Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Elmi fəaliyyətin nəticələrinə görə mükafatlandırma sistemi daha ədalətli və səmərəli ola bilər”

  • Oxunub 1966 dəfə

 Tanrıverdi Paşa: “Həmkarlar İttifaqı və müdiriyyət istənilən vəziyyətdə İnstitutun ümumi maraqlarını nəzərə almağı, bir-birlərinin vəzifə və öhdəlilklərinə hörmətlə yanaşmağı əsas kimi götürürlər” 

“Həmkarlar təşkiları olaraq İnstitutun yeni rəhbərliyinin fəaliyyəti bizi qane edir”

 AMEA İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşanın economics.com.az saytına müsahibəsi

- Tanrıverdi müəllim, 2016-cı il İnstitutun Həmkarlar Təşkilatı (HT) üçün nə ilə yadda qaldı?

- Mən, İnstitutun Həmkarlar İttifaqının (Hİ) həyatında çox da yaddaqalan və ya əlamətdar bir hadisənin baş verdiyini xüsusi deyə bilmərəm. Fikrimcə, uzun müddətdir Milli Məclisdə qəbul olunmaq üçün növbəsini gözləyən, nəhayət, ötən il qəbul olunmuş, 14 iyun 2016-cı ildə ölkə Prezidenti tərəfindən imzalanmış “Elm haqqında” qanunun təsdiqini daha mühüm hadisə saymaq olar.

- İnstitutun Həmkarlar Təşkilatının illik büdcəsi nə qədərdir və əsasən nəyə xərclənir? 

- İnstitutun Həmkarlar Təşkilatının illik büdcəsi əməkdaşların əmək haqqının 1,5%-i həcmində AMEA-nın birləşmiş İttifaqı olan AHİ-nin hesabına köçürmələrdən formalaşır. Həmin hesaba köçürmələrin 10%-i AAHİ Konfederasiyasının, 12%-i AMEA AHİ-nin, 78%-i isə İnstitutun Hİ-nın büdcəsinə daxil olur. Bu nisbəti götürdükdə, 2012-ci ildə bizim büdcəmiz 7470 manat; 2013-cü ildə 7995 manat; 2014-cü ildə 9155 manat; 2015-ci ildə 8690 manat; 2016-cı ildə 8834 manat təşkil etmişdir. Başqa sözlə, bizim 2012-2013-cü illərdə ay ərzində orta hesabla 650 manat, 2014-2016-cı illərdə 740 manat vəsait xərcləmək imkanımız olub.

 Vəsaitlərin xərclənmə istiqamətləri haqqında daha ətraflı danışmaq istəyirəm. İnstitutumuzda ənənə kimi ancaq Yeni il, 8 Mart qadınlar bayramı və Novruz bayramı kütləvi tədbir kimi qeyd olunur. Hİ təşkilatının qərarı ilə bu bayramlara vəsait şöbə əməkdaşlarının sayına müvafiq bölüşdürülür. Son 5 ildə bu tədbirlərə 10606 manat və ya ümumi xərclərin 31,3%-i sərf edilmişdir. Təbii, mən bunu normal hesab etmirəm, çünki bəzi şöbələr istisna olmaqla, həmin vəsaitlər nağd şəkildə işçilər arasında bölüşdürülür. Faktiki olaraq, İnstitut həmkarlar təşkilatının büdcəsinə daxil olan 4 aylıq vəsait ancaq bu məqsədə xərclənir və həmin vəsaitin məbləği kiçik elmi işçi və laborantların il ərzində Hİ təşkilatına üzvlük haqqı kimi ödədikləri məbləğə bərabərdir. Maraqlıdır ki, artıq əməkdaşlar bunu tamam əvəzsiz bir mənbə hesab edirlər və həmkarlar təşkilatının xidməti də hesab etmirlər.

 Son 5 ildə səyahət və gəzintilərə cəmi 1950 manat xərlənib ki, bu da ümumi xərclərin 5,7%-i təşkil edir. Respublikanın 6 rayon və istirahət mərkəzlərinə səyahətlər təşkil edilmiş, bu tədbirlərdə ümumilikdə 157 əməkdaş və onların ailə üzvləri iştirak etmişdir. Təəssüf ki, 2016-cı il ərzində bir dəfə də olsun belə səyahət və ya gəzinti təşkil olunmamışdır. Bunun səbəblərini müxtəlif cür yozmaq olar. Birincisi, səyahət, gəzintilərdə iştirak etmək arzusunda olanların sayı çox azdır və adətən eyni adamlardan ibarətdir. İkincisi, istirahət məkanlarında qiymətlər avtobus xərclərini də əlavə etsək, akademiya işçiləri üçün kifayət qədər yüksəkdir - gündəlik 40-50 manat.

 İdman, sağlamlıq, tibbi müayinə və müalicə məqsədlərinə 350 manat xərclənmişdir. Onun 280 manatı İnstitutun futbol komandasına sərf olunub.
Hİ büdcəsindən ən çox xərclənən ikinci istiqamət maddi yardımlardır. 5 ildə bu məqsədlə 11290 manat və ya ümumi xərclərin 33,3%-i sərf olunmuşdur. Maddi yardımları məbləği, təbii, həm də xərclərdə payı və bu mənbədən yararlanan əməkdaşların sayı demək olar hər il artmaqdadır. Məsələn, maddi yardımlar 2012-ci ildəki 1290 manatdan 2016-cı ildə 3040 manata, yardım alanların sayı 24 nəfərdən 57 nəfərə çatmışdır. Faktiki olaraq, Hİ Komitəsi vəzifəsindən asılı olmayaraq, müraciət edilən bütün ərizələri təmin etmişdir.
Mən 2009-cu idən indiyədək maddi yardım alanların ayrıca siyahısını tərtib etmişəm və onların təhlili göstərir ki, yardım alanların əksəriyyəti Hİ təşkilatına ödədiyi üzvlük haqqından da artıq yardım alırlar və bu, az qala hər il təkrar olunur. Bu məbləğə yeni il, 8 Mart və Novruz bayramı münasibətilə verilən məbləği də əlavə etsək, yəqin bütün mənzərə aydın olar.

- Hİ-da toplanılan vəsaitin xərclənməsi ilə bağlı şəffaflıq necə təmin olunur? Qərarlar necə verilir?

- Həmkarlar İttifaqı təşkilatının fəaliyyətinə dair bütün məsələlər, o cümlədən vəsaitlərin xərclənməsi Hİ Komitəsinin iclaslarında, kollegial olaraq qəbul edilmiş qərarlar əsasında həll edilir. Bütün iclaslar protokollaşdırılır və müvafiq instansiyalara təqdim olunur. Bu, həmkarlar təşkilatının fəaliyyət göstərdiyi bütün vaxtlarda belə olub. Son 5-6 ildə təşkilatın smeta xərclərini İnstitun elanlar lövhəsində də yerləşdirmişik. Doğrusu, mən çox istərdim ki, Hİ Komitəsinin bütün qərarları, protokolları operativ surətdə İnstitutun İnternet saytında da yerləşdirilsin. Təəssüf edirəm ki, üzvlərimizdən bu işlə xüsusi məşğul olan yoxdur. Ancaq məndən belə bir müsahibə götürmək arzunuzu bildirdikdə, mən həmin müsahibəyə hazırlaşmaq üçün, təşkilatın fəaliyyətinə dair 2009-cu ildən bəri bütün materialları araşdırdım, fəaliyyətimizin bütün istiqamətlərinə dair məlumatları təhlil etdim və çox geniş bir hesabat hazırladım. Yəqin bu hesabat İnstitut Həmkarlar Təşkilatının bu ilin may ayında keçiriləcək hesabat-seçki yığıncağında mənum məruzəm üçün də əsas olacaq. Yaxın günlərdə apardığım araşdırmanın yekunlarını sayta da təqdim edəcəyəm. İnanıram ki, həmin məlumatlar İnstitutun bütün əməkdaşları üçün maraqlı olacaq.

- Ümumiyyətlə, İnstitutun Həmkarlar İttifaqı Komitəsi necə formalaşdırılıb? Növbəti ümumi yığıncaq nə vaxt keçiriləcək, sədrin və büro üzvlərinin seçkisi nə vaxt olacaq?

- İnstitut Həmkarlar Təşkilatı Komitəsinin büro üzvləri təşkilatın son konfransında bütün elmi şöbələr təmsil olunmaqla 13 nəfərdən ibarət seçilmişdi. Bir nəfər öz ərizəsi ilə həmkarlar təşkilatının üzvlüyündən imtina etdikdən sonra 12 nəfərdir. Komitənin iclasları adətən ayda 1 dəfə və ya zərurət yarandıqda keçirilir. İclaslarda üzvlərin ən azı yarısı - minimum 7 nəfər iştirak etdikdə səlahiyyətli sayılır. May ayında keçiriləcək konfransda sədr və komitə üzvləri də yenidən seçiləcəklər.

- Bu il yanvarın 5-də AMEA İqtisadiyyat İnstitutunun müdiriyyəti ilə Həmkarlar İttifaqı Komitəsi arasında 2017-ci il üçün kollektiv müqavilə imzalanıb. Məqsəd nədir? Bu təşəbbüs kimdən gəldi?

- Bu ilin yanvarın 5-də AMEA İqtisadiyyat İnstitutunun müdiriyyəti ilə Həmkarlar İttifaqı Komitəsi arasında 2017-ci il üçün “Kollektiv müqavilə” imzalanmışdır. Belə kollektiv müqavilə həmişə olub, bu məzmunda müqavilələlərin bağlanma hüququ ölkədə bütün əmək kollektivlərinə verilib. Biz bu hüququmuzdan istifadə edərək, əvvəlki direktorların dövründə də Kollektiv Müqavilə bağlamışıq. Lakin indi bağladığımız müqavilə əvvəlkilərdən daha mükəmməldir. Müqavilənin bağlanması və onun məzmununa dair ilkin layihənin müəllifi və təşəbbüskarı mən olsam da, İnstititun direktoru, prof.Nazim Müzəffərli bu layihədə xeyli konstruktiv düzəlişlər və əlavələr etmişdir.

 Müqavilənin layihəsi hazırlanarkən əməkdaşların AR Əmək Məcəlləsi, AMEA-nın nizamnaməsi, AR Nazirlər Kabineti ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında və AR Nazirlər Kabineti, AHİK və AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün bağlanmış «Baş kollektiv saziş» (№ 154, 15 aprel 2016-cı il) və s. əks olunan hər cür hüquq və vəzifələri nəzərə alınmışdır. Başqa sözlə, müqavilədə müdiriyyətin, əmək kollektivinin və ya onun təmsilçisi həmkarlar ittifaqı təşkilatının adından işçilərin əmək, sosial-iqtisadi, məişət və digər münasibətlərinə dair qarşılıqlı olaraq üzərlərinə götürdükləri öhdəlikləri, vəzifələri və məsuliyyətlərini əks etdirən hüquqi müddəalar maksimum ifadə olunmuşdur. Qarşılıqlı olaraq bir neçə dəfə müzakirə olunmuş və razılaşdırılmış müqavilə 2017 ci il yanvarın 5-də İnstitutun müdiriyyəti adından prof. Nazim Müzəffərli və Həmkarlar İttifaqı Komitəsinin adından mənim tərəfimdən imzalanmışdır.

- Tanrıverdi müəllim, həmin müqavilədə əsas məqsədlərdən biri kimi İnstitutun ümumi maraqları ilə işçilərin mənafelərini uzlaşdırmaq olduğu qeyd edilib. Bunun əsas mənası, fəlsəfəsi nədən ibarətdir?

- Dediyiniz kimi müqavilənin əsas məqsədi - İnstitutun ümumi maraqları ilə işçilərin mənafelərini uzlaşdırmaq, əməkdaşların sosial-iqtisadi hüquqlarının qorunmasında müdiriyyətlə HİK-in birgə fəaliyyətini tənzimləməkdir. Biz müqavilədə İnstitut əməkdaşlarının əmək, sosial-iqtisadi, məişət və digər münasibətlərinə dair hüquq və vəzifələrini maksimum əhatə etməyə çalışmışıq. Lakin bu hüquqlarla yanaşı Həmkarlar İttifaqı və müdiriyyət istənilən vəziyyətdə İnstitutun ümumi maraqlarını nəzərə almağı, bir-birlərinin vəzifə və öhdəlilklərinə hörmətlə yanaşmağı əsas kimi götürürlər. Fikrimcə, məhz müqavilədə xüsusi vurğulanan bu prinsip, İnstitutun gələcək fəaliyyətində və kollektivdə daha işgüzar mühitin yaradılmasında əhəmiyyətli rol oynayacaqdır.

- Sizcə, həmkarlarınızın əmək və sosial hüquqlarını qoruya bilirsinizmi?

- Doğrusu, belə qiyməti əməkdaşlar verməlidir. Bizə bilavasitə səlahiyyətlərimizə və hüquqlarımıza aid olan şifahi və yazılı müraciətlərin demək olar hamısına baxmışıq. Müdiriyyətlə həmkarlar təşkilatı və ya əməkdaşlar arasında bizim qarışmalı olduğumuz elə bir ciddi konflikt də olmayıb. Digər məsələlər Elmi Şurada və ya vaxtaşırı görüşlərimizdə operativ həll olunur.

 İnstitut Həmkarlar Təşkilatının fəaliyyəti AMEA-nın digər Hİ təşkilatları ilə əlaqələndirilərək həyata keçirilir. Məhz belə birgə fəaliyyətin nəticəsi olaraq, AMEA işçilərinin əmək haqlarının artırılması, onların sosial təminatının və istirahət şəraitinin yaxşılaşdırılması ilə bağlı respublikanın müxtəlif hökumət qurumlarına müraciət edilmişdir. İnstitut Hİ təşkilatı sədrlərinin və fəallarının AMEA-nın prezidenti, akademik Akif Əlizadə və AMEA-nın digər rəhbər işçiləri və Rəyasət Heyətinin üzvləri ilə görüşü keçirilmiş, burada AMEA əməkdaşlarının əmək və sosial vəziyyətinin yaxşılaşdırılması haqqında AMEA Hİ təşkilatlarının təklif və tövsiyyələri təqdim olunmuş, bir sıra vacib qərarlar qəbul edilmişdir.

 Təbii ki, bir çox məsələlər vardır ki, onlar bütöv AMEA miqyasında həllini tapmalıdır. Məsələn, uzun illərdir ki, AMEA işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması, mənzil tikintisi, bağ sahələri, istirahət və mülicə mərkəzləri və s. məsələlər gündəmdədir. AMEA-nın Mərdəkanda yerləşən yeganə «Elm» uşaq düşərgəsi son 7-8 ildə demək olar fəaliyyətini dayandırmışdır. Əvvəllər İnstitut əməkdaşlarının uşaqlarının bu düşərgəyə böyük marağıı vardı və orada bizim əməkdaşların uşaqları da istirahət edirdi. Xeyli ərazisi və əlverişli mövqeyi (yaşıllıq, su, dənizə yaxınlığı) olduğuna görə düşərgəni ilboyu fəaliyyət göstərən, bütövlükdə AMEA əməkdaşlarına və onların uşaqlarına xidmət edən istirahət zonasına çevirmək olar. Həmin düşərgə əsaslı təmir olunsa da, hələlik istifadə üçün tam yararlı deyildir. Mən özüm də keçən il həmin düşərgənin təmiri ilə bağlı vəziyyətlə əyani tanış olmuşam.
Belə bir əlverişli yer – Xızı rayonunda 1988-ci ildən AMEA-ya məxsus 1700 hektarlıq sahədə də vardır. Yayda sərin dağ havası, qışda qarla örtülü bu sahədə də ilboyu fəaliyyət göstərən istirahət mərkəzi yaratmaq mümkündür.

- İnstitut əməkdaşlarını maraqlandıran məsələlərdən biri də mükafatlarla bağlıdır...

- Bildiyiniz kimi İnstitutun mükafatlandırma üçün ayrıca fondu və maliyyə mənbəyi yoxdur. Son illərdə bütün AMEA sistemində ancaq bayramlar münasibətilə mükafatlar verilir və bir qayda olaraq, ildə 5 dəfə olmaqla ümumi əmək haqqı fondunun 30%-i həddini aşmır. Bizim İnstitutda əməkdaşlar üçün mükafatlar müdiriyyətin təşəbbüsü ilə müvafiq şöbələrdə, şöbə və və bölmə müdirləri, xüsusi fərqlənən əməkdaşlar üçün (impakt faktorlu jurnalda məqaləyə, monoqrafiya və digər əhəmiyyətli elmi fəaliyyətə görə) İnstitutun direktoru tərəfindən müəyyən edilir və burada hər hansı qanun pozutusundan söhbət gedə bilməz. Qeyd edilən yüksək elmi nəticələrin mükafatlandırılması yeni qəbul edilmiş “Elm haqqında” qanunda da xüsusi qeyd olunmuşdur.

 Mən, məxsusi olaraq mükafatlandırmaya aid ölkəmizdə hər hansı qanun, normativ akt-sənəd, əsasnamə və ya təlimat olub-olmaması ilə maraqlandım. Müəyyən sahələr – Vergilər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, bəzi universitetlər istisna olmaqla vahid bir sənəd yoxdur və heç bir qanunda mükafatın bölüşdürülməsində məhdudiyyətlər qoyulmayıb. Akademiya sistemində bir neçə İnstitutda bu məsələnin necə həll edilməsi ilə maraqlandım – yenə vahid qayda yoxdur, bəzi İnstitutlar mükafatları hamıya bərabər (eyni məbləğdə), digərləri eyni faizlə (30%), başqaları fərdi yanaşma ilə fərqli bölüşdürürlər. Təbii, bunların hər birinin çatışmazlığı və üstünlüyü var. İstənilən halda, mükafat, birinci növbədə, stimullaşdırıcı rol oynamalıdır. Bu yoxdursa, mükafatın özünün heç bir mənası yoxdur.

 Mən bu məsələnin bütün Akademiya İnstitutları üçün də əhəmiyyətli olacağını nəzərə alaraq, bütün elmi əməkdaşların elmi reytinq sıralamasının müəyyən edilməsini təklif edərdim və fikrimcə, mükafatlar ancaq bu reytinq əmsalları əsasında verilməlidir. Gələcəkdə bu reytinq əmsallarını əmək haqqı üçün də tətbiq etmək olar. Ancaq elmi fəaliyyətin nəticələrinə görə ödənilən mükafatlandırma sistemi, hazırda mövcud olan əmək haqqı, mükafatlandırma, həm də onların əsasında müəyyən edilən pensiya sisteminin daha ədalətli və səmərəli olmasına gətirib çıxara bilər. Burada həmin reytinq sıralamasının bütöv sxemini vermək imkanım yoxdur, lakin bəzi zəruri şərtlərini sadalaya bilərəm.

 Əməkdaşlar üçün reytinq hesablanarkən aşağıdakı fəaliyyət dairəsinə görə ballar verilə bilər: elmi tədqiqat planlarının vaxtında və yüksək səviyyədə yerinə yetirilməsinə görə; əmək müqaviləsində göstərilən öhdəliklərini yerinə yetirməsinə görə; İmpakt-faktorlu jurnallarda dərc olunan məqaləyə görə; Azərbaycan və digər ölkələrin AAK-ın siyahısında olan jurnallarda dərc olunan məqaləyə görə; beynəlxalq konfrans, simpozium, seminar və s. (iştirakçıların yarıdan çoxu xaricilər olan) iştirak, tezis və məruzənin nəşrinə görə; monoqrafiya, dərslik və kitablara görə; istinad indeksinə görə; hökumət orqanlarına təqdim edilən hər Təhriri Məruzə, layihə və s. (müvafiq arayış, patent və s. alındıqdan sonra) görə; Dövlət Proqramları üzrə Komissiya və işçi qruplarında iştirakına və ya üzvlüyünə görə; İnstitutun işinin təkmilləşdirilməsi üzrə təkliflərə görə; beynəlxalq və respublika əhəmiyyətli müsabiqələrdə yer tutmasına görə; doktorluq və namizədlik dissertasiyası müdafiəsinə görə; şöbədə dissertasiya müzakirələrində iştiraka (sədr, katib, rəyçi) görə; rəsmi oponentliyə görə; rəsmi rəyçiliyə görə; Elmi Şuranın üzvlüyünə görə; elmi məqalə rəyçiliyinə görə; AMEA Rəyasət Heyətində elmi çıxışa görə; Bölmədə elmi çıxışa görə; İnstitutun Elmi Şurasında elmi çıxışa görə; elmi seminar və kreativ klublarda elmi çıxışa görə; respublika və yerli konfrans, seminarlarda iştiraka və tezislərin nəşrinə görə; mətbuatda məqalələrin nəşrinə görə; müsahibə, radio və televiziyada hər çıxışa görə və s.

 Əməkdaşların həmin sxemdə göstərilən kriteriyalar üzrə hər ay şöbəyə təqdim etdikləri məlumatlar əsasında İnstitutun müvafiq şöbələrində hər bir əməkdaş üçün rüb ərzində topladığı ballar hesablanır və müdiriyyətə təqdim edilir. Şöbələrdə hər bir əməkdaş və şöbə üzrə hesablanmış ümumi bal kəmiyyətinin İnstitut üzrə hesablanmış yekun bal kəmiyyətində tutduğu çəkiyə görə şöbələrin və əməkdaşların Toplam Reytinqi müəyyən edilir və mükafatların bölüşdürülməsi bu reytinq sıralaması əsasında həyata keçirilə bilər.
Fikrimcə, nizam-intizama riayət etməyin işçinin ən vacib öhdəliklərindən biri olduğunu nəzərə alaraq, onların mükafatlandırmaya təqdim olunmaları üçün aylıq işə davamiyyət saatlarının həmin ay üçün mövcud olan iş saatlarının 60%-dən artıq olması zəruri şərt olmalıdır.

- Hansı hallarda əməkdaşlara HT tərəfindən maddi yardım göstərilir? Maddi yardımı daha çox kimlər alır və sirr deyilsə, məbləği nə qədərdir?

- Maddi yardım edilməsi ilə bağlı bizə əksər hallarda əməkdaşların özləri müraciət edir. Bundan başqa, adətən Hİ Komitəsi üzvlərinin təklifləri əsasında İnstitut əməkdaşlarından vəfat edənlərin ailəsinə, onların vəfat etmiş ailə üzvlərinə, ailə quran gənclərə, övladının olması, təqaüdə çıxması (İnstitutdan işdən çıxması) ilə əlaqədar maddi yardımlar da edilir. Biz ayrı-ayrı əməkdaşlarımızın ailə vəziyyəti, maddi durumu haqqında məlumatlı olduğumuza görə yardımların məbləğinə fərdi yanaşırıq, çox az hallarda 90-100 manat, bəzən 60-70 manat, əksər vaxtlarda 40-50 manat təyin edirik. 3-4 əməkdaş var ki, onlara demək olar ki, hər il maddi yardım etmişik. Biz faktiki olaraq, vəzifəsindən, maaşından asılı olmayaraq, maddi yardımla bağlı müracətlərin hamısına müsbət cavab vermişik.

- Sizcə, gənclərin institutun həyatında daha aktiv olmaları üçün nələri etmək lazımdır?

- Fikrimcə, gənclərlə bağlı problemimiz respublikamızda həmişə olub. Yeni nəsillə yaşlı (köhnə) nəsil arasında mübarizənin ölkəmiz üçün ən azı 100 yaşı var. Çox təəssüflənirəm ki, nəsillərin bu mübarizəsində həmişə yaşlılar, qocalar qalib olub. Bu məsələ elmdə daha ciddidir. Elə bizim İnstitutda da uzun illər gənc tədqiqatçıların, xüsusən talantlı, perspektivli gənclərin işə qəbulu çox az, gələnlərin də əksəriyyəti xidmətçi personala (laborant, operator, mütəxəssis və s.) aid olub. Bu gün az-çox qabiliyyəti olan iqtisadçı gənclər daha çox özəl sektorda – bank-maliyyə təşkilatlarında işləməyə üstünlük verirlər. Bu günkü şərtlərlə talantlı gənclərin İqtisadiyyat İnstitutuna cəlb edilməsi, yaxud İnstitutun özünün hazırladığı kadrların başqa sahələrə, o cümlədən universitetlərə keçmələrinin qarşısının alınması üçün heç bir rəqabət qabiliyyəti və ya üstünlüyü yoxdur. Düzdür, son 2-3 ildə İnstitutmuza bir neçə perspektivli gənc tədqiqatçı işə qəbul edilmişdir və onların içərisində çox ciddi elmi tədqiqatlara girişənlər də var. Mənim onlara böyük ümidlərim var və çox arzu edərdim ki, onlar qarşıdakı seçkilərdə İnstitutun Həmkarlar Komitəsində də təmsil olunsunlar.

- Əməkdaşların istirahəti, asudə vaxtının səmərəli təşkili sahəsində bu il üçün hər hansı planlarınız varmı? Bunun üçün nə çatmır: vəsait yoxsa təşəbbüskarlıq?

- Mən bu suala qismən əvvəlki cavablarımda toxunmuşam. Mənə elə gəlir ki, əməkdaşların istirahət, asudə vaxtlarının daha səmərəli təşkili üçün təşəbbüskarlığı çox zəifdir, vəsatimiz məhdud olsa da, yardımlara xərclədiyimiz vəsaitləri həmin istiqamətə yönəldə bilərik.

- Son iki ildə İnstitutun rəhbərliyinin gördüyü işləri, həyata keçirdiyi yenilikləri necə qiymətləndirirsiniz? Ümumiyyətlə, institutun gələcəyi ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- İlk növbədə İnstitutun sıravi əməkdaşlarının əmək, sosial-iqtisadi mənafelərini qorumalı olan, müstəqil Həmkarlar Təşkiları olaraq İnstitutun yeni rəhbərliyinin fəaliyyəti bizi qane edir. Ən vacibi odur ki, müdiriyyət HT-nın bilavasitə hüquq və vəzifələrinə aid olan məsələlərə müdaxilə etmir, bağladığımız Kollektiv Müqavilədə razılaşdığımız kimi qarşıya çıxan bütün məsələlərin həllində, qarşılıqlı olaraq üzərlərinə götürdükləri öhdəliklərin, vəzifələ və məsuliyyətlərin bölüşdürülməsi prinsipini əsas götürürük. Bu mənada, indiyədək İnstitutun həmkarlar təşkilatı ilə müdiriyyət arasında konfliktə aparası heç bir hadisə olmayıb. İnstitutun direktoru, prof. Nazim Müzəffərli özü də kifayət qədər tanınmış iqtisadçı-alim kimi bütün məsələlərə diqqətlə yanaşır.

 Düzdür, bu gün İnstitutun fəaliyyətində əsaslı bir dönüş edildiyini söyləmək hələ tezdir. Lakin artıq bu dönüşün əsasları yaradılmaqda, fundamenti qoyulmaqdadır. Mən inanıram ki, çox yaxın illərdə bu dönüşü, fəallığı hiss edəcəyik. Dövlət və hökumət dairələrində İnstitutla daha sıx əməkdaşlıq edilməsinə, çox vacib dövlət sənədlərinin müzakirəsi və qəbulunda İnstitutun təklif və rəylərinə kifayət qədər ciddi yanaşılmaqdadır. Bunu biz Azərbaycan Prezidenti tərəfindən təsdiq edilən və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üzrə strateji “Yol xəritəsi”nin hazırlanmasında daha qabarıq hiss etdik. Hazırda İnstitutda bir qrup əməkdaş tərəfindən yerinə yetirilən “İqtisadiyyatın solluğu (sağlığı) indeksi”nə dair tədqiqatlar da istər dünya, istərsə də yerli elmi ictimaiyyətin diqqətini cəlb etməkdədir.

- Müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni qələmə aldı: i.f.d. Mahir Zeynalov