Qarabağ böyük turizm potensialına malikdir
- Oxunub 605 dəfə
Qubadlı şəhəri 41 kəndi ilə birlikdə rəşadətli Azərbaycan ordusu tərəfindən İkinci Qarabağ müharibəsi zamanı, yəni 25 oktyabr 2020–ci ildə Ermənistan ordusunun işğalından azad olundu. Bununla da Qubadlı rayonu üzərində Azərbaycanın Respublikasının suverenliyi təmin olundu və ərazi bütövlüyü bərpa olundu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı.
Qeyd edək ki, Qubadlı rayonu, Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin avqust ayında işğal edilmişdi. Rayon işğal edilərkən, 1 şəhər və 93 kənddən ibarət idi. Artıq Qubadlı rayonu ərazisi 1 şəhər və 41 kəndi ilə birlikdə tam azaddır. Artıq bütün Qarabağda olduğu kimi, Qubadlıda bütün infrastruktur yenidən bərpa olunur. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Buna sübut olaraq, yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisini misal göstəmək olar. Uzunluğu 66 kilometr təşkil edəcək Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Aprel ayında yolun Xudafərin su anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işləri başlanılıb və hazırda tikinti davam edir. Hazırda rayon ərazisində digər infrastruktur lahiyələrinin icrası da geniş şəkildə davam etdirilir.
AMEA-nın müxbir üzvü, professor Akif Musayev Bizimyol.info saytına açıqlamasında Qubadlı rayonunda iqtisadiyyatın, sənayenin və kənd təsərrüfatının inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırdı:
“Xüsusilə, heyvandarlığın və əkinçiliyin inkişafı üçün münbit şərait var. Əlverişli iqlimi, məhsuldar torpaqları, bol su ehtiyatları sayəsində rayonda uzun illər taxıl, tütün, üzüm, meyvə-tərəvəz də yetişdirilir, Eyni zamanda, tikinti, emal və hasilat sənayeləri inkişafı üçün böyük potensial var. Rayonda mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daşı və şirin yeraltı su ehtiyatları mövcuddur. Burada yerləşən əqiq yatağı abidəsi nadir yataqlardan hesab olunur”.
Şəhərin özündə hansı tikinti-bərpa işlərinin həyata keçirilməsi ilə bağlı suala gəlincə, A.Musayev qeyd edib ki, şəhərdə tikinti-bərpa işləri mərhələli şəkildə aparılacaq: “Amma şəhərin baş planı ilə bağlı dəqiq məlumat yoxdur. Prezident İlham Əliyev son açıqlamasında bildirdi ki, hazırda Qubadlı, Zəngilan və Laçın şəhərlərinin baş planları üzərində iş gedir. Qeyri-rəsmi məlumatlara görə, şəhərin yerinin dəyişdirilməsi məsələsi üzərində iş gedir. Bu da ondan irəli gəlir ki, işğal nəticəsində darmadağın edilmiş şəhərin bir hissəsi açıq muzey kimi saxlanılsın və beynəlxalq ictimaiyyətə Ermənistanın vandalizminin nəticəsi kimi nümayiş olunsun. Hər bir rayonda və hər bir “Ağıllı kənd” layihəsi icra olunan bir ərazidə dağıntıların bir hissəsi açıq muzey kimi saxlanılacaq. Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”.
A.Musayevin sözlərinə görə, rayonun yaşayış məntəqələrinin tikintisi də mərhələli şəkildə həyata keçiriləcək: “Hər rayondan bir kənd götürülür və “Ağıllı kənd” layihəsinin icrası həyata keçirilir. Əvvəllər belə bir tikinti-bərpa strategiyası əsas götürülürdü - təmas xəttinə yaxın, yəni köhnə infrasturktura yaxın olan yaşayış məntəqələrinin bərapası həyata keçirilirdi. Ancaq indi təmas xəttinə yaxın ərazilər düşmən tərəfindən minalandığı üçün təmas xəttindən xeyli aralı ərazilərdə tikinti-bərpa işləri aparılır”.
Məlum olduğu kimi işğala qədər Qubadlı rayonunun turizm potensialının da çox yüksək oldğunu deyən həmsöhbətimiz qeyd etdi ki, xüsusilə yay və qış aylarında sağlamlıq turizmi üçün imkanlar olduqca böyük olub:
“Artıq Qubadlı azad olunub və bəs bundan sonra bu sahədə böyük işlər görüləcək. Təkcə Qubadlı deyil, ümumilikdə, Qarabağ böyük turizm potensialına malikdir. Bölgədə istər tarixi məkanların turizmi, istər sağlamlıq turizmi, istərsə də əyləncə turizmi kimi sahələri çox yüksək səviyyədə inkişaf etdirmək olar. Bununla bağlı, marşrutlar da müəyyən olunub”.
A.Musayev, ilk olaraq yaxın vaxtlarda “Qara turizm” adlanan yeni turizmin inkişafı ilə bağlı işlərə başlanıldığını diqqətə çatdırdı: “Bu turizmin mahiyyəti ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə dağıdılmış bütün yaşayış məntəqələri və infrastruktur həm yerli, həm də xarici turistlərə nümayiş olunacaq. Bundan başqa, atçılığın nümayiş olunması üçün turizm səfərləri həyata keçiriləcək, eyni zamanda ailə və sağlamlıq turizmi sahələri inkişaf etdiriləcək. Qubadlının özündə də çoxsaylı tarixi abidələr mövcuddur, çox gözəl təbiətə və zəngin şirin su ehtiyatına malikdir”.
Bizimyol.info 25.10.2021