Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Azərbaycanlılara qarşı soyqırımı və deportasiya

  • Oxunub 1500 dəfə

Azərbaycan Respublikası dünyada ən qədim yaşayış məskənlərindən biri olmaqla yanaşı, həm də etno-demoqrafik inkişaf xüsusiyyətləri və tolerantlılıq ənənələri ilə şöhrət tapmışdır. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Biz Azərbaycan deyəndə, onun sərvətini, ... gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ... başlıca sərvəti qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər çox zəngin olar... Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar vahid ailə kimi yaşayırlar. Bu bizim ən böyük sərvətimizdir və xalqımızın gündəlik həyatıdır. ...Biz fəxr edirik ki, Azərbaycanda müxtəlif millətlərdən olan insanlar arasında qarşılıqlı anlaşma mövcuddur. Başqa dövlətlər də Azərbaycanın təcrübəsindən faydalana bilərlər”. Təsadüfi deyildir ki, 1926-cı ildə ilk dəfə SSRİ-də keçirilmiş Əhalinin Ümumi siyahıyaalınması məlumatlarına əsasən, Azərbaycan Respublikasında yaşayan müxtəlif millətlərin, xalqların və etnosların sayı 95-i ötüb keçdiyi halda, Gürcüstanda onların sayı 76, Ermənistanda isə cəmi 46 olmuşdur. Bu vəziyyət Gürcüstan və Ermənistana nisbətən uzun illərdən bəri Azərbaycanda formalaşıb inkişaf etmiş beynəlmiləlçilik və tolerantlıq ənənələri nəticəsində milliyyətindən və dini əqidəsindən asılı olmayaraq başqa ölkələrdən və ərazilərdən gələnlər üçün əlverişli həyat şəraitinin yaradılması ilə bağlı olmuşdur. Lakin bütün bunlara baxmayaraq, vaxtilə sığınacaq verdiyimiz, çörəyimizi yeyib, suyumuzu içən erməni qəsbkarları torpaqlarımızın zəbt edilməsi hesabına “böyük Ermənistan” yaratmaq kimi sərsəm xülyaya düşərək və “Yersiz gəldi, yerli qaç” prinsipini əsas götürərək öz havadarlarının köməkliyi ilə son iki əsr ərzində ardıcıl surətdə həyata keçirdikləri deportasiya-köçürmə əməliyyatları və soyqırımı nəticəsində azərbaycanlıların əzəli torpaqları olan indiki Ermənistan ərazisindən 1,5 milyon nəfərdən çox soydaşlarımızın zorla qovulub çıxarılmalarına və qətlə yetirilmələrinə nail olmuş, XX əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində isə Azərbaycan Respublikasının ərazisində 1,0 milyon nəfərdən çox azərbaycanlıları öz doğma torpaqlarında məcburi köçkün və qaçqın həyatı yaşamağa məruz qoymuşlar. Bunun nəticəsidir ki, XIX əsrin əvvəllərində əhalisinin 85 faizi, XX əsrin əvvəllərində isə 39-40 faizindən çoxunun azərbaycanlılardan ibarət olduğu indiki Ermənistan Respublikasında bir nəfər də olsun azərbaycanlı yaşamır. Tarixi faktlar sübut edir ki, indiki Ermənistan ərazisində yaşayan ermənilərin çoxu yerli əhali deyil, sonradan buraya gələnlər olmuşlar. N.İ.Şavrovun 1911-ci ildə S.Peterburq şəhərində nəşr olunmuş “Novaə uqroza russkomu delu Zakavkazğe” (“Zaqafqaziyada rus işinə yeni təhlükə”) adlı kitabında göstərilir ki, “1826-1828-ci illərin müharibəsindən sonra 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran ermənisi, 84600 Türkiyə ermənisi köçürülmüş və onlar erməni millətinin cüzi olduğu Yelizavetpolun və İrəvan quberniyasının ən münbit və məhsuldar torpaqlarında yerləşdirilmişlər. İndiki Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfərin 1 milyonu diyarın yerli əhalisi deyil, gəlmələrdir” (Bax: N.İ.Şavrov. Novaə uqroza russkomu delu Zakavkazğe. S.Peterburq. 1911, s. 59-61).
Z.Kopkodyanın yazdığına görə isə indiki Ermənistan ərazisində əvvəllər mövcud olmuş İrəvan quberniyasının Zəngəzur və Qazax-Dilican qəzalarında, Tiflis quberniyasının Lori-Pəmbək (Borçalı mahalı) qəzasında 2310 yaşayış məntəqəsindən 2000-i azərbaycanlılara mənsub olmuşdur. (Bax: Z.Korkodyan. Sovet Ermənistanın əhalisi 1831-1931. İrəvan, 1932. s. 162, erməni dilində).
1897-ci ildə Rusiya İmperiyasında keçirilmiş Əhalinin Birinci Ümumi siyahıyaalınması məlumatlarına əsasən İrəvan quberniyasında 829,5 min nəfər əhalinin 313,2 min nəfəri və ya 37,7 faizi, İrəvan qəzasında 150,9 min nəfər əhalinin 77,5 min nəfəri və ya 51,4 faizi, İrəvan şəhərində 29,0 min nəfər əhalinin 12,3 min nəfəri və ya 42,4 faizi, Naxçıvan qəzasında 100,8 min nəfər əhalinin 64,1 min nəfəri və ya 63,6 faizi, Naxçıvan şəhərində 8,8 min nəfər əhalinin 6,2 min nəfəri və ya 70,4 faizi, Şərur-Dərələyəz qəzasında 76,5 min nəfər əhalinin 51,6 min nəfəri və ya 64,4 faizi, Eçmiədzin qəzasında 124,2 min nəfər əhalinin 36,0 min nəfəri və ya 28,9 faizi və s. azərbaycanlılar olmuşlar. Göründüyü kimi, qeyd edilən dövrdə İrəvan quberniyasında əhalinin 53,2 faizi, o cümlədən İrəvan qəzasında 38,5 faizi, İrəvan şəhərində 43,1 faizi, Naxçıvan qəzasında 34,4 faizi, Aleksandrapol qəzasında 85,7 faizi, Novobayazid qəzasında 63,7 faizi, Eçmiədzin qəzasında isə 62,5 faizi ermənilər olmuşlar. Bu ərazilərdə ermənilərin nisbətən belə yüksək xüsusi çəkiyə malik olmasının əsl səbəbi isə vaxtilə İranla Rusiya arasında bağlanmış Türkmənçay və Türkiyə ilə Rusiya arasında bağlanmış Andreanpol sülh müqavilələrindən sonra həmin ərazilərə İrandan və Türkiyədən çoxlu sayda ermənilərin köçürülməsi olmuşdur.
1877-1879-cu illərdəki Türkiyə-Rusiya müharibəsi vaxtı isə Türkiyədən Zaqafqaziyaya 85 min, 1894-cü ildə 90 min, 1897-ci ildə isə 10 min nəfər erməni köçürülmüşdür. Tarixi mənbələrə əsasən 1908-ci ilədək ruslar tərəfindən xarici ölkələrdən Zaqafqaziyaya köçürülmüş 1 milyon nəfərdən çox erməninin əksəriyyəti qədim Azərbaycan torpaqları olan Yelizavetpol quberniyasının Şuşa, Zəngəzur, Cavanşir, Cəbrayıl uezdlərində və İrəvan quberniyasında məskunlaşdırılmışlar. 1820-1920-ci illəri əhatə edən 100 il ərzində isə rus imperiyasının ərazisinə 600 min nəfər erməni köçürüldüyü halda, Rusiyadan 2 milyon nəfərədək müsəlman çıxıb getmişdir. (Bax: İ.Məmmədov, S.Əsədov. Ermənistan azərbaycanlıları və onların acı taleyi. Bakı. 1992, s. 23-24). 1918-1920-ci illərdəki soyqırımı dövründə Ermənistanın indiki ərazisində yaşamış 575 min nəfər azərbaycanlının 565 min nəfəri və ya 98,3 faizi qırılmış və qovulmuşlar.
Z.Korkodyanın yazdığına görə, 1920-ci ildə Ermənistanda daşnaklardan sonra 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdı. Ancaq 1922-ci ildə 60 min nəfər qaçqın geri qayıtdıqdan sonra azərbaycanlıların sayı burada 72596 nəfər təşkil etmişdir. (Bax: Z.Korkodən. “Naselenie sovetskoy Armenii. 1831-1931”. s. 184-185; İstoriçeskaə qeoqrafiə zapadnoqo Azerbaydjana). Ermənistanda yaşayan azərbaycanlıların sayı 1922-ci ildən sonra tədricən artaraq 1926-cı ildə 84,0 min nəfərə, 1939-cu ildə isə 139,9 min nəfərə çatmışdır. (Bax: Naselenie SSSR. M., 1977, s. 278.) Lakin 1948-1953-cü illərdə 100 min nəfərdən çox azərbaycanlı Ermənistandakı ata-baba torpaqlarından zorla köçürülmüş və köçürülməyə məcbur edilmişdir ki, bunun da nəticəsində həmin ərazidə yaşayan azərbaycanlıların sayı yenidən azalaraq 1959-cu ildə 107,7 min nəfərə düşmüş, sonrakı iyirmi il ərzində isə onların sayı bir qədər artaraq 1970-ci ildə 148,2 min, 1979-cu ildə isə 160,8 min nəfər təşkil etmişdir. Ancaq bu Ermənistanın ərazisində azərbaycanlıların sonuncu artımı oldu. Halbuki, nə qədər təəccüblü olsa da, azərbaycanlıların Ermənistandan qovulduğu bütün dövrlərdə Azərbaycanda yaşayan ermənilərin sayı azalmamış, əksinə daha da artmışdır. Belə ki, 1939-1959-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıların sayı 32,2 min nəfər və ya 23,0 faiz azalaraq 139,9 min nəfərdən 107,7 min nəfərə düşdüyü halda, Azərbaycanda yaşayan ermənilərin sayı 54,1 min nəfər və ya 13,9 faiz çoxalaraq 388,0 min nəfərdən 442,1 min nəfərə çatmışdır. (Bax: Naselenie Azerbaydjanskoy Respubliki. Stat. Sbornik. Baku, 1991. s. 39).
1926-1979-cu illər ərzində isə Ermənistanda yaşayan azərbaycanlıların sayı 76,8 min nəfər artaraq 84 min nəfərdən 160,8 min nəfərə, Azərbaycanda yaşayan ermənilərin sayı isə bundan 2,5 dəfə çox artaraq 282 min nəfərdən 475,2 min nəfərə çatmışdır. Başqa sözlə desək, müqayisə edilən bütün illər ərzində Azərbaycanda yaşayan ermənilərin sayı Ermənistanda yaşayan azərbaycanlıların sayından 2,9-4,1 dəfə çox olmuşdur. 1959-1979-cu illər ərzində Ermənistanın paytaxtı İrəvan şəhərində isə azərbaycanlıların sayı 2,1 dəfə azalaraq 4968 nəfərdən 2352 nəfərə düşdüyü halda, Azərbaycanın paytaxtı Bakı şəhərində yaşayan ermənilərin sayı 2,8 dəfə artaraq 76,6 min nəfərdən 215,8 min nəfərə çatmışdır.
1897-ci ildə İrəvan şəhərinin əhalisinin 42,4 faizi azərbaycanlı olduğu halda, bu göstərici ilbəil azalaraq 1926-cı ildə 7,7, 1959-cu ildə 0,7, 1970-ci ildə 0,4, 1979-cu ildə isə cəmi 0,2% təşkil etmişdir. Halbuki, Bakı şəhərində yaşayan ermənilərin xüsusi çəkisi 1926-cı ildə 16,9, 1959-cu ildə 17,2, 1970-ci ildə 16,4, 1979-cu ildə isə 14,1 faiz təşkil etmişdir. 1999-cu ildə Azərbaycan Respublikasında keçirilmiş Əhalinin siyahıyaalınması məlumatlarına əsasən, Azərbaycanın ərazisində yaşayan ermənilərin sayı 120,7 min nəfər təşkil etdiyi halda, Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamamışdır. (Bax: Şahbaz Muradov. İnsan potensialı: əsas meyillər, reallıqlar, problemlər. Bakı, “Elm” 2004, səh. 61-62; Azərbaycan Respublikası əhalisinin siyahıya alınması 1999. səh. 155; Azərbaycan regionları. Bakı, 2002. səh. 23).
Bütün bunlar təsadüfi olmayıb, bir tərəfdən erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı yeritdiyi təcavüzkar siyasətin nəticəsində baş vermişdirsə, digər tərəfdən həmin dövrlərdə Azərbaycana rəhbərlik etmiş bəzi adamların təslimçilik mövqe tutmaları, keçmiş SSRİ-nin başqa ərazilərindən, xüsusilə də Ermənistandan fərqli olaraq Azərbaycanda yaşayan başqa millətlərdən, xalqlardan və etnik qruplardan olan əhali üçün daha münasib və əlverişli həyat şəraiti yaradılması ilə bağlı olmuşdur. Təsadüfi deyildir ki, 1918-ci ilin may ayında əzəli Azərbaycan torpaqları olan İrəvan quberniyası ərazisində Ermənistan dövləti yaradılan zaman onun paytaxtı üçün müvafiq şəhər tapılmadığı çətin bir vaxtda Azərbaycan hökuməti milli münaqişələrə son qoyulması məqsədilə mayın 29-da İrəvan şəhərini özlərinə paytaxt elan etmələri üçün ermənilərə güzəştə getdiyini bəyan etmişdir.
Bu tarixi həqiqəti açıqlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq demişdir: “... indiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında formalaşmışdır. İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri 1918-ci ildə Ermənistana hədiyyə edibdir. Yumşaq desək, o da böyük bir səhv idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda İrəvan şəhərini Ermənistana bağışlamışdır. İrəvan Xanlığı Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, ermənilər bu bölgəyə qonaq kimi gəlmişdilər”. Burada onu da qeyd etmək lazımdır ki, XX əsrdə Azərbaycanın 5 dəfə üzləşdiyi demoqrafik çətinliklərin də 1941-1945-ci illərin müharibəsi istisna edilməklə dördü məhz erməni qəsbkarları və onların havadarları tərəfindən törədilmiş soyqırımı, köçürmə, işğalçılıq siyasəti və iyrənc erməni xisləti ilə əlaqədar olmuşdur.
Birincisi, 1905-1907-ci illər. Bu dövrdə Çar Rusiyasının hakim dairələrindən hərtərəfli yardım alan erməni quldur dəstələri İrəvanda, Zəngəzurda, Göyçədə, Naxçıvanda, Qarabağda, Gəncədə, Şirvanda, Bakıda və başqa ərazilərdə dinc azərbaycanlılara və digər müsəlman təriqətli xalqlara (türklər, kürdlər, tatlar, ləzgilər və s.) amansızcasına divan tutmuş, şəhər və kəndlər yandırılmış, uşaqlar, qadınlar, qocalar tarixdə görünməyən qəddarlıq və vəhşiliklə öldürülmüşlər. Şübhəsiz ki, bu hadisələr Azərbaycanın inkişafına mənfi təsir göstərmiş və onun demoqrafik vəziyyətinə də zərbə vurmuşdur. (Bax: Şahbaz Muradov. Göstərilən kitabı. səh. 72).
İkincisi: 1913-1920-ci illər. Birinci Dünya müharibəsi (1914-1918), xarici müdaxilə, ermənilər tərəfindən azərbaycanlıların soyqırımına məruz qalması və s. nəticəsində Azərbaycanın əhalisi bu dövrdə 387 min nəfər və ya 16,6 faiz azalaraq 2339,2 min nəfərdən 1952,2 min nəfərə düşmüşdü.

 Azərbaycan xalqına qarşı soyqırım cinayətləri 1918-ci ildə daha mütəşəkkil və böyük qəddarlıqla həyata keçirilmişdir. 1918-ci ilin təkcə mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda erməni-bolşevik silahlı dəstələri 50 min nəfərdən çox azərbaycanlını qətlə yetirmiş, on millərlə insanı yerindən-yurdundan didərgin salmışlar. Mart ayının üç günü ərzində Bakı şəhərində 30 mindən artıq azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmişlər. Bakı qırğınının ardınca Şamaxı qəzasının 58 kəndi dağıdıllmış, 7 minədək adam, o cümlədən, 1653 qadın, 965 uşaq qılıncdan keçirilmiş və güllələnmiş, Quba qəzasının 122 kəndi yerlə-yeksan edilmişdir. Şərur-Dərələyəz, Naxçıvan bölgəsində, Qarabağın dağlıq hissəsində, Zəngəzur qəzasında yüzlərlə azərbaycanlı kəndi yandırılmış, əhaliyə cinsinə və yaşına fərq qoyulmadan qəddarcasına divan tutulmuşdur. İrəvan quberniyasında azərbaycanlılara məxsus 211, Qars vilayətində 92 kənd dağıdılmış, yandırılmış və talan edilmişdir. Erməni terrorçu dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə “türksüz Ermənistan” siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 5,3 dəfə azalaraq 1916 ildəki 375 min nəfərdən 1922 ildə 70 min nəfərə düşmüşdür. (Bax: Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı. “Azərbaycan” qəzeti, 31 mart 2001-ci il, №71).

 Üçüncüsü: 1948-1953-cü illər. Bu dövrdə SSRİ Nazirlər Soveti İ.Stalinin imzası ilə xaricdə yaşayan erməniləri Ermənistanda yerləşdirmək məqsədilə azərbaycanlıların Ermənistandan köçürülməsi haqqında iki qərar qəbul etmişdir: Birincisi, 1947-ci il 23 dekabr 4083 saylı “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar idi. Bu qərarın 1-ci maddəsində deyilirdi ki, “1948-1950-ci illərdə Ermənistan SSR-dən könüllük əsasında Azərbaycan SSR-nin Kür-Araz ovalığına 100 min kolxozçu və başqa azərbaycanlı köçürülsün, onlardan 10 min adam – 1948-ci ildə, 40 min adam – 1949-cu ildə, 50 min adam – 1950-ci ildə”. İkincisi, 1948-ci il 10 mart tarixli 754 saylı “Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında” qərar idi. Yuxarıda adı çəkilən birinci qərarda “Könüllülük” ifadəsinin işlədilməsinin xüsusi məqsəd daşıdığını və həmin qərarın əsil mahiyyətini (repressiya xarakteri daşımasını) ört-basdır etməkdən ibarət olduğunu ikinci qərarın axırıncı 11-ci maddəsinin məzmunundan daha aydın görmək olar. Orada deyilir ki: “Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalisinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikintilərdən və yaşayış evlərindən xaricdən Ermənistana gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər”. (Bax: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, s. 86-99).

 Həmin qərarların həyata keçirilməsi nəticəsində 1948-1953-cü illərdə “Könüllülük” prinsipi prosesi altında Ermənistan SSR-dən 100 min nəfərdən çox azərbaycanlı öz dədə-baba yurdlarından kütləvi surətdə zorakılıqla köçürülmüş və ya köçməyə məcbur edilmişlər və onların heç birinin Dağlıq Qarabağda məskunlaşmasına icazə verilməmişdir.

 İ.V.Stalinin vəfatından sonra köçürülmə dayandırılmış və bu zaman əks proses başlanmışdır. Ermənistanın dağ rayonlarından Azərbaycanın Kür-Araz vadisinə köçürülən on minlərlə əhalinin aqibəti daha kədərli olmuşdur. İqlimə uyğunlaşa bilmədikləri üçün, adi məişət şəraiti olmadığından onların 13 -i aclıq və xəstəliklər nəticəsində həlak olmuş, salamat qalanların isə 40-45 faizi bütün çətinliklərə və təzyiqlərə məruz qalmalarına baxmayaraq, öz doğma yurdlarına qayıtmışlar. Tarixi faktlar sübut edir ki, Ermənistandan azərbaycanlıların köçürülməsində məqsəd heç də xaricdən gələn erməniləri yerləşdirmək deyil, əslində azərbaycanlıların Ermənistandan təmizlənməsi idi. Təsadüfü deyildir ki, Ermənistanda əvvəllər azərbaycanlıların yaşadığı yüzlərlə kənd xarabalığa çevrilmişdir. Ermənistan KP MK-nın 1975-ci il yanvar Plenumunda deyilmişdir ki, həmin kəndlərin 476-dan çoxu istifadəsiz qalmışdır. Erməni millətçilərinin özləri də 90-cı illərdə etiraf etmişlər ki, azərbaycanlıların köçürülməsi ilə əlaqədar boşaldılan ərazilərdən və mənzil fondundan xaricdən gələn ermənilərin yerləşdirilməsi üçün istifadə edilməmişdir. (Bax: Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi. Bakı, 2007. s. 86-99).

 Onu da qeyd etmək lazımdır ki, adi hüquq normalarına zidd olan yuxarıda adları çəkilən qərarların icrası zamanı totalitar-avtoritar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən, qocalar və körpələr ağır köçürülmə şəraitində kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin mövqeyindəki qətiyyətsizlik də az rol oynamamışdır. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktının ötən 50 il ərzində araşdırılması, ona hüquqi-siyasi qiymət verilməsi də obyektiv səbəblər üzündən mümkün olmamışdır. Yalnız 18 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tarixi ədaləti bərpa edərək 1948-53-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyat keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisində tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalamışdır.

 Şimali Azərbaycan torpaqlarının Rusiyaya ilhaqından sonra Qərbi Azərbaycan ərazisində “erməni vilayəti”nin təşkili, buraya İran və Türkiyə ermənilərinin kütləvi şəkildə köçürülmələri ilə azərbaycanlıların öz tarixi-etnik torpaqlarından kütləvi deportasiyasının əsası qoyuldu. Rusiya tərəfindən himayə edilən ermənilərin Azərbaycan torpaqları hesabına öz həyati mövqelərini genişləndirmək siyasəti müxtəlif dövrlərdə bir sıra üsullarla həyata keçirilmişdir. Bu üsullardan ən geniş yayılanı soyqırımı yolu ilə həyata keçirilən deportasiyalar olmuşdur.

 Hələ XIX əsrin əvvəllərindən etibarən ermənilərin güclü dövlətlərin dəstəyindən istifadə edərək tətbiq etdiyi soyqırımı xalqımıza və ümumiyyətlə, tarixdə insanlığa qarşı törədilmiş vəhşi cinayətlərdən biri kimi qalmaqdadır.

 Məsələnin aktuallığı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanında öz əksini tapmışdır. Fərmanda deyilir: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

 SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya

 qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin də öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır. Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi siyasi qiymət verilməmişdir” .

 Beləliklə, hələ iki əsr bundan əvvəl başlanılmış deportasiya siyasəti sovet dövründə də ardıcıllıqla davam etdirilmişdir. Akademik B.Budaqov obyektiv mənbələr əsasında azərbaycanlıların Qərbi Azərbaycan ərazisindən (indiki Ermənistan Respublikası) kütləvi deportasiyaları 6 əsas mərhələ ayırmış və hər bir mərhələnin səciyyəvi xüsusiyyətlərini xarakterizə etmişdir .

 Əgər XIX əsrdə Qərbi Azərbaycanda azərbaycanlılara qarşı tətbiq edilən deportasiyalar erməni icmalarının kütləvi şəkildə Qərbi Azərbaycan torpaqlarında yerləşdirilməsi və məskunlaşdırılması zəminində baş verirdisə, XX əsrdə həmin deportasiyalar ermənilərin ekspansionist siyasətinin təzahürü idi.

 Hadisələrin təhlili göstərir ki, deportasiyalararası dövrlərdə də azərbaycanlılar tarixi-etnik torpaqlarından kütləvi məcburi miqrasiyalara məruz qalmışdır. Xüsusilə XX əsrin 30-cu illərində Ermənistan SSR-i əksinqilabçı və antisovet ünsürlərdən təmizləmək pərdəsi altında Vedibasar, Zəngibasar, Qəmərli, Üçkilsə, Qurdqulu, Ağbaba rayonlarının Türkiyə ilə həmsərhəd kəndlərində yaşayan azərbaycanlılar kütləvi surətdə repressiyalara uğradılmış, Qazaxıstan çöllərinə və Sibirə sürgün edilmişlər. Ümumiyyətlə, XX əsrin 30-cu illərində 100 min nəfərdən çox Qərbi azərbaycanlı repressiya edilmişdir . Bu proses 1960-1980-ci illər arasındakı dövrdə də davam etdirilmiş və iqtisadi-sosial, psixoloji, fiziki təqiblər vasitəsilə 60000 nəfərədək azərbaycanlı Qərbi Azərbaycandan (indiki Ermənistan Respublikası) köçməyə məcbur edilmişdir .

 Araşdırmalar göstərir ki, istər çarizm, istərsə də sovet dövründə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyaları və köçürülmələrinin səbəbləri, problemləri, proseslərin həyata keçirilmə metodları, üsulları da eyni olmuşdur. Hətta çarizm dövründən fərqli olaraq, sovet dövrü deportasiyaları qəti imperativ xarakteri ilə seçilmişdir. Bu baxımdan azərbaycanlıların Ermənistan SSR-dən sovet dövründə (1948-1956-cı illərdə) kütləvi deportasiya edilməsinin coğrafi təhlili xüsusi əhəmiyyət kəsb edir.

 Qeyd etməliyik ki, 1948-1956-cı illərdə Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına (xüsusilə, Mil-Muğan zonasına) deportasiyasının iqtisadi coğrafi problemlərinin tədqiqi 60-cı illərin ikinci yarısında professor N.A.Babaxanovun elmi əsərlərində öz əksinin tapmışdır. N.A.Babaxanov sovet dövründə fərqli təbii-iqtisadi ərazilər arasında aparılmış bu köçürülmənin qeyri-elmiliyi, səmərəsizliyi və uğursuzluğu nəticəsinə gəlmişdir .

 1948-1956-cı illərdə azərbaycanlıların Ermənistan SSR-dən deportasiya edilməsinin səbəbləri və parametrləri, deportasiya olunanların Azərbaycan SSR-də məhz Kür-Araz ovalığında yerləşdirilməsi faktları təsadüfi hadisələr deyil, erməni ekspansionizminin konkret mahiyyət təzahürləri idi. Mənbələr sübut edir ki, 1946-cı ilin əvvəllərində İran, İraq, Suriya, Livan, Fələstin, Misir, Yunanıstan, Bolqarıstan, Rumıniya, Fransa və ABŞ-da yaşayan 130 min erməni Ermənistan SSR-ə köçmək üçün müraciət etmişdir. 1946-cı ilin sonlarınadək onlardan 50,9 min, 1947-ci ildə 34,5 min, 1948-ci ildə 10 min nəfəri qəbul edilmişlər . Həmin xarici erməniləri yerləşdirmək bəhanəsindən istifadə edərək Moskvadan dəstək alan erməni liderləri bu ermənilərə müvafiq sayda yerli azərbaycanlıları Ermənistan SSR-dən deportasiya etməyi qarşılarına məqsəd qoydular. Erməni liderləri öz cinayətkar aksiyalarını pərdələmək üçün azərbaycanlıların deportasiyasının zəruriliyini siyasi motivlərdən kənar arqumentlərlə əsaslandırmağa başladılar. Bu işdə iqtisadi təsərrüfat mülahizələri məsələdə “çıxış yolu” rolunu oynadı.

Azərbaycan K(b)P MK katibi M.C.Bağırov və Ermənistan K(b)P MK katibi G.A.Harutyunyanın birgə imzaladıqları və İ.V.Stalinə ünvanladıqları 10 dekabr 1947-ci il tarixli məktubda qeyd edilirdi ki, “Mingəçevir sisteminin həyata keçirilməsi nəticəsində suvarılacaq yeni torpaq sahələrinin meydana gəlməsi və pambıqçılıq rayonlarının mövcud kolxozlarında işçi qüvvəsinin çatışmaması... Azərbaycan SSR-in bu rayonlarındakı əhalisinin artırılması məsələlərini ortaya çıxarır. Ermənistanda yaşayan azərbaycanlı əhalinin 130 min nəfər miqdarında həmin rayonlara köçürülməsi bu məsələnin real həlli ola bilərdi” (Nəcəfov B. Deportasiya. Bakı, 1998). Bu məktub əsasında SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli 4083 saylı və həmin köçürülmənin tədbirlər planı haqqında 10 mart 1948-ci il tarixli 754 saylı qərarlarını çıxarmışdır. 4083 saylı qərarda 3 il ərzində (1948-1950) Ermənistan SSR-dən 100 min azərbaycanlı əhalinin köçürülməsi nəzərdə tutulmuşdu. Bu isə Ermənistanda yaşayan azərbaycanlıların 60%-i demək idi. Genişmiqyaslı deportasiya Qəmərli, Ellər, Vedi, Qarabağlar, Zəngibasar, Üçkilsə, Axta, Kəvər, Aşağı Qaranlıq, Yelenovka, Keşişkənd, Soylan, Gorus, Qarakilsə, Əştərək, Aparan, Qurdqulu, Basarkeçər, Karvansaray, Barana, Alaverdi, Vorontsovka, Böyük Qarakilsə, Hamamlı, Ağababa rayonlarını və İrəvan şəhərini əhatə edirdi. Azərbaycanlılar öz doğma torpaqlarından - Ermənistan SSR-in yuxarıda qeyd olunmuş rayonlarından deportasiya edilərkən bu insanlara böyük maddi və mənəvi ziyan dəymişdir.

Deportasiya ərəfəsində azərbaycanlıların şəxsi və ictimai təsərrüfatlarında heyvandarlıq xüsusi əhəmiyyətə malik idi. Basarkeçər, Keşişkənd və Aparan rayonlarının heyvandarlıq məhsullarının 60%-dən çoxunu azərbaycanlı kolxozlarında olan qoyunçuluq verirdi. Qeyd edilən rayonlarda bitkiçilik ictimai təsərrüfatların əsas hissəsini təşkil edirdi. Bitkiçilikdə gəlirin çox hissəsi üzümçülük və meyvəçilikdən əldə olunurdu. Əsasən, çəyirdəkli meyvələr - ərik, şaftalı, gavalı, alça, gilas, gilənar, iydə, zoğal tumlu meyvələrdən - alma, armud, heyva yetişdirilirdi. Texniki bitkilərdən tütün - Axta, Ellər, Əştərək, Kəvər, Aşağı Qaranlıq, Keşişkənd, Soylan, Qarakilsə, Gorus, Basarkeçər, Barana, Karvansaray rayonlarında, pambıqçılıq - Qurdqulu, Üçkilsə, Zəngibasar, Qəmərli və Vedi rayonlarının bəzi təsərrüfatlarında, kartofçuluq bütün rayonlarda inkişaf etdirilirdi. Lakin Basarkeçər, Alaverdi, Calaloğlu rayonlarının təsərrüfatlarında əmtəə xarakteri daşıyırdı. Taxılçılıq dağlıq hissələrdə (1500-2000 m hündürlükdə) dəmyə şəraitdə inkişaf etdirilirdi.

Deportasiya olunanların Azərbaycan SSR-də yerləşdirilməsi üçün nəzərdə tutulmuş rayonların böyük qismi (Mil-Muğan, Salyan düzləri) ekstremal arid şəraitə malik olmaqla, spesifik coğrafi şəraiti və təsərrüfatın istiqamətlərinə görə deportasiya olunduqları rayonlardan kəskin şəkildə fərqlənirdi.

Deportasiya həyata keçirilən dövrdə, xüsusilə, Mil-Muğan və Salyan düzlərində sanitar-gigiyena şəraiti təhlükəli xarakter daşıyırdı. Mingəçevir su anbarının tikintisi başa çatmadığından Kür çayında axın tənzimlənmirdi. Çay öz yatağını tez-tez dəyişir, daşqınlar baş verirdi. Nəticədə, ərazilərdə çoxsaylı axmazlar və bataqlıqlaşmış yerlər meydana gəlirdi. Bataqlıqlar, qarasu və yağış gölməçələri qarın yatalağı, qanlı ishal, mədə-bağırsaq, qızdırma, malyariya, traxoma, qarayara, hətta taun kimi təhlükəli xəstəliklərin mənbəyi idi.

Kür-Araz ovalığında, xüsusilə, Mil-Muğan və Salyan düzlərindəki rayonların təsərrüfatlarında bitkiçilik aparıcı sahə idi. Yerli təsərrüfatların pul gəlirlərinin 4/5-ü bitkiçilik hesabına idi. Qazı Məmməd rayonu istisna olmaqla, bütün rayonların təsərrüfatlarının ümumi məhsulunun 80%-ə qədərini pambıqçılıq verirdi. Dəmyə taxılçılıq məhdud olub, yalnız Jdanov (indiki Beyləqan) və Puşkin (indiki Biləsuvar) rayonlarında mövcud idi. Məhdud miqyasda tərəvəzçilik inkişaf etdirilirdi. Qeyd edilən ərazilərin çox isti iqlimi kartof bitkisinin becərilməsi üçün əlverişsiz idi. Ümumiyyətlə, ərazidə tütün və çəltik becərilmirdi.

Bağçılıq və üzümçülük zəif inkişaf etmişdi. 1935-ci ilin məlumatlarına görə Sabirabad və Saatlı rayonlarında cəmi 2 ha meyvə bağı var idi. Həmin dövrdə Muğan-Salyan düzlərindəki təsərrüfatlarda 282 ha meyvə bağları və 32 ha üzümlüklər olmuşdur.

Bütün bunlarla yanaşı, Kür-Araz ovalığına daxil olan rayonlarda deportasiya olunanların yerləşdiriləcəyi ərazilərdə infrastruktur obyektləri yaradılmamışdı, xüsusilə, şoran torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinə yenicə başlanmışdı.

Kür-Araz ovalığı rayonlarında deportasiya olunanları yerləşdirmək üçün qabaqcadan heç bir sosial infrastruktur - yaşayış evləri, içməli su təminatı, tibbi xidmət, ictimai-iaşə, digər məişət xidməti müəssisələri, hamamlar, məktəblər və s. təşkil edilməmişdi. Əhalini qəbul edəcək yerli kolxoz və sovxozlar hələ təşəkkül dövrü yaşadığından onların əsas istehsal fondları, maddi-texniki bazaları çox zəif idi. Bütün bu problemlərə baxmayaraq, deportasiyaya dair qərar qəti xarakter daşıyırdı və nəzərdə tutulan müddətdə icrası məcburi idi. Qərara uyğun olaraq 1948-ci ildə İrəvan şəhərinin Stalin və Spandaryan, habelə Basarkeçər, Vedi, Qəmərli, Zəngibasar, Ellər, Qurdqulu, Üçkilsə, Barana və s. rayonlardan Azərbaycan SSR-ə 2348 təsərrüfat, yaxud 11046 nəfər deportasiya edilmişdir. Bunlar Bakının Əzizbəyov və Voroşilov rayonlarında, habelə Gədəbəy, Dəstəfur, Xanlar, Şamxor, Martuni, Səfərəliyev, Qasım İsmayılov, Göyçay, Bərdə, Ağstafa, Ucar, Ağcabədi, Salyan, Quba rayonlarında yerləşdirilmişlər.

1949-cu ilin deportasiya tədbirləri Ermənistan SSR-in 22 - Əli Bayramlı, Zəngibasar, Barana, Mikoyan (Keşişkənd), Karvansaray, Böyük Qarakilsə, Ellər, Solyan, Axta, Aparan, Qəmərli, Gorus, Əştərək, Üçkilsə, Basarkeçər rayonlarını əhatə etmişdir.

Araşdırmalar göstərir ki, 1949-cu ildən etibarən deportasiya olunanların Azərbaycan SSR-in qərb dağlıq və dağətəyi rayonlarında yerləşdirilməsinin qarşısı alınmışdır. Özbaşına köçənlərdən başqa (köçkünlər), 1950-ci ildə Bərdə və Mirbəşir rayonları istisna olmaqla, Kür-Araz ovalığına aid olan Qarabağ və Gəncə-Qazax düzənliyində bir nəfər də olsun rəsmi yerləşdirmə qeydə alınmayıbdır. Bu vəziyyət o vaxtkı Azərbaycan rəhbərliyinin “deportasiya ideoloqları” qarşısında tam təslimçiliyi ilə bağlı idi. Məhz bunun nəticəsi idi ki, 1948-ci ildə Azərbaycanın qərb rayonlarında yerləşmiş deportasiya olunmuş əhalinin xeyli hissəsi 1949-cu ildə həmin rayonlardan çıxarılmışdır. Məsələn, 1948-ci ildə DQMV-nin Martuni rayonuna rəsmi köçürülmüş 132 azərbaycanlı ailəsi (549 nəfər) rayonun erməni rəhbərləri tərəfindən müxtəlif təzyiqlərə məruz qoyulmuş, nəhayət, 1949-cu ildə onlar “daxili köçürülmə” adı altında Xanlar rayonuna köçürülmüşdür. Burada isə Xanlar RİK-in sədri, milliyyətcə erməni Atanesov müharibənin əvvəllərində almanların Orta Asiyaya köçürülməsi hesabına boşalmış mənzillərdə erməniləri məskunlaşdırır, rəsmi köçürülən azərbaycanlılara isə zirzəmiləri və yararsız daxmaları təklif edirdi. Yaxud 1948-ci ildə Şamxor rayonunun Leninkənd kəndində yerləşdirilmiş 150 azərbaycanlı ailəsi haqqında Şamxor RİK sədr müavini Xocayanın təkidi ilə rayon ərazisindən sürgün edilmələri barədə qərar qəbul edilmişdir (guya onlar həmin kənddə kriminal gərginlik yaratmışdılar).

Hadisələrin təhlili göstərir ki, azərbaycanlıların 1948-1956-cı illərdə Ermənistan SSR-dən deportasiya edilməsi və Azərbaycan SSR-də yerləşdirilməsi prosesləri əvvəldən axıradək ermənilərin nəzarətində olmuşdur. Bu prosesdə ermənilərin aşağıdakı məkrli məqsədləri özünü büruzə vermişdir:

1. Ermənilərin Azərbaycana qarşı gələcək ekspansiyasına şərait yaratmaq məqsədilə Azərbaycanın Ermənistanla sərhəd məskunlaşmasının möhkəmlənməsinə yol verməmək, DQMV-nin gələcəkdə Ermənistana birləşdirilməsinə zəmin yaratmaq.

2. Azərbaycanda, DQMV-də, digər rayon və şəhərlərdə yaşayan ermənilərin perspektiv təhlükəsizliyini təmin etmək məqsədilə deportasiya edilənlərin həmin ərazilərdə yerləşməsinə yol verməmək.

3. Deportasiya edilənlərin maddi-mənəvi deqradasiyasını sürətləndirmək, cismani şəkildə məhv etmək məqsədilə onların, əsasən ekstremal ərazilərdə yerləşdirilməsinə nail olmaq.

1948-1956-cı illərdə Ermənistan SSR-dən deportasiya edilən azərbaycanlıların Qazax, Tovuz, Dəstəfur, Gədəbəy, Səfərəliyev, Xanlar, Şaumyankənd, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Ağsu, Şamaxı, Şəmkir rayonlarında, DQMV, Naxçıvan MR və Gəncə şəhərində yerləşdirilməsinin qarşısının alınması məhz qeyd edilən məqsədlərə xidmət edirdi. Deportasiya edilənlərin Kür-Araz ovalığında, xüsusilə Muğan-Salyan düzlərində məskunlaşdırılması cəhdləri də pambıqçılığı inkişaf etdirmək zərurətindən deyil, həmin ərazidə məhz ermənilərin yaşamaması və təhlükəli sanitar-ekoloji şəraitin ermənilərin məkrli məqsədlərinə uyğun gəlməsi ilə əlaqədar idi.

Bir faktı nəzərə almaq lazımdır ki, 4083 və 754 saylı qərarlarda deportasiya edilən azərbaycanlıların Azərbaycan SSR-də hər hansı konkret ərazidəki inzibati rayonlarda deyil, bilavasitə “təbii coğrafi vahid” olan Kür-Araz ovalığına köçürülməsi nəzərdə tutulmuşdu. Kür-Araz ovalığı isə Gəncə-Qazax, Qarabağ, Mil, Şirvan, Muğan, Salyan və Arazboyu düzlərindən ibarətdir. Məsələnin qeyri-konkret qoyuluşu deportasiya olunanların yerləşdirilməsində Azərbaycan rəsmilərinə manevr imkanı verə bilərdi. Lakin o zamankı respublika rəhbərliyi dəfələrlə Ermənistan SSR və DQMV ilə həmsərhəd olan rayonların partiya komitə katiblərinə “tam məxfidir” qrifi altında direktiv məktublar göndərərək qəti tələblər irəli sürmüş və Ermənistandan deportasiya olunmuş azərbaycanlıların həmin rayonlarda məskunlaşmasının qarşısının alınmasında məkrli erməni siyasətinin reallaşmasına şərait yaratmışlar. Bunların nəticəsində, 1950-ci ilin əvvəllərindən başlayaraq, Ermənistan SSR-dən deportasiya edilənlər yalnız Muğan-Salyan düzlərinə köçürülmüşlər. Rəsmi köçürülmə məlumatlarına görə 1948-1956-cı illərdə Muğan-Salyan düzlərinə köçürülənlərin sayı 33 min nəfərdən artıq olmuşdur.

Bütövlükdə, 1948-1956-cı illərdə Ermənistan SSR-dən deportasiya edilən azərbaycanlıların sayına gəldikdə, bu haqda istər deportasiya dövrünü əks etdirən rəsmi mənbələrdə, istərsə də bu qəbildən olan tarixi-coğrafi məxəzlərdə göstərilən rəqəmlər obyektiv təsəvvür yaratmır. Məsələn, Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Köçürmə İdarəsinə məxsus arayışda 1948-1956-cı illərdə Ermənistan SSR-dən 58847 nəfərin (13230 ailə) köçürüldüyü qeyd edilir (Paşayev A. Köçürülmə. Bakı, 1995).

Nəzərə almaq lazımdır ki, məlum Baş Köçürmə İdarəsi uzun müddət mirzoyanların, brunteslərin və sevumyanların “inhisarında” olmuşdur. Yuxarıda qeyd edilən köçürmə idarəsinə məxsus rəsmi arayışın təhlili göstərir ki, 1948-1956-cı illərdə Ermənistandan deportasiya olunan azərbaycanlıların sayının azaldılması məqsədilə, rayonlar qrupu üzrə konkret əmsallar tətbiq edilmişdir.

Belə ki, 1948-1956-cı illərdə Əli Bayramlıya köçürülmüş əhalinin orta ailə sıxlığı 8,2 nəfər, Salyanda 7 nəfər, digər rayonlarda 3,8; 4; 4,2 nəfər olması ikiqat saxtalaşdırmadan xəbər verir. Deportasiya edilmiş əhalinin sayının saxtalaşdırılması halları Jdanov, İmişli, Puşkin, Kürdəmir, Ucar, Yevlax, Ağcabədi, Bərdə və s. rayonlarda müşahidə edilir. Ümumiyyətlə, araşdırmalarımız göstərir ki, 1948-ci ildə Muğan-Salyan düzlərinə xeyli əhali deportasiya edildiyi halda, rəsmi arayışda heç bir məlumata rast gəlinmir.

Özbaşına köçənlərin (əslində köçkünlərin) rəsmi köçürülmə hesabatlarında nəzərə alınmaması, həmçinin rəsmi köçürülənlərin xeyli hissəsinin hesabat sənədlərindən çıxarılması və köçürülənlərin sayının saxtalaşdırılması halları 1948-1956-cı illərdə Ermənistan SSR-dən deportasiya edilən azərbaycanlıların ümumi sayının müəyyənləşdirilməsində çətinliklər törədir. Buna görə də, deportasiya edilənlərin ümumi sayını müəyyənləşdirmək üçün deportasiyadan əvvəl Ermənistan SSR-in azərbaycanlı əhalisinin dinamikasını səciyyələndirən demoqrafik proseslər təhlil edilməlidir. Həm də bu zaman Ermənistan SSR-də 1922-ci ildə 9,8%, 1926-cı ildə 10,01% (VSE. III T. M., 1926.), 1939-cu ildə 10,2% (VSE. III T. M., 1950), 1959-cu ildə 6,1% (Sadıxov R.N. Stroitelğstvo v Azerbaydjanskoy SSR. Baku, 1960), azərbaycanlının yaşadığı və müharibə dövrünün potensial itkiləri də nəzərə alınmalıdır.

Apardığımız hesablamalar göstərir ki, 1948-1956-cı illərdə Ermənistan SSR-dən 130-150 min nəfər azərbaycanlı əhali deportasiya edilmişdir.

Göstərilən illərdə Ermənistan SSR-dən deportasiya edilmiş azərbaycanlıların Azərbaycan SSR-də rayonlar üzrə bölgüsü hansı prinsiplər əsasında həyata keçirilmişdir? Çoxsaylı mənbələr sübut edir ki, bu prosesdə əhalinin uzun müddət ərzində formalaşmış kollektiv həmkəndli münasibətləri, qohumluq əlaqələri, adət-ənənələri, təsərrüfat vərdişləri, ailələrin bütövlüyü prinsipi nəzərə alınmayaraq, əslində inzibati bölgü prinsipləri icra edilmişdir.

Bunun da nəticəsində bir kənddən deportasiya edilənlər, Azərbaycan SSR-də müxtəlif rayonlara, kəndlərə, kolxoz və sovxozlara köçürülmüşlər. Əhalinin özləri ilə gətirdikləri ictimai əmlak və mal-qara isə əksər hallarda bu və ya digər kolxozda qalmışdı. Məsələn, 1949-cu ilin avqustunda deportasiya edilənlərdən 328 ailə (1227 nəfər) Ağcabədi rayonunun 12 kəndində, onlara məxsus ictimai əmlak isə 3 kolxozda yerləşdirilmişdir (Məmmədov İ., Əsədov S. Ermənistan azərbaycanlıları və onların acı taleyi. Bakı, 1992).

Deportasiya edilmiş əhalinin yeni məskunlaşdırıldığı yerlərdə mənzillə, həyətyanı torpaq sahəsi ilə təminat məsələlərində ciddi problemlər olmuşdu. Əvvəlcədən heç bir sosial infrastruktur obyektləri inşa edilmədiyindən, deportasiya edilənlərin çox hissəsi yerli əhalinin sıxışdırılması hesabına şəxsi evlərdə, bir qismi isə yerli kolxoz və sovxozların ictimai binalarında, anbar və mal-qara tövlələrində yerləşdirilmişdi. 1948-1956-cı illər deportasiyası dövründə 7648 ailə (33683 nəfər) rəsmi köçürüldüyü halda, həmin dövrdə onların yerləşdirilməsi üçün cəmi 550 ev inşa edilmişdir. Bütövlükdə, 1948-1956-cı illərdə deportasiya olunmuş əhalinin yerləşdirilməsi üçün Azərbaycan SSR-də 9,2 min ev tikilmişdir. Baş Köçürmə İdarəsinin rəsmi arayışına istinadən, 1948-1956-cı illərdə Ermənistan SSR-dən 13230 ailənin köçürüldüyü nəzərə alınarsa, inşa edilmiş mənzil fondu rəsmi tələbatın yalnız 70%-ni ödəmişdir. Halbuki, deportasiya olunmuş 130-150 min nəfərin yerləşdirilməsi üçün 25-30 min yaşayış evi tələb olunurdu.

Deportasiya olunmuş əhali üçün evlərin inşası zamanı yerli fiziki-coğrafi şərait də nəzərə alınmamışdı. Həmin evlər çiy kərpicdən tikilir, divarları saman qatılmış palçıqla suvanırdı. Yeraltı suların səthə yaxın yerləşdiyi ərazilərdə tikilmiş belə evlər davamsız olur və yazda nəm çəkərək uçub dağılırdı. Bu cür evlər həm də baha başa gəlirdi. 4083 saylı qərara əsasən köçürülənlərə yaşayış evi və həyətyanı tikililər inşa etmək üçün 20000 rubl borc verilməsi nəzərdə tutulduğu halda, inşa edilən evlərin dəyəri Əli Bayramlı rayonunda 28872 rubl, Puşkin rayonunda 40287 rubl təşkil edirdi. Deportasiya edilmiş əhali bir qayda olaraq həmin evləri qəbul etməkdən imtina edirdi. Saatlı, Sabirabad, İmişli, Jdanov, Kürdəmir və s. rayonlarda deportasiya olunanlar üçün yaşayış evləri şoranlaşmış ərazilərdə inşa edildiyindən həyətyanı sahələrdən də istifadə etmək mümkün deyildi.
Bu əhalinin yerləşdirildiyi ekstremal rayonlarda yerli iqtisadi-təsərrüfat xüsusiyyətlərinin onların deportasiya olunduqları rayonlardan kəskin fərqlənməsi, əmək vərdişlərinin və kənd təsərrüfatı ənənələrinin uyğun olmaması, əhalinin yaşayış mənbələrindən məhrum olması demək idi. Deportasiya olunanların özləri ilə gətirdikləri kənd təsərrüfatı heyvanları və s. yerli ekstremal şəraitə tab gətirməyərək ilk illər tələf olmuşdu. 4083 saylı qərara əsasən onlara mal-qara almaq üçün 3000 rubl borc verilməsi (5 illiyə) vəd edilsə də, bu iş yarıtmaz təşkil olunmuşdu. Mövcud şəraitdə real gəlir mənbəyi pambıqçılıq idi. Lakin Ararat vadisindən deportasiya edilənlərin bir qismini çıxmaq şərtilə, qalan əhalinin bu sahədə əmək vərdişləri yox idi.
Düzənlik ərazilərin (Mil-Muğan, Salyan) təbii şəraitinin spesifik xüsusiyyətləri, xüsusilə də ərazinin təhlükəli sanitar-gigiyena şəraiti deportasiya edilmiş əhalinin fizioloji sağlamlığına ekstremal təsir göstərdi. İlk növbədə, on minlərlə körpə uşaq və qoca yatalaq, qızdırma, malyariya və digər epidemioloji xəstəliklər nəticəsində məhv oldular.
Salyan, Saatlı, Sabirabad, Əli Bayramlı, Puşkin, İmişli, Kürdəmir, Ucar, Jdanov rayonlarında yerləşmiş əhalinin aqibəti daha faciəli olmuşdu. O dövrün rəsmi sənədlərində konkret rəqəmlər göstərilməsə də, kütləvi ölüm halları dəfələrlə etiraf edilir.
Tədqiqatçıların fikrincə, Ermənistan SSR-in Axta, Qarabağlar, Keşişkənd, Saylan və başqa dağ rayonlarından Azərbaycan SSR-in Mil-Muğan düzlərindəki rayonlara deportasiya edilənlərin 1/3 hissəsi iqlimə uyğunlaşa bilmədiklərindən və xəstəliklər nəticəsində həlak olmuşdur.
Məlum deportasiya regionda toponimik genosidin həyata keçirilməsinə təkan verdi. 1946-cı ildə 120, 1947-1948-ci illərdə 400-dən çox, 1978-1981-ci illərdə 300-dən çox Azərbaycan kəndinin adı erməniləşdirildi:
- 1948-1956-cı illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiya olunması onların 100 illər ərzində qazandıqları var-dövlətin, daşınmaz əmlakın talanmasına, əsrlər ərzində formalaşmış adət-ənənələrinin sıradan çıxmasına, kollektiv həm kəndli münasibətlərinin pozulmasına, qohumluq əlaqələrinin zəifləməsinə, təsərrüfat ənənələrinin dəyişilməsinə və nəhayət, on minlərlə insanların məhvinə səbəb oldu;
- Azərbaycan SSR-də isə ekstremal rayonlarda yerləşdirilənlərin bir qismi mövcud şəraitə tab gətirə bilmədiklərindən, körpə uşaqlarını və qocalarını itirdikdən sonra, təbii şəraiti gəldikləri rayonlara (Ermənistandakı) uyğun olan Azərbaycanın dağətəyi və dağlıq rayonlarına köçüb getdilər. 1954-cü ilədək 1155 ailə isə tarixi-etnik torpaqlarına qayıtdı. Deportasiya edilmiş əhalinin bir hissəsi isə (əsasən, cavan və orta nəsil) çətin təbii iqtisadi şəraitə tab gətirərək məskunlaşdılar. Lakin onlar ilk illər yeni əmək təcrübəsi toplamağa məcbur oldular;
- 1948-1956-cı illərdə Ermənistan SSR-dən deportasiya olunmuş azərbaycanlıların Kür-Araz ovalığının ekstremal rayonlarında məskunlaşdırılmasına 100 mln-la dövlət vəsaiti sərf edilməsinə baxmayaraq, iflasa uğradı və iqtisadi səmərə vermədi.
1988-1993-cü illərdə Azərbaycan keçmiş sovet respublikaları arasında qaçqın problemi ilə üzləşən ilk ölkə olmuşdur. Qaçqınların Ermənistandan Azərbaycana ilk axını 1987-ci ilin sonundan başlamışdır. Hər şeydən əvvəl burada belə bir faktı da qeyd etmək lazımdır ki, 1988-ci ilin noyabr-dekabr aylarında olan hadisələrin ağır xronikası yaddaşlardan silinmir.
Respublika prokurorluğunun məlumatlarında deyilir: 1988-ci ilin noyabr ayının 28-dən dekabr ayının 8-dək Ermənistan SSR-də kütləvi surətdə azərbaycanlılar yaşayan 22 rayonun 185 yaşayış məntəqəsinə quldurcasına basqın edən erməni vəhşiləri 217 nəfəri müxtəlif işgəncə ilə qətlə yetirmişlər. Onlardan 49 nəfəri divan tutulmaqdan qorxub qaçarkən dağlarda borana-çovğuna düşüb donmuş, 41 nəfəri qəddarlıqla döyülüb öldürülmüş, 115 nəfər diri-diri yandırılmış, 16 nəfəri güllələnmiş, 10 nəfər təhqirlərə dözməyib infarktdan ölmüş, 2 nəfər erməni həkimləri tərəfindən xəstəxanada öldürülmüş, 3 nəfər suda boğulub öldürülmüş, 1 nəfər asılmış, 1 nəfər əzablardan qurtarmaq üçün özünü öldürmüş, 1 nəfər elektriklə öldürülmüş, 3 nəfər xəstəxanada olarkən tibbi xidmət göstərilməməsi nəticəsində öldürülmüş, 8 nəfər oğurlanmışdır. Öldürülmüşlərdən 57 nəfəri qadın, 5 nəfəri körpə uşaq, 18 nəfəri yeniyetmə olmuşdur. Qırğın Ermənistanın 19 rayonu və 11 şəhərində törədilmişdir. 400-dən çox yük maşını qarət edilmiş, 25 min ailənin əmlakı talan olunmuş, 40897 azərbaycanlı ailəsi məcburi qaydada deportasiya edilmiş, mənzil və əmlaklarından məhrum olmuşlar. 1990-cı ilin əvvəlinədək Ermənistandan 204,6 min nəfər zorla qovulub çıxarılmışdır. Onların 186 min nəfərini azərbaycanlılar, 11 min nəfərini kürdlər, 3,0 min nəfərini ruslar, 4,5 min nəfərini isə başqa millətlərdən olan insanlar təşkil etmişlər. Ermənistandan qaçqın düşmüş rusların əsas hissəsinin, həmçinin kürdlərin və azərbaycanlıların bir qisminin sonradan Rusiya və digər MDB ölkələrinə getməsi nəticəsində 1992-ci ildə Azərbaycan Respublikasında Ermənistandan zorakılıqla qovulmuş 196846 nəfər qaçqın qeydə alınmışdır. Bununla yanaşı, əvvəllər Gürcüstandan deportasiya olunaraq Orta Asiya respublikalarında yerləşdirilmiş Məshəti türkləri 1989-cu ildə Özbəkistanda baş vermiş milli münaqişə nəticəsində keçmiş SSRİ-nin başqa regionlarına, xüsusilə Azərbaycana və Rusiyaya köçməyə məcbur olmuşlar. 1989-91-ci illər ərzində 51649 nəfər Məshəti türkü Azərbaycana pənah gətirmişdir. (Bax: Ş.M.Muradov. Azərbaycan Respublikası əhalisinin dinamikası və quruluşu: əsas demoqrafik və etno-demoqrafik dəyişikliklər. (1897-2007-ci illər) B. Elm. 2008. səh. 76-77, Azərbaycan, ingilis və rus dillərində).
1988-1993-cü illərdə Ermənistan SSR-nin təcavüzü nəticəsində Azərbaycan SSR-nin Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilmiş, təqribən 1 milyon nəfərdən çox insan öz vətənində qaçqın və köçkün vəziyyətinə düşmüş, 20 min Azərbaycan vətəndaşı həlak olmuş, 100 mindən çox adam yaralanmış, 50 min nəfər müxtəlif xəsarət almış, minlərlə adam əsir və girov götürülmüş, itkin düşmüşdür, 900-dən çox irili-xırdalı yaşayış məntəqəsi, 1025 təhsil, 798 səhiyyə ocağı, 1510 mədəniyyət müəssisəsi, 300 min iş yeri məhv edilmişdir. Bəşər tarixində ən böyük müsibətlərdən sayılan Xocalı faciəsi nəticəsində 26 fevral 1992-ci il Dağlıq Qarabağın Xocalı şəhəri bütövlükdə erməni qoşunları tərəfindən yerlə-yeksan edilmiş, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə öldürülmüş, 478 nəfər şikəst edilmiş, 1275 sakin - qocalar, uşaqlar, qadınlar isə əsir aparılaraq dəhşətli təhqirlərə və həqarətə məruz qalmışlar (Bax: Azərbaycan Respublikası Milli Məclisinin adıçəkilən Bəyanatı). Lakin yuxarıda qeyd edilən demoqrafik çətinliklərə, dəfələrlə ermənilər və onların havadarları tərəfindən törədilmiş soyqırımına məruz qalmalarına baxmayaraq, azərbaycanlıların sayı daim artıb çoxalmış və onların intellektual inkişaf səviyyəsi durmadan yüksəlməkdədir. İndi Yer kürəsində təqribən 50 milyon nəfərdən çox azərbaycanlı yaşayır və 2016-cı ilin əvvəlinə olan məlumatlara əsasən ölkəmizin əhalisinin sayı 9,5 milyon nəfərə, 6 aprel 2019-cu ildə isə 10.000.000 nəfərə çatmışdır. Əlbəttə, əgər XX əsrdə erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı əməliyyatları olmasaydı, bizim sayımız indikinə nisbətən əhəmiyyətli dərəcədə çox olardı. Ancaq hazırda respublikamızın əhalisinin sayı Ermənistan Respublikasının əhalisinin sayından təqribən 3,2 dəfə çoxdur və bu fərq getdikcə artacaqdır. Nəzərə alsaq ki, Ermənistan Milli Statistika Xidmətinin son məlumatlarına əsasən, 2001-ci ilin əvvəlindən 2014-cü ilin əvvəlinədək olan 14 il ərzində Ermənistan Respublikasında yaşayan daimi əhalinin sayı 200,0 min nəfər və ya hər il orta hesabla 14,3 min nəfər azalaraq 3,2 milyon nəfərdən 3 milyona düşmüşdüsə, Azərbaycan Respublikası əhalisinin sayı bu dövrdə 1,4 milyon nəfər və ya hər il orta hesabla 100,0 min nəfər artaraq 8,1 milyondan 10 milyon nəfərə çatmışdır. Dünya ölkələri üzrə aparılmış proqnoz məlumatlarına əsasən, 2014-cü illə müqayisədə Yer Kürəsi əhalisinin sayı müvafiq surətdə 1,2 və 1,3 milyon nəfər və ya 16,7 və 34,7 faiz artaraq 2014-cü ilin əvvəlindəki 7,2 milyard nəfərdən, 2030-cu ildə 8,4 milyard nəfərə, 2050-ci ildə isə 9,7 milyard nəfərə, Azərbaycan Respublikasının sayı isə müvafiq surətdə 1,6 və 2,6 milyon nəfər və ya 15,8 və 27,4 faiz çoxalaraq 2014-cü ildəki 9,5 milyon nəfərdən, 2030-cu ildə 11,1 milyon nəfərə, 2050-ci ildə isə 12,1 milyon nəfərə çatacağı halda, Ermənistan Respublikası əhalisinin sayı birinci dövrdə dəyişməz qalaraq 2030-cu ildə 3 milyon nəfər, 2-ci dövrdə isə 2014-cü ilə nisbətən 200 min nəfər və ya 6,7 faiz azalaraq 2014-cü ildəki 3 milyon nəfərdən 2,8 milyon nəfərə düşəcəkdir (Bax: http://demoscope.ru/weekly/app/world2014iphp). Bu rəqəmlərdən göründüyü kimi, Azərbaycan Respublikası əhalisinin sayı 2030-cu ildə Ermənistan Respublikası əhalisinin sayından 3,7 dəfə, 2050-ci ildə isə 4,3 dəfə çox olacaqdır. Bu, uzun illər bundan sonra da ölkəmizdə əhalinin artımı sahəsində baş verəcək dəyişikliyin ermənilər üçün əlçatmaz olacağından və buradan irəli gələn bir çox məqamlardan xəbər verir. Bu məsələdən bəhs edərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “... Bir neçə ildən sonra ümumiyyətlə, demoqrafik vəziyyət həlledici məqama çevriləcəkdir... Azərbaycanda demoqrafik vəziyyət yaxşıdır, müsbətdir, təbii artım vardır. Ancaq hesab edirəm ki, bu artım daha da güclü olmalıdır. Bu artımı stimullaşdırmaq və əhalinin artımını təmin etmək üçün yəqin ki, əlavə tədbirlər görülməlidir... Bizim iqtisadiyyatımız, sənaye gücümüz və siyasi iradəmiz diktə edir ki, Azərbaycan əhalisi daha da çox artmalıdır. Bu, nəinki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin həlli üçün lazımdır, bu məsələni biz həll edəcəyik və Azərbaycan bayrağını Xankəndidə qaldıracağıq - bu ümumiyyətlə gələcək üçün lazımdır... Güclü olmaq üçün güclü iqtisadiyyat, hərbi sənaye potensialı və böyük əhali lazımdır. Buna görə biz bu məsələ ilə bağlı ciddi məşğul olmalıyıq. Bu günə qədər bu proseslər təbii xarakter alırdı. Sadəcə olaraq ölkə iqtisadiyyatı artdıqca təbii artımda, necə deyərlər, daha da sürətli idi. Biz statistikadan bunu görürük. Son illər ərzində doğulan uşaqların sayı daha da çoxdur, nəinki 10-15 il bundan əvvəl. Yəni, bu iqtisadi və sosial amillərlə birbaşa bağlı olan məsələdir. Ancaq yenə deyirəm, biz bu məsələyə yeni prizmadan yanaşmalıyıq. Azərbaycan əhalisi daha da sürətlə artmaqdadır”. Bəli, ölkə başçımız tərəfindən irəli sürülmüş bu çox mühüm sosial-iqtisadi, demoqrafik və siyasi xarakter daşıyan vəzifənin uğurla həyata keçirilməsi üçün respublikamızda hər bir şərait vardır. Biz gələcəkdə də olacağıq, artıb çoxalacağıq, ərazi bütövlüyümüzü təmin edəcək və dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcəyik.
Bütün bunları nəzərə alaraq hesab edirik ki, 1948-1956-cı illərdə Ermənistan SSR-dən deportasiya edilmiş azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığında (Mil-Muğan, Salyan düzlərində) yerləşdirilməsinin destruktiv nəticələri elmi əhəmiyyət kəsb edir. Bu baxımdan indiki dövrdə və gələcəkdə hər hansı irimiqyaslı təbii-texnogen hadisə ilə, yaxud iqtisadi motivlərlə və hərbi siyasi vəziyyətlə əlaqədar əhali yerləşdirilməsi problemləri meydana çıxacağı təqdirdə təkrar səhvlərə yol verməmək üçün deportasiya və köçürülmələrin tarixi və acı nəticələri nəzərə alınmalıdır.

 

Şahbaz MURADOV,

AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, i.e.d., professor

Ələsgər SARIYEV,

AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru

"Respublika" qəzeti, 11-12-14-15 avqust 2020-ci il