Azərbaycan Texniki Universitetindən təbrik məktubu
- Oxunub 735 dəfə
Hörmətli Nazim müəllim!
İqtisad elminin inkişafına böyük töhfələr vermiş Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu fəaliyyət göstərdiyi 60 il ərzində Azərbaycan iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində sanballı elmi tədqiqat işləri yerinə yetirmiş, peşəkar milli kadrlar, iqtisadçı alimlər yetişdirmişdir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf davamlı xarakter almış, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların sosial-iqtisadi inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur.
Bu nailiyyətlərin qazanılmasında Sizin rəhbərlik etdiyiniz İnstitutun rolu böyükdür. Danılmaz faktdır ki, son illərdə İnstitut Azərbaycan iqtisad elminin inkişafında, gücləndiriməsində, elmi araşdırmaların mövcud iqtisadi problemlərin həllinə yönəldiməsində çoxlu uğurlara imza atıb.
Azərbaycan Texniki Universiteti rəhbərlik etdiyiniz İnstitutla həmişə sıx əməkdaşlıq etmişdir. Müxtəlif səviyyəli elmi konfranslarda, digər tədbirlərdə əməkdaşlarımızın birgə iştirakı və apardığı işlər tədris prosesinə və elmi fəaliyyətə öz töhfəsini verir. İqtisadçı kadrların hazırlanması işində bu əməkdaşlığa həmişə zərurət duyuruq.
Hörmətli Nazim müəllim, Sizi AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubileyi münasibəti ilə təbrik edir, ölkəmizin iqtisadiyyatının və iqtisad elminin inkişafı sahəsində yeni dövrün tələblərinə uyğun vəzifələrin həyata keçirilməsində kollektivinizə tükənməz enerji və rifah, möhkəm can sağlığı arzulayırıq.
Hörmətlə,
Xalıq Yahudov, Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor