Maliyyə institutları ilə real sektor arasında etimad mühiti
- Oxunub 2194 dəfə
Baş redaktordan
AMEA İqtisadiyyat İnstitutunun economics.com.az İnternet saytı yarandığı gündən İnstitutun fəaliyyətini geniş işıqlandırmağa, informasiya bazasını genişləndirməyə, maraqlı mövzularda yazılar verməyə çalışıb. Yaradıcı heyətimiz qarşılıqlı ünsiyyətə və əməkdaşlığa həmişə açıqdır. Sizin – dəyərli oxucularımızın köməyi ilə saytımızın informasiya bazasını daim yeniləşdirməyə, zənginləşdirməyə və təkmilləşdirməyə çalışırıq. Sayt həm də hər birimiz üçün rahat istifadə edilə bilən, zəngin və əlçatan informasiya bazası rolunu oynayır. Bu bazanı genişləndirmək isə həm də alimlərimizin, gənc tədqiqatçıların və ekspertlərin maraqlı yazıları ilə mümkündür. Çox yaxşı haldır ki, artıq bu yönümdə də faydalı əməkdaşlıq imkanlarımız yaranır, ekspertlər müəllif yazıları ilə çıxış edirlər. Bu gün onlardan birini, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil və analitik-informasiya departamentinin analitiki Nərmin Kazımlının məqaləsini Sizə təqdim edirik...
İ.f.d. Mahir Zeynalov
***
Maliyyə institutları ilə real sektor arasında etimad mühiti
Bank sektoru və real iqtisadiyyat arasında etimad mühitinin gücləndirilməsi, maliyyə xidmətlərində və hesabatlılıqda şəffaflığın artırılması və rəqəmsallaşmanı dəstəkləyən nəzarət mexanizminin formalaşdırılması istiqamətində iqtisadi islahatlar uğurla həyata keçirilir. Maliyyə sektorunun optimallığı, rəqabətqabiliyyətliyi, innovativliyi, artan risklər fonunda maliyyə institutlarının dayanıqlı və uzunmüddətli hədəflərə əsaslanan biznes modeli və strategiyasınn təmin olunması məqsədilə Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri, Azərbaycan Kredit Bürosu və İpoteka və Kredit Zəmanət Fondu yaradılmışdır. Bu institutların formalaşması, eyni zamanda informasiya asimmetriyasını aradan qaldırır və maliyyələşmə şərtlərini həm bank, həm də real sektorun nümayəndələri üçün daha sərfəli edə bilər.
Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri
Təminat çeşidinin artması ilə kredit əlçatanlığının yüksəlməsinə xidmət edilməsi, investorların və emitentlərin qiymətli kağızlar bazarında iştirakı üçün şəraitin yaradılması istiqamətində 2 may 2017-ci il tarixli “Daşınar Əmlakın Yüklülüyü haqqında” Azərbaycan Respublikası Prezidentinin 667 VQD-nömrəli Qanunu qəbul edilmişdir. Daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərindən ibarətdir və yüklülük ləvəzimatlarına, daşınar əmlakın yüklülük predmetinin istifadəsi nəticəsində əldə edilmiş faydaya, yüklülük verənə ödənilən kompensasiyanın məbləğinə və digərlərinə aid olunur. Reyestrin əsas iş prinsipləri, daşınar əmlakın tutuma yönəldilməsi, daşınar əmlak üzərində hüquqlar barədə məlumatların açıqlanması və daşınar əmlak üzərində təminat hüquqlarına münasibətdə üstünlüyün müəyyən edilməsidir.
Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin fəaliyyətinin əsas faydaları:
- Biznes mühitində, xüsusilə də, kiçik və orta sahibkarlıq (KOS) sahəsində gəlirin və investisiya qoyuluşunun artımı üçün aktivlərin asanlıqla kapitala çevrilməsi;
- Kreditin əlçatanlığının optimallaşdırılması, bununla isə maliyyə xidmətlərinin çatdırılması yollarının diversifikasiyasının təmin olunması;
- Girov təminatı tələbinin alternativ vasitələrlə əvəz edilməsi;
- Kredit xərclərinin azaldılması.
Qeyd etmək lazımdır ki, daşınar aktivlər sahibkarların, eləcə də KOS-ların əsas kapital ehtiyatını təşkil edir və bununla da daşınar əmlakın dövlət reyestri vasitəsi ilə maliyyə institutlarının aktivlərinin diversifikasiyası risklərin idarə edilməsi mexanizminin gücləndirilməsi və potensial risklərin azaldılması ilə gəlirin artımına yol açır. Həmçinin, bank sferasında rəqabət mühitinin daha da yaxşılaşdırılmasına şərait yaranır, risk səviyyəsi aşağı düşür və kredit qoyuluşunun səmərəliliyi artırılır. Həmçinin, aktivlərin, xüsusilə də debitor borclarının likvidliyi (aktivlərin asanlıqla pula çevrilməsi qabiliyyəti) yaxşılaşır, maliyyə xidmətləri sektorunda bank olmayan kredit təşkilatları tərəfindən təminatlı kreditlərin verilməsi imkanın formalaşması ilə rəqabətlilik qabiliyyətini artırır. Beləliklə də, daşınar əmlakın yüklülüyünün dövlət reyestri ilə kreditlərin əlçatanlığının artımına, nəzarət mexanizminin gücləndirilməsinə və kredit xərclərinin azaldılmasına şərait yaratmaqla, sahibkarlar üçün daha çox maliyyə resurslarına çıxış imkanları və kredit təşkilatları üçün isə müştəri dairəsinin artımı imkanı formalaşır.
Azərbaycan Kredit Bürosu
Maliyyə institutlarının likvidliyi və kapitallaşmasının təmin edilməsi, informasiya assimetriyasının azaldılması istiqamətində həyata keçirilən əsaslı iqtisadi islahatlardan digər biri isə, “Kredit Büroları haqqında Azərbaycan Respublikasının Qanunu”nun Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2016-cı il tarixli Fərmanı ilə qəbul olunmasıdır. Sözügedən qanunda fiziki və hüquqi şəxslərin öz maliyyə öhdəliklərinin icrası barədə məlumat bazasının formalaşdırılması və bununla da maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması, habelə biznes sektorunda dövlətin maliyyə nəzarətinin təkmilləşdirilməsi və maliyyə sabitliyinin təmin olunmasına dəstək verilməsi nəzərdə tutulmuşdur.
Kredit bürosu kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən kommunal xidmətlər göstərən müəssisələrdən, sığorta şirkətlərindən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplanması, saxlanması, təhlili, daxil edilən məlumatlar əsasında kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edir. Məlumat istifadəçiləri, məlumat təchizatçıları, kredit tarixçəsinin subyektləri, qanunla müəyyən olunmuş hallarda hüquq-mühafizə orqanları borc öhdəliyinin yaranması və icrası zamanı borclunun ödəmə qabiliyyətinin, icra intizamının qiymətləndirilməsi və nəzarəti məqsədilə kredit hesabatlarından istifadə edə bilərlər.
Kredit bürosunun fəaliyyəti nəticəsində kredit resurslarına əlçatanlığın daha da yaxşılaşdırılması, kredit xərclərinin azaldılması və mövcud risklərin idarə olunması və azaldılması istiqamətində bankların müştərilər üzərində nəzarətinin gücləndirilməsinə şərait yaranır. Assimetrik informasiyanın azaldılması ilə, KOS subyektləri barəsində etibarlı məlumat bazası formalaşdırılır, nəticədə tələb olunan məlumatların əldə olunması ilə risklərin qiymətləndirilməsinə şərait yaradılır. Bununla yanaşı, yarana biləcək risklər azaldılır, daha əlverişli şərtlər və aşağı faiz dərəcəsi ilə kredit imkanları yaradılır, sahibkarlar üçün isə maliyyə resurlarının əlçatanlığı imkanları artırılır.
Ölkənin ilk özəl kredit bürosu olan “Azərbaycan Kredit Bürosu” MMC (Büro) 15 yanvar 2018-ci il tarixində yaradılmışdır. 31 yanvar 2018-ci ildə Büro qanunvericiliklə tələb olunan lisenziyanı almış, 16 fevral 2018-ci il tarixində isə Büronun sistemi Fərdi məlumatların informasiya ehtiyatlarının dövlət reyestrində qeydiyyata alınmış və fəaliyyətə başlamışdır. 06 mart 2018-ci il tarixində Büronun mərkəzi sistemi istismara verilmiş, kredit hesabatlarının realizasiyasına başlanmışdır.
Hazırda 30 aktiv bank, 47 bank olmayan kredit təşkilatı, 14 ləğv prosesində olan bank, 22 sığorta şirkəti, 3 mobil operator, 3 kommunal operator və Azərbaycan Respublikasının Mərkəzi Bankı da daxil olmaqla Büro ilə müqavilə imzalamış təşkilatların sayı 120-yə çatmışdır. Yaradılmasından qısa müddət keçməsinə baxmayaraq, Büro Azərbaycan kredit hesabatlılıq sistemi üçün yeni olan 4 xidməti istismara vermişdir. Kredit hesabatları ilə yanaşı “Kommunal xidmətlər üzrə hesabat”, “Mobil xidmətlər üzrə çıxarış” istismara verilmişdir. Həmçinin ilk dəfə olaraq kredit təşkilatlarına keçmiş tarixdə edilmiş arxiv sorğularının yenidən əldə edilməsi imkanı yaradılmışdır. Bu ilin mart ayından etibarən isə ilk kredit skorinqi xidməti kredit təşkilatlarının istifadəsinə verilmişdir. Təkcə bu ilin ikinci rübü ərzində Büronun skorinq xidmətindən 131,338 dəfə istifadə edilmişdir ki, bunun da 121,121-i 28 bank, 10,217-i isə 27 bank olmayan kredit təşkilatı tərəfindən edilmişdir.
Skorinq üzrə sorğuların ümumi sorğularda çəkisi dövr ərzində davamlı olaraq artmış, 1-ci yarım ilin yekunlarına əsasən isə 43,44% təşkil etmişdir.
Kredit bürosunun xidmətlərini bazara təqdim etməsi, habelə kredit bazarında aktivlik kredit təşkilatlarının Büronun məlumatlarından istifadəsini də artırmışdır. Belə ki, təkcə 2018-ci ilin ikinci rübü ərzində Büroda banklar və BOKT-lar tərəfindən 547,880 sorğu həyata keçirilmişdir ki, bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə kredit təşkilatları tərəfindən analoji sistemdən 271,273 sorğu yerinə yetirilmişdir.
Fəaliyyət göstərdiyi dövr ərzində məlumatların çeşidinin genişlənməsi ilə yanaşı, Büroda toplanan məlumatların həcmi də davamlı olaraq artmışdır. Belə ki, 2018-ci ilin 1-ci yarımilinin sonunda Büronun məlumat bazasında haqqında məlumat toplanan borcalanların sayı 2,855,970, ümumi kredit məlumatlarının sayı 12,931,862, cəmi zaminlərin sayı isə 1,383,449 nəfər olmuşdur. Ümumi borcalanların sayı 2-ci rüb ərzində 1,74%, zaminlərin ümumi sayı 1,55%, ümumi kredit məlumatlarının sayı isə 2,61% artmışdır.
Həmçinin, kredit hesabatlarından əldə olunan məlumatlar əsasında borclunun öhdəliklərinin icrası intizamı dəyərləndirilməklə borcalanlara kredit reytinqi verilə bilər, ödəmə qabiliyyəti yuxarı olan borcalanlar üçün daha əlverişli kredit şərtləri təyin oluna bilər. Nəticədə, bu borcalanların öhdəliklərinin vaxtında icrasına stimullaşdırıcı amil formalaşdırmaqla yanaşı, bankların xərclərinin, qeyri-fəal və problemli kreditlərinin azaldılmasına şərait yaradır. Ümumilikdə ilk özəl kredit bürosunun fəaliyyətə başlaması və innovativ xidmətlərini bazara təqdim etməsi ölkədə kredit risklərinin azalması, borcalanların maliyyə intizamının möhkəmlənməsi, maliyyə əlçatanlığına nail olması, son nəticədə isə biznes mühitinin daha da yaxşılaşmasına müsbət təsir edəcəkdir.
İpoteka və Kredit Zəmanət Fondu
Maliyyə sisteminin dayanıqlığının artırılması ilə yanaşı maliyyə sektorunun real sektorla arasındakı iqtisadi tarazlığın bərpası və maliyyə inklüzivliyi hədəflənmişdir. Bununla əlaqədar, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 15 sentyabr 2017-ci il tarixində ölkə Prezidenti tərəfindən Kredit Zəmanət Fondu yaradılması ilə bağlı Fərman və “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” 2017-ci il 25 dekabr tarixli Fərmanına əsasən yaradılması qeyd edilməlidir. Fondun əsas fəaliyyət prinsipləri qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin edilməsində sahibkarların rolunun artırılması məqsədilə istehsal və xidmət sahələrini genişləndirmək, təkmilləşdirmək və səmərəliliyinin daha da artırılması üzrə kredit resursların ehtiyacı olan sahibkarlığın inkişafının təmin edilməsidir.
Belə ki, dövlət borcalanlar və müvəkkil banklar arasında risklərin diversifikasiyası (bölünməsi), eləcə də sahibkarları istehsal və istehlaka cəlb etmək məqsədilə sahibkarların banklardan aldıqları kreditlərə zəmanət verilməsi və həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyaların, yəni dövlət tərəfindən əvəzsiz maliyyə vəsaitinin verilməsin həyata keçirir. Başqa sözlə desək, sahibkarların məhsul və ya xidməti alması üçün və ya onun istehsal xərcinin bir hissəsini ödəməklə sahibkarlara köməklik edir.
Qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarların biznes fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit verilməsi üçün müraciət edildikdə öhdəlikləri üzrə zəmanət verilməsi üçün əsas şərtlərə kredit məbləğinin 30 000 manatdan az olmaması, kreditin müddətin 7 ildən çox olmaması və digərləri aiddir. Eyni zamanda, bir kredit üzrə zəmanətin kreditə nisbəti 15%-dən az, 75%-dən çox olmamalıdır. Faiz subsidiyasının verilməsi halları kimi isə faiz subsidiyasının illik faiz dərəcəsinin 20%-dən çox olmayan kreditlər üçün verilməsi müəyyən edilmiş, eləcə də, qanunvericilikdə kreditin müəyyən vaxt intervalı müddətindən asılı olaraq faiz dərəcələri təyin olunmuşdur.
Nəticədə, Fondun fəaliyyəti maliyyə risklərinin bölünməsi, bankların dayanıqlığının və real sektora maliyyə axınının gücləndirilməsi, əks-dollarlaşmanın stimullaşdırılması və Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsinə nail olmaq üçün mühüm bir addımdır. Bu maliyyə inklüzivliyinin artırılması, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Ölkədə maliyyə inklüzivliyinin artımına nail olunması isə iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun yaxşılaşdırılmasına da əlavə dəstək verəcək.
Yekun
Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri, Azərbaycan Kredit Bürosu və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması ölkədə aparılan kompleks iqtisad islahatların tərkib hissəsidir. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanında qeyd olunan prioritetlərin icra edilməsi istiqamətində həyata keçirilən əsaslı iqtisadi islahatlar nəticəsində real sektorla maliyyə sektoru arasında tarazlıq bərpa olunur, sahibkarlar əlverişli maliyyə imkanları ilə təmin edilir. Nəticə etibarı ilə isə, qeyri-neft sektoru sürətlə inkişaf etdirilir, sahibkarlığın inkişafına, rəqabətqabiliyyətliyə və sabit iqtisadi artıma əsaslanan iqtisadi model qurulur. Eyni zamanda, həyata keçirilən iqtisadi islahatların nəticəsində Azərbaycan Respublikasının mövqeyinin “Doing Business” və digər beynəlxalq reytinqlərdə də yüksələcəyi gözlənilir.
Nərmin Kazımlı,
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil və analitik-informasiya departamentinin analitiki