, tutduğu vəzifəyə hörmətlə yanaşmalıdır. Özünü elmdə görməyən, yalnız vaxtını keçirməklə məşğul olan insanlar özü kənara çəkilməlidir, kiminsə yerini tutmamalıdır. Bəlkə onun yerində işləyəcək birisi Azərbaycan elminə daha böyük töhfələr verə bilər. Amma bəziləri elm sahəsinin onun işi olmadığını bilsə də, getmək istəmir.
Bununla yanaşı, vaxtını elmə sərf edən elmi işçi mütləq yaxşı tədqiqatlar ortaya qoymalıdır. Dövlətin instituta elmi-tədqiqat işlərinə ayırdığı vəsaitin əvəzində ortaya sanballı tədqiqat əsərləri çıxarılmalıdır. Hər bir elmi əməkdaş bu barədə ciddi düşünməlidir.

 - Hesabatların təqdim olunması ilə bağlı hansı yeniliklər var?

- Hesabatlarda təkmilləşdirmə aparılır, çalışırıq hesabatlar daha yığcam və məzmunlu olsun. Konkret nəticələri müvafiq qurumlara təqdim edək. Bunlar hesabatların keyfiyyətli olmasına doğru addımdır, amma əsas olan onun içərisində əsaslandırılmış nəticələrin verilməsidir. Ona görə də bu ildən institutun şöbələrinin hesabatlarına qarşı qoyulan tələblər daha ciddidir. Biz iqtisadiyyatımızın ayrı-ayrı sahələri üzrə tədqiqatlar aparan şöbələrdən konkret nəticələr və təkliflər gözləyirik. Çünki bu AMEA Rəyasət Heyətinin və Nazirlər Kabinetinin bizim qarşımıza qoyduğu tələbdir.
Keçən ilin şöbə hesabatları “Elmi əsərlər” jurnalının xüsusi buraxılışında nəşr olunacaq. Bu imkan verəcək ki, əməkdaşlar təqdim olunan şöbə hesabatları ilə tanış olsunlar.

- Ötən il institutun əməkdaşları tərəfindən necə elmi məqalə, kitab, monoqrafiya cap olunub? Necə yerli və xarici konfranslarda iştirak ediblər?

- 2015-ci ildə İnstitutun əməkdaşları tərəfindən 371 elmi əsər (monoqrafiya, dərslik və məqalələr) nəşr edilmişdir. Onlardan 9-u kitab, o cümlədən 6 monoqrafiya, 3-ü dərs vəsaitidir. İl ərzində ölkə daxilində 237 məqalə və tezis (onlardan 178-i məqalə, 51-i tezisdir) dərc edilmişdir. Dərc olunan monoqrafiya, məqalə və tezislərin 104-ü, 30.5%-i ölkədən xaricdə (xaricdə 1 monoqrafiya, 72 məqalə, 31 tezis) nəşr edilmişdir. Sevindirici haldır ki, 2015-ci ildə İnstitutun əməkdaşları tərəfindən İmpakt Faktorlu jurnallarda nəşr olunan məqalələrin sayı artmışdır. Belə ki, 2013-cü ildə onların sayı 4 olmuşdursa, 2014-cü ildə 6-ya, 2015-ci ildə isə 8-ə yüksəlmişdir.

- İndiki dönəmdə iqtisadçıların üzərinə hansı vəzifələr düşür?

- Bu yaxşı sualdır. Əslində iqtisad elmi ilk baxışdan sadə görünsə də daha mürəkkəb sahədir. Çünki bu elm birbaşa cəmiyyətlə, onun gələcək inkişafı ilə bağlıdır. Gələcəkdə iqtisadiyyatda və cəmiyyətin həyatında nə baş verəcəyini proqnozlaşdırmaq bir qayda olaraq çətin olur. Çünki, bu təkcə ölkədaxili problem deyil. Qlobal dünyada baş verənlər də ölkə iqtisadiyyatına təsir göstərir. Bu iqtisad elmini digər elmlərdən fərqləndirir. Nəzərə almaq lazımdır ki, insanlar iqtisadiyyatda baş verən proseslərə tez reaksiya verirlər. Ölkə iqtisadiyyatında baş verən hadisə və proseslər cəmiyyətin həyatında təzahür etdiyindən hamı iqtisadi hadisə və prosesləri öz düşündüyü kimi şərh edir. Hər gün televiziya verilişlərində müzakirələr aparılır, xəbərlərdə informasiya verilir. Demək olar ki, bütün vətəndaşlar (7-dən 77-yə) iqtisadiyyatla bağlı məlumatlı olurlar. Bu həm də onların həyat səviyyəsi ilə bağlı olduğundan hamı iqtisadiyyatda baş verənləri özləri istəməsə belə izləmək məcburiyyətində qalırlar. Xüsusilə sosial-iqtisadi vəziyyət pisləşməyə doğru meylləndikdə daha çox müzakirələr aparılır. İqtisadçı isə verdiyi təklifin arxasında durmalı, onu əsaslandırmalıdır. Ona görə də iqtisadçı alimlərin, tədqiqatçıların üzərinə daha böyük yük düşür. İqtisadçı alimlər başqalarından fərqli olaraq ölkədə baş verən iqtisadi prosesləri daha düzgün qiymətləndirməli və eli əsaslnandırılmış konkret təkliflərlə çıxış etməli, proqnozlar verməlidirlər. Problemlərdən çıxış yolları və iqtisadiyyatın inkişafı üzrə əsas istiqamətlər göstərilməlidir. Hansı sahələrin dövlətin, cəmiyyətin inkişafına daha faydalı olmasını müəyyənləşdirməlidir. İqtisadiyyatımızda son illərdə, xüsusən də 2015-ci ildə baş verən proseslər iqtisadçıları daha məsuliyyətli olmağa vadar edir.

- İnstitutda yeniliklərdən biri ondan ibarətdir ki, “Kreativ iqtisadiyyat” diskussiya klubu fəaliyyət göstərir. Açıq elmi diskussiyalara nə dərəcədə maraq yarada bilmisiniz?

- Çalışırıq klubda mütamadi diskussiyalar təşkil edək, ölkənin tanınmış alimləri, sahibkarlar, vəzifəli şəxslər, hər hansı sahənin peşəkar bilicilərini müzakirələrə dəvət edək. Elmin inkişafında elmi müzakirələr, fikir mübadiləsi əhəmiyyətli yer tutur. Məqsədimiz ölkəmizin iqtisadiyyat sahəsindəki əsas beyin mərkəzlərini, universitetləri, elmi-tədqiqat institutlarının əməkdaşlarını bir araya gətirməklə mövcud problemlərin həlli yollarını tapmaqdır. Bundan başqa, gənclərimizin iqtisadi biliklərini artırmaqdır. Lakin əsas problemimiz klubların toplantılarında dinləyicilərin iştirakının təmin olunmasıdır. Kənar təşkilatların əməkdaşlarının diskussiyalara mütəmadi qatıla bilməməsini başa düşmək olar. Onlar öz təşkilatlarında vəzifə daşıyırlar. Bəzən öz institutumuzun aparıcı işçiləri diskussiya klublarının toplantısında iştirak etmirlər. Çox istərdim ki, aparıcı işçilərimiz, gənclərimiz müzakirələrdə aktiv iştirak etsinlər. Şübhəsiz, məruzəçilərin çıxışı da o qədər sanballı olmalı və yeni söz deyilməlidir ki, diskussiya klublarının toplantılarına maraq artsın.

 İnstitutda “Kreativ iqtisadiyyat” Klubu ilə yanaşı “Doktorantlar” Klubu, “Gənc Alimlər Klubu” da fəaliyyət göstərir. Eyni problemlər həmin klublarda da yaşanır. Eyni zamanda “elm və dövlət əməkdaşlığı” adı altında seminarlar təşkil edilir. Bu seminarlara dövlətin iqtisadiyyatla bağlı vəzifəli şəxsləri məruzəçi kimi dəvət olunur. Bu müzakirələr həm iqtisad elminin, həm də ölkə iqtisadiyyatının inkişaf etdirilməsi yollarının axtarılması baxımından əhəmiyyətlidir. Əməkdaşlarımızdan xahişim budur ki, müzakirələrdə aktiv iştirak etsinlər. Bu onların tədqiqat işlərinin keyfiyyətli olması üçün də önəmlidir.

- “Elm haqqında” qanun layihəsi hazırlanıb və bu yaxınlarda parlamentin müvafiq elm komitəsində də müzakirə edildi. Siz bu qanundan nə gözləyirsiniz?

- Müasir dünyada elmin inkişafı əsas strateji hədəf olmalıdır. Əgər elm inkişaf edərsə digər problemlərin həlli də asanlaşar. Çünki təbiətdə və cəmiyyətdə yaranan hər hansı problemin həlli üçün elmə müraciət edilir. Yalnız yüksək inkişaf etmiş elm və elmi potensiala malik olduqda problemlərin yaranmasının qarşısı vaxtında alına və həlli asanlaşa bilər.

 XI əsr bilik əsri hesab olunur. Bu əsrdə iqtisadiyyatın bilik, elm və innovasiyalar üzrində qurulması böhran riskini azaldır. Belə bir dövrdə “Elm haqqında” qanunun tezliklə qəbul olunmasını gözləyirik, ona çox böyük ümidlərimiz var. Fikrimcə, elm haqqında qanun iqtisadi inkişafın bilik və innovasiyalar üzərində qurulması üçün əhəmiyyətlidir. Bütün elmin inkişafının kökü, bazası, hüquqi əsasları bu qanunda öz əksini tapmalıdır. Baza qanunu olmalıdır ki, elm sahəsinə aid digər normativ-hüquqi sənədlər də ona uyğunlaşdırılsın. Hər halda qanunun qəbulundan sonra ciddi yeniliklərin və elmimizdə daha mütərəqqi inkişafın olacağı gözlənilir.
Belə fikirlər səsləndirilir ki, elm kommersiyalaşdırılmalıdır, özü pul qazanmalıdır. Bunun üçün elmi müəssisələrə müstəqillik verilməlidir. Bu baxımdan “Elm haqqında” qanundan gözləntilərimiz böyükdür...

- Müsahibəyə görə çox sağ olun.

Söhbətləşdilər: Mahir Zeynalov, Samirə Cəfərova