Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Vergidən azad etməkdənsə, stimullaşdırıcı vergi mexanizminin tətbiqi daha məqsədəuyğundur

  • Oxunub 1472 dəfə

 Müsahibimiz AMEA İqtisadiyyat İnstitutunun «Xidmət sahələrinin inkişafı problemləri» şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Aqil Əsədovdur

- Aqil müəllim, sahibkarlığın və biznesin inkişafı, idarəetmənin şəffaflaşdırılması istiqamətində aparılan islahatların nəticələri ilə bağlı ölkədə ümumi mənzərə necə görünür?

- Azərbaycan sürətlə qlobal məkana inteqrasiya olunub və beynəlxalq iqtisadi məkanda baş verən proseslərin milli iqtisadiyyatımıza da müəyyən təsirlərini təbii hesab etmək mümkündür. Qlobal iqtisadi proseslər ölkəmizdə iqtisadiyyatın inkişafı ilə bağlı qarşıya yeni tələblər qoyur. Neftin qiymətinin ucuzlaşması səbəbindən ehtimal edilən çətinliklərin qarşısının alınması, mənfi təsirlərin minimuma endirilməsi, neftdənkənar istehsal və ixrac sahələrinin inkişaf etdirilməsi, azad biznes fəaliyyəti üçün daha əlverişli şərait yaradılması ilə əlaqədar göstərilən səylərin müsbət nəticələrindən danışa bilərik. Qeyri-neft sektorunda istehsalı və ixracı stimullaşdırmaq üçün qəbul edilən mühüm qərarların bir hissəsi vergi məsələləri ilə bağlıdır. Milli istehsala dəstək məqsədilə tətbiq olunan vergi güzəştləri regional inkişafın təmin olunması, idxaldan asılılığın azaldılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bütün müsbət cəhətləri qeyd etməklə yanaşı, mən bir iqtisadçı kimi vergi güzəştləri ilə müqayisədə verginin stimullaşdırıcı tətbiqini daha məqsədəuyğun hesab edirəm. Bu halda sahələr üzrə, vergi dərəcələri üzrə diferensial yanaşmanın tətbiqi, «çox qazan, az ödə», «çox iş yeri yarat, aşağı dərəci ilə ödə» prinsipləri ilə stimullaşdırmanı nəzərdən keçirmək olar. İstehsala vergi güzəşti də elə olmalıdır ki, istehsalçı ələbaxan olmasın, geniş təkrar istehsala meyilli olsun. Yəni dövlətin verdiyi imtiyazlar milli istehsalın güclənməsinə, güclü rəqabətə dözümlü milli sahibkarlığın möhkəmlənməsinə xidmət etməlidir.
Artıq özəl bölmədə qeyri-neft sahələrinin, kənd təsərrüfatı, turizm, yüngül sənaye, nəqliyyat-tranzit, İKT, ticarət və xidmət sahələrinin payının artması müşahidə edilir. Bununla yanaşı, həmin sahələrin xüsusi çəkisi ÜDM-də hələ istənilən səviyyədə deyil, bunu 2 dəfəyə yaxın artırmaq olar, çünki potensial imkanlar, real baza var.

- Siz ticarət və xidmət sahələrini qeyd etdiniz. İnkişaf etmiş ölkələrin əksəriyyətində ticarət və xidmət sektoru iqtisadiyyatda əsas çəkiyə malik olan sahələrdəndir. Azərbaycanda bu sahədə vəziyyət necədir?

- Bu gün dünyanın əksər aparıcı ölkələrində xidmət sektorunun ÜDM-də payı 55-60%-dən yuxarıdır. Məsələn, ÜDM-in ABŞ-da 74%-i, Yaponiyada 59%-i, Almaniyada 69,1%-i, Türkiyədə 66%-i, Fransada 77,3%-i, Avstriyada 65,6%-i, Rusiyada 58,7%-i, Ukraynada 68,4%-i, Qazaxıstanda 55%-i və s. xidmət sahələrinin payına düşür. Estoniyada ÜDM-in 71%-ni, Litvada isə 62%-ni xidmət sektoru formalaşdırır.
Azərbaycanda ticarət və xidmət sektoru tamamilə özəl bölmədə formalaşıb və bu sahədə çalışan sahibkarlıq subyektlərinə azad və liberal fəaliyyət üçün münbit mühit təmin edilib. Yəni azad ticarətin sərbəstliyi mövcuddur. Zəngin potensial imkanların olmasına baxmayaraq, ölkəmizdə bu göstərici 30-33% civarındadır. Təbii ki, bu istiqamətdə dövriyyəyə cəlb edilməyən, istifadə olunmayan potensial imkanlar mövcuddur. 2025-ci ilə qədər ölkəmizdə xidmət sektorunun ÜDM-də xüsusi çəkisinin 43-45%-ə çatdırılması proqnozlaşdırılır. Neft ölkələrinin əksəriyyətində xidmət sahələrinin xüsusi çəkisi 35-40% arasında tərəddüd edir. Hesab edirəm ki, neftin qiymətində azalmalar daha qısa zamanda ölkəmizdə xidmət sahələrinin inkişafına təkan verəcəkdir.

- Ümumiyyətlə, ölkəmizdə ticarət və xidmət sektorunun real olaraq ÜDM-də payının nə qədər artırılması mümkündür?

- Hesab edirəm ki, ölkəmizin müqayisəli üstün olduğu ticarət və xidmət sahələrini inkişaf etdirməklə ÜDM-də payının 50%-dən çox təmin etmək mümkündür. Yuxarıda adları çəkilən xidmət sahələri üzrə imkanlar geniş və çoxcəhətlidir. Təsəvvür edin ki, ölkəmizdə cəlbedici xidmətlər və qiymətlər təklif etməklə yalnız sağlamlıq turizmindən kifayət qədər gəlir əldə etmək olar. O cümlədən turizmin digər növlərinin inkişafına diqqət yönəltmək olar. Azərbaycan dənizi, müalicəvi suları, əsrarəngiz təbiəti, çeşidli iqlim ehtiyatları, vulkanları, zəngin mətbəxi və ən əsası, qonaqpərvər insanları, etibarlı sabitliyi olan azsaylı dünyəvi dövlətlərdəndir. Digər sahələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə təkcə bu dəhliz boyunca milyonlarla qazanc əldə etmək imkanlarımız var. Ona görə də bu sahələri inkişaf etdirməli, təkmilləşdirməli və dünyaya tanıtmalıyıq. Təbii ki, bütün bunlar xidmət sektorunun büdcənin əsas gəlir mənbələrindən birinə çevrilməsinə imkan yaradacaqdır.

- Bu sahədə hansı problemlər mövcuddur və sektorun ÜDM-də payının artırılmasının yolunu nədə görürsünüz?

- Ölkəmizdə ticarətin inkişafı üzrə Dövlət Proqramı qəbul olunub. Sənədə əsasən, ixrac potensialının inkişafının təmin edilməsi və ixracın strukturunun təkmilləşdirilməsi, istehsal olunan məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi, idxalın səmərəliliyinin artırılması, texnoloji yeniləşmənin həyata keçirilməsi və ölkənin güclü iqtisadi potensialının yaradılması məqsədilə investisiyaların və kreditlərin prioritet sahələrə cəlb olunması, daxili bazarda azad rəqabət mühitinin inkişaf etdirilməsi, istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması, ticarət, iaşə və digər növ xidmət sahələrində vahid informasiya-uçot sisteminin yaradılması, ölkənin iqtisadi təhlükəsizliyi kimi mühüm məsələlərin həlli öz əksini tapıb. Ticarətin müasir tipli infrastrukturunun yaradılması, milli standartlar sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, haqsız rəqabət hallarına qarşı mübarizənin gücləndirilməsi və digər məsələlər də bu sıradadır.
Eyni zamanda, xidmət sektoru üzrə qarşıya qoyulmuş hədəfə nail olmaq üçün bir neçə istiqamətdə kompleks tədbirlər həyata keçirilməlidir: kadr təminatı, qiymət cəlb­ediciliyi, xidmət-keyfiyyət-qiymət uyğunluğunun təmin olunması, infrastrukturun təkmilləşdirilməsi, viza məsələlərinin sadələşdirilməsi və s. Mənə elə gəlir ki, bütün istiqamətlərdə dövlət bu və ya digər dərəcədə iştirak etməlidir. Hətta bunu da stimullaşdırıcı formada etmək olar. Məsələn, il ərzində ən çox vergi ödəyən 5 turizm müəssisəsinin hər birindən 3 nəfər işçini bu sahədə tanınmış, qabaqcıl təcrübəyə malik bir ölkədə dövlət hesabına təcrübə keçməyə göndərmək olar. Eləcə də nəqliyyat-tranzit xidmətlərindən daha çox gəlir əldə etmək məqsədilə logistik daşımaların təşkili sahəsində kadr hazırlığı zəruridir. Bu istiqamətdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ADA Universiteti arasında kadr hazırlığı ilə bağlı imzalanmış müqavilə olduqca təqdirəlayiq addımdır. Mövcud kadrların təkmilləşdirilməsi, xarici ölkələrdə kurslara cəlb edilməsi də məqsədəuyğun olardı...

- Bəzi sahibkarlar indiki şəraitdə ticarət sektoruna da vergi güzəştlərinin tətbiq olunmasını, vergidən azadetməni xahiş edirlər. Bu nə dərəcədə məqsəduyğundur?

- Ümumiyyətlə, hər hansı sahənin vergidən azad olunmasının tərəfdarı deyiləm. Dediyim kimi, vergidən azad etməkdənsə stimullaşdırıcı vergi mexanizminin tətbiqi daha məqsədəuyğundur. Xüsusilə, ticarətə vergi güzəştlərinin edilməsi o qədər də effektli deyil və bundan faydalı nəticə ummağa dəyməz. Son günlər bu məsələ fəal müzakirə mövzusuna çevrilib, hətta supermarket rəhbərləri bu barədə hökumətə də müraciət ediblər. Demirəm ki, sahibkarlıqla bağlı hər şey qaydasındadır və heç bir problem yoxdur. Amma bir-birinə rəqib olan bu supermarketlərin operativ şəkildə birgə müraciət imzalaması bir qədər başqa suallar da yaradır. Bu daha çox əzələ nümayişinə, qiymətlərin qalxmasına don geyindirməyə, şəffaflıq istiqamətində atılan addımlardan ehtiyatlanmağa bənzəyir. Marketlərdə qiymətlər son dövrlər kifayət qədər artıb. Gəlin görək, sabah vergi güzəşti edilsə, manatın məzənnəsi möhkəmlənsə qiymətlər nə qədər aşağı salınacaq. Təəssüf ki, əksər sahibkarlarımızda qiymətlərin endirilməsi mədəniyyəti formalaşmayıb. Bir daha qeyd edirəm ki, milli istehsalın, emal sənayesinin stimullaşdırılması kimi vergi güzəştlərinin tətbiqi mümkündür, ticarət xidmətlərində isə belə bir praktika məqsədəuyğun deyil.
Stimullaşdırıcı tədbirlərlə bağlı bir təklifim də var. Müxtəlif nominasiyalar üzrə «İlin sahibkarı» müsabiqəsi keçirilə bilər. Bu nominasiyalara «ən çox vergi ödəyən», «intizamlı vergi ödəyicisi», «ən çox iş yeri yaradan şirkət» və s. aid edilə bilər.

“Vergilər” qəzeti, 11 may 2016-cı il