Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Əsas hədəf aqrar sahənin rəqabət qabiliyyətli və innovasiya yönümlü dayanıqlı inkişafıdır”

  • Oxunub 3643 dəfə

  İqtisad üzrə fəlsəfə doktoru, dosent İlkin Soltanlı: “İqtisadiyyat İnstitutunda bütün elmi müzakirələr demokratik və çox şəffaf şəraitdə keçirilir”

 AMEA İqtisadiyyat İnstitutunun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent İlkin Soltanlının “economics.com.az” saytına müsahibəsi

- İlkin müəllim, aqrar sahənin cəmiyyətin həyatında tutduğu yeri və yeni iqtisadi dönəmdə onun rolunu necə xarakterizə edə bilərsiniz?

- Aqrar sahə insan cəmiyyətinin sağlam yaşam və inkişafını şərtləndirən mühüm iqtisadi bazis, iqtisadiyyatın prioritet əhəmiyyət kəsb edən strateji sahələrindən biridir. Bu, tarix və sivilizasiya baxımdan həmişə belə olmuş və əbədi olaraq qalacaqdır. Çünki bəşər övladı öz mövcudluğunu qoruyub saxlamaqla normal inkişaf etmək və uğurlu fəaliyyət göstərmək üçün keyfiyyətli qidalanmalı, ana təbiətin zəngin və tükənməz mətbəxi hesab edilən kənd təsərrüfatının böyük imkanlarından səmərəli istifadə etməlidir. Bu sahə qeyri-neft sektorunda xüsusi çəkiyə və yerə malik olmaqla, həm də çoxşaxəli və çoxfunksiyalı bir missiyanı yerinə yetirir. Xüsusən də aqrar sahənin sosial-iqtisadi, ekoloji, innovasiyalı, informasiya və digər xarakterli funksiyaları göstərilənlər baxımdan böyük əhəmiyyət kəsb edir.
Müasir şəraitdə dünya iqtisadiyyatında baş verən yeni yanaşma meylləri və zəruri keyfiyyət dəyişiklikləri ölkə iqtisadiyyatına, o cümlədən onun əsas sahələrindən biri olan aqrar sahəyə də təsirsiz ötüşməmişdir. Bu sahənin müqayisəli üstünlüklər əsasında inkişaf etdirilməsi və rəqabətqabiliyyətlilik səviyyəsinin yüksəldilməsi – onun modernləşdirilməsi məsələrini gündəmə gətirmişdir.

- Aqrar sahənin dayanıqlı inkişaf strategiyasının əsas xüsusiyyətləri hansılardır?

- Aqrar sahənin dayanıqlı inkişaf strategiyasını - ümumi olaraq, sürətlə artan əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının daim yüksəlməsi fonunda mövcud ehtiyacların daha səmərəli təmin olunmasına əsaslanan və mümkün potensialdan daha dolğun, düşünülmüş şəkildə istifadəyə yönəldilmiş tədbirlər məcmusu kimi qəbul edə bilərik. Onun əsas xüsusiyyəti - bu prosesə təsir göstərən çoxsaylı amillərin qarşılıqlı və sıx əlaqədə fəaliyyət göstərməsidir.
Bu gün yaşadığımız bazar iqtisadiyyatı sisteminin tələblərinə uyğun olaraq, aqrar sahənin dayanıqlı inkişafına yanaşma bucaqları fərqli ola bilər. Təbii ki, hər bir cəmiyyətin inkişafının əsas qayəsi, məfkurəsi – sosial yönümlülüyə əsaslanır. Ancaq iqtisadiyyatın, xüsusən də aqrar iqtisadiyyatın sosial yönlülüyü əvəzinə səmərəlilik terminindən istifadə edilməsini daha məqsədəuyğun hesab edirəm. Bu, mənim fikrimdir və müəyyən obyektiv mülahizələrə əsaslanır. Çünki məna tutumu və əhatə dairəsi baxımdan bu termin daha genişdir.

- Sizcə, aqrar sahədə iqtisadi diversifikasiya və modernləşdirmə tədbirləri hansı istiqamətlərdə həyata keçirilməlidir?

- Aqrar sahədə iqtisadi şaxələndirmə, yaxud diversifikasiya prosesi zəruri modernləşdirmə tədbirləri ilə yanaşı gedərək, onun daha da sürətlənməsinə rəvac verməlidir. Mütərəqqi yeniliklərin iqtisadi proseslərə tətbiqini nəzərdə tutan modernləşdirmənin əsas xüsusiyyətlərindən biri də - institutsional islahatların həyata keçirilməsidir. Bu proses, həm də kənd təsərrüfatının inkişafına yönəldilmiş müxtəlif xarakterli tədbirlərin kompleks şəkildə və eyni müddətdə aparılmasını tələb edir. Lakin bu çoxistiqamətlilik müxtəlif istiqamətlərdə aparılan tədbirlərin üstünlüyünü təmin etməlidir.
Mövcud dönəmdə aqrar sahədə iqtisadi şaxələndirməyə (diversifikasiyaya) yönəlmiş əsas çağırışlara – sürətlə dəyişən təbii – ekoloji təzahürlərin (iqlim dəyişiklikləri, normal vegetasiya şərtlərinin pozulması, şoranlaşma və digər neqativ hallar) təsir imkanlarının azaldılmasına yönəldilmiş tədbirlərin daha sürətlə həyata keçirilməsini, tarixən ölkəmizdə formalaşan və əlverişli imkanlara malik kənd təsərrüfatının potensial imkanlarından düzgün yararlanmaqla idxaldan tam ixraca keçirilməsini (xüsusən də ərzağa yönəldilmiş valyuta vəsaitlərinin ölkədən kənara çıxarılmasının qarşısının alınması və onların daxili bazarın tələblərinə uyğun istifadəsi), aqrar sahibkarlığın kooperasiya yönümlü klasterial inkişafının təmin olunmasnı, ən başlıcası isə aqrar istehsalla yanaşı, bilavasitə kənd ərazilərinin kompleks inkişafına yönəldilən, bu gün iri şəhərlərə daha rahat yaşam üçün gələn əmək ehtiyatlarının könüllü şəkildə torpağa qayıdaraq onu becərmələri üçün əlverişli şəraitin yaradılmasını və s. göstərmək olar.

- Qlobal iqlim dəyişiklikləri, dünya əhalisinin artım dinamikası və münbit torpaq sahələrinin azalması fonunda daxili bazarın qorunmasını necə təmin etmək olar?

- Sözsüz ki, göstərilənlər prizmasından yanaşsaq, ilk öncə, uca Allahın bizə bəxş etdiyi əlverişli şərait və imkanlardan maksimum yararlanmalıyıq. Yəni tarixən formalaşmış əlverişli şərait, əkinçilik mədəniyyəti, digər imkanları istinad edə bilərik. O ki, qaldı əksər hallarda torpaqlardan öz təyinatı üzrə istifadə olunmamasına, münbitliyin azalmasına, məhsuldarlıq səviyyəsinin aşağı düşməsinə və digər anoloji hallara, hesab edirəm ki, bütün hallarda həlli özümüzdən asılı olan məsələlərin – aqrar sahənin mövcud və potensial imkanlarının düzgün dəyərləndirilməsi (ölçülməsi), onun iqtisadi idarəetmə obyekti kimi qiymətləndirilməsi, investisiya problemlərinin yetərli həlli, milli seleksiyanın üstünlüklərindən istifadə olunması, kənd əhalisinin məşğulluq səviyyəsinin optimal həll olunması, antiinhisarçılığa əməl etməklə aqrar sahibkarlığın, xüsusən də KOS sektorunun davamlı şəkildə inkişaf etdirilməsi və digər tədbirlər nəticəsində daxili bazarı səmərəli qorumaq mümkündür. Aqrar sahədə istehsal, emal, texnoloji və dayanıqlı inkişafla bağlı strateji proqramların seçilməsi, onların həyata keçirilməsində səmərəli üsulların tətbiq edilməsi, həmin istiqamətlərdə çevik texnologiyaların tətbiq olunması, məhsul və xammalın əldə olunmasında uzunmüddətli təminatın əldə edilməsi kimi məsələlər də daxili bazarın qorunmasına xidmət edən əsas amillərdən hesab olunur. Bu strateji məqamlara nail olunması isə təbii, əmək, texniki və texnoloji ehtiyatlardan bazarın tələblərinə uyğun maksimum səmərəli istifadəni tələb edir. Sevindirici haldır ki, artıq bu gün göstərilən məsələlərin əksəriyyətinin kompleks həlli - milli iqtisadiyyatın əsas sektorlarından biri olan aqrar sahə üzrə yol xəritəsinin hazırlanmasında əks olunmaqdadır.

- Sizcə, aqrar sahənin rəqabətqabiliyyətliliyi və onun səmərəli təmin olunmasına təsir göstərən elementlərə nələri daxil etmək olar?

- Aqrar sahənin rəqabətqabiliyyətliliyi dedikdə, həmin sahədə səmərəli bazar münasibətlərinin formalaşmasının mühüm şərti, onun dayanıqlı inkişafının isə əsas hərəkətverici elementi başa düşülür. Aqrar sahədə rəqabət qabiliyyətinin yüksəldilməsi – kənd təsərrüfatında iqtisadi təhlükəsizliyin təmin edilməsi və ölkənin ərzaq təhlükəsizliyinin qorunub saxlanılmasının vacib ünsürü, mühüm tərkib hissəsi olmaqla, həm də ölkənin milli rəqabət qabiliyyətinin yüksəldilməsində önəmli yer tutur. Təbii ki, bu prosesi, aqrar bazar münasibətlərini təşkil edən iqtisadi mexanizmin əsas ünsürü və mühərriki hesab etmək mümkündür. Onun səmərəli təmin edilməsinin əsas amillərindən biri isə, sağlam rəqabət prosesinin formalaşması və inkişafına lazımi mühitin və sağlam şəraitin təşkil olunmasıdır. Mövcud çağırışlara uyğun olaraq, kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi – göstərilən sahədə, ilk növbədə texnoloji geriliyin aradan qaldırılmasını və düzgün kooperasiya meyllərinə əsaslanan təsərrüfatçılığın inkişafını tələb edir.
Bütövlükdə, kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi - daxili və xarici bazarlarda tələbatın səmərəli şəkildə qarşılanması və məhsulun keyfiyyətinin daha da yüksəldilməsinə istiqamətlənmiş tədbirlərin gücləndirilməsi ilə bağlıdır. Göründüyü kimi, aqrar sahədə çağdaş təsərrüfat subyektlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi prosesi - həmin sahənin həm dayanıqlı, həm də daha səmərəli inkişafının mühüm şərti kimi çıxış edir. Sözsüz ki, bu zaman müqayisəli üstünlüklərin qorunub saxlanılması da mühüm əhəmiyyətə malikdir.

- Siz rəqabət qabiliyyətli aqrar sahənin innovasiya yönümlü dayanıqlı inkişaf istiqamətlərini necə təsəvvr edirsiniz?

- İlk öncə, aqrar sahənin mövcud potensialından səmərəli istifadə olunması, həmçinin onun dayanıqlı artımı və səmərəli inkişafının təmin edilməsi məqsədilə, perspektiv fəaliyyət istiqamətlərini nəzərdə tutan strateji proqnozlaşdırmaya və məqsədyönlü, düzgün planlaşdırmaya ciddi fikir verilməsi, bu sahədə klasterial inkişaf üçün rəqabət üstünlüyü olan əsas məhsul növləri və bölmələrin müəyyən olunması, zəruri hüquqi əsasların formalaşması və inkişaf etdirlməsi, həmin prosesdə daha çox rəqabət üstünlüyünə malik və rəqabət qabiliyyətliliyi olan istiqamətlərin seçilməsi, bu zaman klasterlərin rəqabətli təklif metodlarına üstünlük verilməsi, xüsusən də ilk növbədə aqrar sahənin mövcud resurs potensialının düzgün qiymətləndirilərək, düzgün istifadə imkanlarının müəyyən edilməsi, aqrar menecment işinin səmərəli təşkil olunması, kooperasiyaya əsaslanan iri aqrar təsərrüfatların təşkili və inkişaf etdirilməsi, mövcud fəaliyyətin sağlam inkişafına təkan verən güclü kadr potensialının formalaşdırılaraq ondan istifadə olunması, səmərəli aqrobiznes – marketinq strategiyasının işlənib hazırlanması və mövcud marketinq xidmətlərinin modernləşdirilməsi kimi tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirəm.

- İlkin müəllim, qeyd etdiyiniz məsələlər və mövzular üzrə İnstitutumuzda hansı tədqiqatlar aparılır?

- İlk növbədə aqrar sahənin dayanıqlı inkişafı problemləri, bu sahədə mövcud çağırışlar və onların həlli istiqamətləri ilə bağlı İnstitutun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri” şöbəsində geniş tədqiqatlar aparılır. Bununla yanaşı, müasir dönəmdə aqrar sahənin qarşısında duran çoxsaylı problemlər və onların səmərəli həlli yolları ilə əlaqədar olaraq kütləvi informasiya vasitələrində (qəzet, jurnal, televiziya, radio və s.) müxtəlif məqalə və çıxışlarla iştirak edirik. Ən başlıcası isə yuxarıda göstərilən problemlərin əksəriyyətinin həlli yollarına işıq salan və “Aqrar sahənin modernləşməsi dönəmində onun rəqabət qabiliyyətliliyinin təmin olunması” adlanan monoqrafiya üzərində təkmilləşdirmə işləri gedir. İlk variantda hazır olan bu kitabın, ölkədaxili və qloballaşma səviyyəsinə uyğun dünya miqyasında gedən iqtisadi proseslərin mövcud xüsusiyyətlərini nəzərə almaqla daha da zənginləşdirilməsinə ehtiyac duyulur.

Təbii ki, bu gün AMEA İqtisadiyyat İnstitutunda fəaliyyət göstərən və ölkə iqtisadçılarının marağına səbəb olan, bir növ daxili iqtisadi platforma xarakeri daşıyan çoxsaylı diskussiya kublarında iqtisadiyyatın digər sahələri kimi, aqrar sahənin mövcud problemləri və onların həlli yolları da vaxtaşırı olaraq müzakirə olunur. Təqdirəlayiq haldır ki, “Kreativ iqtisadiyyat” diskussiya klubunun ilk toplantısı, məhz çağdaş dünyanın ən qlobal problemlərindən biri hesab edilən ərzaq təhlükəsizliyi və onun səmərəli təmin olunması məsələrinə həsr edilmişdi.

Eyni zamanda, AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında aqrar sahənin çoxsaylı problemlərinə həsr olunmuş tədqiqat işləri uğurla müdafiə olunur. Bütün bu elmi müzakirələr demokratik və çox şəffaf şəraitdə keçirilir, bəzi aktual mövzular geniş, bəzən hətta gərgin elmi polimikalara səbəb olur. Alimlər təqdim olunan elmi işlərə öz fikirlərini, irad və təkliflərini bildirirlər. Bunların hamısında əsas məqsəd - şəffaflıq şəraitində açıq elmi müzakirələrin təşkili, əsas meyarın elm və biliyin olması, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, cəmiyyətə sanballı elmi araşdırmaların təqdim edilməsidir.

- Müsahibəyə görə təşəkkür edirik.