"Xidmət sferalarının yaradılması qeyri-neft sektorunun inkişafında vacib şərtdir"
- Oxunub 1212 dəfə
Professor Tərbiz Əliyev: "Xidmət sahələrinin inkişafı ölkə əhalisinin də məhz Azərbaycanda istirahətə üstünlük verməsinə imkan yaradacaq”
“Ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün xidmət sferalarının yaradılması vacib şərtlərdən biridir. Bu baxımdan da çox düzgün olaraq istər Strateji Yol Xəritəsində, istər istər sənayenin, istər turizmin, istərsə də regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının böyük əksəriyyətində turizmin, yəni xidmət sahələrinin inkişafına üstünlük verilir”. Bunu SİA-ya açıqlamasında AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad elmlər doktoru, professor Tərbiz Əliyev deyib.
Dünyanın əksər inkişaf etmiş ölkələrində xidmət sferasından alınan vəsaitlərin bəzən ÜDM-də 60-70 faiz təşkil etdiyini deyən iqtisad elmləri doktoru söyləyib ki, bu baxımdan Azərbaycanda da bu sahənin inkişafı hazırda qarşıya qyulan əsas məqaədlərdən biridir: “Xidmət sahəsi az xammal tələb edən sahədir. Ona görə də biz Azərbaycan ərazisində elə bir xidmət sfreları yaratmalıyıq ki, insanlar həm ölkəmizə gəlib istirahət edə bilsinlər, həm də vəsaitərini burada xərcləsinlər. Xidmət sahələrinin inkişafı ölkə əhalisinin də məhz Azərbaycanda istirahətə üstünlük verməsinə imkan yaradacaq”.
Xidmət sahələrinin yaradılması üçün ölkəmizdə lazımı şəraitin olduğunu dilə gətirən T. Əliyev son illər Azərbaycanda böyük infrastrukturun tikilib hazırlandığını vurğulayıb: “Son 5 ildə ölkəmizdə tikilən mehmanxanaların sayı əvvəlki 10 ildə tikilənlərdən daha çoxdur. Ölkəmizdə artıq turizmin yeni növlərinin tətbiqinə başlanılıb. Bunun özü turist axınında böyük rola malikdir. Tarixi abidələrin bərpa olunması, geniş raklamı, beynəlxalq yarışların, mahnı müsabiqələrinin keçirilməsi ölkəmizə turist axını üçün vacib şərtlərdən biri sayılır. Turist bir dəfə gəlib ölkəmizdəki infrastrukturla tanış olub, buradakı qiymətlərin onları qane etdiyini, eləcə də xalqımızın qonaqpərvərliyini görsə, həmin insanlar təbii ki bir daha Azərbaycana gəlmək istəyəcəklər. Bu sahədə də düzgün siyasət aparılır və yaxın zamanda bu siyasətin uğurlu nəticələrini görəcəyik”.