Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İdarəetmə Sistemləri İnstitutundan təbrik məktubu

  • Oxunub 775 dəfə

Hörmətli Nazim müəllim!

Sizi və əməkdaşlarınızı AMEA İqtisadiyyat İnstitutunun yaranmasının 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik!

Bu 60 il ərzində İqtisadiyyat İnstitutunun Azərbaycan elminə, Azərbaycanda iqtisadi təfəkkürün yaranması və inkişafına qazandırdığı töhfələr əvəzolunmazdır. Belə ki, tarixən 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycan SSR EA-nin nəzdində fəaliyyət göstərən iqtisadiyyat sektorunun bazası əsasında yaranmış bu müstəqil qurum mövcud olduğu dövrdə bir çox inkişaf mərhələsindən keçib.

İnstitutunuzun aparıcı alimləri tərəfindən elmi tədqiqat işləri ittifaq səviyyəsində yüksək qiymətləndirilmiş və institutda yerinə yetirilən 23 elmi nəticə SSRİ EA Rəyasət Heyyəti tərəfindən sovet elminin ən mühüm nailiyyətləri kimi SSRİ EA Rəyasət Heyyətinin hesabatına daxil olub. İnstitutunuz akademik Ə.Sumbadzadə, Ə.Mahmudov, A.Nadirov, Z.Səmədzadə, müxbir üzvlərdən A.Ələsgərov, Ş.Muradov, Ə.Nuriyev, iqtisad elmləri doktorlarından A.Ağayeva, B.Əbdülrəhmanov, N.Nəbiyev, Q.Əbdülsəlimzadə, S.Haqverdiyeva, S.Hüseynov kimi görkəmli alimlərlə tanınır.

1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqillik qazanması və bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq institutunuzun qarşısına tamamilə yeni problemlər çıxdı. Artıq yeni dövrün tələblərinə uyğun olaraq keçid dövrünün iqtisadi-sosial qanunauyğunluqlarını tədqiq edib yaranmış iqtisadi-sosial problemlərin həll yollarını araşdırmağa yönəlmiş tətqiqat işləri və bu istiqamətdə də elmi kadr potensialını yoxdan yaratmaq kimi çətin vəzifə ilə qarşılaşmış oldunuz. Bu işin öhdəsindən uğurla gəldiniz. İnstitutda 1991-ci ildən indiyə qədər milli iqtisadiyyatın formalaşması, iqtisadi təhlükəsizlik, əhalinin məşğulluğu və həyat səviyyəsinin yüksəlməsi, sosial-iqtisadi və demoqrafik inkişaf, xarici və postsovet ölkələri ilə iqtisadi əlaqələrin yenidən qurulması, regionlarda məhsuldar qüvvələrin optimal yerləşdirilməsi, təbii sərvətlərdən səmərəli istifadə, struktur dəyişiklikləri, investisiya siyasəti, yeni bazar münasibətlərinə keçilməsi, maliyyə, vergi siyasətində yeniliklər, milli sahibkarlığın yaranması və s. bir çox istiqamətlərdə problemlər araşdırılır. Məlumdur ki, hər bir elmi araşdırmanın son məqsədi onun elmə gətirdiyi yeniliklə yanaşı praktik səmərəliliyi ilə də ölçülür. Bu baxımdan İqtisadiyyat İnstitutunda həyata keçirilən elmi işlərin əksəriyyəti öz praktik tətbiqinəcən tamamlanır. Belə ki. İnstitutunuzda alınmış elmi nəticələr daim müvafiq dövlət orqanları tərəfindən yüksək qiymətləndirilərək zaman-zaman dövlət əhəmiyyətli proqramların hazırlanmasında, həyata keçirilməsində istifadə edilmişdir. Bu cəhətdən də qazanmış olduğunuz elmi nailiyyətləriniz danılmazdır.

Yekun olaraq qeyd edək ki, mövcud olduğu illər ərzində institutda 1500-dən çox monoqrafiya və kitab, minlərlə elmi məqalələr çap olunub. Elmi kadr yetişdirməyə gəlincə uzun müddət İnstitutda fəaliyyət göstərən ixtisaslaşdırılmış Dissertasiya Şurasında 850-dən çox fəlsəfə, 100-ə yaxın doktorluq dissertasiyası müdafiə olunmuşdur.

Biz də nailiyyətlərinizə sevinib, gələcək uğurlarınızın daimi olmağını diləyərək bir daha kollektivinizi İnstitutumuz adından təbrik edirik!

Telman Əliyev, akademik, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru,

Qorxmaz İmanov, AMEA-nın müxbir üzvü