“Əsas meyar elmi və praktiki biliklərin obyektiv qiymətləndirilməsidir”
- Oxunub 2176 dəfə
Yaşar Məmmədov: “Dissertasiyaların müzakirəsi və müdafiəsi sahəsində şəffaflıq, obyektivlik və təkmil yanaşma amilləri xüsusilə müsbət haldır”
“Elmi jurnalda çapa təqdim olunan məqalələrdə plagiat halları ilə də üzləşirik”
AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Yaşar Məmmədovun “economics.com.az” saytına müsahibəsi
- Yaşar müəllim, Sizi “Azərbaycan Respublikasında fond bazarının formalaşması və inkişaf istiqamətləri” adlı kitabınızın çapdan çıxması münasibətilə təbrik edirik. Monoqrafiyanın əsas hansı faydalı xüsusiyyətlərini qeyd etmək istərdiniz?
- Monoqrafiyanın yazılması daha çox Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında maliyyə fond bazarlarının müasir tələblər nəzərə alınmaqla təşkili üzrə müddəaların icrası ilə bağlıdır. Zənn edirəm ki, monoqrafiyada aparılan müxtəlif istiqamətli tədqiqat və qiymətləndirmələr, bunun əsasında irəli sürülən təklif və tövsiyyələr ölkədə müvafiq bazarın hüquqi və praktik baxımından inkişafı sahəsində əhəmiyyət kəsb edəcəkdir. Digər tərəfdən də, ölkədə yenicə yaradılan Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Monitorinqi Xidmətinin peşəkar fəaliyyətinin təşkili baxımından da kitab nəzəri və praktik cəhətdən faydalı ola bilər.
- Azərbaycanda maliyyə-fond bazarının müasir vəziyyətini necə qiymətləndirmək olar?
- Azərbaycanda artıq on beş illik fəaliyyəti ilə seçilən maliyyə-fond bazarının müasir vəziyyətini iki istiqamətdən qiymətləndirmək düzgün olar: birincisi müvafiq bazarın təşkili və tənzimlənməsi ilə bağlı hüquqi-normativ bazanın formalaşdırılması, onun fəaliyyətində müəyyən kəmiyyət və keyfiyyət dəyişikliklərinin olması; ikincisi bazarın inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin, bəzən də Rusiya, Qazaxstan kimi ölkələrin müvafiq bazarı ilə müqayisədə hələlik müəyyən qədər zəif mövqedən çıxış etməsi.
- Sizcə, niyə Azərbaycanda qiymətli kağızlar bazarı arzu edilən səviyyədə inkişaf etməyib?
- Apardığımız tədqiqat və araşdırmalar göstərir ki, daha çox bazarın inkişafının sırf bazar münasibətlərinin tələb etdiyi şərtlər daxilində təşkili və tənzimlənməməsi, onun real sektor, o cümlədən yerli və xarici investorlar üçün zəruri maraq doğurmaması üzündən inkişafında nəzərə çarpacaq problemlər yaşanmaqdadır.
- Nəşr olunan kitabı neçə müddətə yazıbsınız və onun hazırlanmasında İqtisadiyyat İnsititutunun hansı rolu var?
- Monoqrafiyanın yazılma tarixi 2005-ci ildən başlayıb. Belə ki, Bakı Fond Birjası ilə İqtisadiyyat Nazirliyinin İqtisadi İsalahatlar Mərkəzinin birgə razılığı əsasında bu bazarda həyata keçirdiyimiz tədqiqatlar və qiymətləndirmələr bu kitabın ilkn bazasının formalaşmasında mühüm rol oynamışdır. Son maliyyə böhranı və onun nəticələri artıq 2010-cı ildən kitabın üzərində işləmiyimi daha da əsaslandırmışdır. Digər tərəfdən də kitabın əsas araya-ərsəyə gəlmə dövrü 2014-2015-ci illəri əhatə edir. Bu kitabı AMEA İqtisadiyyat İnstitutunun məhsulu kimi də dəyərləndirmək məqsədəuyğun olar. Çünki 2015-ci il oktyabrın 2-də İqtisadiyyat İnstitutunun “Kreativ iqtisadiyyat” Diskussiya Klubunda “Azərbaycan Respublikasında fond bazarının xüsusiyyətləri və inkişaf meyilləri” mövzusunda təqdimatım təşkil edilmiş, bu sahə ilə bağlı təklif və tövsiyyələr müzakirə edilmişdir.
- Yaşar müəllim, kitabın nəşrindən hər hansı qazanc gösləyirsinizmi?
- Zənn edirəm ki, müasir şəraitdə kitabın nəşrindən yüksək maddi qazanc gözləyirəm desəm düzgün olmaz. Çünki monoqrafiyanın hazırlanmasında İnstitutun rəhbərliyinin yaratdığı şərait, bu sahədə verdiyi təklif və tövsiyyələr tədqiqatın ortaya çıxmasında xüsusi rol oynamışdır. Kitabın nəşrindən daha çox alim və mütəxəssislər, bu sahədə çalışan şəxslər bəhrələnə bilər ki, bu da mənim üçün ən yüksək stimul olacaq. Kitabın nəşri üçün İnstitutun rəhbərliyinə, o cümlədən onun PDF variantında bizim – economics.com.az saytında yerləşdirdiyinizə və digər KİV-lərdə də məlumat verilməsinə görə Sizə təşəkkür edirəm.
- “AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası” jurnalı son vaxtlar bir qədər gec çap olunur. Noyabrda mart-aprel (2016) sayı çıxıb. Gecikmə nə ilə bağlıdır? Jurnalın çapında hansı çətinliklərlə üzləşirsiniz?
- Jurnalımızın gec çıxmasının səbəblərini iki baxımdan izah etmək düzgün olar. Birincisi, jurnalın fəaliyyətinin 2015-ci ildən yeni baxımdan təşkili və mənim bu sahədə fəaliyyətə həmin dövrün ikinci yarısından başlamağım, ikincisi, juranlın elmi, dizayn və redaktə kimi bütün incəlikləri ilə jurnalın baş redaktor müavini, i.f.d. Allahyar Muradovla birgə mənim məşğul olmağım. Təqdim olunan məqalələr bütün bu sahədə müəyyən olunmuş tələblər nəzərə alınmaqla çapa hazırlanır. Bu iş çox vaxt aparır. Cünki məqalələrin çoxu müəyyən olunmuş tələblərə cavab vermədiyi üçün bəzən dəfələrlə elektron poçtumuz vasitəsilə müəlliflərə geri göndərilir. Jurnala təqdim olunan məqalələrin əksəriyyətinin nəzəri və praktik yanaşmalarında bizi qane etməyən məqamlarla qarşılaşırıq. Bunu açıq demək lazımdır ki, bəzən məsələlərə səthi yanaşılır, həm də ölkədə və dünyada baş verən müasir vəziyyət, inkişaf meyilləri, həyata keçirilən tədbirlər nəzərə alınmır.
- Məqalələrin plagiat olub-olmadığnı necə yoxlayırsınız? Belə hallarla rastlaşırsınızmı?
- Məqalələrin plagiat olub-olmaması üçün mövcud proqramlar var və bundan istifadə olunur. Lakin buna baxmayaraq tərəfimizdən məqalənin oxunuşu artıq onun səviyyəsini və hansı mənbədən plagiat olaraq götürülməsini aydın göstərir. Gizlətmək lazım deyil, belə hallarla kifayət qədər üzləşirik.
- Müəlliflərin təqdim etdiyi məqalələrin kefiyyəti redaksiyanı qane edirmi? Daha çox hansı tip məqalələrin çapına üstünlük verirsiniz?
- Qeyd etdiyim kimi, hələlik məqlələrin çox hissəsinin keyfiyyəti ölkə və beynəlxalq səviyyədə müəyyən olunmuş tələblərə cavab vermir. Lakin bu ciddi problem müəlliflərin təqdim etdikləri məqalədə mövzu ilə bağlı kifayət qədər tədqiqat aparmamaları nəticəsində yaranır. Məqalələrin elmi və praktik baxımdan dərin tədqiqat əsasında hazırlanması nəinki bizim jurnalın, o cümlədən də beynəlxalq təcrübədə olan bir konseptual baxışdır. Xüsusilə, məqalələrin beynəlxalq təcrübədə baş verən inkişaf meylləri, iqtisadiyyatın tənzimlənməsi üzrə nəticə qiymətləndirmələri və ölkənin sosial-iqtisadi inkişafına onun təsiri, iqtisadiyyatımızın müasir inkişaf səviyyəsinin məqsədli təhlil və qiymətləndirilməsi və digər bu kimi yanaşmalar üzrə aparılması, müəlliflərin təqdim etdikləri mövzunun dərin nəticələrinin olması, zənnimizcə, daha aktual tələb olaraq qəbul edilməlidir.
- “AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası” jurnalında məqalələrin çapı qaydaları o qədər də sadə deyil. Bu nə ilə bağlıdır?
- Bu tələb yalnız bizim müəyyən etdiyimiz yanaşma deyil, həm də Ali Attestasiya Komissiyasının müəyyənləşdirdiyi və jurnalın profili üzrə olan tələbdir. Təbii ki, İnstitutun əməkdaşlarının bizim və digər ölkələrin nüfuzlu jurnallarında nəşr etdirdiyi məqalələr bunu bir daha sübut edir.
- Jurnalda məqalələrin çapı ödənişsizdir. Beynəlxalq təcrübədə məqalələrin pullu çapı praktikası var, ən azı texniki məsələlərin həlli adı altında ödəniş tələb olunur. Siz niyə bunu tədbiq etmirsiniz?
- “AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası” jurnalının nəşri dövlət tərəfindən maliyyələşdirildiyi üçün təqdim olunan məqalələr üzrə ödəniş həyata keçirilmir. Lakin biz rəsmi olaraq belə bir qaydanın tətbiqini bəlkə də məqsədəuyğun hesab edərdik. Çünki bu, jurnala təqdim olunan məqalələrin peşəkar mütəxəssislər tərəfindən qiymətləndirilməsi, onun xarici dillərə çevrilərək nəşr olunması kimi problemlərin həllinə kömək edərdi.
- Xarici ölkələrdən olan müəlliflər jurnalda məqalə çapı üçün müraciət edirmi?
- Artıq MDB ölkələrindən məqalələr daxil olmaqdadır. Jurnalımız haqda bir çox ölkələrdə müsbət təəssüratın yaradılmasına, xarici əlaqələrimizin genişləndirilməsinə çalışırıq. Jurnalın hər bir sayının elektron variantı economics.com.az İnternet saytında tam yerləşdirilir. Yəni, buradakı hər bir elmi məqaləni saytdan yükləməklə açıq şəkildə pulsuz oxumaq mümkündür.
- Yaşar müəllim, Siz həm də şöbələrdə, seminarlarda dissertasiya işlərinin müzakirələrində iştirak edirsiniz. Dissertasiya işlərinin zamanın nəbzini tutması, aktuallığı və kefiyyəti barədə nə deyə bilərsiniz?
- İnstitutun şöbə və elmi seminarlarında müzakirə edilən dissertasiya işlərində müəyyən problemlərlə, nöqsanlarla üzləşirik. Belə ki, rəyçi olduğum dissertasiya işlərində aşkar etdiyim problemlərlə bağlı iradlarımı və onların aradan qaldırılması üzrə təkliflər, tövsiyyələr verirəm. Bəzən dissertasiya işlərinin təkrarən işlənilməsi, nöqsanların aradan qaldırılması üçün geri qaytarılması halları da bunu sübut edir. Məqalələrlə bağlı yuxarıda qeyd etdiyim eyni problem və nöqsanlar ilkin müzakirəyə təqdim edilən dissertasiya işlərində də aydın nəzərə çarpır.
- Ümumiyyətlə, İnstitutumuzda dissertasiyaların müzakirəsi və müdafiəsi ilə bağlı son vaxtlar bu sahədəki hansı müsbət meylləri qeyd etmək istərdiniz?
- Bunu tək mən yox, çoxları da hiss edirlər. Bu sahədə ilkin olaraq şəffaflıq, obyektivlik və təkmil yanaşma amilləri xüsusilə müsbət haldır. Lakin fikrimcə, bu sahədə hələ görüləsi kifayət qədər işlər var. İlkin olaraq, dissertsiya işlərinin elmi rəhbərlərinin bu sahədə doktorant və dissertantlarla daha yaxından işləmələrinə ehtiyac hiss edilir. Digər tərəfdən, dissertant və doktorantların da öz elmi, praktik bilik və təcrübələrinin təkmilləşdirilməsi zəruridir.
- İnstitutda vaxtaşırı müxtəlif diskussiya klublarında elmi müzakirələr aparılır, bəzi aktual mövzular geniş, bəzən hətta gərgin elmi polimikalara səbəb olur. Sizcə bu cür müzakirələr nə dərəcədə faydalıdır?
- Bu müzakirələr olduqca faydalıdır. Çünki İnstitutun müvafiq eimi klublarında və təşkil olunan görüşlərdə aparılan müzakirələr tədqiqatlarımıza daha yeni baxış və yanaşmalar meydana gətirir.
- Sizcə, elmi məqalələrin çapından tutmuş dissertasiyaların müdafiəsinə kimi əsas meyar nə olmalıdır?
- Bu sahədə əsas meyarlar elmi və praktik biliklərin təkmilliyi, obyektiv və şəffaf qiymətləndirmə daha zəruri hesab edilməlidir.
- Müsahibəyə görə çox sağ olun.
Söhbətləşdi: i.f.d. Mahir Zeynalov