Beynəlxalq əmək bölgüsü xarici iqtisadi əlaqələrin əsasıdır
- Oxunub 11508 dəfə
Müasir dünya iqtisadiyyatı istehsalın və beynəlxalq əmək bölgüsünün qanunauyğun inkişafı nəticəsində formalaşmış və inkişaf etmişdir, bu prosesə bütün dünya ölkələri cəlb olunmuş, dünya ticarəti iqtisadi inkişafın mühüm amilinə çevrilmişdir. Bu, özündə mühüm amilləri, prinsipləri və qanunauyğunluqları birləşdirən mürəkkəb sistemdir. Bu sistemin əsasını beynəlxalq əmək bölgüsü və ayrı-ayrı dövlətlərin milli iqtisadiyyatları, maddi və mənəvi nemətlər, onların bölüşdürülməsi, mübadiləsi və istehlakı təşkil edir. Qlobal miqyasda dünya geniş təkrar istehsal prosesinin hər bir fazası hər bir dövlətin yerləşdiyi ərazidən və xüsusi çəkisindən asılı olaraq dünya təsərrüfat sisteminin formalaşmasına təsir edir.
Dünya iqtisadiyyatı - bu daim dinamik inkişafda olan, inkişaf edən beynəlxalq əlaqələrə, bazar iqtisadiyyatının obyektiv inkişaf qanunlarına əsaslanan milli iqtisadiyyatların məcmusudur ki, nəticədə vahid dünya iqtisadiyyatı sistemi formalaşır. Müasir dünya iqtisadiyyatının inkişafını və milli iqtisadiyyatların ona inteqrasiyasını bir neçə dövrə bölmək olar:
I dövr XX əsrin 20-30-cu illərini əhatə edir və dünya iqtisadiyyatının inkişafı böhranla xarakterizə olunur. Oktyabr çevrilişindən sonra qərb ölkələrinin iqtisadi blokadası nəticəsində Rusiya dünya ölkələri ilə iqtisadi əlaqələrini itirdi və SSRİ yaradıldıqdan sonra uzun müddət onu bərpa edə bilmədi.
Dünya iqtisadiyyatının ikinci dövrü - XX əsrin 40-80-cı illərini əhatə edir, bu dövr dünya kapitalist iqtisadiyyatında sahibkarlıq kapitalının intensiv artımı ilə xarakterizə olunur. Bu müddət ərzində istehsal əlaqələrində transmilli korporasiyalar mühüm rol oynamaqla, nəticədə beynəlxalq istehsal kompleksləri yaranmağa başladı, dünya təsərrüfatında çox mühüm iqtisadi proseslər baş verdi. Məsələn, İkinci Dünya müharibəsində öz iqtisadi qüdrətini kəskin gücləndirən ABŞ Qərbi Avropa ölkələrinin iqtisadiyyatına kömək etməyə başladı. Eləcə də 60-cı illərin ortalarında müstəmləkə sisteminin ləğvi böyük qrup inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafa təkan verdi.
Dünya iqtisadiyyatının III dövrü - XX əsrin son onilliyini əhatə edir. Coğrafi məkanların mənimsənilmə səviyyəsi artdı, beynəlxalq, bəzi hallarda regionlar üzrə məhsuldar qüvvələr formalaşmağa başladı.
Hazırda sənaye cəhətcə inkişaf etmiş ölkələr - ABŞ, Yaponiya, Kanada, AFR, Fransa, Böyük Britaniya və İtaliya dünya iqtisadiyyatında mühüm rol oynayırlar. Sənaye cəhətcə inkişaf etmiş ölkələrin sənaye məhsulunun 80 faizi və dünya sənaye məhsulunun 60 faizi bu ölkələrin payına düşür. XX əsrin 80-90-cı illərində dünyada qlobal iqtisadi və sosial proseslər baş verdi ki, bu da dünya təsərrüfatının inkişafına ciddi təsir etdi. Sosializm sistemi ləğv olunduqdan sonra, dünya təsərrüfatının inkişafında, beynəlxalq əmək bölgüsündə və beynəlxalq iqtisadi münasibətlərdə keyfiyyət dəyişiklikləri baş verdi. Xarici iqtisadi əlaqələr suveren dövlətlərin daxili sosial-iqtisadi tələbatlarını ödəmək üçün mühüm vasitədir. Dünya iqtisadiyyatı bütünlükdə beynəlxalq əmək bölgüsünün potensialından istifadə etmək hesabına daha səmərəli inkişaf edir.
Dövlətlər arasında iqtisadi münasibətlərin yaranması və inkişafı beynəlxalq miqyasda ictimai əmək bölgüsünün nəticəsidir. Öz növbəsində beynəlxalq iqtisadi münasibətlər müxtəlif ölkələr və regionların inkişaf səviyyələrinə və təsərrüfat inkişafının istiqamətlərinə təsir edən mühüm amildir. Beynəlxalq əmək bölgüsü istehsalın səmərəliliyinin yüksəldilməsi məqsədilə həyata keçirilir, ictimai əmək məsrəflərinə qənaət, məhsuldar qüvvələrin inkişafı və səmərələşdirilməsi üçün vasitədir.
Elmi-texniki tərəqqi şəraitində məhsuldar qüvvələrin əsaslı surətdə təkmilləşdirilməsi xarici iqtisadi əlaqələrin dərinləşməsinə və genişlənməsinə əlavə impuls verir. Elmi-texniki tərəqqinin dərinləşməsi ilə əlaqədar olaraq istehsal olunan məhsulların nomenklaturası sürətlə dəyişir və elmi tədqiqatların istiqamətlərinin differensiyası maddi istehsalın bütün sahələrini səmərəli inkişaf etdirməyə imkan verir. Bu problem məhdud bazara və təbii ehtiyatlara malik olan ölkələr üçün daha xarakterikdir.
Dünya təsərrüfat sistemi milli təsərrüfatların mürəkkəb beynəlxalq iqtisadi əlaqələrinin məcmusudur. Bu sistem şəraitində geniş təkrar istehsal milli iqtisadiyyatların hüdudlarından kənara çıxır və dünya təsərrüfatının üzvi tərkib hissəsinə çevrilirlər. Ölkənin beynəlxalq əmək bölgüsündə iştirakının ümumi göstərici ixrac kvotasıdır. İxrac kvotası ixrac olunan əmtəələrin dəyərinin Ümumi Daxili Məhsula (ÜDM) nisbəti kimi müəyyən edilir.
Beynəlxalq əmək bölgüsü bir-biri ilə qarşılıqlı əlaqədə olan iki proseslə xarakterizə edilir: İstehsal prosesində müstəqil istehsal sahələri ayrılır və seçilir ki, sonralar ayrı-ayrı ölkələrin ərazilərində təmərküzləşir və möhkəmlənir; Ayrı-ayrı ölkələr arasında müəyyən qarşılıqlı münasibətlər yaranır.
Beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə etmək ictimai əməyə əhəmiyyətli dərəcədə qənaət etməyə, investisiya qoyuluşunun səmərəliliyini artırmağa, əmək məhsuldarlığını yüksəltməyə, milli iqtisadiyyatların istehsal vasitələri və istehlak mallarına olan tələbatını ödəməyə imkan verir. İdxal yalnız milli sərhədlər daxilində sərf edilmiş istehsal vasitələri və istehlak mallarının ödənilməsini deyil, eyni zamanda əhalinin alıcılıq qabiliyyətinin tam ödənilməsinə imkan verir. Lakin idxal bəzi hallarda yerli istehsalın imkanlarını məhdudlaşdıraraq problemlər yaradır.
Dünya iqtisadiyyatı uzun tarixi dövr ərzində məhsuldar qüvvələrin inkişafı, milli və beynəlxalq aspektdə əmək bölgüsünün təkmilləşdirilməsi nəticəsində formalaşmışdır. Onun yaranması XIX əsrin ikinci yarısında sənaye çevrilişi, dünya təsərrüfatının formalaşmasının mühüm maddi əsası olan iri maşınlı istehsal ilə əlaqədardır. K.Marksın göstərdiyi kimi, iri sənaye ölkələrin və insanların tələbatının ödənilməsinin bütün dünyadan asılı olduğunu göstərdi. XIX-XX əsrlərdə dünya təsərrüfatı bütöv sistem kimi formalaşdı və bu sistem iri maşınlı istehsal, ümumdünya bazarının inkişafı ilə əlaqədardır.
Bu dövr ərzində iqtisadiyyatın iri sahələri daha sürətlə inkişaf edir ki, bu da beynəlxalq əmək bölgüsünü genişləndirir və dərinləşdirir.
Sənaye cəhətdən inkişaf etmiş ölkələrin xammala, kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatının artması, sənaye məhsulları istehsalının kəskin yüksəlməsinə şərait yaratdı. Bu, ayrı-ayrı ölkələrin müəyyən məhsul növləri üzrə ixtisaslaşmasını tələb edir, ölkələr arasında qarşılıqlı əmtəə mübadiləsi üçün ehtiyac və tələbat yaranır.
Sənaye çevrilişinə qədər beynəlxalq əmək bölgüsü əsas etibarı ilə təbii əsasda baş verirdi. Bu, ölkələrin təbii-iqlim şəraiti, enerji və digər mənbələr ilə müəyyən edilirdi. Təbii iqlim şəraitində olan fərqlər istehsalın ixtisaslaşması üçün ilkin şərait ola bilər. Lakin ixtisaslaşmanın baş verməsi üçün istehsalın texniki bazasında keyfiyyət dəyişikliklərini həyata keçirmək lazımdır. Bu əsasda istehsalın industrial əsasa keçməsi ixtisaslaşmanın təbii iqlim şəraitindən asılılığını azaldır, daha çox texnoloji amillərdən asılı olduğunu göstərir. Kompleks amillər arasında elmi-texniki nailiyyətlərin tətbiqi mühüm yer tutur və bunlar beynəlxalq əməkdaşlığın xarakter və formalarını və hər bir ölkənin bu əməkdaşlıqda iştirakının spesifikliyini müəyyənləşdirir.
Məhsuldar qüvvələrin inkişafı, industrializasiya səviyyəsinin yüksəlməsi nəticəsində ağırlıq mərkəzi tədricən tədavül sferasından istehsal sferasına keçdi. İqtisadiyyatın industrializasiyası ictimai əmək bölgüsünün intensivləşməsini və hərtərəfli inkişafını təmin etdi və milli iqtisadiyyatların dünya istehsalında üstünlüklərini aşkara çıxardı. Müasir dövrdə milli iqtisadiyyatın elə bir iri istehsal sahəsi yoxdur ki, beynəlxalq amillərdən asılı olmasın.
Beynəlxalq əmək bölgüsü - ölkələrarası ictimai əmək bölgüsünün yüksək mərhələsidir. O, ayrı-ayrı ölkələrin bu və ya digər məhsulların istehsalı üzrə iqtisadi cəhətdən səmərəli ixtisaslaşmasıdır. Ölkədə məhsul istehsalı və idxalı üçün əlverişli və sabit şərait yarandıqda, demək olar ki, milli iqtisadiyyatının strukturu və buna müvafiq olaraq beynəlxalq əmək bölgüsündə onun xarakteri dəyişir. Beləliklə, belə nəticəyə gəlmək olar ki, beynəlxalq əmək bölgüsü dövlətdaxili əmək bölgüsünün nəticəsi olmayıb, ictimai əmək bölgüsünün müstəqil növüdür. Beynəlxalq əmək bölgüsünün hərəkətverici qüvvəsi, hər bir ölkənin təsərrüfat subyektlərinin iqtisadi səmərə əldə etməsidir.
İctimai əmək bölgüsü - obyektiv iqtisadi prosesdir. Cəmiyyətdə əmək bölgüsünün inkişaf səviyyəsi iqtisadiyyatın inkişaf vəziyyətindən, əmək məhsuldarlığından və deməli, əhalinin maddi rifah halından asılıdır. Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid zamanı yaranan problemlər əvvəlki əmək bölgüsünün yeni şəraitdə özünü doğrultmadığını göstərdi.
XX əsrin sonunda yeni ixtiralar və kəşflər beynəlxalq iqtisadi münasibətlər sistemini əmələ gətirən elementlərə əsaslı təsir etməyə başladı. Beynəlxalq bazarlarda rəqabətin güclənməsi və resurs bazarlarının məhdudluğu prinsipcə yeni texnologiyalar əsasında iqtisadi artımın optimal yollarını tələb edir. Milli iqtisadiyyatlar arasında sərhədlərin götürülməsi və texnoloji proseslərin ikili xarakteri (pozitiv və neqativ) beynəlxalq siyasətin və elmi-texniki əməkdaşlığın aktuallığını artırır.
Qlobal miqyasda təsərrüfat fəaliyyətinin inteqrasiyası ilə yanaşı, yaxın perspektivdə ixtisaslaşma prosesləri xüsusi aktuallıq kəsb edəcəkdir. Beynəlxalq əmək bölgüsü dünya ölkələrində geniş təkrar istehsal proseslərinin həyata keçirilməsində, bu poseslər arasında qarşılıqlı əlaqələrinin yaranmasında mühüm rol oynayır.
Elmi-texniki tərəqqi, dünya bazarında məhsullara tələbat, ölkənin dünya iqtisadiyyatında mövqeyi, milli iqtisadiyyatın strukturu, ölkənin tarixi inkişaf xüsusiyyətləri, infrastrukturun inkişaf səviyyəsi, ölkənin təbii ehtiyatlarla zənginliyi, əhalinin və ixtisaslı işçilərin sayı, beynəlxalq əmək bölgüsünün əsas amilləridir.
Dünya iqtisadiyyatı və bazarı, beynəlxalq iqtisadi münasibətlər milli iqtisadiyyatların qarşılıqlı asılılığının dərinləşməsi və geniş təkrar istehsal prosesinin beynəlmiləlləşməsi nəticəsində beynəlxalq əmək bölgüsü bazasında formalaşır. Beynəlxalq əmtəə mübadiləsi, xidmətlər, texnologiyalar, kapitalın və işçi qüvvəsinin beynəlxalq yerdəyişmələri bütövlükdə dünya təsərrüfatlarının və onun ayrı-ayrı subyektlərinin (ölkələrin) inkişafını şərtləndirir.
SSRİ dağıldıqdan sonra yeni müstəqillik qazanmış ölkələrin beynəlxalq əmək bölgü sistemində yerinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Bu ölkələr ilk vaxtlar “keçid iqtisadiyyatlı” ölkələr qrupunu təşkil edirdilər. Bu qrup ölkələrə Mərkəzi və Şərqi Avropa, MDB ölkələri daxil edildi. Keçmiş İttifaq respublikaları müstəqillik əldə edərək inkişaf səviyyələrinə və təsərrüfatın idarə olunmasına görə fərqlənirlər. Onlar keçid dövrünü başa vuraraq bazar iqtisadiyyatına keçdilər.
Bu dövrdə qlobal beynəlxalq əmək bölgüsündə əhəmiyyətli dəyişikliklər baş verdi. Transmilli komplekslər dünya iqtisadiyyatının qloballaşmasına səbəb oldu və hər bir ölkə vahid dünya əlaqələri sisteminin tərkib hissəsinə çevrildi. İnkişaf etmiş Avropa və Şimali Amerika dövlətləri daha çox elmi-tədqiqat işləri, elm tutumlu məhsullar, müasir xidmət sahələri ilə, inkişaf etməkdə olan ölkələr isə ənənəvi və standartlaşdırılmış məhsullar istehsalı üzrə ixtisaslaşırlar. Buna görə də beynəlxalq əmək bölgüsü sistemində inkişaf etməkdə olan ölkələrin mövqeləri əsaslı şəkildə dəyişir. Onlar xammal ölkələrindən inkişaf etmiş ölkələrin “sənaye sexinə” çevrilirlər. İnkişaf etmiş ölkələr xammal istehsalı üzrə onlara sifarişlər verir və yardım edirlər. Lakin bu yardım və köməklər bəzi ölkələrə şamil edilir. Bu qrup ölkələrə yüksək inkişaf səviyyəsi ilə seçilən Çin, Meksika, Hindistan, Braziliya, Argentina və s. aid etmək olar.
Müasir beynəlxalq əmək bölgüsü bəzi xüsusiyyətlərlə xarakterizə olunur. Bunu hər şeydən əvvəl xarici ticarətin və ixracın dünya istehsalına nisbətən daha sürətlə inkişaf etməsi şərtləndirir. Transmilli şirkətlər öz istehsallarının əsas hissəsini şirkətlərindən kənarda yerləşdirməklə, dövlətlərarası sənaye məhsulları istehsalını genişləndirirlər. Təsadüfi deyildir ki, sənaye məhsullarının xarici ticarəti sənaye istehsalına nisbətən 3.5 dəfə çox artmışdır. Bu meyil xüsusən 3-cü minilliyin birinci onilliyində təzahür etmişdir. Məsələn, 2011-ci ildə dünyada ÜDM 3,5 faiz artdığı halda, hazır sənaye məhsulları ticarəti 14 faiz artmışdır.
Mövcud ictimai-siyasi və iqtisadi proseslər dünya iqtisadiyyatında əhəmiyyətli irəliləyişlər olmasını tələb edir, onun inkişafında müxtəlif və çoxvariantlı mərhələlər formalaşdırır. Dünya ilə bərabər, onun məzmunu da dəyişir. Hazırda əmtəə, xidmət, kapital və insan resurslarının sərbəst hərəkəti üçün bütün baryerlər ləğv edilir, ümumi standartlar tətbiq olunur. Beynəlxalq əmək bölgüsünün təsiri ilə ölkələr arasında ticarət əlaqələri mürəkkəbləşir və zənginləşir.
Rəqabətqabiliyyətlilik nədir? Rəqabət - bazar təsərrüfatının mühüm əlamətlərindən biridir. Rəqabət şəxsiyyətin azadlığını təmin edir, onun reallaşması, yeni rəqabətqabiliyyətli məhsul və xidmətlərin göstərilməsi üçün şərait yaradır.
Rəqabətqabiliyyətlik - bu mürəkkəb iqtisadi kateqoriya olub, bir neçə səviyyələrdə mövcuddur: Əmtəələrin rəqabətqabiliyyətliliyi; Əmtəə istehsalçılarının (firmaların) rəqabətqabiliyyətliliyi; Ölkənin rəqabətqabiliyyətliliyi. Son illərdə əmtəələrin beynəlxalq rəqabətqabiliyyətliliyinin təmin olunmasında ekoloji amil mühüm rol oynayır. Daha ciddi ekoloji standartlar, əmtəənin keyfiyyətinə artan tələbat, eyni zamanda dünya bazarında kəskin rəqabət şirkətləri yüksək keyfiyyətli, ekoloji tələbləri ödəyən məhsullar istehsal etməyə məcbur edir. Bununla əlaqədar olaraq mühüm tələblərindən biri ekoloji məsrəflərin məhsulun maya dəyərinə daxil edilməsidir.
1997-ci ildə ABŞ-ın “Morqan Stonley” investisiya bankı iri milli korporasiyaların rəqabətqabiliyyətliliyini müəyyən etmək üçün xüsusi tədqiqat keçirdi, burada əsas meyarlardan biri iri firmaların dünya bazarında xüsusi çəkisinin müəyyən edilməsidir. Tədqiqat nəticəsində dünya bazarında 238 iri müəssisədən yarıdan çoxu (125) Amerika şirkətlərinin, 21-i Böyük Britaniyanın, 19-u yapon firmalarının, 4-ü alman firmalarının payına düşmüşdür. Bu siyahıya rəqabətqabiliyyətliliyinə görə dünya reytinqində mühüm yer tutan “yeni sənaye ölkələrinin” (Sinqapur, Honkonq və Tayvan) şirkətləri daxil edilmişdir.
Hazırda çoxsaylı transmilli şirkətlər və banklar, orta və kiçik firmalar dərk edirlər ki, gələcəkdə xarici bazarlarda onların rəqabətqabiliyyətliliyinin artırılması üçün sahibkarlıq fəaliyyətində dayanıqlı inkişaf təmin edilməlidir.
Beynəlxalq əmək bölgüsünün inkişafı dünya miqyasında ölkələrin bu və ya digər məhsul növləri üzrə ixtisaslaşmasına səbəb olmuşdur. Məsələn, ABŞ şirkətləri daha çox aviasiya və aerokosmik, unikal maşınqayırma, avtomobilqayırma, super kompüter və proqram təminatı üzrə ixtisaslaşmışlar. Yaponiya dünya bazarında - elektron və elektrotexnika, avtomobil, gəmiqayırma, dəzgah istehsalı, robot və s. sahələr üzrə rəqabətqabiliyyətlidir.
Asiyanın yeni sənaye ölkələri (Cənubi Koreya, Tayvan, Honkonq, Sinqapur, Malayziya, Tailand) kütləvi istehlak malları istehsalı üzrə rəqabətqabiliyyətli sahələr, həmçinin elmtutumlu sahələr - elektron komponetləri, fərdi kompüterlər, mikro EHM sahələr yaratdılar. Bu ölkələr analoji məhsullar istehsalı üzrə Yaponiya, ABŞ və Qərbi Avropa ölkələri ilə rəqabət aparırlar.
Mürəkkəbliyinə və ziddiyyətlərinə baxmayaraq, müasir dünya bütöv bir sistemdir. Yeni beynəlxalq iqtisadi qaydalar 20 prinsipə əsaslanır ki, bunların arasında dövlətlərin suveren bərabərliyi, güclə digər ərazilərin zəbt edilməməsi, ərazi bütövlüyü və digər ölkələrin daxili işlərinə qarışılmaması, dünya iqtisadi problemlərinin həllində bütün ölkələrin eyni haqda olması, hər bir ölkənin bu və ya digər sosial-iqtisadi problemlərin həllində eyni hüquqlu olması, hər bir dövlətin öz təbii resurslarından istifadə etmə hüququnun olması və s. göstərmək olar.
Dünya miqyasında geniş təkrar istehsal prosesində beynəlxalq əmək bölgüsünün rolu əhəmiyyətli dərəcədə artır. Beynəlxalq əmək bölgüsü bu proseslər arasında qarşılıqlı əlaqəni təmin edir, ikincisi, müvafiq sahə və regional proporsiyaları formalaşdırır. Hər bir milli iqtisadiyyat əmək bölgüsündən səmərə əldə edir. Beynəlxalq bazara o məhsullar idxal olur ki, milli istehsal məsrəfləri dünya səviyyəsindən aşağıdır.
Dünya təsərrüfatı öz inkişafı və təkamülündə uzun və mürəkkəb yol keçmişdir. Əksər tədqiqatçılar onun böyük coğrafi kəşvlər (XV-XVII əsrlər) nəticəsində yarandığını qeyd edirlər. Bu kəşflər beynəlxalq ticarətin inkişafına səbəb oldu. Lakin bu dövrdə dünya təsərrüfatı təbii olaraq məhdud xarakter daşıyırdı. Müasir dünya təsərrüfatı sənaye inqilabından sonra XIX əsrin sonu XX əsrin əvvəllərində yaranmağa başladı. XX əsrin ortalarında dünya təsərrüfatı iki hissəyə (kapitalist və sosialist) parçalandı. Bunların hər ikisində olduqca aktiv iqtisadi münasibətlər mövcud idi, lakin bir-birinə zidd tərəflər arasında bu münasibətlər yox dərəcəsində idi.
Son onilliklərdə dünya iqtisadiyyatının mühüm meyillərindən biri əksər ölkələrin qapalı milli təsərrüfatlardan xarici bazara istiqamətlənmiş açıq tipli iqtisadi sistemə keçməsidir. Belə iqtisadiyyat, onun bütün subyektləri beynəlxalq əmtəələr bazarından və istehsal amillərindən asılı olaraq məhdudiyyətsiz əməliyyatlar apara bilər. Lakin bununla barəbər, açıq iqtisadiyyat və ticarət azadlığını fərqləndirmək lazımdır. İqtisadiyyatın açıqlığı məfhumu ticarət azadlığı məfhumundan daha genişdir, Açıq tipli iqtisadi sistemə keçilməsi ixtisaslaşma və kooperasiyanı dərinləşdirir ki, bu da əmək məhsuldarlığını və istehsalın səmərəliliyini artırır; inkişaf etmiş beynəlxalq münasibətlər sistemi vasitəsilə dünya təcrübəsi yayılır və istehsalçıları arasında rəqabətin artması dünya bazarında stimul yaradır və əhalinin maddi rifah halı yüksəlir.
Milli təsərrüfatların iqtisadi əlaqələrinin miqyasına və intensivliyinə təsir edən əsas amillər aşağıdakılardır:
Birinci amil - ölkənin iqtisadi inkişaf səviyyəsidir. Bu əhalinin hər nəfərinə düşən milli gəlirin səviyyəsi ilə ölçülür. Bu amilin mühüm əhəmiyyəti - ölkədə istehsal və şəxsi istehlak səviyyəsinin bilavasitə milli gəlir səviyyəsindən asılı olmasıdır. Əhalinin hər bir nəfərinə düşən milli gəlirin səviyyəsi nə qədər yüksəkdirsə, digər ölkələrlə iqtisadi əlaqələrin inkişaf imkanları daha genişdir.
İkinci amil - bu milli məhsulun strukturunun inkişaf səviyyəsidir. İctimai məhsulun strukturu ilə xarici və daxili amillər arasında qarşılıqlı asılılıq vardır: istehsal amilləri nə qədər çox olarsa, istehsalın strukturu o qədər geniş olar. Beynəlxalq iqtisadi əlaqələr o vaxt uzunmüddətli və sabit olur ki, ixrac və idxal differensial olur, mübadilə olunan məhsulların həcmi artır.
Üçüncü amil - ölkədə istehsal resurslarının, faydalı qazıntıların, kənd təsərrüfatı üçün yararlı torpaqların mövcud olmasıdır.
Dördüncü amil daxili bazarın xarakteri ilə əlaqədardır. Yığcam daxili bazar digər ölkələrlə iqtisadi əlaqələri genişləndirir. Geniş daxili bazar milli iqtisadiyyatın xarici (dünya) bazarında tam fəaliyyət göstərməsinə səbəb olur.
XX əsrin ikinci yarısında dünya iqtisadiyyatının inkişafının mühüm xüsusiyyətlərindən biri beynəlxalq iqtisadi münasibətlərin intensivliyinin artmasıdır. Ayrı-ayrı ölkələr, qrup ölkələr, iqtisadi bloklar, təşkilatlar, firmalar arasında iqtisadi münasibətlər genişlənir və dərinləşir.
XX əsrin sonlarında qlobal əmək bölgüsündə əsaslı dəyişikliklər baş verib. Müasir dünya 20 il bundan əvvəlkindən əsaslı surətdə fərqlənir. 90-cı illərdə dünyanın əksər ölkələrində iqtisadi artım və inkişaf məsələlərinə yeni yanaşma prinsipləri işlənib hazırlandı. Bunun əsasını iqtisadiyyatın liberallaşması və dünya iqtisadiyyatına inteqrasiya təşkil edir. İqtisadiyyatın inkişafında dövlətin həlledici roluna və daxili iqtisadi maraqlara əsaslanan köhnə yanaşmalardan imtina edilməsi nəticəsində iqtisadiyyatın inkişafına mane olan problemlər aradan qalxdı.
İnkişaf - iqtisadiyyatda mütərəqqi, davamlı dəyişikliklərin məcmusudur. Mütərəqqi dəyişikliklər - bu cəmiyyətin və hər bir vətəndaşın maraqlarının təmin olunmasıdır. İqtisadi artım dedikdə, elə proses nəzərdə tutulur ki, uzun müddət ərzində adambaşına düşən real gəlirlərin artımı eyni zamanda iki şərt daxilində müşahidə olunur: yoxsulluq həddində yaşayanların xüsusi çəkisi azalır və gəlirlərin bölgüsündə qeyri-bərabərlik aradan qaldırılır.
İqtisadi inkişafa dünya iqtisadiyyatının əsas qanunu kimi baxılır. Sosial-iqtisadi inkişafın əsas formalarından biri - əhalinin tələbatının artmasıdır. Əhalinin tələbatının artması obyektiv iqtisadi kateqoriyadır. Beynəlxalq Əmək Təşkilatı 70-ci illərin sonunda “bazar tələbatı” konsepsiyasını irəli sürdü. Bu konsepsiyanın əsas məqsədi istehsalın səmərəliliyinin artırılmasının əhalinin əsas hissəsinin tələbatının ödənilməsinə yönəldilməsidir.
Dünya iqtisadiyyatında hər bir ölkənin yeri və rolu, təsərrüfat həyatı çoxsaylı amillərdən asılıdır. Lakin bunlardan ən mühümləri milli iqtisadiyyatların inkişaf səviyyəsi və dinamikası, onun açıqlıq səviyyəsi və beynəlxalq əmək bölgüsünə cəlb edilməsi, milli iqtisadiyyatların beynəlxalq təsərrüfat sisteminə uyğunlaşması, inkişafın mütərəqqi olmasıdır.
Beləliklə, beynəlxalq əmək bölgüsü - ölkələr arasında ictimai ərazi bölgüsünün yüksək mərhələsi olub, ayrı-ayrı məhsul növlərinin müəyyən ölkələrdə təmərküzləşməsini nəzərdə tutur. Hər bir ölkə müəyyən səbəblərdən (tarixi, coğrafi, təbii iqlim, sosial-iqtisadi, digər ölkələrə nisbətən daha səmərəli məhsul istehsal edir.
Dünya iqtisadiyyatının müasir inkişaf səviyyəsi beynəlxalq əmək bölgüsünün dərinləşməsi ilə xarakterizə olunur ki, bunu da inkişafın qeyri-bərabərliyi şərtləndirir. Beynəlxalq əmək bölgüsünün müasir inkişaf meyilləri ümumi qanunauyğunluqlarla xarakterizə olunur. Beynəlxalq əmək bölgüsü - ölkələr arasında beynəlxalq əmtəə, xidmət, biliklər, istehsal, elmi-texniki, ticarət mübadiləsinin obyektiv əsasıdır. Onun mahiyyəti istehsal məsrəflərinin azaldılması və istehlakçıların tələbatının maksimum ödənilməsindən ibarətdir.
Müasir dünya mürəkkəbliyinə və ziddiyyətinə baxmayaraq, iqtisadi cəhətdən məqsədəuyğun bütöv sistemdir. Beynəlxalq əmək bölgüsü - dünya təsərrüfatının ayrı-ayrı elementlərini birləşdirən “inteqrator” rolu oynayır. Qarşılıqlı asılılıqda olan dünyanın mühüm problemi müxtəlif sistemlərin əməkdaşlığı deyil, müxtəlif strukturların qarşılıqlı təsirləridir. Onlar yalnız inkişaf səviyyələri ilə deyil, eyni zamanda beynəlxalq əmək bölgüsü və dünya təsərrüfatına cəlb edilməsi ilə xarakterizə olunur. Eyni zamanda kapital, istehsal və əməyin inteqrasiyası baş verir. Bu proses əvvəllər Avropada yaranmasına baxmayaraq, son illər yeni ölkələri və regionları əhatə etməyə başlamışdır. Asiya - Sakit Okean regionu dünyada daha dinamik inkişaf edir. Bu region inkişaf tempinə görə, dünyanın digər regionlarını qabaqlamaqla “Sakit okean dövrünün” başlandığını deməyə əsas verir. Digər güclü iqtisadi birlik - Şimali Amerika Azad Ticarət Zonası 1992-ci ildə ABŞ, Kanada və Meksika arasında yaradılmışdır. Bu zona 360 mln. istehlakçını və 7 trln. dollar məhsul istehsalını özünə birləşdirir.
Ələsgər Sarıyev,
AMEA-nın İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad elmləri namizədi.
Məqalə “Respublika” qəzetinin 06 və 07 yanvar 2015-ci il saylarında dərc olunmuşdur.