Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Böyük insan, fədakar alim

  • Oxunub 1565 dəfə

  Dünyada elə şəxslər vardır ki, xalqın, dövlətin inkişafında mühüm rol oynayırlar. Alimliklə insanlığın birləşməsi hər kəsə müyəssər olmur, bu vəhdət nadir insanlarda olur. Belə şəxsiyyətlərdən biri də Azərbaycan MEA-nın həqiqi üzvü Həsən Əlirza oğlu Əliyev idi. Həsən Əliyev şərəfli, keşməkeşli, zəhmətlə dolu bir ömür yaşamışdır.

  Akademik H.Əliyev 1907-ci ildə Zəngəzur qəzasının Comərdli kəndində anadan olmuşdur. Lakin erməni daşnaklarının “böyük Ermənistan” xülyası Qərbi Azərbaycanın bütün bölgələrində olduğu kimi, Həsən Əliyevin də həyatından yan keçməmişdir. O, öz ailəsi ilə bərabər Naxçıvan şəhərinə köçmüşdür. Bu faktı da demək lazımdır ki, o zaman Həsən Əliyevin anası ermənilər tərəfindən qətlə yetirilmişdir. Dünyanın hər yerində özlərini yazıq, fağır adlandıran ermənilər “Türksüz Ermənistan” ideyasını irəli sürmüş və bəşəriyyətin tərəqqisinə ziyan vuran bu ideyanı öz himayədarlarının köməyi ilə reallaşdırmışlar. Vaxtı ilə Həsən müəllimin anadan olduğu Zəngəzur qəzası, Dərələyəz, Göyçə mahalı, Dilican dərəsi, Zəngibasar, Vedibasardan yerli əhali ermənilər tərəfindən məhv edilmiş, sağ qalanlar isə öz canlarını götürüb qaçmışlar.

  Bütün bu əzab-əziyyət Həsən Əliyevin gələcək taleyinə də təsir göstərmişdir. O, muzdurluqdan elmi təşkilatçı, görkəmli alim səviyyəsinə yüksəlmiş, həyatında olan çətinliklər xarakterini müəyyən etmiş, insanlara kömək, yaxşılıq etmək həyat kredosuna çevrilmişdir.

  Mən Həsən müəllimi 1972-ci ildən tanıyırdım. Ona görə də Həsən müəllimlə bəzi əlaqələrim olmuşdur. Bir dəfə o, məndən soruşdu: “A bala, hardansan?” Dedim: “Ermənistan Respublikası Krasnoselo rayonu Gölkənd kəndindənəm”. Dedi: “A bala, ora vaxtı ilə Gəncə quberniyası Qazax qəzası, Dilican nahiyəsi idi. Sonralar ermənilər tərəfindən tutulmuşdur. Azərbaycan Demokratik Respublikası qurulduqda Azərbaycan ərazisi 114 min kvadratkilometr olmuşdur. Sonralar müxtəlif səbəblərdən, xüsusən xaçpərəst təəssübkeşliyi nəticəsində Azərbaycanın bəzi əraziləri ermənilərə verilmişdir. Bax, indi də biz onun əziyyətini çəkirik. Zəngəzurun Ermənistana verilməsi Naxçıvanın Azərbaycandan təcrid edilməsi erməni siyasətinin bir hissəsidir”. Bütün bunları Həsən müəllim ürək ağrısı ilə danışırdı.

  Həsən müəllim həmişə doğruluğu, ədaləti sevirdi. Haqsızlığa, ədalətsizliyə qarşı barışmaz idi. Respublikanın bütün bölgələrindən ədalətsizliklə üzləşənlər Həsən müəllimə müraciət edirdilər və o öz səlahiyyətindən istifadə edərək hökumət, hüquq mühafizə orqanlarına müraciət edərək haqqın, ədalətin bərpa olunmasına nail olur və əzab çəkənləri sevindirərdi. Bu idi Həsən müəllimin böyüklüyü, ağsaqqallığı. Yadımdadır, bir dəfə elmi rəhbərim akademik Asəf Nadirov mənə bir kitab verdi və dedi ki, apar Həsən müəllimə ver. Coğrafiya İnstitutuna, Həsən müəllimin kabinetinə getdim. Bu zaman o, telefonla hirslə danışırdı. Danışa-danışa mənə işarə etdi ki, otur. Oturub gözlədim. Bir söz yadımda qaldı. “Aydın, bizdə artıq işçi yoxdur (Aydın o vaxtlar EA Plan-İqtisad şöbəsinin müdiri idi)”. Telefon danışığı qurtardıqdan sonra Həsən müəllim dedi ki, akademiyada işçilərin ixtisar olunması tələb olunur. Kimi ixtisar edək, niyə ixtisar edək? Bunların bəziləri ailə başçısı, bəziləri isə tək yaşayanlar, bəziləri isə uşaq tərbiyə edən tək analardır. Necə ixtisar edək? Bəs bunlar necə yaşasınlar?
Bir cəhəti də göstərmək lazımdır ki, Həsən müəllim öz nüfuzundan istifadə edərək Coğrafiya İnstitutu alimlərinin sosial-iqtisadi məsələlərinin, ev probleminin həllində əlindən gələni əsirgəmirdi. Mənzil şəraitini yaxşılaşdıran əməkdaşların köhnə evləri evi olmayan əməkdaşlara verilərdi.

  Həsən müəllim eyni zamanda respublika təbiətinin qorunmasında da aktiv iştirak edirdi. SSRİ dağıldıqdan sonra yaşıllıqların kütləvi surətdə qırılması Həsən müəllimi çox incidirdi. O xüsusən təzə avtovağzal, Bakıxanov, Zığ, Əhmədli və digər yerlərdə ağacların qırılması və onların yerində villalar, şadlıq evləri, restoranlar tikilməsini qəti olaraq pisləyərdi və deyərdi: “Biz öz çiyinlərimizi məhv edirik”. Həsən müəllim öz fotoaparatını götürərək respublikanın bütün bölgələrində nadir ağacların şəklini çəkir və yerli icra orqanlarına onları göz bəbəyi kimi qorumağı tapşırırdı. 

  Akademik danışırdı ki, bir dəfə “öz dostlarımı” yoxlamaq üçün cənub bölgəsinə getmişdim. Ancaq bu ağacların bəziləri məhv olmuşdu, kiminsə pul hərisliyi təbiətə qalib gəl- mişdi. Bərk hirslənmişdim. Nahar vaxtı rayon rəhbərlərindən biri dedi ki, Həsən müəllim, gedək çörək yeyək. Təbiətin gözəl bir guşəsində kababxana düzəldilmişdi. Dedim, a bala, ayaq yolu haradadır. Dedilər ki, hara istəyirsiniz ora. Bərk hirsləndim. Dedim a bala bunu da sizə yuxarıdan göstəriş verməlidirlər? Raykomun ikinci katibi də pərt olmuşdu. Çıxıb getdik. Dedim bir həftə sizə vaxt verirəm. Əgər burada səliqəsahman yaratmasanız fəaliyyətiniz dayandırılacaq. Düz bir həftə keçdikdən sonra yenə həmin əraziyə gəldik. Doğrudan da, başqa bir mənzərə var idi, hər şey göz oxşayırdı. Dedim, a bala, bu işi görməyə sizə yuxarıdan göstəriş vermək lazım idi!? 

  Lakin göstərmək lazımdır ki, Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra bir çoxlarının Həsən Əliyevə də münasibəti dəyişildi. Vaxtı ilə Həsən Əliyevlə görüşməyi özlərinə şan-şöhrət sananlar ondan üz döndərdilər, hətta ondan uzaq gəzirdilər. Bir dəfə H.Əliyev Akademiyanın əsas binasının həyətində tək oturmuşdu. Gəlib onunla salamlaşdım, hal-əhval tutdum. Həsən müəllim dedi: “A bala, görürsən Heydər Əliyev haqqında mərkəzi mətbuat orqanlarında tənqidi yazılar dərc olunur”. Onlardan biri “lazımsız” “Gülüstan” sarayına həsr olunmuşdur. Həsən müəllim dedi: “Gülüstan” sarayı Bakıdadır, Heydər Əliyev özü ilə Moskvaya aparmayıb”. Ölkədə baş verən sosial-iqtisadi problemlərə dair xeyli söhbət etdik.

  Elmi fəaliyyətinə və Böyük Vətən Müharibəsindəki xidmətlərinə görə akademik H.Əliyev orden və medallarla təltif olunmuş, ona Azərbaycan Dövlət mükafatı verilmiş, respublika Ali Sovetinin deputatı seçilmiş, öhdəsinə düşən bütün tapşırıqları vicdanla və məsuliyyətlə yerinə yetirmişdir. Lakin onun ən böyük mükafatı xalq sevgisi, xalq məhəbbəti idi. Akademik neçə-neçə insana kömək etmiş, müxtəlif problemlərin həllində yardımçı olmuşdur. İndi Həsən müəllim Fəxri Xiyabanda uyuyur, minlərlə insan onun qəbrini ziyarət edərək xeyirxah, vətənsevər alimə rəhmət diləyir. Budur Həsən müəllimə xalq sevgisi.

  Allah sənə rəhmət eləsin, Həsən müəllim, qəbrin nurla dolsun.

Ələsgər Sarıyev,
AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad elmləri namizədi

“Respublika” qəzeti, 26 iyun 2015-ci il.