Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Qarabağ əvvəlkindən də gözəl, güclü və sevimli bir diyar olacaq

  • Oxunub 524 dəfə

 Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükdə, müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi. Böyük qayıdış başlayır, bütün işlərə start veril­di. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, – cəmi 44 gün ərzində, – bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 30 il düşmən əsarətində qalmış Qarabağın xilası uğrunda 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatdı. Ölkəmizin illər boyu intizarla gözlədiyimiz ərazi bütövlüyü təmin edildi. Biz bu qələbəyə görə rəşadətli ordumuza, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarıq.

Dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasəti, sarsılmaz iradəsi, əzmkarlığı bu qələbədə həlledici rol oynadı. Xalqımızın, ordumuzun, dövlətimizin bizə bu tarixi zəfəri qazandırmış sarsılmaz birliyindən yeni güc alırıq. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə öz həyatını qurban vermiş şəhidlərimiz isə heç vaxt unudulmayacaq. Allah Vətən yolunda həlak olmuş soydaşlarımıza rəhmət eləsin, qəbirləri nurla dolsun.

 Biz belə övladlar tərbiyə etmiş valideynlər qarşısında baş əyirik, müharibədə yaralananlara şəfa və xoşbəxt həyat arzulayırıq. İndi ən vacib məsələ xalqımızın Qələbə ilə nəticələnən Vətən sevgisini, bu zəfərin baş sərkərdəsi olan ölkə rəhbəri İlham Əliyevin qazandığı ümumxalq məhəbbətini, milli birliyimizdən yaranan öyüncü qoruyub saxlayaraq, işğaldan azad edilmiş ərazilərin bərpasına və inkişafına yönəlmiş yaradıcı qüvvəyə çevirməkdir.

Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncam və göstərişləri ilə artıq işğaldan azad edilmiş ərazilərdə ilk zəruri bərpa işlərinə başlanıb. Prezident bu günlərdə Şuşaya səfəri zamanı yolüstü Füzuli beynəlxalq aeroportunun təməlqoyma mərasimində təntənəli surətdə bəyan etdi: “Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükdə, müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi... Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq,-- cəmi 44 gün ərzində,-- bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.

Qarabağ kimi iri və böyük potensialı olan bir bölgədə irimiqyaslı, uzunmüddətli bərpa, dirçəliş və inkişaf prosesinə start verildiyi bir məqamda, bildirək ki, ümumiyyətlə, regionlarda iqtisadiyyatın və bütövlükdə məhsuldar qüvvələrin inkişaf istiqamətləri müəyyən edilərkən hər bir bölgənin fərqli xüsusiyyətləri (iqtisadiyyatın inkişafında tarixən toplanmış təcrübə, inkişafın mövcud vəziyyəti, torpaq, iqlim şəraiti və i.a.) və respublikamızın qarşısında duran ümumi strateji xarakterli vəzifələr nəzərə alınır. Bu baxımdan Qarabağın işğaldan azad edilmiş rayon və şəhərlərinin əvvəlki həyatının yeni keyfiyyətdə bərpa və inkişaf etdirilməsi daha çox özünəməxsusluq kəsb edir.

Belə ki, Qarabağın işğaldan azad edilməsi xalqımızın, dövlətimizin qarşısına yerinə yetirilməsi hamımızın birgə səylərini tələb edən çox mühüm vəzifələr qoyur. Biz işğaldan azad edilmiş rayonların, şəhərlərin, kəndlərin əvvəlki simasını yeni keyfiyyətdə, indiki dövrün tələblərinə uyğun bərpa etməliyik. Etiraf edək ki, bu o qədər də asan vəzifə deyil. Qarabağın düşməndən azad olunmuş ərazilərində xalqımızın uzun illər yaratdığı maddi, mənəvi sərvətlər dağıdılmış, saxtalaşdırılmışdır. Evlər, məktəblər, yollar, enerji, su təminatı sistemi, səhiyyə müəssisələri talan və məhv edilmişdir. Bizə sinəsi cadar-cadar olan torpaqlar, kol basmış yamaclar, burada vaxtı ilə insanların yaşamış olduğunu göstərən xarabalıqlar qalmışdır. Torpaqların böyük bir hissəsi indiki vəziyyətində kənd təsərrüfatı üçün yararsız hala salınmışdır.

Təbiidir ki, dövlət səviyyəsində bütün təsərrüfat və xidmət sahələrinin yeni keyfiyyətdə bərpası və inkişafını əhatə edən uzunmüddətli (təqribən, 10 il müddətinə) strateji xətt, plan və proqram hazırlanıb həyata keçiriləcəkdir. Artıq ölkə rəhbəri İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətlərdə təşkilati və praktiki fəaliyyət və tədbirlər geniş vüsət almaqdadır. Fikrimizcə, təsərrüfat və xidmət sahələrinin keyfiyyətli bərpası və inkişafı məsələlərinin həllində növbəlilik, ardıcıllıq müəyyənləşdirilməlidir.

İrimiqyaslı, uzunmüddətli bərpa və inkişaf posesində öz yurdlarına qayıdacaq insanların həyat və fəaliyyəti üçün ən zəruri şəraitin təmin edilməsi birinci plana keçməlidir. Prezident, İlham Əliyev, çox haqlı olaraq, Qarabağ əraziləri işğaldan azad edilən andan su, enerji, yol, səhiyyə kimi insanın həyat və fəaliyyəti üçün zəruri olan sahələrin bərpasına göstəriş verdi. Su həyatın özüdür, yol müasir həyatın qan damarlarıdır, enerji fəaliyyət və inkişafın hərəkətverici qüvvəsidir, səhiyyə Qarabağa qayıdacaq insanların sağlamlığının və işgüzarlığının qorunmasının vacib şərtləridir.

İstehsal və sosial infrastruktur sahələrinin bu istiqamətlərdə inkişafı bir tərəfdən işğaldan azad olmuş rayonların, bütövlükdə, Qarabağ bölgəsinin iqtisadiyyatının vahid bir regional sistem kimi inkişafına, digər tərəfdən Ermənistanla həmsərhəd rayonlarla Azərbaycanın digər əraziləri arasında ikitərəfli əlaqələrin inkişafına şərait yaratmalıdır. Şübhəsiz ki, yaxın vaxtlarda Qarabağda elm və təhsil ocaqlarının yaranmasına, elmin və təhsilin inkişafına da xüsusi diqqət yetiriləcəkdir.

Qarabağda əvvəlki həyatın yeni keyfiyyətdə bərpası və inkişafının çox mühüm şərtlərindən biri əhalinin məskunlaşmasının təşkilidir. Bu məsələdə şəhər və kənd əhalisinin məskunlaşmasına sıx əlaqədə və eyni zamanda bir qədər fərqli formada yanaşmaq lazımdır. Birinci növbədə, Qarabağda mədəni-iqtisadi mərkəz rolunu oynayacaq şəhərlərin müəyyənləşdirilməsi və onların inkişafına üstünlük verilməsi vacibdir. Məlumdur ki, bunlardan birincisi Şuşadır. Azərbaycan Prezidenti İlham Əliyev artıq şəhəri Azərbaycan mədəniyyətinin paytaxtı elan etmiş, Şuşanın nəinki Azərbaycanın, həm də bütün regionun mədəniyyət mərkəzi olduğunu qeyd etmişdir.

Lakin Şuşada həddindən artıq müxtəlif istehsal və xidmət müəssisələri yerləşdirib, onun böyük şəhərə çevrilməsinə çalışmaq düzgün olmaz. Bu onun təbiətinə, kurort-sağlamlıq mərkəzi kimi əhəmiyyətinə ziyan verə bilər. Fikrimizcə, işğaldan azad olunmuş ərazidə daha iki şəhərin regional mədəni-iqtisadi mərkəz kimi inkişafına üstünlük vermək olar. Bunlar, bütövlükdə, Qarabağda məhsuldar qüvvələrin səmərəli ərazi təşkilini, həm də respublikamızda mədəni-iqtisadi mərkəz rolunu oynaya bilən şəhərlərin düzgün bölüşdürülməsi mənafeyini nəzərə almaqla müəyyən edilə bilər.

Bu şəhərlərdən biri, ehtimal ki, Füzulidir. Burda beynəlxalq aeroportun tikilməsi bunun üçün əlverişli şərait yaradır. Üçüncü şəhəri də idarəetmənin təkmilləşməsi, respublikamızın ərazisində mədəni-iqtisadi mərkəz rolunu oynaya bilən şəhərlərin nisbətən bərabər bölüşdürülməsi və Qarabağın ümumi inkişafı mənafeyini nəzərə almaqla müəyyən etmək olar.

Əhalinin məskunlaşmasında nisbətən çətin və vacib məsələ kənd əhalisinin məskunlaşmasının təşkilidir. Əksər şəhərlər, rayon mərkəzləri kimi kəndlər də dağıdılmış, məhv edilmiş olduğu üçün onların hər birinin bərpasına eyni dərəcədə, eyni vaxtda diqqət yetirmək məqsədyönlü deyil. Bu nisbətən çətin, uzun müddətli, eyni zamanda, daha çox vəsait tələb edən, qüvvələrin səpələnməsinə səbəb olan bir işə çevrilə bilər. Odur ki, bir yol üzərində yerləşmiş, yaxud vaxtilə bir-biri ilə sıx əlaqədə olmuş bir neçə kənddən birinə üstünlük verməklə, onu kəndlərarası mərkəz kimi ilk növbədə bərpa və inkişaf etdirmək məqsədyönlü olar. Belə kəndin perspektivliliyini müəyyən edərkən, onun kəndlər arasında əlverişli coğrafi mövqeyi, ərazisinin böyüklüyü, əvvəlki vaxtlarda əhalisinin sayı, nəqliyyat təminatı, təsərrüfat üçün yararlı torpaq sahəsi, inzibati rayon mərkəzi ilə əlaqə imkanı nəzərə alınmalıdır.

Kəndlərarası mərkəzlərin yaranması və inkişafı yerli əmək ehtiyatlarından istifadənin yaxşılaşmasına, şəhərlərə əhali axınının nisbətən azalmasına, şəhər həyat tərzinin nisbətən bərabər yayılmasına əlverişli şərait yaradar. Lakin bunlar digər kəndlərin inkişafının məhdudlaşdırılması demək deyil. Ermənistanla həmsərhəd rayonlarda kəndlərarası mərkəzlərlə bərabər inkişafa imkanı olan bütün məntəqələrə eyni dərəcədə diqqət və məsuliyyətlə yanaşılmalıdır. İşğaldan azad olunmuş başqa rayonlarda kəndlərarası mərkəzlər istisna olmaqla, qalan yerlərdə ilk dövrdə bərpa və inkişaf, əsasən, əhalinin öz təşəbbüsü və vəsaiti hesabına həyata keçirilə bilər. Bir qədər sonra həyat öz axarına düşəndə bu kəndlərin də perspektiv inkişaf yolları daha aydın görünəcək.

İstehsal sahələrini bərpa edərkən, birinci növbədə, xalqın tarixən zəngin təcrübə toplamış olduğu sahələrin yeni şəraitin tələblərinə uyğun bərpasına diqqət yetirilməlidir. Məlumdur ki, işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatı tarixən çoxsahəli xarakter daşımışdır. Qarabağın zəngin təbiəti, əlverişli coğrafi mövqeyi burada istehsal və xidmət sahələrinin kompleks inkişafına şərait yaradır. Keçən əsrin 80-ci illərində regionda müxtəlif istehsal sahələri öz inkişafının ən yüksək səviyyəsinə çatmışdı. İşğaldan azad olunmuş ərazilər üzümçülük-şərabçılıq, baramaçılıq-ipəkçilik, pambıqçılıq və mahlıc, tütünçülük- siqaret, meyvəçilik-konserv, taxılçılıq-qida, heyvandarlıq-ət-süd və digər istehsal sahələrində Azərbaycan iqtisadiyyatında çox mühüm yer tuturdu.

Bu ərazilərdə o zaman cihazqayırma, tikinti materialları, mineral sular istehsalı, yüngül sənaye, xüsusilə xalçaçılıq, ipəkçilik, yeyinti sənaye sahələri inkişaf etmişdi. Qarabağ Azərbaycanın xalçaçılıq inkişaf etmış əsas regionlarından biri idi. İşğaldan azad olunmuş ərazilərdə bu sahələrin inkişaf imkanlarının birinci növbədə öyrənilməsi və potensialdan səmərəli istifadə daha məqsədəuyğun olardı. Eyni zamanda, iqtisadiyyatın digər sahələrinin əlverişli inkişaf imkanlarından da istifadə oluna bilər. Misal üçün Qarabağda turizmin və onunla bağlı istehsal sahələrinin inkişafı üçün çox böyük imkanlar var. Lakin bu imkanlardan bir az sonra, tədricən istifadə real görünür.

Məqsəd Qarabağı onun böyük imkanlarına uyğun olaraq hərtərəfli inkişaf etdirmək, modernləşdirmək, Azərbaycanın zəngin və iqtisadi cəhətdən ən güclü regionlarından birinə çevirməkdir. Uzun illər regional inkişaf problemləri ilə məşğul olan iqtisadçı alim kimi inanıram ki, Vətən müharibəsində tarixi qələbəmizin-- “Qarabağ Azərbaycandır!” həqiqətinin davamı olaraq, Qarabağa qayıdış, dirçəliş və yüksəliş prosesi də müdrik və uzaqgörən Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gerçəyə çevriləcək, inşallah! Qoy ulu Tanrı üstümüzdə yar olsun, xalqımız xoşbəxt yaşasın, bəxtiyar olsun!

Əli NURİYEV,

AMEA-nın müxbir üzvü, professor, əməkdar elm xadimi

"Xalq qəzeti", 22.01.2021.