Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Türkiyənin elmi mərkəzləri ilə birgə layihələr həyata keçirmək əzmindəyik”

  • Oxunub 1566 dəfə

 Emin Məmmədzadə: “Əsas məqsəd qardaş ölkələrimiz arasında elmi əlaqələri daha da gücləndirmək, birgə fundamental, uzunmüddətli tədqiqatlar aparmaqdır”

 AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d. Emin Məmmədzadənin economics.com.az saytına müsahibəsi

- Emin müəllim, bu yaxınlarda sizin də daxil olduğunuz AMEA İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı Türkiyənin elmi mərkəzləri ilə əməkdaşlıq əlaqələri qurmaq məqsədilə qardaş ölkədə işgüzar səfərdə olublar. Hansı qurumlarda görüşlər keçirdiniz?

- İnstitutumuzun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradovun rəhbərlik etdiyi 6 nəfərdən ibarət nümayəndə heyətinin Ankara və İstanbul şəhərlərində 10 təşkilatda işgüzar görüşlərimiz oldu. Qeyd etmək istərdim ki, görüşlərimiz çox səmərəli və maraqlı keçdi. Zənnimcə, bunlardan ən xoş təəssürat bağışlayan görüşlər Ankarada Qazı Universitetində, İstanbulda isə İstanbul Ticarət Universitetində baş tutdu.

- Türkiyənin beyin mərkəzləri ilə hansı sahələrdə daha yaxından əməkdaşlıq etmək imkanlarımız var?

- Əməkdaşlıq etmək üçün sahələr kifayət qədər çoxdur. Əsasən bura birgə elmi araşdırmaların (xüsusən, loqistika sahəsində), müştərək elmi forum və konfransların keçirilməsi və ən əsası İnstitutumuzda böyük müzakirələrə səbəb olan “milli iqtisadiyyatların sol və ya sağ iqtisadi inkişafı” ilə əlaqədar indekslərin hesablanması istiqamətlərində aparılan tədqiqatlar daxildir.

- Azərbaycan alimlərinin əsərlərinin qardaş ölkənin impakt faktorlu jurnallarında cap olunması imkanları varmı? Bunun üçün nə etmək lazımdır?

- Bu məsələ universitetlərdə keçirdiyimiz bir sıra görüşlərdə müzakirə edildi. Məsələn, Ankaranın Qazi Universiteti Türkiyənin ən iri ali məktəbidir. Həmin universitetin “İqtisad və idarəçilik bilikləri” fakultəsinin dekanı ilə söhbət zamanı o birgə elmi jurnal nəşr etməyi təklif etdi. Nəzərə alsaq ki, universitetin nəşrləri beynəlxalq impakt faktorlu jurnallardır, bizim əməkdaşlarımızın orada öz məqalələri ilə çıxış etmələri çox faydalı olardı.

- Sizcə, hansı qurumlarla birgə əməkdaşlıq daha perspektivlidir?

- Məncə, yuxarıda qeyd etdiyim kimi, ən real və tez gerçəkləşə biləcək əməkdaşlıq Qazi Universiteti, İstanbul Ticarət Universiteti və Türkiyənin İqtisadiyyat Nazirliyi ilə mümkündür. Hansı ki, həmin nazirlik bizim İnstitutun “milli iqtisadiyyatların sol və ya sağ yönümlü iqtisadi inkişafı” ilə əlaqədar apardığı tədqiqatlarla maraqlanır.

- Türkiyə universitetləri ilə birgə konfranslar, simpoziumlar, seminarlar keçirilə bilərmi?

- Bəli, bu məsələlər ətrafında da müzakirələrimiz oldu. Xüsusən də belə elmi tədbirlərin ümumtürk dünyası müstəvəsində, türkdilli ölkələrin birgə iştirakı ilə keçirilməsi üzrə təkliflər var.

- Türkiyənin müvafiq nazirliklərinin araşdırma mərkəzləri ilə birgə tədqiqatların aparılması nə dərəcədə realdır?

- Tam realdır. Məsələn, Kalkınma Bakanlığında (Türkiyənin indikativ planlaşdırma orqanı) aparılan hesablamaların empirik nəticələrinin dəqiqliyi və dürüstlüyü bizim hesabladığımız indekslərlə daha da səmərəli nəticələrin əldə olunmasına imkan verə bilər. Belədə bizim Türkiyənin dövlət qurumları ilə əməkdaşlıq üfüqləri bir xeyli artmış olacaq. Yəni burada sinergetik effekt alınmalıdır ki, əməkdaşlıq daha da dərinləşsin.

- Gələcək əməkdaşlıq çərçivəsində görüləcək işlərlə əlaqədar AMEA İqtisadiyyat İnstitutunun rəhbərliyinin qərarı ilə İnstitutun elmi katibi, i.f.d. Rəsmiyyə Abdullayeva koordinator təyin edilmişdir. Onun əsas işi nədən ibarət olacaq?

- Bu suala onun özü daha ətraflı cavab verə bilər. Mənim bildiyim qədər, Rəsmiyyə xanım Türkiyənin elmi qurumları ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi üzrə təşkilati məsələlərin tənzimlənməsinə cavabdeh olacaq.

- AMEA İqtisadiyyat İnstitutu Türk Əməkdaşlıq Koordinasiya Agentliyi (TİKA) ilə hansı çərçivədə əməkdaşlıq edir?

- Bu çərçivə birbaşa bizim konkret arzu və niyyətlərimizdən asılıdır. TİKA dünyanın 135 ölkəsində öz nümayəndəliklərinə malikdir. Onun maliyyə və maddi-texniki bazası kifayət qədər genişdir. Əgər maraqlı təkliflər olsa, zənnimcə, TİKA Türkiyədə bizə istənilən elmi-texniki tədbirlərin keçirilməsinə yardım göstərə bilər.
Bizim artıq birgə layihələrimiz var. Məsələn, 2015-ci ilin fevral ayında Bakı şəhərində TİKA ilə AMEA İqtisadiyyat İnstitutu “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda elmi konfrans keçirmişdir. İki qurum arasında bundan sonra da davam etdirilməsi nəzərdə tutulan əməkdaşlığın əsas məqsədi qardaş ölkələrimiz arasında elmi əlaqələri daha da gücləndirmək, birgə fundamental, uzunmüddətli tədqiqatlar aparmaqdır. Bir sözlə, Türkiyənin elmi mərkəzləri ilə birgə layihələr həyata keçirmək əzmindəyik...

- Müsahibəyə görə çox sağ olun.