“Böyük Qayıdış”a hazırlıq
- Oxunub 602 dəfə
44 günlük Böyük Vətən Müharibəsində 30 ilə yaxın müddət ərzində düşmən işğalında olan torpaqlarımızı azad etdik. Artıq dövlətimiz “Böyük Qayıdış”a hazırlaşır. Məcburi köçkünlərin doğma yurdlarına qayıdışının səmərəli şəkildə təşkil olunması hökumətin strateji hədəflərindən biridir.
Orta və uzunmüddətli dövrdə qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” yaradılmışdır. Həmin Qərargahın nəzdində İdarələrarası Mərkəz fəaliyyət göstərir.
Azərbaycan hökuməti repatriasiya prosesinin səmərəli təşkilindən ötrü məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənməyə qərar vermişdir. Bu məqsədlə Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır, məcburi köçkünlər arasında sorğular keçirir.
Onlardan biri də “ADA” Universitetinin nəzdində yaradılmış Tədqiqat qrupu tərəfindən reallaşdırılan “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” tədqiqat layihəsidir. Layihənin reallaşdırılmasının məqsədi, çoxmeyarlı ölçmələrlə repatriasiya potensialını qiymətləndirmək və proqnozlaşdırmaq, repatriasiyanın səmərəli təşkili imkanlarını araşdırmaqdır.
Tədqiqat qrupuna Azərbaycanın aparıcı elmi-tədqiqat və ali təhsil müəssisələrinin (“ADA” Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti və Qafqaz Strateji Araşdırmalar Mərkəzi) mütəxəssisləri cəlb ediliblər.
Bu layihə çərçivəsində 50-75 min nəfər məcburi köçkün arasında onlayn, 1000-1100 nəfər məcburi köçkün arasında və 250-300 nəfər sahibkar arasında anonim intervyu sorğu keçiriləcəkdir.
Onlayn sorğunun əsas məqsədi – repatriantların ixtisas, peşə, təhsil, yaş, çins, iş yeri, məskunlaşacağı ərazi və repatriasiya üçün vacib saydıqları ehtiyacları əks etdirəcək informasiya bazasının yaradılması və onun təhlili əsasında müvafiq qərarların qəbul edilməsinə yardımçı təklif və tövsiyələrin verilməsidir.
Seçilmiş məcburi köçkünlər (potensial repatriantlar) arasında keçiriləcək sorğunun əsas məqsədi – repatriasiyanın ümumi potensialını və erkən mərhələlərdəki “sıxlığını” ərazilər üzrə öyrənməkdir.
Sahibkarlar arasında sorğunun əsas məqsədi isə – yerli sahibkarların post-konflikt ərazilərin bərpasına qatılmaq üçün hansı güzəşt və imtiyazları gözlədiklərini öyrənməkdir.
Onlayn sorğu, fevral ayının 22-dən etibarən məcburi köçkünlər üçün açıqdır. Sorğu siyasi xarakter daşımır və respondentlər üçün heç bir öhdəlik yaratmır. Artıq yüzminlərlə insan https://sorgu.ada.edu.az ünvanına daxil olub, on minlərlə insan isə sorğuda iştirak etmişdir.
Bu sorğular vasitəsilə “Böyük Qayıdış” zamanı mühüm olan bir sıra məsələlərə nəzər salınacaqdır. 30 ilə yaxın dövr ərzində öyrəşdikləri həyatı, o cümlədən yaşayış və iş yerini dəyişmək məcburi köçkünlər üçün təbii ki, müəyyən çətinliklər yaradacaqdır. “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” tədqiqat layihəsi çərçivəsində keçiriləcək sorğularda nə zaman və necə köçmək, köç üçün zəruri olan ilkin şərtlər, dövlətdən gözləntilərin nədən ibarət olması və s. məsələlərə aydınlıq gətiriləcəkdir.
Sorğu anketlərində, respondentlərə ünvanlanan suallar içərisində onların hansı yaşayış massivlərinə üstünlük vermələri, hansı sektorda və sahədə işləmək arzusunda olduqları soruşulur. Bu suallar vasitəsilə məcburi köçkünlərin şəhər, rayon, qəsəbə, kənd massivinə üstünlük vermələri, dövlət və ya özəl sektorda, sənaye, kənd təsərrüfatı, tikinti, turizm, ticarət, səhiyyə, təhsil və s. sahədə işləmək arzusunda olduqları öyrənilir.
Beləliklə də keçiriləcək sorğular vasitəsilə “Böyük Qayıdış”la bağlı məcburi köçkünlərin arzu, istək və niyyətlərini öyrənmək mümkün olacaqdır.
Hər üç sorğunun nəticələrinin təhlili əsasında müvafiq təkliflər paketi hazırlanaraq hökumətə təqdim olunacaqdır. Bu layihənin reallaşdırılması repatriasiya potensialını proqnozlaşdırmağa imkan verməklə yanaşı, həm də “Böyük Qayıdış”ın səmərəli təşkilində mühüm rol oynayacaqdır.
Rəsmiyyə Abdullayeva, i.f.d., dosent,
AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri
"Kəlam" mart-aprel 2021-ci il