Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Strateji yol xəritələrində ölkəmizdə aparılacaq islahatların liberal yönümü diqqəti çəkir

  • Oxunub 1111 dəfə

 Allahyar Muradov: "İndiki şəraitdə liberal islahatların aparılması yaxın, orta və uzunmüddətli perspektivdə Azərbaycan üçün əhəmiyyətlidir"

  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritə”ləri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da yüksəldilməsini təmin etməyə istiqamətlənmiş mühüm strateji sənədlərdir. Onun əvvəlki sənədlərdən bir sıra üstünlükləri var. Bunlardan biri də sənədə əsasən aparılacaq islahatların liberalyönümlü olmasıdır. Adətən böhran dövrlərində dövlət daha çox müdaxilə etmək yoluna üstünlük verir. Azərbaycan bunun əksinə olaraq liberallaşma yolunu seçib. Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 62 ölkə üzrə apardığı tədqiqatların nəticələri də onu göstərir ki, indiki şəraitdə liberal islahatların aparılması yaxın, orta və uzunmüddətli perspektivdə Azərbaycan üçün əhəmiyyətlidir. Bunu AZƏRTAC-a AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov deyib.

 Bildirilib ki, liberal islahatların iqtisadi və sosial təsiri, mərkəzləşmiş iqtisadiyyatlara nisbətən daha yüksək olur. Bu sənədlərin ən spesifik xüsusiyyətlərindən biri də odur ki, liberalyönümlü islahatlara dəstək verilir. Qlobal çağırışlara cavab verən liberallaşma nəticəsində ölkəmizdə azad rəqabət mühiti, bazarlara çıxış, insan kapitalının inkişafı müşahidə ediləcək. Bununla da Azərbaycan dünya iqtisadiyyatında mövqeyini gücləndirə bilər.