Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi”nə həsr edilmiş dəyərli tədqiqat
- Oxunub 1164 dəfə
Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycanın quruluşu, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif tərəfləri ilə bağlı çoxsaylı kitablar, məqalələr, bədii əsərlər, sənədli oçerklər və sair yazılmasına baxmayaraq, onun inkişaf strategiyasının sosial-iqtisadi və demoqrafik nəticələrini özündə tam şəkildə əks etdirən kompleks xarakter daşıyan tədqiqat əsərləri hələlik kifayət qədər deyildir. Bu baxımdan, tanınmış iqtisadçı alim, AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradovun ulu öndər Heydər Əliyevin əziz xatirəsinə və onun Azərbaycan respublikasının rəhbəri vəzifəsinə birinci dəfə gəlməsinin 50 illiyinə həsr olunmuş və bu yaxınlarda oxuculara təqdim edilmiş “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019-cu illər)” (Bakı, “Avrora” nəşriyyatı, 2019) adlı əsəri xüsusi maraq doğurur və böyük elmi-təcrübəvi əhəmiyyət kəsb edir.
Əsl ziyalılıq və alimlik mövqeyindən çıxış edərək özünün 60 ilə yaxın elmi yaradıcılığının böyük bir hissəsini ulu öndərin inkişaf strategiyasının əsas istiqamətlərinin və onun sosial-iqtisadi və demoqrafik nəticələrinin tədqiqinə və təbliğinə həsr etmiş professor Şahbaz Muradov oxuculara təqdim etdiyi həmin kitabının əvvəlində ilk növbədə Heydər Əliyevin onun həyatında oynadığı roldan və həm də özünün hələ keçmiş SSRİ EA Rəyasət Heyəti nəzdində fəaliyyət göstərmiş “Əhali sakinliyinin sosial-iqtisadi problemləri” Elmi Şurasının üzvü olarkən bu xətlə SSRİ-nin müxtəlif ərazilərində - istər Moskvada, Leninqradda, Kiyev, Minskdə, Aşqabadda, Daşkənddə, Riqada, doğma Bakımızın və respublikamızın müxtəlif regionlarında keçirilmiş onlarca simpozium, konqres, konfrans və seminarlarda ulu öndərin iqtisadi və sosial siyasətinin mahiyyəti və onun şəxsi keyfiyyətlərinin ictimaiyyətə çatdırılması sahəsindəki xidmətlərindən, habelə keçən əsrin 80-ci illərində ulu öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov. İKP MK-nın Siyasi Bürosunun üzvü vəzifələrində çalışdığı vaxtlarda erməni mafıyasından və onların dəyirmanına su tökən bəzi üzdəniraq milli satqınlar tərəfindən onun əleyhinə yazılıb Moskvaya göndərilən çoxsaylı anonim məktublarda, Moskva və Bakıda çap edilən bəzi qəzetlərdə yer almış böhtan və yalanlara qarşı apardığı mübarizəsindən və qarayaxmaları necə ifşa etməsindən bəhs edir və bununla da təqdim edilən kitabın yazılmasında mənəvi haqqı olduğunu oxucularının diqqətinə çatdırmış olur. Bunu elə ulu öndərin özünün professor Şahbaz Muradov haqqında 24 avqust 1995-ci ildə professorun da üzvü olduğu Azərbaycar Respublikasının Ali Sovetinə seçkilər üzrə Mərkəzi Seçki Komissiyasının üzvləri ilə görüşündə dediyi aşağıdakı fikirləri də təsdiq edir. “1988-ci ildə Əbdürrəhman Vəzirov Azərbaycana rəhbərliyə gəldikdən sonra gəlib burada mənim fəaliyyətimə qara yaxmağa başladığı vaxt Moskvada nəşr olunan “Voprosı gkonomiki” adlı çox nüfuzlu jurnalın 6-cı nömrəsində Şahbaz Muradovun məqaləsi çap edilmiş və o, həmin məqalədə mənim respublikadakı fəaliyyətim haqqında çox müsbət fikirlər yazmışdır. Görünür ki, ədalətli adamlar da var imiş”. Təqdirəlayiq haldır ki, müəllif həmin məqaləni təqdim edilən bu kitabın 67-93 səhifələrində yenidən çap etdirərək oxucuların diqqətinə çatdırmışdır. Sonra Şahbaz Muradov həmin əsərində dahi şəxsiyyət Heydər Əliyevin tükənməz və əvəzsiz xidmətləri, reallıqları əks etdirən zəngin rəsmi statistik məlumatların toplanması və təhlil edilib ümumiləşdirilməsi əsasında son 50 il ərzində ölkə iqtisadiyyatında və onun mühüm sahələrinin inkişafında, o cümlədən əhalinin təkrar istehsalı, miqrasiya prosesləri, yaş-cins tərkibi, etno-demoqrafık quruluşu, ömür uzunluğu, sağlamlığı, demoqrafik inkişaf göstəriciləri, məşğulluq və işsizlik səviyyəsi, elm və təhsilin inkişafı və əhalinin yaşayış səviyyəsi və həyat keyfiyyətində baş vermiş köklü inqilabi dəyişikliklərdə ulu öndər Heydər Əliyevin inkişaf strategiyası və siyasi kursunun və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən yeganə doğru və müstəqil siyasətin rol və əhəmiyyəti kompleks halında tədqiq edilib aşkara çıxarılaraq elmi ictimaiyyətin, dövlət və hakimiyyət orqanlarında çalışanların və geniş oxucu kütləsinin diqqətinə çatdırmışdır. Professor qeyd edir ki, ulu öndərin Azərbaycana rəhbərliyə gəldiyi hər iki dövr ölkənin ən ağır və böhranlı vəziyyət keçirdiyi illərə təsadüf etmişdir. Onun Azərbaycana rəhbərliyə gəldiyi birinci dövr (1969-1982-ci illər) respublika iqtisadiyyatının bərpası və dinamik inkişafı dövrü, ikinci dövr (1993-2003-cü illər) isə Azərbaycanın “ölüm, ya olum” dilemmasından xilas edilməsi və onun qurtuluşu kimi tarixin yaddaşına həkk olunmuşdur. Ulu öndər Heydər Əliyev hər iki dövrdə Azərbaycan xalqının və dövlətinin maraqlarını, mənafelərini müdafiə və təmin edən ən düzgün siyasi qərarlar qəbul edib həyata keçirməklə ölkəni duşdüyü ağır vəziyyətdən çıxara bilmişdir. Müəllif xüsusi olaraq qeyd edir ki: “Müstəqil Azərbaycan dövlətinin memarı, yeni Azərbaycanın qurucusu olan və xalqından heç nəyi əsirgəməyən bu böyük insan sözün əsl mənasında ömrünü öz xalqının yolunda şam kimi əritdi, demək olar ki, şəhid oldu”. Müəllif kitabda xalqımızın arzusunu reallığa çevirmiş ulu öndərin Azərbaycana rəhbərlik etdiyi iki dövrün təsnifatını verərək qeyd edir ki, onun Azərbaycana bilavasitə rəhbərlik etdiyi 23 ilin 13 ili (1969-1982-ci illər) Sovet hakimiyyəti zamanın, 10 ili (1993-2003-cü illər) isə Azərbaycanın müstəqillik illərinin payına düşür. Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərlik etməyə başladığı vaxtdan keçən 50 ilin 16 ili isə (2003-2019-cu illər) cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdür. Ümumiyyətlə, götürüldükdə isə bu 50 illik dövrün 22 ili (1969-1991-ci illər) Sovet hakimiyyəti illərinin, 28 ili isə müstəqillik illərinə aiddir. Ümummilli liderin respublikamıza rəhbərlik etdiyi hər iki dövr Azərbaycanda inkişafın yeni mərhələləri - bərpa və dinamik inkişaf mərhələləri; cənab İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövr isə ölkə inkişafının keyfiyyətcə yeni mərhələsi kimi tarixə düşmüşdür. Beləliklə, Azərbaycanın müasir tarixi, dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı, dünyanın ən islahatçı prezidenti İlham Əliyevin adları və fəaliyyətləri ilə bağlıdır.
Kitabda diqqətiçəkən ən mühüm məsələlərdən biri də onun araşdırmanın kompleks xarakter daşıması və ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının nəinki sosial-iqtisadi və həm də sosial-demoqrafik nəticələrinin dərindən tədqiq edilib öyrənilməsindən ibarətdir. Bundan başqa, həmçinin müxtəlif illərdə rəsmi dövlət qəzetlərində və müstəqil mətbuat orqanlarında, eyni zamanda, ulu öndərə həsr edilmiş kitablarda “Heydər Əliyevin iqtisadi siyasəti qalib gəlir: İqtisadi yüksəlişin zirvəsinə doğru inamlı addımlar” (1998-ci il); “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində: əsas dəyişikliklər, inkişaf meylləri və problemlər” (2000-ci il); “Müstəqilliyimizin və milli mənəviyyatımızın qarantı” (2001-ci il); “Müstəqillik illərində iqtisadiyyatın inkişaf etdirilməsi Azərbaycanın postsovet məkanında öncüllər sırasına çıxması ilə nəticələnmişdir” (2001-ci il); “Heydər Əliyev təcrübəsinə söykənən iqtisadiyyat” (2001-ci il); “Elmi həqiqətin təntənəsi” (2002-ci il); “Azərbaycan Elmlər Akademiyasının inkişafında Heydər Əliyev mərhələsi” (2003-cü il); “Heydər Əliyev dövlət müstəqilliyimizin və iqtisadi yüksəlişimizin memarıdır” (2003-cü il); “Heydər Əliyev Azərbaycan elminin hamisi və böyük mütəfəkkiri idi” (2004-cü il); “Heydər Əliyevin elmi həqiqətlərə söykənən iqtisadi inkişaf strategiyasının təntənəsi” (2006-cı il); “Heydər Əliyevin inkişaf strategiyası bu gün də uğurla həyata keçirilməkdədir” (2009-cu il); “Heydər Əliyevin ideyalarına söykənən demoqrafiya siyasəti və demoqrafik proseslərin nizamlanması istiqamətləri” (2011-ci il); “Demoqrafik proseslər və məşğulluq problemlərinin həlli” (2016-cı il); “Heydər Əliyev müstəqilliyimizin və Azərbaycan xalqının əbədiyaşar lideridir” (2018-ci il) və digər müxtəlif adda məqalələr də özünə yer tapmışdır. Kitabda iftixar hissi ilə o da qeyd olunur ki, ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi birinci dövrdə (1969-1982-ci illər) Azərbaycan Respublikası ardıcıl olaraq 13 il Sovet dövlətinin ən yüksək mükafatı sayılan - SSRİ-nin Keçici Qırmızı bayraqları ilə təltif olunmuş; 1 milyon 95 min nəfərdən çox vətəndaşımız keçmiş SSRİ-nin müxtəlif orden və medalları ilə, o cümlədən 1007 nəfəri “Lenin” ordeni, 10 min 130 nəfəri “Qırmızı Əmək Bayrağı”, 1422 nəfəri “Oktyabr İnqilabı”, 1153 nəfəri Xalqlar Dostluğu Ordeni ilə təltif edilmiş; 108 nəfəri, onlardan bir neçəsi, o cümlədən Heydər Əliyev isə ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş; SSRİ-nin 50-dən artıq böyük şəhərlərinin, o cümlədən Moskva, Leninqrad, Kiyev və digər şəhərlərin 170-dən artıq ən qabaqcıl ali məktəblərində 244-ə yaxın ixtisas üzrə 18 min nəfər azərbaycanlı gənc təhsili almışdır. Bu siyasət ulu öndərin layiqli davamçısı İlham Əliyev tərəfindən indi də uğurla davam etdirilir.
Professor Şahbaz Muradov kitabda ulu öndərlə bağlı xatirələrini də qələmə alaraq yazır ki, bu böyük şəxsiyyətlə dəfələrlə ünsiyyətdə olmuş və ondan öz ünvanına xoş sözlər eşitmişdir. Müəllif vurğulayır ki, bu dahi şəxsiyyətlə dəfələrlə ünsiyyətdə olması və ondan xoş sözlər eşitməsi onun həyatının ən yaddaqalan anlarıdır. Kitabla yaxından tanış olduqda o da aydın olur ki, alimin həm Azərbaycanda və həm də müxtəlif xarici ölkələrin mətbuat orqanlarında çap edilmiş 500-dən artıq monoqrafiya, kitab və məqalələrində ulu öndərin şəxsiyyəti, apardığı yeganə doğru siyasət və quruculuq işləri yetərincə öz əksini tapmış və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmışdır.
Bir sözlə, AMEA-nm müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, “Şöhrət” ordenli Şahbaz Muradovun bu ilin ortalarında çap edilərək geniş oxucu kütləsinə təqdim edilmiş “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019-cu illər)” adlı bu kitabı ümummilli liderimizin zəngin irsinin öyrənilməsində gənc nəsil üçün xüsusi əhəmiyyət kəsb edən əyani vəsait kimi də çox əhəmiyyətlidir.
Ataş CƏBRAYILOV,
“Respublika” qəzeti 7 dekabr 2019-cu il