Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Gənclərə yaşıl işıq yandırmalıyıq”

  • Oxunub 1942 dəfə

 Professor Rəna Sultanova: “Gərək gənclər öz biliklərini, təcrübələrini Azərbaycanda reallaşdırsınlar, innovasiyalı iqtisadiyyatın qurulmasında bilavasitə iştirak etsinlər”

 İqtisad elmləri doktoru, professor Rəna Sultanovanın “economics.com.az” saytına müsahibəsi

 27-31 may 2016-cı il tarixində Türkiyənin Marmaris şəhərində yerləşən Muğla Sıtkı Koçman Universitetində Uluslararası Gənclik Araşdırmaları Konqresi keçirilmişdir. Konqresin işində yaxından iştirak etmiş AMEA İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəna Sultanova ilə səfər təəsüratları ətrafında söhbət etdik.

- Rəna xanım, konqres necə keçdi və tədbirdə hansı mövzuda çıxış etdiniz?

- İldə 40 mindən artıq məzunu olan Muğla Universitetinin gənclərlə bağlı təşkil etdiyi konqresin işində Azərbaycandan, Böyük Britaniyadan, Qazaxıstandan və s. digər ölkələrdən nümayəndələr iştirak edirdilər. Tədbir çox yüksək səviyyədə keçdi. Konqresdə gənclərin problemləri, içtimai, sosial-iqtisadi həyatda rolu əsas müzakirə mövzusu idi. Mən orada “Azərbaycan gənclərinin ölkə iqtisadiyyatında rolu” mövzusunda məruzə ilə çıxış etdim. Qeyd etdim ki, Azərbaycanda gənclər içtimai, sosial-iqtisadi həyatda çox böyük rola malikdirlər. Onlar həm dövlət strukturlarında, həm ictimai sektorda, həm də elmi-pedaqoji və elmi-tədqiqat sahələrdində fəal iştirak edirlər. Son illər dövlətin gənclərlə bağlı məqsədli dövlət proqramlarının həyata keçirilməsi bu sahədə müsbət dəyişikliklərə təkan vermişdir. Belə ki, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilmiş, 2005-ci və 2011-ci illərdə “Azərbaycan gəncliyi Dövlət Proqram”ı təsdiq edilmiş, gənclərin ümumrespublika forumları keçirilmiş, 2007-ci il Gənclər İli elan edilmişdir. Ölkəmizdə gənclər 14–29 yaşlarında hesab edilir.

Bunlarla yanaşı, ölkə rəhbərliyinin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” da xüsusi əhəmiyyətə malikdir. Bu proqramın həyata keçirilməsi gənclərin dünyanın nüfuzlu ali təhsil məktəblərində təhsillərini başa vuraraq respublikamızın inkişafına xidmət etmələrinə və həmçinin peşəkar kadrların hazırlanmasına imkan verir. Əsas odur ki, gənclər xaricdə nüfuzlu məktəbləri bitirdikdən sonra Vətənə qayıtsınlar, öz biliklərini, təcrübələrini Azərbaycanda reallaşdırsınlar, innovasiyalı iqtisadiyyatın qurulmasında bilavasitə iştirak etsinlər.

- Sizcə, ölkəmizdə hazırda gənclərlə bağlı hansı proseslər gedir, hansı meyillər daha çox diqqətçəkəndir?

- Ölkə əhalisinin 2,7 milyon nəfərini və ya 28,1 faizini gənclər təşkil edir ki, onların da 49 faizi qadınlardır. Gənclərin 52 faizi şəhərdə, 48 faizi isə kənd yerlərində yaşayır. Tədqiqatlar göstərir ki, ölkədə 2015-ci ildə nikaha daxil olanların 78 faizini gənclər təşkil etmişdir ki, onlardan ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür. Lakin təəssüf ki, boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 15,9 faiz, qadınların isə 30,9 faiz təşkil edir. Bu isə bir sıra problemlərlə bağlı olmuşdur.

Bütün bu dövlət proqramlarının qəbul olunması, onların icrası, gənclərlə bağlı işin keyfiyyətinin təkmilləşdirilməsi, monitorinq mexanizminin yaradılması əsas məsələlər kimi gündəmdədir. Bu gün gənclər siyasətinin səmərəliliyinin artırılması məqsədilə onun maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, “Gənclər evi” və “Gənclər Mərkəzi" yaradılmışdır. Hazırda gənclərin daha çox informasiya kommunikasiya texnologiyaları sahəsinə axını müşahidə olunmaqdadır. Gənclər yeni biliklərin mənimsənilməsində daha fəal təşəbbüs göstərirlər ki, bu da müsbət meyil kimi qiymətləndirilə bilər. Digər tərəfdən, istehsal sahələrində, texnoparklarda çalışan gənclərin sayının artması da yaxşı haldır. Rəqabətqabiliyyətli məhsul və xidmətlərin istehsalının təşkilində də gənclərin rolu böyükdür.

- Gənclər siyasəti ilə bağlı hansı tədbirlərin görülməsini daha vacib hesab edirsiniz?

- Nailiyyətlərlə yanaşı, gənclərin müəyyən problemləri də var. Onların məişət, ev problemi, məşgulluğun təmin edilməsi əsas məsələlər kimi ortaya çıxır. Bu problemlərin həlli istiqamətində dövlət səviyyəsində bir sıra tədbirlər, işlər davam etdirilməkdədir. Ümid edək ki, həmin məsələlər də yaxın gələcəkdə öz həllini tapacaqdır. Aparılan tədqiqatlar göstərir ki, 2015-ci ildə 2000-ci illə müqayisədə 14-29 yaşlı gənclərin artımı 424,6 min nəfər təşkil etmişdir ki, onlardan kişilər 230,1, qadınlar isə 194,5 min nəfər çox olmuşdur.
Hesab edirəm ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün müvafiq şəraitin yaradılması; gənclərin dünya standartlarına cavab verən təhsil almaları üçün imkanların olması; gənclərin məşğulluğunun artırılması üçün əlverişli şəraitin formalaşdırılması; gənc mütəxəssislərin Azərbaycanın regionlarında işləməsinin təşviq edilməsi və s. vacib amillərdir. Nəzərə almalıyıq ki, müasir istehsal sahələri əsasən innovasiyalı texnologiyalara əsaslanır, bizim gənclər də peşəkar və bilikli mütəxəssislər kimi bu baxımdan hazırlıqlı olmalıdırlar.

Regionlarda gənclərin işlə təmin olunması diqqət mərkəzində olmalıdır. Əgər biz regionlararası fərqin azaldılmasını, balanslaşdırılmış inkişafın təmin edilməsini istəyiriksə, regionlara gənclərin axınının təmin olunması vacibdir. Hesab edirəm ki, bu gün Azərbaycanda gənc kadrların bütün dövlət strukturlarında, özəl və içtimai sektorda, elmi-pedaqoji fəaliyyət sferasında, istehsal sahələrinə işə cəlb olunması mühüm məsələdir. Biz gənclərə yaşıl işıq yandırmalıyıq, onlar bizim gələcəyimizdir.

- Sizcə, bizim gənclər hansı potensiala malikdir?

- Bizim gənclər yüksək potensiala malikdir, biliklidilər, savadlıdılar, müxtəlif dillərə yiyələniblər. Beynəlxalq arenada da ölkəmizi layiqincə təmsil etmək imkanlarına malikdirlər. Lakin bunlarla yanaşı, bəzi problemlərimiz də var ki, onları qeyd etmək istərdim. Təhsil sahəsində problemlər mövcuddur. Son illərdə təhsilimizin səviyyəsi aşağı düşüb ki, bu da test sistemi ilə bağlıdır. Belə ki, test sistemi faktiki olaraq gənclərin aktiv olmasını məhdudlaşdırır, onların dil, danışıq, özünü, fikirlərini ifadə qabiliyyətini aşağı salır. Təsadüfü deyil ki, artıq bir sıra ölkələrdə yenidən yazılı imtanlara üstünlük verməyə başlayıblar. Biz də bunu nəzərə almalıyıq.

Türkiyədə universitetlər gənclərin elmə, təhsilə marağını artırmaq, onların bu sahədə aktivliyini təmin etmək üçün mütamadi olaraq müxtəlif yerli və beynəlxalq əhəmiyyətli elmi tədbirlər, konfranslar, simpoziumlar keçirirlər. Gəncləri belə tədbirlərə cəlb edirlər, onların çıxışları təşkil olunur, aktiv olmaları üçün həvəsləndirirlər ki, fikirlərini ifadə edə və özlərini yaxşı tərəfdən göstərə bilsinlər. Hətta hər hansı bir doktorantın zəif çıxışı belə normal qarşılanır, ona mənəvi dəstək verilir ki, o həvəslənsin, onda özünə inam hissi formalaşsın və gələcəkdə daha hazırlıqlı olsun.

- Rəna xanım, bu sahədə müqayisə aparanda hansı fərqli və üstün cəhətləri müşahidə etdiniz?

- İstərdim ki, bizim gənclər də çoxsaylı konfranslarda, simpoziumlarda çıxışlar etsinlər, beynəlxalq aləmə çıxışları təmin olunsun ki, onlar da öz fikirlərini ifadə edə, müxtəlif elmi dairələrə çatdıra bilsinlər. Bu da onların inkişafına bir təkan ola bilrər. Bunları təşkil etməliyik. Türkiyədə belə bir yaxşı ənənə var ki, iş adamları, sahibkarlar universitetlərə yardım, kömək edirlər, dəstək olurlar. Məsələn, universitetlərdə hər hansı bir konfrans, simpozium keçiriləndə iş adamları həmin tədbirlərin təşkilini maliyyələşdirirlər. Ona görə də belə tədbirlər çox yüksək səviyyədə keçirilir. Yəni universitetlərlə iş adamları sıx əməkdaşlıq edirlər. Təsəvvür edin ki, biz bu dəfə Muğla Universitetində olanda orada eyni vaxtda bir neçə sahə üzrə müxtəlif konqreslər keçirilirdi. Ancaq bizdə bir konfransın təşkili belə çox çətinliklərlə üzləşir. Çünki bizim iş adamları belə tədbirlərə maliyyə yardımı göstərmirlər. Dövlət də onları stimullaşdırmalıdır ki, sahibkarlar elmi-tədqiqat institutlarına, universitetlərə maddi dəstək göstərsinlər, yardımçı olsunlar.
Fərqi bunda hiss etdim. Ona görə də bizim gənclər aktivlik baxımından bir az geri qalırlar. Gənclərimiz təhsilli, bilikli olsalar da, Türkiyədəki kimi aktiv deyillər.
Türkiyəyə səfərim bu ölkə haqqında təsəvvürlərimi yaxşı mənada kökündən dəyişdi. Onlar bir çox sahələrdə, xüsusən xidmət sahələrində, turizmdə irəlidilər. Bütün xidmət sferası o qədər yüksək səviyyədədir ki, insanların üzü gülür. Turistləri elə qonaqpərvərliklə qarşılayırlar, onlara elə xidmət göstərirlər ki, bir dəfə gedən yenidən bu ölkəyə gəlmək istəyir. Bir sözlə, qardaş Türkiyədə böyük hörmət gördüm və bu ölkəyə yenidən dönmək arzusu ilə yüksək təəsüratlarla ayrıldım...

- Müsahibəyə görə çox sağ olun.

 Söhbətləşdilər: Mahir Zeynalov, Samirə Cəfərova