"İqtisadiyyat İnstitutu bir sıra dövlət sənədlərinin hazırlanmasında və icrasında yaxından iştirak edir"
- Oxunub 1454 dəfə
Aqil Əsədov: "Tədqiqatların nəticəsi olaraq iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı müvafiq qurumlara təklif və tövsiyələr təqdim edilir"
IV İslam Həmrəyliyi Oyunlarını Bakıda təşkil etmək kimi son dərəcə çətin və məsuliyyətli işi üzərinə götürmüş Azərbaycan bu işin öhdəsindən layiqincə gəlməklə növbəti dəfə tarix yazdı. Azərbaycan bu beynəlxalq tədbiri ən yüksək səviyyədə başa çatdırmaqla həm də məmləkətimizin tolerant bir ölkə olduğunu növbəti dəfə dünyaya nümayiş etdirdi. Dünyanın 53 ölkəsini təmsil edən 3 mindən çox idmançının, 1000-dən çox komanda rəsmilərinin və bir o qədər də texniki heyətin iştirak etdiyi bu Oyunlardan hər kəs böyük təəssüratlarla ayrıldı. Təkcə yarışlarda iştirak edən idmançılar yox, həm də onlarla birgə ölkəmizə gələn turistlər də...
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d. Aqil Əsədov Koordinat.az-a müsahibəsində bu mötəbər yarışların ölkəmizə qazandırdığı üstünlüklərdən, onun iqtisadi, siyasi, mədəni tərəflərindən danışıb.
-Son dövrlər, təəssüf ki, islamafobiya İslamdan daha sürətlə yayılır. Bəzi ölkələr sülh və tolerantlıq dini olan İslam dinini dünyaya terrorçu, terroru dəstəkləyən bir din kimi təqdim etməyə cəhd göstərirlər. Və təəssüf ki, bəzən də bu yanlış baxış ayaq tutub yeriyir, kimlərsə islamafobiyaya inanırlar. Dünyaya daha əvvəllərdən multikultural, tolerant bir nümunə olan Azərbaycan Respublikasında İslam Həmrəylik Oyunlarının belə möhtəşəm və yüksək təşkilatçılıqla keçirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu, həm Azərbaycanın sülhpərvər, dünyəvi bir ölkə olduğunu bir daha bəyan edir, həm də islam həmrəyliyinin bir nümunəsidir. Oyunların siyasi əhəmiyyəti ilə yanaşı, təbii ki, sosial-iqtisadi əhəmiyyəti də var. Mətbuatdan da aydın olduğu kimi, 54 ölkədən idmançılar, onların məşqçiləri, yaxınları, jurnalistlər ölkəmizdə səfərdə oldular, onlar müəyyən vəsait xərcləyirlər, ölkəyə valyuta gəlir və s. Ümumilikdə, belə mötəbər beynəlxalq yarışların ölkəmizdə keçirilməsi Azərbaycanı dünyaya daha yaxından tanıtmaqla yanaşı, həm də müəyyən iqtisadi əhəmiyyət kəsb edir.
- Bir tədqiqatçı kimi, belə tədbirlərin turizmin inkişafına təsirlərini necə dəyərləndirərsiniz? Yeri gəlmişkən, mətbuatda, sosial şəbəkələrdə ölkəmizə gələn ərəb turistlər haqqında müxtəlif fikirlər səslənir. Sizin bu məsələlərə münasibətiniz necədir?
- Təbii ki, hər bir qonaq həm də bir reklamçı və ya antireklamçıdır. Yəni, xidmətdən, mühitdən razı qaldıqda o, ölkəni öz ölkəsində təbliğ edir. Bu baxımdan, hər birimiz çalışmalıyıq ki, ölkəyə gələn qonaqlar bizi xaricdə müsbət cəhətdən xarakterizə etsin. Bu halda, təbii ki, turizmin inkişafı daha da sürətlənəcək, ölkəyə turist kimi gələnlərin sayı artacaq. O ki, qaldı ərəb turistlər haqqında mətbuatda gedən yazılara, mən insanlara ərəb, türk, fars kimi yanaşmağın tərəfdarı deyiləm. İnsanın istər öz ölkəsində, istərsə də xaricdə davranışı sırf tərbiyə, mənəviyyat, mədəniyyət məsələsidir. Ola bilər ki, bir və bir neçə ərəb turist hər hansı xoşagəlməz hərəkət edir. Təbii ki, bu ümumi hal deyil. Dünya təcrübəsi də göstərir ki, turizm inkişaf etdikcə, milli-mənəvi dəyərlərlə uzlaşmayan hallar da çoxalır. Burada həm də yerli insanların da üzərinə müəyyən vəzifələr düşür. İnsan ölkəsini, xalqını sevməli, ən azından turistin yanında yanaşması “mənimdir yox, bizimdir” prinsipi ilə olmalıdır. Bunun üçün isə, zaman və maarifləndirmə lazımdır.
- Ümummilli lider Heydər Əliyev Milli Elmlər Akademiyasını elmin məbədi adlandırmışdır. Elm gərək cəmiyyəti də öz arxasınca aparsın. Düşünmürsünüz ki, bəlkə cəmiyyətin maarifləndirilməsində Sizin də üzərinizə müəyyən vəzifələr düşür?
- Əlbəttə düşür, cəmiyyət elm adamlarının arxasınca getməlidir və ya elm adamları cəmiyyəti arxasınca aparmalıdır. Təəssüf ki, nə elm adamları bunu edə bilir, nə də cəmiyyət buna həvəsli deyil. Siz bir sorğu keçirin hansı gənc 5-6 alimimizin, akademikimizin adını çəkə bilər. Amma siz ona hər hansı mahnı yarışından sual verin, dərhal cavablandıracaq. Əlbəttə, hesab edirəm ki, burada televiziyaların da üzərinə müəyyən məsuliyyət düşür. Televiziya cəmiyyətə yalnız çalıb-oxumağı, şit, bayağı, mənəvi səviyyəsi aşağı olan verilişləri təqdim edir. Dəhşətlisi odur ki, 5-6 dəfə ailə qurub boşanmış birisi cəmiyyətə ailə-məişət məsələri, milli-mənəvi məsələlər barədə tövsiyələr verir...
- Söhbət elmdən düşmüşkən, çalışdığınız İqtisadiyyat İnstitutunda hansı istiqamətlərdə tədqiqatlar aparılır?
- Əvvəla, İnstitutumuzun olduqca aktiv, operativ şəkildə yenilənən, izləyicilərinin sayı 200 minlərlə olan saytı - economics. com.az var. Bu sayt İnstitutun fəaliyyətini tam işıqlandırır. O ki, qaldı İnstitutun fəaliyyətinə burada üç istiqaməti fərqləndirmək istərdim. Birincisi, İqtisadiyyat İnstitutu bir sıra dövlət sənədlərinin hazırlanmasında və icrasında yaxından iştirak edir. Məsələn, hazırda hamımıza tanış olan Strateji yol xəritələrinin ekspertizası və hazırlanması işlərində İnstitutumuzun əməkdaşları yaxından iştirak ediblər. O cümlədən, bir sıra dövlət proqramlarının da hazırlanması və icrasında İqtisadiyyat İnstitutu yaxından iştirak edir.
- Burada hansı istiqamətlər üzrə tədqiqatlar aparılır?
- İqtisadiyyat İnstitutunda 12 elmi-tədqiqat şöbəsi fəaliyyət göstərir və bunların hər birinin öz tədqiqat istiqaməti vardır. Ənənəvi olaraq, 2-3 illik tədqiqat planları təsdiq edilir və araşdırmalar aparılır. Tədqiqatların nəticəsi olaraq da, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı müvafiq qurumlara təklif və tövsiyələr təqdim edilir. Hazırda isə, institutumuzda “İqtisadiyyatın Liberallıq Potensialı” adlı kitab çap edillir. Yəni, bu kitabın hər il çap olunması nəzərdə tutulur. Burada, ayrı-ayrı sahələr üzrə iqtisadiyyatın sağlıq-solluq indeksləri müxtəlif dünya ölkələri üzrə hesablanır. Azərbaycanda bu bir ilkdir, həm yanaşma olaraq yenidir, həm də multidistiplinar bir tədqiqatdır. Bu araşdırmalar dövlətin iqtisadiyyata müdaxiləsi həddini müəyyən etməyə, yəni iqtisadi liberallığı qiymətləndirməyə imkan verir. Məsələn, elə kitabda olan bir fikri sizə də bildirmək istərdim. Aydındır ki, xarici ticarətin liberallaşdırılması ilə daxili bazarın qorunması müəyyən bir vahid əmələ gətirir. Yəni, liberallıq artdıqca proteksionizm zəifləyir və ya əksinə. İqtisadiyat İnstitutunda son dövrlər aparılan araşdırmalar, çap edilən indekslər liberallığın, yoxsa proteksionizmin səmərəli olduğunu, onların sərhəddini müəyyən etməyə imkan yaradır.
- Bütün sahələr əhatə edilirmi bu kitabda?
- Yox, təbii ki, bütün sahələr əhatə edilmir. Əvvəla ona görə ki, yeni yanaşmadır və müəyyən zaman tələb edir. Bilirsiz, günlərlə axtarış aparıb, hər hansı bir göstərici müəyyən edirsən. Nəzərə alsaq ki, bu iş dünyanın 50-60 və bəzən də daha çox ölkəsi üzrə aparılır, onda işin mahiyyəti və çətinliyi aydın olar. Amma əsas olan budur ki, İqtisadiyyat İnstitutu bu işlərə İnstitut rəhbərliyinin dəstəyi və birbaşa iştirakı ilə başlayıb və davam etdirir. Yeri gəlmişkən, İnstitutun saytında bu barədə geniş məlumatlar vardır. Bununla yanaşı, bu ildən etibarən İqtisadiyyat İnstitutunda müəyyən sahəvi bülletenlər də buraxılmaqdadır. Yəni, müvafiq statistik bazanın araşdırılmasını, analitik təhlilləri özündə əks etdirən 1-2 çap vərəqi, yəni təqribən 30 səhifəni keçməyən həcmdə sahəvi bülletenlər çap edilir ki, bu da müvafiq qurumlar, mütəxəssislər və s. üçün yararlı bir mənbə ola bilər.
- İqtisadiyyat İnstitutu elmi-tədqiqat müəssisəsidir. Burada əsas fəaliyyət istiqamətlərindən birini də kadr hazırlığı təşkil edir. Bu barədə nə deyə bilərsiniz?
- Bizim İnstitutda magistr, fəlsəfə və elmlər doktorluğu proqramları üzrə kadr hazırlığı həyata keçirilir. Bu istiqamətdə, olduqca sevindirici bir məsələni qeyd etmək istərdim ki, İqtisadiyyat İnstitutunun bu ilki qəbullarının hər birinin ali məktəbə qəbul balı 630-dan çoxdur, hətta əksəriyyəti bakalavr təhsilini Prezident təqaüdü ilə oxuyub, bir neçə dillərdə sərbəst oxuya, danışa və yaza bilir. Bu olduqca ürəkaçan və sevindirici bir göstəricidir. Təbii ki, belə gənclərin elmə gəlməsi həm elmimizin, həm də ümumilikdə dövlətimizin, cəmiyyətimizin inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.