Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi platforması

  • Oxunub 1375 dəfə

Əsrin əvvəllərində Çar Ru­siyasının zəifləməsi, iqti­sadi-siyasi gərginliyin artması nəticəsində imperiyanın dağılması sürətləndi və Zaqafqaziyada bir-birinin ardınca müs­təqil dövlətlər yarandı. Xalqımız çox böyük şansdan məharətlə istifadə edərək, 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini (AXC) elan etdi. Yeni dövlətin xarici və daxili siyasətini, məqsəd və vəzifələrini əks etdirən İstiqlal Bəyannaməsi qəbul edildi. Mahiyyət etibarilə parlament dövləti olan AXC dövlətin strukturunu həyata keçirmək məqsədilə Müvəqqəti hökumət və Milli Şura yaratdı.
Məlumdur ki, Azərbaycan Demokratik Cümhuriyyəti 23 ay müd­dətində müstəqil dövlət kimi bərqərar olmuş və bu müddət ərzində 5 dəfə hökumət kabinəsi formalaşdırılmışdır. Birinci, ikinci və üçüncü hökumət kabinələrinə F.Xoyski, üçüncü və dördüncü hökumət kabinəsinə N.Yusifbəyli rəhbərlik etmişdir. Bu zaman dövlətin iqtisadi siyasətini həyata keçirəcək nazirlik və müvafiq orqanlar təşkil edilmişdi. Qısa müddətdə Maliyyə Nazirliyi, Ticarət və Sənaye Nazirliyi, Yollar, Poçt, Teleqraf Nazirliyi, Əkinçilik və Əmək Nazirliyi, Sosial Təminat Nazirliyi formalaşdırıldı və hər nazirlik öz profilləri üzrə dövlətin iqtisadi siyasətinin həyata keçirilməsi istiqamətində işini qurmağa başladı.

İqtisadi siyasətin əsas istiqamətləri

İlk gündən AXC-nin fəaliyyətinin üstün istiqamətlərindən birini iqtisadi siyasət təşkil etmişdir. Tarix baxımından çox az bir dövr yaşamış AXC-nin fəaliyyətinin təhlili göstərir ki, tərkibində bir nəfər də peşəkar iqtisadçı olmayan, misal üçün, Əlimərdan bəy Topçobaşov - hüquqşünas, Fətəli xan Xoyski - hüquqşünas, Nəsib bəy Yusifbəyli - publisist, Həsən bəy Ağayev - jurnalist, həkim, müəllim, Məhəmməd Yusif Cəfərov - hüquqsünas, alim, Ağa Əminov - dağ-mədən mühəndisi, Əhməd Cövdət Pepinov - hüquqşünas və s. görkəmli dövlət xadimləri  Müvəqqəti hökumətdə qısa müddətdə iqtisadi sahədə heyrətləndirici dərəcədə çox iş görmüşlər. AXC-nin iqtisadi inkşafa nail olmaq üçün tutduğu strateji yolu xarakterizə edən əsas istiqamətlər aşağıdakılardır.

1. İqtisadi fəaliyyəti tənzimləyən normativ-hüquqi bazanın yaradılması

Bu qısa müddətdə, yəni 23 ay fəaliyyət göstərən parlament 270-dən çox qanun qəbul etmişdir ki, onun da 70-i iqtisadiyyatın tənzimlənməsi ilə bağlı qanunlardır. Bu qanunlarda, təqdim edilən layihə və smetalarda idxal-ixrac prosesinin tənzimlənməsi, aqrar, fəhlə məsələsi, məskunlaşdırma və digər sosial məsələlərinin həlli, bank-pul-kredit, vergi-gömrük işinin təşkili, kadr hazırlığı ilə bağlı məsələlərin həlli nəzərdə tutulmuşdu. 

2. İdxal-ixrac prosesinin tənzimlənməsi

Bu sahədə də hökumət özünün məqsədyönlülüyü və səmərəliliyi ilə fərqlənir. Xarici ticarətdə üstünlük neft və neft məhsullarına verilmiş və daxili bazarın qorunması, daxili iqtisadi aktivliyi artırmaq məqsədilə ixrac və idxal olunacaq məhsulların siyahısı təsdiq edilmişdir. İdxal-ixrac prosesinin, xarici ticarət əlaqələrinin tənzimlənməsi ilə bağlı həyata keçirilən tədbirləri aşağıdakı qruplara bölmək olar:
- ölkədə əmtəə istehsalçılarının daxili bazardan sıxışdırılıb çıxarılmasına mane olmaq;
- ölkədə çatışmayan gündəlik tələbat mallarının bahalaşmasına yol verilməməsi üçün gömrük tariflərinin aşağı salınması;
- Azərbaycanın tranzit imkanlarından bəhrələnərək, Orta Asiya, Şimali Qafqaz və Rusiya, İran, Qərbi Avropa ölkələri arasında mal mübadilələrinin daha optimal təşkili.

3. Azərbaycanın həmin dövrdə aqrar bir ölkə və əhalinin çox hissəsinin kənd əhalisi olduğunun nəzərə alınması

Qeyd etmək lazımdır ki, Rusiyada mövcud olan müvəqqəti hökumət zamanı Zaqafqaziya seymi yaradılmışdır ki, o da Torpaq islahatı ilə bağlı qanun qəbul edilmişdir. Bu qanun o dövrdə azərbaycanlı mülkədarları ciddi narahat edirdi. Birinci addım olaraq, həmin qanunun fəaliyyəti dayandırıldı. Parlamentdə Aqrar məsələlər komissiyası yaradıldı. Əvvəlki dövrdə tutulmuş, istər xüsusi mülkiyyətdə olan,  istərsə də xəzinə torpaqları adlanan torpaqlar geri qaytarıldı.
Bu sahədəki fəaliyyəti tənzimləmək məqsədilə Torpaq komitəsi yaradılmış və torpağın satınalma qiymətləri haqqında təkliflər hazırlanıb Milli Şuraya verilmişdir. Paralel olaraq parlament tərəfindən 29 maddədən ibarət qanun layihəsi hazırlanıb “Azərbaycan” qəzeti vasitəsilə ümumxalq müzakirəsinə verilmişdir. 
Həmin qanunda torpağa mülkiyyət hüququnun saxlanılması ilə dövlət tərəfindən torpağın pulla satın alınıb, torpaqsız kəndlilərə verilməsi, eləcə də kəndlilərə torpaq almaq üçün güzəştli kredit verilməsi nəzərdə tutulurdu. Bu məqsədlə Aqrar Bank və əyalətlərdə onun filialları yaradılmışdır.
Parlament tərəfindən birinci növbədə əkinçilərin və fəhlələrin vəziyyətinin lazımi qədər yüngülləşdirilməsi, xırda mülklərdə mülkiyyət hüququnun tanınması, sabiq padşaha və onun nəslinə mənsub böyük mülkədarlara və xüsusi əmlak sahiblərinə mənsub torpaqların xəzinəyə götürülüb əkinçilərə, onların ailə üzvlərinin sayına uyğun paylanılması məsələlərinə baxılmışdır. Xəzinə torpaqları əvəzinə onlara xəzinədən bədəl vermək məsələsi müzakirə olunması tövsiyə edilmişdir. Bu halda torpaqların sərvətdarların əlinə keçmə təhlükəsi nəzərə alınaraq, əkinçilərə pay torpaqlarının satılmasının qadağan edilməsi məsələsi də gündəmə gətirilmişdir.
Eyni zamanda, Əkinçilik Nazirliyində aqrar islahat şöbəsinin, Azərbaycan Parlamentində Aqrar islahat komissiyasının yaradılmasında məqsəd respublika əhalisinin əksəriyyətinin maraqları ilə bağlı bir problemin həllinə xidmət edirdi. Qeyd etmək lazımdır ki, 1919-cu il fevralın 4-də parlamentdə Aqrar islahat komissiyası yaradıldı, 1920-ci il aprelin 21-dək fəaliyyətini davam etdirən komissiyanın 25 dəfə iclası olmuşdur. Bu iclaslarda aqrar problemin münasib həlli yolları ilə bağlı bir sıra layihələr müzakirə edilmiş, müxtəlif fikirlər səslənmişdir.   
Deyilənlərlə yanaşı, fəhlələr üçün 8 saatlıq iş günü, müdafiə və maarif məsələlərinin aqilanə həlli ilə bağlı qanun qəbul edilməsi, füqareyi-kasibə sinfini bir çox ödənişlərdən azad edib, onların vahid gəlir vergisi ilə əvəz edilməsi məsələsinə baxılmağın zəruri olduğu qeyd edilmişdir.
Dövlət qulluğunda çalışan rüşvətxor, xain xidmətçilərin vəzifələrindən kənar edilməsi və divanı ədalətə verilməli olduğu tələb edilmişdir. Hökumətin iqtisadi platforması mülkiyyət plüralizmini, dövlət, xüsusi, şəxsi, səhmdar və bələdiyyə mülkiyyətinin inkişafı üçün bərabər imkanlar yaradılmasını nəzərdə tuturdu. 1918-ci ilin oktyabrında neft sənayesi müəssisələrinin sahiblərinə qaytarılması haqqında qərar verilərək, gəmilərin öz sahiblərinə qaytarılmasını nəzərdə tutan dekret dərc edilmişdir.

4. Bank, pul-kredit siyasəti

Həmin dövrdə ölkədə bir çox pul vahidlərinin dövriyyədə olması bu sahədə ciddi çətinliklər yaratmışdı. Ona görə də hökumətin bu sahədəki fəaliyyəti birinci növbədə əhalinin həyat səviyyəsinin aşağı düşməsinin qarşısının alınmasına yönəldilmiş və dövriyyəyə müstəqil dövlətin pul vahidi buraxılmışdır. Beləliklə, aparılmış tarazlaşdırılmış pul-kredit siyasəti nəticəsində dövriyyədə olan pulun emissiyası məhdudlaşdırılmış və əhalinin müflisləşməsinin qarşısı alınmışdır. 
1918-ci il sentyabrın 6-da Azərbaycan, Gürcüstan və Ermənistan  maliyyə-kredit əməliyyatları üçün 280 milyon rubl məbləğində Zaqafqaziya bonu buraxılması haqqında saziş imzaladılar.
1919-cu il sentyabrın 16-da Azərbaycan dövlət bankının açılması, Bank Şurası tərəfindən banklarda valyuta qəbuluna icazə verilməsi, neft sənayeçilərinə və kapital ixrac etmək istəyən sərmayəçilərə bir sıra güzəştlər edilməsi gömrük yığımlarından əldə edilən vəsaitin dövlət xəzinəsinə daxil olmasını sürətləndirdi. Həmin il noyabrın 15-də Azərbaycanla Gürcüstan arasında, əlavə olaraq 160 milyon rubl məbləğində Zaqafqaziya bonu buraxılması haqqında Tiflisdə müqavilə bağlandı.
Azərbaycan hökumətinin əsas vəzifələrindən biri maliyyə aparatının möhkəmləndirilməsi, xüsusilə dövlət gəlirlərinin artırılması, xərclərin mümkün qədər azaldılması və pul dövriyyəsinin tənzimlənməsi idi.
1920-ci il 1 may vəziyyətinə görə, Dövlət Bankının ümumi dövriyyəsi 1 milyard 354 milyon manatı ötüb keçmişdi. Qeyd edilməlidir ki, AXC-nin bütün fəaliyyəti ərzində tədavülə 2 mlrd. 34 mln. manatdan (bon) çox pul buraxılmışdır.

AXC-də tədavüldə dörd valyutadan istifadə olunmuşdur:

• Çar hökuməti tərəfindən buraxılmış rubllar; bunlar “Nikolayevski” adlandırılırdı;
• Müvəqqəti hökumətin rublları; bunlara “kerenka” deyilirdi və 1917-ci ildə 20 və 40 rubl dəyərində buraxılmış rus kağız pulları idi;
• Tiflisdə buraxılmış Zaqafqaziya bonları;
• Bakıda buraxılmış Cümhuriyyət bonları; bu bonlar 1918-ci il sentyabrın 28-də buraxılmışdı və 40 manatı 1 türk lirəsinə bərabər idi; sonralar inflyasiya nəticəsində xeyli dəyərdən düşmüşdür.

5. Gömrük və vergi siyasəti
 Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil gömrük xidmətinin yaradılmasına Azərbaycan hökumətinin 1918-ci il iyunun 22-də, yəni Cümhuriyyət yarandıqdan 24 gün sonra “Poylu stansiyasında sərhəd postunun yaradılması haqqında” qərarı ilə başlanılmışdır. Az bir müddətdə idxal-ixrac prosesini tənzimləmək məqsədilə gömrük sistemi yaradılmış, onun beynəlxalq normativlərə uyğunlaşdırılması həyata keçirilmiş və müvafiq gömrük rüsumlarının miqdarı və siyahısı təsdiq edilmişdir. 21 oktyabr 1918-ci ildə qüvvəyə minən “Müvəqqəti Tarif”ə əsasən, 57 ixrac malına gömrük rüsumu tətbiq edilmişdir. Kortəbii qaydada mövcud olan, heç bir iqtisadi əsası olmayan müxtəlif vergilər ləğv edilmiş, iqtisadi aktivliyi stimullaşdıran vergi sistemi yaradılmışdır. Burada da sosial-iqtisadi və maliyyə məsələləri ön plana çəkilmişdir. Müvəqqəti hökumətin fəaliyyəti dövründə (1920-ci il aprel) Bakı gömrükxanası üzrə xidmətə çıxan yoxlayıcıların, mövcud heyətin 90 nəfərdən ibarət olmasına baxmayaraq, tələb olduğundan çox idi, 131 nəfərə çatırdı. 

1919-cu ilin birinci yarısında AXC-nin gömrük müəssisələrindən yığılan vergi və rüsumlarla (12,8 mln. manat) 1920-ci ilin son aylarını nəzərdən keçirsək (96,9 mln. manat), aparılmış məqsədyönlü siyasət nəticəsində gömrük rüsumları və vergi daxilolmalarında 6,6 faiz artım olduğunun şahidi olmuş olarıq.
Bu müddət ərzində ilk növbədə Azərbaycan Xalq Cumhuriyyətinə qədərki dövrdə olan gömrük ənənələri (təcrübəsi) təhlil edilərək, mövcud infrastruktur və normativ hüquqi bazanın AXC-nin tələblərinə uyğun yenidən qurulması istiqamətləri müəyyən edilmişdir. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, AXC hökuməti tərəfindən müstəqil xarici ticarət və gömrük siyasəti həyata keçirilmişdir.
Vergi siyasəti maliyyə siyasətində mütərəqqi gəlir vergisinin tətbiq edilməsinin əsas istiqamətlərindən birini təşkil edirdi. Həmin dövrdə dövlət büdcəsi aşağıdakı vergi növləri hesabına formalaşırdı:
Müstəqil vergilər: torpaq vergisi, daşınmaz əmlak vergisi, dövlət gəlir vergisi, sənaye vergisi, kapital qoyuluşundan gəlir vergisi, hərbi mükəlləfiyyət vergisi, notarial vergi.

Dolayı vergilər: tütün, papiros kağızları, şəkər, çay məhsullarından, benzin, ağ neft, sürtgü yağları və digər neft məhsullarından vergilər, gömrük rüsumları.
Hökumət inhisarlarına aid vergilər: mədən gəliri, poçt gəliri, teleqraf gəliri, meşələrdən, balıq vətəgələrindən, pambıqçılıq təsərrüfatlarından gələn gəlirlər.
Möhür haqqı: məhkəmə, kargüzarlıq və sənəd yazışmalarından gəlirlər.
Həmin dövrdəki ağır iqtisadi vəziyyəti Hacı Zeynalabdin Tağıyevin Nazirlər Şurasının sədri Nəsib bəy Usubbəyova 1919-cu ilin 29 iyununda yazdığı məktubdan da görmək mümkündür.
Hacı Zeynalabdin Tağıyevin məktubundan bəzi hissələri diqqətə çatdıraq: 
“Zənnimcə, elə bir şərait yaranıb ki, bu şəraitdə mən sizin diqqətinizi hökumətin fəaliyyət mərkəzindən kənarda qalan bir sıra mühüm məsələlərə - maliyyə və iqtisadi siyasət məsələlərinə cəlb etmək istəyirəm...
Son aylar bizim pullarımızın mə­zənnəsi aşağı düşmüşdür. Manat Qərbi Avropa bazarında 2 qəpikdən az dəyərləndirilir; hətta dağılmış Rusiya imperiyasının və mövcud olmayan Kerenski hökumətinin pulları da Azərbaycanın paytaxtında 3, 4 və 5 dəfə artıq qiymətə malikdir.
Mal ixracına qoyulmuş qadağalar milli valyutanın tamamilə qiymətdən düşməsinə gətirib çıxarmışdır. İdxal-ixrac əməliyyatları üzərində sərt nəzarət, mal mübadiləsinin məhdudlaşdırılması sərmayə sahiblərinə ciddi çətinlik gətirir”.

6. Qanunsuzluğa qarşı mübarizə məsələsi

AXC  rüşvətxorluğa və xain xidmətçilərə qarşı da mübarizəyə başlamışdı.
Rüşvətxor və xain xidmətçilərin məqamlarından kənar edilməsinə  və divanı ədalətə verilməsinə və ərzaq möhtəkirləri və müstəbidlərin əlindən xalqın xilas edilməsinə, taxıl, çit, ağ, qənd, çay, sabun kimi həyati məhsullarla xalqı sınağa çəkənlərə qarşı barışmaz mübarizəyə başlanılmışdı.

7. Kadr hazırlığı məsələsi

İlk gündən Milli Şurada kadr hazırlığı diqqət mərkəzində olmuşdur. Onun qərarında 100 nəfər tələbənin ölkədən xaricdə dövlət hesabına təhsil almağa göndərilməsi qərara alınmışdı. Rusiyada təhsil alması nəzərdə tutulan 13 nəfərdən başqa qalanların hamısı həmin dövrdə göndərilmişdir. Bu isə o dövrdə Rusiyadakı ictimai-siyasi vəziyyətin mürəkkəb olduğuna görə həyata keçirilməmişdir.
Cümhuriyyət dövründə üçpilləli təhsil sistemini əhatə edən geniş təhsil şəbəkəsinin yaradılması nəzərdə tutulurdu və bu məqsədin reallaşdırılması üçün bir ali məktəb - Bakı Dövlət Universitetinin təsis edilməsi mümkün olmuş, digər ali təhsil məktəbi - Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun yaradılması istiqamətində xeyli işlər görülməkdə idi. Bakı şəhərində Ali Kənd Təsərrüfatı İnstitutunun təsis edilməsini nəzərdə tutan layihə işlənib hazırlanmış, smeta-layihə sənədlərinin parlamentdə müzakirə edilməsi nəzərdə tutulmuşdu. 
Yeni yaradılacaq institutun proqramında yerli xüsusiyyətləri nəzərə almaqla, Qərbi Avropada və Rusiyanın Avropa hissəsində fəaliyyət göstərən müvafiq Ali məktəblərlə eyni səviyyəli Elm və Təhsil Mərkəzinin fəaliyyət göstərməsi diqqətdə saxlanılırdı. Respublikanın şəhər və qəsəbələrində, kəndlərində orta təhsil məktəbləri, peşə kursları yaradılırdı. 
Həmin dövrdə ali və orta təhsil məktəbləri, peşə məktəbləri Təhsil Nazirliyinin tərkibində yaradılmış 3 şöbə tərəfindən idarə olunurdu. Həmin şöbələrə təhsil ocaqlarında inzibati və pedaqoji işin vəziyyətinin yoxlanılması, mövcud və yeni yaradılacaq məktəblərin smeta sənədlərinin hazırlanması həvalə edilmişdi.


Akif Musayev, i.e.d., prof., AMEA-nın müxbir üzvü, 

AMEA İqtisadiyyat İnstitutu

"İqtisadiyyat" qəzeti, 7-13 iyun 2018-ci il