Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Mənim Füzuli təəssüratlarım…

  • Oxunub 412 dəfə

 Füzulinin azad edilməsinin birinci ildönümü günündə  Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə və Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək mənə də nəsib oldu. Bu qiymətli imkandan istifadə edərək sözün əsil mənasında böyük Qələbənin xalqımıza verdiyi qürur və mənəvi məmnunluq haqqında onun memarı və yaradıcısı - Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə həm füzulilərin, həm də  öz adımdan minnətdarlığımızı çatdırdım və öz fikirlərimi bölüşdüm.

 Ölkə rəhbəri ilə səmimi keçən görüşlə bağlı zəngin təəssüratlarımı və oradakı çıxışım zamanı vaxt məhdudiyyəti ilə bağlı deyə bilmədiyim fikirləri oxucuların diqqətinə çatdırmağı özümə borc bilirəm. İlkin olaraq, təəssüratlarla bağlı onu qeyd edə bilərəm ki, cənab Prezidentin sözlərində, simasında əzmkarlıq, möhkəm qətiyyət və dərin səmimiyyət hiss etdim. Bu əzm və qətiyyəti biz bir il öncə müharibə gedən zaman da gördük. O zaman dövlət başçısı Ermənistanın havadarlarının saysız-hesabsız təzyiqlərinə baxmayaraq müharibədə qələbə çalmaq, sona qədər getmək əzmi göstərdi. Bu gün isə o, azad edilmiş torpaqları yenidən bərpa etmək, dirçəltmək əzmindədir. Əminəm ki, Prezidentin ortaya qoyduğu qətiyyət müqabilində tezliklə Füzuli sakinləri və bütün Qarabağlılar tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Aydındır ki, bərpa və yenidənqurma işlərinin uğurla reallaşdırılması üçün öncə təhlükəsizlik təmin edilməlidir. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması ilə bağlı xeyli iş görülmüşdür. Təxminən 20 min hektar ərazi təmizlənmiş, 50 000 ədəd mina və digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilmişdir. Bütün bunlarla bərabər, 11 istiqamətli avtomobil yolunun, 2 hava limanının və 3 dəmiryolunun tikintisi, kommunikasiyaların qurulması,  infrastrukturun yaradılması və s. işlər görülür.

“Azərişıq” ASC Qarabağda elektrik enerjisi təchizatını təmin etməklə yanaşı, burada izolyasiyalı və mühafizə olunan elektrik xətlərindən ibarət yeni sistemin tətbiqinə başlayıb. "Azərsu" ASC işğaldan azad olunmuş ərazilərdə su təchizatı sistemlərini bərpa etməklə yanaşı, burada yeni şəhərdaxili şəbəkənin qurulması, su anbarlarının, kanalizasiyaların, sutəmizləyici qurğuların tikintisi ilə bağlı işlərin icrasına başlayıb.

“Azercell”, “Azərfon” və “Bakcell” MMC tərəfindən 52 baza, 17 stasionar stansiya qurulub. İşğaldan azad edilmiş Zəngilan rayonunda ilk “Ağıllı kənd” layihəsi, həmçinin “Dost (“ağıllı”) Aqropark” layihəsinin təməli qoyulub. Belə ki, layihə çərçivəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələrinin yaradılması, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq kompleksləri, eləcə də toxumçuluq və şitilçilik sahələri salınması, ət emalı və qablaşdırma müəssisəsinin qurulması, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarının inşa edilməsi və burada 500 nəfərlik iş yerinin yaradılması planlaşdırılır. Eyni zamanda, işğaldan azad edilmiş ayrı-ayrı rayonlar üzrə və ümumi formada meşə fondu, xüsusi mühafizə olunan təbiət əraziləri, faydalı qazıntı yataqları, hidrologiya üzrə ümumilikdə 13 xəritə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarında yaşayış məntəqələrinin salınması ilə bağlı 4 xəritə hazırlanmışdır.

Yuxarıda sadalananlardan göründüyü kimi, hazırda Füzuli rayonu böyük tikinti-quraşdırma və bərpa meydançasına çevrilib. Prezident İlham Əliyevin Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etdiyi kimi, Füzuli mühüm strateji əhəmiyyətə malik, Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsidir. Burada çox qısa müddətdə, cəmi 8 ay ərzində “Qarabağın hava qapısı”, yəni, uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metr olan, beynəlxalq standartlara cavab verən Füzuli Beynəlxalq  Hava Limanının tikintisi başa çatdırılmış və bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmi açılış mərasimi keçirilmişdir.

Eyni zamanda, Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin bərpasının təməl daşı, həmçinin Füzulinin Dövlətyarlı kəndində “ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin əsası qoyulmuşdur. Belə ki, bu layihə çərçivəsində beş kəndin birləşdirilərək ümumilikdə 750 evin tikintisi, həmçinin burada 145 daimi iş yeri, 300-ədək mövsümi iş yerinin yaradılması nəzərdə tutulur. Bundan başqa, Zəfər muzeyinin, İşğal muzeyinin, Cənubi Qafqazda ilk dəfə tətbiq olunan Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi Elektrik Şəbəkəsinin təməli qoyulmuşdur.

Xüsusilə qeyd edilməlidir ki, bərpa və yenidənqurma işləri olduqca böyük vəsait tələb etdiyindən proses yalnız dövlət resursları deyil, xarici ölkələrin maliyyə yardımları, şirkətlərin qoyduğu investisiyaları dəyərləndirməklə həyata keçirilir. Bu prosesdə Türkiyə, İsrail, İtaliya, Çin və s. ölklərin şirkətlərinin iştirakını xüsusi qeyd etmək lazımdır. Qarabağda  hava, avtomobil və dəmir yollarının inşası, habelə Zəngəzur dəhlizinin də açılması ilə təkcə bu bölgə deyil, bütövlükdə Azərbaycan özü  müasir infrastruktura malik nəqliyyat qovşağına çevriləcək.

İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma layihələri çərçivəsində təkcə tikinti-quruculuq işləri deyil, kənd təsərrüfatının canlandırılması və inkişafı məsələsinə də ciddi diqqət yetirilir. Belə ki, işğaldan azad edilmiş ərazilərdə 2021-ci ilin məhsulu üçün payızlıq və yazlıq əkinlər daxil olmaqla, 8,9 min hektar sahədə toxum səpini keçirilib. Sahələrdən 4 min ton taxıl yığılıb. Əkinlərin gec aparılması, suvarma infrastrukturunun olmaması kimi səbəblərdən hər hektardan orta məhsuldarlıq 4,5 sentner təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ilə yaradılmış Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli rayonu yüksək iqtisadi potensila və inkişaf perspektivlərinə malikdir. Füzuli rayonunda iqtisadiyyatın ənənəvi kənd təsərrüfatı sahələri, əkinçilik və maldarlıqla yanaşı, aqrar məhsulların ilkin emalı sənayesinin, tikinti, nəqliyyat, ticarət, xidmət sahələrinin inikişafı üçün şərait də var. Ümimi ərazisi 67,6 min hektar olan Füzuli rayonunun 60,8 min hektarı kənd təsərrüfatına yararlı torpaq sahələridir. Rayonun bərəkətli və məhsuldar torpaqları var. Füzuli rayonu istər əhali sayı, istər münbit torpaq ehtiyatı, istərsə də məhsul istehsalına görə Qarabağ iqtisadi rayonunun ən böyük rayonlarından biridir. Rayonun işğala qədərki əhalisinin sayı 98,6 min nəfər, əkin sahəsi 33,804 hektar, örüş-otlaq və biçənək sahəsi 25,985 hektar, həyətyanı sahələr 1,059 min hektar təşkil edirdi.

44 günlük Vətən müharibəsindən sonra, 2021-c ildə Füzuli rayonunun işğaldan azad edilmiş 600 hektar sahəsində taxıl becərilib və məhsul tədarük edilib. Həmçinin cari ildə rayonun 288.8 hektar ərazisində şəkər çuğunduru əkilib və həmin torpaqların 78,8 hektarı işğaldan azad edilmiş əraziləri əhatə edir. Füzuli rayonunun işğaldan azad edilmiş Seyidmahmudlu kəndi ərazisindəki minalardan təmizlənmiş həmin torpaqlarda şəkər çuğunduru ilk dəfədir becərilib və yüksək məhsuldarlığa nail olunub. Belə ki, şəkərlilik faizi 15-16 faiz göstərici ilə hər hektardan 55-60 ton məhsul yığılıb və bu günə kimi 1800 tona yaxın məhsul tədarük edilib. Planlaşdırılan istehsal 3600 tondur, məhsul yığımı davam edir.

Postkonflikt rayonlar üzrə iribuynuzlu mal qaranın 23,6 faizi Füzuli rayonunun payına düşür. Bunlarla yanaşı, Füzuli rayonunda emala əsaslanan aqrar sənaye müəssisələrinin yaradılması, eyni zamanda,  arxeoloji və etnoqrafik turizmi inkişaf etdirmək, onların bazasında yerli turizm marşrutları yaratmaq üçün potensial imkanlar var. Bu imkanlardan maksimum istifadə ediləcəkdir.

 Akif Musayev,

 AMEA-nın İqtisadiyyat İnstitutu Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor

"İki sahil" qəzeti, 16 noyabr 2021-ci il