Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Görkəmli alim və şəxsiyyət

  • Oxunub 1670 dəfə

   Azərbaycan iqtisad elminin təşəkkülü və inkişafında, yüksək ixtisaslı peşəkar iqtisadçı alimlər ordusunun hazırlanmasında görkəmli iqtisadçı alim, xalqının və ölkəsinin böyük vətəndaşı, gözəl, qayğıkeş və müdrik insan akademik Əhməd Əkbər oğlu Mahmudovun müstəsna xidməti var.

  Akademik Ə.Ə.Mahmudov 1923-cü il may ayının 25-də Naxçıvan Muxtar Respublikasının Noraşen (indiki Şərur) rayonunun Şaxtaxtı kəndində anadan olmuşdur. O, 1941-ci ildə Noraşen stansiyasında orta məktəbi bitirmişdir. 1942-ci ildə sovet ordusu sıralarına çağırılmış və 1945-ci ilədək Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Ordu sıralarından tərxis olunduqdan sonra bir qədər doğma Şaxtaxtı kəndində müəllimlik etmiş, 1946-cı ildə Bakı şəhərinə gəlib Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun uçot-statistika fakültəsinə daxil olmuş və 1950-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib bir müddət Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyində iqtisadçı vəzifəsində çalışdıqdan sonra elə həmin ildə də Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olaraq məqsədli aspirant kimi SSRİ EA İqtisadiyyat İnstitutunda təhsilini davam etdirmək üçün Moskva şəhərinə ezam olunmuşdur. 1954-cü illərdə həmin təhsilini bitirmiş və 1955-ci ildə “Müharibədən sonrakı dövrdə Noraşen rayonu kolxozlarının ictimai təsərrüfatının inkişafının əsas məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və 1956-cı ildə o, iqtisad elmləri namizədi alimlik dərəcəsi alır, 1957-ci ildə isə böyük elmi işçi olur. 1967-ci ildə “Azərbaycan SSR-in kolxozlarında əkinçiliyin intensivləşdirilməsinin iqtisadi problemləri (pambıq əkən kolxozların timsalında)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1968-ci ildə o, iqtisad elmləri doktoru alimlik dərəcəsi alır, 1969-cu ildə isə professor olur.

  Ə.Ə.Mahmudov 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü (akademik) seçilmişdir. 1958-1964-cü illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, 1964-cü ildən 1989-cu ilin may ayının 8-dək həmin institutun direktoru vəzifəsində çalışmışdır. Ə.Ə.Mahmudov 1959-cu ildə Azərbaycan SSR “Bilik” cəmiyyətinin iqtisadi bilikləri təbliğ etmək üzrə Elmi-metodik sovetinin sədri olmuşdur. O, 1964-1988-ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanında İqtisadiyyat üzrə Problem Şurasının sədri, 1976-1988-ci illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda fəaliyyət göstərmiş Dissertasiya Şurasının sədri, “1981-1985-ci illərdə və 1990-cı ilədək olan dövrdə respublikanın Ərzaq Proqramının işlənib hazırlanması tədbirləri” üzrə hökumət Komissiyanın sədr müavini, “1981-1985-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında planlaşdırma və iqtisadi həvəsləndirmənin tətbiqi məsələləri” üzrə idarələrarası komissiyanın üzvü, Azərbaycan SSR EA tarix, iqtisadiyyat, fəlsəfə və hüquq bölməsinin akademik-katibinin müavini, SSRİ EA Elm və Texnika Komitəsinin “Elmi-texniki və sosial-iqtisadi proqnozlaşdırmanın regional komissiyasının” üzvü və 1983-cü ildə “SSRİ aqrar-sənaye kompleksinin iqtisadiyyat, sosial və hüquq problemləri” üzrə Elmi Şurasının Azərbaycan filialının sədri olaraq çox səmərəli fəaliyyət göstərmişdir. Ə.Ə.Mahmudovun elmi yaradıcılığı çoxcəhətli və rəngarəng olmuşdur. O, 1955-ci ildən ömrünün sonunadək əvvəlcə Azərbaycan SSR EA İqtisadiyyat bölməsində və İqtisadiyyat İnstitutunda 34 il və ona rəhbərlik etdiyi 25 ilə yaxın bir dövr ərzində onlarca fundamental və sanballı tədqiqat əsərləri, monoqrafiya, kitab, dərslik, çoxlu elmi məqalələr yazıb çap etdirmişdir. Onların bir çoxu xarici ölkələrdə, o cümlədən Rusiyada, Belarusda, Moldovada, Özbəkistanda və s. çap edilmişdir.

  Akademik Ə.Ə.Mahmudovun diqqəti çəkən və çap edildiyi dövrlərin tələbləri ilə tam üst-üstə düşən və indi də öz aktuallığını itirməmiş əsərləri arasında “Azərbaycan kənd təsərrüfatında əmək məhsuldarlığı və onun yüksəldilməsi yolları”.(Bakı, “Azərnəşr”, 1959-cu il); “Dağlıq Şirvan kolxozlarının torpaq fondu və ondan istifadə edilməsi yolları”. (Bakı, “Azərnəşr”, 1961-ci il); “İntensivləşdirmə kənd təsərrüfatının inkişafında başlıca yoldur”. (Bakı, 1962-ci il), “Kənd təsərrüfatı iqtisadiyyatında riyaziyyatın tətbiqi”. (Bakı, “Azərnəşr”, 1965-ci il); “Riyaziyyatın iqtisadiyyata tətbiqi”. (Bakı, “Azərnəşr”, 1966-cı il); “Azərbaycan SSR-in kolxozlarında əkinçiliyin intensivləşdirilməsinin iqtisadi problemləri”. (rus dilində); (Bakı, “Elm” 1964-cü il), ”İntensivləşdirmə istehsalın inkişafının mühüm istiqamətidir”. (Bakı, “Elm”, 1972); “Kənd təsərrüfatının intensivləşdirilməsinin iqtisadi səmərəliliyi”. (Bakı, “Elm”,1974); “Azərbaycan SSR-in kənd təsərrüfatı kəskin yüksəlişdə (rus dilində)”. (Bakı, “Elm” 1978); “Sovet Azərbaycanının iqtisadiyyatının müasir mərhələdə inkişafı” (Bakı, “Elm”,1980), kollektiv monoqrafiya (Ə.S.Sumbatzadə, A.A.Nadirov, A.A.Ələsgərov, M.M.Allahverdiyev, Ş.M.Muradov və s. şərikli) və s. adlarını çəkmək olar.

  Ə.Ə.Mahmudovun elmi yaradıcılığında keçmiş SSRİ-nin görkəmli iqtisadçı alimləri ilə birlikdə çap edilmiş aşağıdakı tədqiqat işlərinin xüsusi yeri vardır. Bunların ən mühümlərinə “Kənd təsərrüfatının intensivləşdirilməsinin iqtisadi problemləri”. (Moskva, 1966-cı il (kollektiv monoqrafiya); “Kənd təsərrüfatı sahələrinin intensivləşdirilməsi”. (Kollektiv monoqrafiya); (Moskva, 1969). “Kənd təsərrüfatının inkişafının ictimai-iqtisadi problemləri”. (kollektiv monoqrafiya) (Moskva, 1979); “Elmi-texniki tərəqqi və sosial-iqtisadi inkişafın əsas istiqamətləri” və “SSRİ-nin 1986-2005-ci illər üçün elmi-texniki tərəqqinin kompleks proqramı. Azərbaycan SSR-in elmi-texniki tərəqqisinin proqramı”. (A.A.Nadirov, Ş.M.Muradov və başqaları ilə şərikli) (Moskva, 1983); və s. aid etmək olar. Bundan əlavə, onun elmi rəhbərliyi ilə ümumi həcmi 1000 çap vərəqindən çox olan monoqrafiya və kitablar nəşr olunmuşdur. Akademik Ə.Mahmudov mənim “Azərbaycan SSR-in əmək ehtiyatları: nəzəri-metodoloji və sosial-iqtisadi aspektlər”(Bakı, “Elm” 1987) monoqrafiyamın da elmi redaktoru olmuşdur. Ə.Ə.Mahmudovu tədqiqatçı alim kimi səciyyələndirən əsas cəhət seçdiyi tədqiqat obyektinə həmişə sadiq qalması idi.

  Torpağın çox nadir və məhdud resurs olmaqla bərabər, müqəddəsliyi bu böyük iqtisadçı alimin nəzər-diqqətini elə cəlb etmişdir ki, o, sonrakı tədqiqatlarında və silsilə məqalələrində bütövlükdə respublika torpaqlarından istifadənin ümumi metodoloji məsələlərinə dair fundamental əsərlər yazmışdır. Onun yuxarıda adı çəkilən əsərlərində intensivləşmənin nəzəri-metodoloji və konseptual əsasları, onun amillərinin stimullaşdırılması geniş tədqiq edilib öyrənilmişdir.

  XX əsrin 70-ci illərinin ortalarından etibarən ölkəmizin kənd təsərrüfatında yeni təsərrüfatçılıq forması kimi aqrar-sənaye inteqrasiyası və aqrar-sənaye komplekslərini inkişaf etdirmək zərurəti meydana çıxmışdı. Bu məsələnin ağırlığı da görkəmli alim və elm təşkilatçısı kimi Ə.Mahmudovun üzərinə düşmüşdü. O, ətrafına rəhbərlik etdiyi İqtisadiyyat İnstitutunda və ölkənin başqa elm müəssisələrində çalışan gənc mütəxəssisləri cəlb etməklə Azərbaycanda aqrar-sənaye kompleksinin müstəqil planlaşdırma obyekti kimi dərindən və hərtərəfli öyrənilməsinə nail olmuşdur.

 Akademik Ə.Mahmudov görkəmli və uzaqgörən alim kimi intensivləşmənin ölkə iqtisadiyyatında getdikcə aktual bir məsələyə çevriləcəyini dərindən dərk edərək bu sahədəki tədqiqatlarını təkcə kənd təsərrüfatı ilə məhdudlaşdırmayıb, bütövlükdə respublika iqtisadiyyatına aid etməyə başlamış və həmin problemlərə dair bir sıra sanballı tədqiqat işləri apararaq onun nəticələrinin dövlət və hökumət orqanları tərəfindən istehsalata tətbiqinə nail olmuşdur. Ə.Mahmudovun yaşadığı dövrün böyük bir hissəsi totalitar dövlət sosializminin islahatlaşması mərhələsinə təsadüf etmişdir. Sosial-iqtisadi ədəbiyyatlara “Kosıgin islahatları” və “80-ci illərin islahatları” kimi daxil olan bu dövrdə konservatizm mövqeyində dayanmaq məqbul hesab oluna bilməzdi. Planlı sosializm cəmiyyətini bazar münasibətilə əlaqələndirmək üçün yeni təsərrüfatçılıq mexanizminin işlənib hazırlanması lazım gələndə (XX əsrin 70- 80-ci illərində) akademik Ə.Mahmudov və onun rəhbərlik etdiyi AMEA İqtisadiyyat İnstitutunun iqtisadçı alimləri təsərrüfat hesabı, planlaşdırma, iqtisadi vasitələr, stimullaşdırmanın gücləndirilməsi, əmək və maliyyə resurslarından, habelə qənaətçillik üsullarından səmərəli istifadə edilməsi və maddi maraq məsələlərini geniş tədqiq edib, onun nəticələrinin dövlət və hökumət orqanları tərəfindən reallaşdırılmasına çox bacarıqla və cəsarətlə nail olmuşdular. Akademik Ə.Mahmudova paralel olaraq, iki mühüm vəzifəni yerinə yetirmək nəsib olmuşdur. O, bir tərəfdən, öz tədqiqat obyekti üzrə elmi araşdırmalarını davam etdirir, digər tərəfdən isə respublikada iqtisad elminin və yüksəkixtisaslı iqtisadçı kadrlar hazırlığının aparıcı elmi müəssisəsi olan Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru kimi mühüm elm mərkəzinə başçılıq edirdi.

  Alimin böyük xidmətlərindən biri də bundan ibarətdir ki, o, elmdə müəyyən müqəddəs ənənələr formalaşdırmışdır. Ə.Mahmudovun rəhbərliyi ilə Akademiyamızın İqtisadiyyat İnstitutunun alimləri tərəfindən çap edilmiş əsərlər tədqiqatın necə aparılması, nə olduğu, problemin qoyuluşu və həllində birinci və ikinci dərəcəli məsələləri necə ayırmaq, iqtisadçı alimin laboratoriyasının, tədqiqat aparmaq üsulunun bütün incəlikləri barədə dərsliyə böyük ehtiyac vardır. Bu gün biz fundamental tədqiqatları iqtisadi publisistikadan təmizləməklə, onu genişləndirməyin vacibliyini duymalıyıq. İndi biz akademik Əhməd Mahmudovun tələbələri və həmkarları olaraq, iqtisad elmini öz təbii, real, obyektiv, olduqca dərin olan məcrasına salmalı, onu hər cür tamahkar, elmdən uzaq, başı bəlalı “alimlərdən” qorumalıyıq. Bu bizim vətəndaşlıq, alimlik və ziyalılıq borcumuzdur və onun bizə verdiyi dərsdir.

  Akademik yüksək ixtisaslı kadrların hazırlanmasına birinci dərəcəli əhəmiyyət verirdi. Onun bilavasitə rəhbərliyi və məsləhətçiliyi ilə onlarca doktorluq və namizədlik dissertasiya müdafiə edilmişdir. Ə.Ə.Mahmudovun uzun müddət rəhbərlik etdiyi İqtisadiyyat İnstitutunun formalaşması və inkişafı sahəsində xidmətləri olduqca böyükdür. Bu institut Ə.Ə.Mahmudovun ona rəhbərlik etdiyi dövrdən etibarən respublikada iqtisadiyyat sahəsində elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, ölkənin iqtisadiyyatyönümlü Elmi-Tədqiqat institutlarının və ali məktəblərinin müvafiq kafedralarının yüksəkixtisaslı iqtisadçı kadrlarla təmin edilməsi sahəsində əsl aparıcı elmi mərkəzə çevrilmişdir.

 Ə.Ə.Mahmudov dünyanın bir çox ölkələrində onlarca beynəlxalq və ümumittifaq simpoziumlarında, elmi yığıncaq və konfranslarda öz məruzə və çıxışları ilə Azərbaycanın iqtisad elmini ləyaqətlə təmsil etmişdir. Onun bilavasitə təşəbbüsü və iştirakı ilə Bakı şəhərində ümumittifaq əhəmiyyətli bir sıra elmi konfrans və sessiyalar keçirilmişdir. Ə.Ə.Mahmudov çoxillik səmərəli elmi fəaliyyətinə görə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fəxri fərmanı ilə, 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində qələbənin 40 illiyi münasibəti ilə “II dərəcəli Vətən müharibəsi” ordeni, “Şərəf nişanı” ordeni, bir sıra hökumət medalları, “Əmək veteranı” medalı və s. ilə təltif edilmişdir.

 Akademik həm də sözün həqiqi mənasında böyük ziyalı idi. Onun ziyalılığı intellektuallığında, mənəvi saflığında, ağsaqqal xarakterində, torpağına, vətəninə, milli adət və ənənələrimizə bağlılığında, insanlara dost və mehriban münasibətində, xeyirxahlığında özünü göstərirdi.

 Akademik Əhməd Əkbər oğlu Mahmudov böyük alim, görkəmli elm təşkilatçısı, əsl insan-vətəndaş və Azərbaycan xalqının müstəqilliyinə, onun rifahına xidmət etmiş bir ziyalı, şəxsiyyət kimi daim onu tanıyanların qəlbində yaşayacaqdır.


Şahbaz Muradov,

AMEA-nın müxbir üzvü, i.e.d., professor

 

“Respublika” qəzeti, 20 may 2015-ci il.