Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Qarabağın bərpa və inkişaf layihələri regionun tarixi ənənələrinə və gələcək tələbatına əsaslanmalıdır

  • Oxunub 2156 dəfə

 Qarabağ ölkəmizin ən gözəl və bərəkətli regionlarından biridir. Bu regionun perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox vacib olacaq. Regionun bərpası ilə bağlı bizi çox böyük işlər gözləyir.

Biz bütün bu yerləri bərpa edəcəyik. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 Qarabağın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyü­nün təmin edilməsi uğrunda Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun parlaq qələbəsi ilə başa çatdı. Biz inanırıq ki, Qarabağın bərpası, hərtərəfli inkişaf etdirilməsi, bölgədə infrastrukturun modernləşdirilməsi layihələri də uğurla gerçəkləşdiriləcək.

Qarabağı sonsuz yurd sevgisi ilə murdar düşmən tapdağından azad etdiyimiz kimi, ölkəmizin iqtisadi qüdrəti və insanların quruculuq əzmi ilə dirçəldəcək, əvvəlkindən də gözəl, güclü və sevimli bir diyara çevirəcəyik. Quldurxislət işğalçıların daşını daş üstündə qoymadıqları böyük bir regionun yaxın gələcəkdə Azərbaycanın cənnətməkan bir diyarı olaraq inkişaf etdirilməsi, sadəcə olaraq, bir iqtisadçı alimin istəyi, arzusu deyil. Bu irimiqyaslı tarixi proses Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin yeritdiyi qətiyyətli, uzaqgörən siyasət, bütün xalqın maraqlı olduğu ümummilli bir hədəfdir.

Dövlət başçısının dediyi kimi: “Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq,– cəmi 44 gün ərzində,– bi­zim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”. Qarabağın bərpa və inkişafı həm də ölkənin geniş imkan­larına və yerli iqtisadiyyatın zəngin tarixi keçmişinə əsaslanan real bir məqsəddir. Bu nəhəng xarabazarlığı yüksək səviyyədə bərpa və hərtərəfli inkişaf etdirmək, Azərbaycanın iqtisadi cəhətdən güclü və gözəl regionuna çevrilmək üçün bütün imkanlar vardır.

Qarabağ kimi iri və böyük po­tensialı olan bir bölgədə irimiqyaslı, uzunmüddətli bərpa, dirçəliş və inkişaf prosesinə start verildiyi bir məqamda, bildirək ki, ümumiyyətlə, regionlarda iqtisadiyyatın və bütövlükdə məhsuldar qüvvələrin inkişaf istiqamətləri müəyyən edilərkən hər bir bölgənin fərqli xüsusiyyətləri (iqtisadiyyatın inki­şafında tarixən toplanmış təcrübə, inkişafın mövcud vəziyyəti, torpaq, iqlim şəraiti və i.a.) və respublikamı­zın qarşısında duran ümumi strateji xarakterli vəzifələr nəzərə alınır. Bu baxımdan Qarabağın işğaldan azad edilmiş rayon və şəhərlərinin əvvəlki həyatının yeni keyfiyyətdə bərpa və inkişaf etdirilməsi daha çox özünəməxsusluq kəsb edir.

Qarabağın işğaldan azad edilməsi xalqımızın, dövlətimizin qarşısına yerinə yetirilməsi hamı­mızın birgə səylərini tələb edən çox mühüm vəzifələr qoyur. Biz işğaldan azad edilmiş rayonların, şəhərlərin, kəndlərin əvvəlki simasını yeni keyfiyyətdə, indiki dövrün tələblərinə uyğun bərpa etməliyik. Etiraf edək ki, bu o qədər də asan vəzifə deyil.

Qarabağın düşməndən azad olunmuş ərazilərində xalqımızın uzun illər yaratdığı maddi, mənəvi sərvətlər dağıdılmış, saxtalaşdı­rılmışdır. Evlər, məktəblər, yollar, enerji, su təminatı sistemi, səhiyyə müəssisələri talan və məhv edilmiş­dir. Bizə sinəsi cadar-cadar olan tor­paqlar, kol basmış yamaclar, burada vaxtı ilə insanların yaşamış olduğu­nu göstərən xarabalıqlar qalmışdır. Torpaqların böyük bir hissəsi indiki vəziyyətində kənd təsərrüfatı üçün yararsız hala salınmışdır.

İşğaldan azad olunmuş ərazilərin iqtisadiyyatı tarixən çoxsahəli xa­rakter daşımışdır. Çünki bu ərazilər Azərbaycanın təbii sərvətlərlə ən zəngin regionlarından biridir. Neft və qaz ehtiyatları nəzərə alınmadan, Azərbaycanda olan faydalı qazıntı ehtiyatlarının 1/3 hissəsindən çoxu işğaldan azad olunmuş ərazilərin payına düşür. Bu region, birinci növbədə, qızıl, kvars-qızıl, mis-qızıl-kolcedan, qurğuşun, sink, mineral və termal sular, müxtəlif tikinti mate­rialları ilə zəngindir.

Təbii ehtiyatların say və miq­dar etibarı ilə böyük bir hissəsi Ermənistanla həmsərhəd olan Zəngilan, Kəlbəcər və Laçın rayon­larının payına düşür. İşğaldan azad olunmuş ərazilər quru-saf iqlimi, qara-məhsuldar torpağı ilə seçilir. Zəngin mədəniyyəti, tarixi istehsal təcrübəsi, əlverişli coğrafi mövqeyi olan regionun təkcə Azərbaycanın rayonlarına deyil, həm də İran, Türkiyə, Ermənistan kimi xarici dövlətlərə birbaşa çıxış imkanları vardır. Bütün bunlar Qarabağın işğaldan azad olunmuş ərazilərində iqtisadiyyatın demək olar ki, bütün sahələrinin yeni keyfiyyətdə bərpası və inkşafına əlverişli şərait yaradır.

Lakin yuxarıda qeyd etdiyimiz kimi işğaldan azad olmuş ərazilərdə canlı insana məxsus nə varsa hamısı tamamilə dağıdılmış və məhv edil­mişdir. Hər tərəf minalanaraq həyat üçün təhlükə mənbəyinə çevrilmişdir. İndi ölüm qoxusu saçan torpaqla­rı, uçub-dağılmış yaşayış yerlərini təmizləmək, insanlar üçün yeni həyat və fəaliyyət şəraiti yaratmaq lazımdır. Buna görə də ölkə Prezi­dentinin təşəbbüsü və rəhbərliyi ilə dövlət səviyyəsində bütün həyatın, təsərrüfat və xidmət sahələrinin yeni keyfiyyətdə bərpası və inkişafını əhatə edən uzunmüddətli strateji xətt və plan bir neçə variantda işlənib hazırlanmaqdadır.

Fikrimizcə, bu problemin həllinə münasibətdə iki mühüm cəhəti də nəzərə almaq lazımdır. Əvvəla, bərpa və inkişaf layihələrinin gerçəkləşdirilməsi mürəkkəb proses olduğuna görə onun həlli yollarına münasibətdə müxtəlif mövqelər, variantlar, yanaşmalar ola bilər. İkin­cisi, bu planın icrası prosesində ona əlavələr edilməsi, təkmilləşdirmələr aparılması da təbii haldır.

Bu baxımdan biz Qarabağda həyatın yeni keyfiyyətdə bərpası və inkişafı üçün hazırlanan planda aşa­ğıda göstərilən 9 ümumi fəaliyyət istiqaməti müəyyənləşdirməyi, görülməsi nəzərdə tutulan bütün tədbirləri, aparılan elmi-tədqiqat işlərini bu istiqamətlər üzrə cəmləşdirməyi və həyata keçirməyi məqsədəuyğun hesab edirik:

– ərazilərin minalardan təmizlənməsi də daxil olmaqla əhalinin həyat və fəaliyyəti üçün zəruri şəraitin yaradılması;

– əhalinin məskunlaşmasının səmərəli təşkili, şəhər və kəndlərin bərpasına sistemli yanaşma;

– iqtisadiyyatın inkişa­fı üçün hazırda və nisəbətən yaxın perspektivdə istifadəsi mümkün olan potensia­lın müəyyənləşdirilməsi və qiymətləndirilməsi;

– mövcud potensialdan səmərəli istifadə etmək, tarixən toplanmış istehsal təcrübəsini qoruyub saxlamaq və məhsulun xarici bazarlara çıxış imkanları­nı genişləndirmək prinsiplərini rəhbər tutaraq iqtisadiyyatın bərpa və inkişaf istiqamətlərini müəyyənləşdirmək;

– regionda həyatın yeni keyfiyyətdə bərpası və in­kişafının maliyyə təminatı mənbələrini və imkanlarını müəyyənləşdirmək;

– regionun hazırda istifadəsi mümkün olan təbii resurs və sərvətlərindən səmərəli istifadə etmək, xarici bazarlara məhsul çıxarmaq, əsasən azərbaycanlı vətəndaşları işə cəlb etməklə sənayedə sahibkarlığı formalaş­dırmaq;

– torpağın istifadə edənlər (sahibkarlar, həyətyanı sahələr) arasında məqsədyönlü bölüşdürülməsi, ehtiyat tor­paq fondunun saxlanması və bütövlükdə, torpaqdan səmərəli istifadə etməklə kənd təsərrüfatında sahibkarlığı forma­laşdırmaq;

– növbəlilik və sonradan regi­onun bu sahədə bütün imkanla­rından səmərəli istifadə etməklə turizmin təşkili;

– orta, ibtidai təhsil və peşə-ixtisas məktəblərinin, tədricən ali təhsil və elmi-tədqiqat mərkəzlərinin təşkili.

Əlbəttə, bu istiqamətlərə nəyi isə əlavə etmək, təkmilləşdirmələr aparmaq da olar. Lakin bütün hallar­da problemə belə sistemli yanaşma bu mürəkkəb və çoxşaxəli prosesdə pərakəndəliyi aradan qaldırar və çətinliklərin həllini nisbətən asanlaş­dırar.

Biz bundan əvvəlki yazımızda göstərmişdik ki, işğaldan azad olun­muş ərazilərdə 3 şəhərin regional mədəni-iqtisadi mərkəz kimi inkişa­fına müəyyən dərəcədə üstünlük vermək olar. Belə şəhərlər, adətən, əhalisi gündəlik funksional əlaqədə olan ərazilər üçün təşkiledici-tənzimləyici mərkəz rolunu oynayır. Lakin bu rolun istiqaməti, səviyyəsi şəhərin özünün regionda coğrafi mövqeyindən, inkişaf səviyyəsindən, böyüklüyündən və s. asılı olur. Bu baxımdan Şuşa şəhəri tamamilə fərqli xüsusiyyətlərə malikdir.

Öz coğrafi mövqeyinə, təbii və tarixi xüsusiyyətlərinə görə, Şuşa yalnız Azərbaycanda deyil, dünyada az təsadüf oluna bilən şəhərdir. Ölkə Prezidenti İlham Əliyev bu şəhəri heç də təsadüfən Azərbaycan mədəniyyətinin paytaxtı elan etməyib. Biz isə elə etməliyik ki, Şuşa şəhəri Azərbaycanın yalnız tarixən formalaşmış mədəniyyətinin paytaxtına deyil, həm də müasir mədəniyyətinin paytaxtına, daşıyıcı­sına və təbliğat mərkəzinə çevrilsin.

Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncam və göstərişləri ilə artıq işğaldan azad edil­miş ərazilərdə ilk zəruri bərpa işlərinə başlanıb. Prezident Şuşaya səfəri zamanı yolüstü Füzuli beynəlxalq aeroportunun təməlqoyma mərasimində təntənəli surətdə bəyan etdi: “Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tari­xi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükdə, müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük qurucu­luq işlərinə start verildi”.

Şuşa şəhərində binalar müa­sir memarlıq üslubunda tikilməli, turizmin inkişaf imkanları nəzərə alınmalı, şəhərin quru təmiz havası və müalicə-sağlamlıq mərkəzi kimi funksiyası qorunub saxlan­malıdır. Şəhərdə insanlara bütün xidmət növlərinin yüksək səviyyədə nümunəvi təşkili təmin olunmalıdır.

Yəqin ki, Şuşa şəhərinin dövlət səviyyəsində bərpa və inkişaf planı işlənib hazırlanarkən bu və ya belə xarakterli digər tələblər nəzərə alınacaqdır. Bu gün bunlar istəkdir, arzudur. İnanırıq ki, sabah reallaş­mış həqiqət olacaqdır.

Lakin Şuşada həddindən artıq müxtəlif istehsal və xidmət müəssisələri yerləşdirib, onun böyük şəhərə çevrilməsinə ça­lışmaq düzgün olmaz. Bu onun təbiətinə, kurort-sağlamlıq mərkəzi kimi əhəmiyyətinə ziyan verə bilər. Fikrimizcə, işğaldan azad olunmuş ərazidə daha iki şəhərin regional mədəni-iqtisadi mərkəz kimi inkişa­fına üstünlük vermək olar. Bunlar, bütövlükdə, Qarabağda məhsuldar qüvvələrin səmərəli ərazi təşkilini, həm də respublikamızda mədəni-iqtisadi mərkəz rolunu oynaya bilən şəhərlərin düzgün bölüşdürülməsi mənafeyini nəzərə almaqla müəyyən edilə bilər.

Qarabağda mərkəz kimi inkişaf etdiriləcək şəhərlərdən biri də, ehtimal ki, Füzulidir. Burada beynəlxalq aeroportun tikilməsi bunun üçün əlverişli şərait yaradır. Üçüncü şəhəri də idarəetmənin təkmilləşməsi, respublikamızın ərazisində mədəni-iqtisadi mərkəz rolunu oynaya bilən şəhərlərin nisbətən bərabər bölüşdürülməsi və Qarabağın ümumi inkişa­fı mənafeyini nəzərə almaqla müəyyən etmək olar.

Təbiidir ki, dövlət səviyyəsində bütün təsərrüfat və xidmət sahələrinin yeni keyfiyyətdə bərpası və inkişafını əhatə edən uzunmüddətli (təqribən, 10 il müddətinə) strateji xətt, plan və proqram hazırlanıb həyata keçiriləcəkdir. Artıq ölkə rəhbəri İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətlərdə təşkilati və praktiki fəaliyyət və tədbirlər geniş vüsət almaq­dadır. Fikrimizcə, təsərrüfat və xidmət sahələrinin keyfiyyətli bərpası və inkişafı məsələlərinin həllində növbəlilik, ardıcıllıq müəyyənləşdirilməlidir.

İrimiqyaslı, uzunmüddətli bərpa və inkişaf posesində öz yurdlarına qayıdacaq insanların həyat və fəaliyyəti üçün ən zəruri şəraitin təmin edilməsi birinci plana keçməlidir. Prezident İlham Əliyev, çox haqlı olaraq, Qarabağ əraziləri işğaldan azad edilən andan su, enerji, yol, səhiyyə kimi insanın həyat və fəaliyyəti üçün zəruri olan sahələrin bərpasına göstəriş verdi. Su həyatın özüdür, yol müasir həyatın qan damarlarıdır, enerji fəaliyyət və inkişafın hərəkətverici qüvvəsidir, səhiyyə Qarabağa qayı­dacaq insanların sağlamlığının və işgüzarlığının qorunmasının vacib şərtləridir.

İstehsal və sosial infrastruktur sahələrinin bu istiqamətlərdə inkişafı bir tərəfdən işğaldan azad olmuş rayonların, bütövlükdə, Qarabağ bölgəsinin iqtisadiyyatının vahid bir regional sistem kimi inkişafına, digər tərəfdən Ermənistanla həmsərhəd rayonlarla Azərbaycanın digər əraziləri arasında ikitərəfli əlaqələrin inkişafına şərait yaratmalıdır.

Kəndlərarası mərkəzlərin yaranması və inkişafı yerli əmək ehtiyatlarından istifadənin yaxşı­laşmasına, şəhərlərə əhali axınının nisbətən azalmasına, şəhər həyat tərzinin nisbətən bərabər yayılması­na əlverişli şərait yaradar. İşğaldan azad olunmuş başqa rayonlarda kəndlərarası mərkəzlər istisna olmaqla, qalan yerlərdə ilk dövrdə bərpa və inkişaf, əsasən, əhalinin öz təşəbbüsü və vəsaiti hesabı­na həyata keçirilə bilər. Bir qədər sonra həyat öz axarına düşəndə bu kəndlərin də perspektiv inkişaf yolları daha aydın görünəcək.

İstehsal sahələrini bərpa edərkən, birinci növbədə, xalqın tarixən zəngin təcrübə toplamış olduğu sahələrin yeni şəraitin tələblərinə uyğun bərpasına diqqət yetirilməlidir. Məlumdur ki, işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatı tarixən çoxsahəli xarakter daşı­mışdır. Qarabağın zəngin təbiəti, əlverişli coğrafi mövqeyi burada istehsal və xidmət sahələrinin komp­leks inkişafına şərait yaradır.

Bu ərazilərdə əvvəllər cihazqa­yırma, tikinti materialları, mineral su­lar istehsalı, yüngül sənaye, xüsusilə xalçaçılıq, ipəkçilik, yeyinti sənaye sahələri inkişaf etmişdi. Qarabağ Azərbaycanın xalçaçılıq inkişaf etmiş əsas regionlarından biri idi. İşğaldan azad olunmuş ərazilərdə bu sahələrin inkişaf imkanlarının birinci növbədə öyrənilməsi və potensialdan səmərəli istifadə daha məqsədəuyğun olardı.

Məqsəd Qarabağı onun böyük imkanlarına uyğun olaraq hərtərəfli inkişaf etdirmək, modernləşdirmək, Azərbaycanın zəngin və iqtisadi cəhətdən ən güclü regionlarından birinə çevirməkdir.

Əli NURİYEV,
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi

"Xalq qəzeti", 10 fevral 2021-ci il