"Xalq qəzeti": Zəngəzur dəhlizi: regional blokadaya açılan qapı
- Oxunub 425 dəfə
Azərbaycanın tarixi torpaqlarını düşmən işğalından azad etməsi ilə regionda yeni geosiyasi mənzərə yarandı. İlk növbədə, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan tarixi sərhədlərinə nəzarəti özünə qaytardı. Bununla yanaşı, uzun illər blokada şəraitində qalan Naxçıvanla birbaşa əlaqəni yenidən bərpa etmək üçün əlverişli imkan yarandı.
Eyni zamanda Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə ölkəmizin tranzit imkanlarının daha da genişləndirilməsi üçün real şərait formalaşdırdı. Asiya ilə Avropa arasında nəqliyyat qovşağı rolunu oynayan Azərbaycanın ərazisindən keçən Orta Dəhlizin əsas qollarından sayılan Zəngəzur dəhlizinin açılması tarixi zərurətə çevrildi.
İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşaqlarının yaxınlığında yerləşməsi burada bir sıra infrastruktur layihələrinin icrasına zərurət yaradır. Artıq həmin ərazilərin regional və beynəlxalq layihələrin icra olunduğu məkana çevrilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng tikinti-quruculuq işləri, burada inşa olunan ən müasir avtomobil və dəmir yolları, beynəlxalq hava limanları, eləcə də ərazinin “yaşıl enerji” potensialının hərəkətə gətirilməsi istiqamətində görülən işlər isə Zəngəzur dəhlizinin fəaliyyəti üçün əlverişli imkanlar yaradır.
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı Zəngəzur dəhlizinin əhəmiyyəti ilə bağlı deyib: “Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmalıdır. Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir. Eyni zamanda biz müştərək tarif siyasətini həyata keçirməklə bu yolu iqtisadi cəhətdən daha cəlbedici etməliyik. Hesab edirəm ki, burada da danışıqlar müsbət istiqamətdə gedir. Yəni, təkcə Orta Asiya ölkələrinin yükgöndərmə potensialını və oraya Avropa istiqamətindən gedən yükləri nəzərə alsaq görərik ki, hətta biz bütün bu layihələri icra etsək və genişləndirsək, yenə də çatmayacaq. Ona görə Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır”.
Zəngəzur dəhlizi Azərbaycan üçün siyasi əhəmiyyət daşımaqla yanaşı, iqtisadi cəhətdən də olduqca əlverişlidir. Eyni zamanda tarixi zərurətin nəticəsi olan bu marşrutun reallığa çevrilməsi Orta Dəhliz boyunca yerləşən ölkələrə də böyük iqtisadi fayda gətirəcək. Belə ki, yolun məsafə baxımından qısa olması yüklərin mənzilbaşına daha tez çatdırılmasına imkan verəcək. Təsadüfi deyil ki, mütəxəssislər Çindən Avropaya və əks istiqamətdə daşımaların Azərbaycan üzərindən reallaşmasını olduqca səmərəli hesab edirlər. Onların qənaətinə görə, Zəngəzur dəhlizinin işə düşməsi beynəlxalq iqtisadi reallıqların tələb etdiyi regional inkişafa güclü təkan verəcək.
Zəngəzurdan keçməklə Asiyanı Avropa ilə birləşdirəcək yeni dəhlizin iqtisadi əhəmiyyətini yüksək qiymətləndirən beynəlxalq ekspertlərin hesablamasına görə, yaxın 10 ildə Avropa ilə Asiya arasında ticarət dövriyyəsinin həcmi 200 milyard dollar olacaq. Bu da daşınan yüklərin həcminin artacağından xəbər verir. Bunu əsas götürən yerli ekspertlər hesab edirlər ki, gələcəkdə Orta Dəhlizlə daşınan yüklərin 10 faizinin Zəngəzur dəhlizinə yönəldilməsi Azərbaycana ildə 3 milyard dollardan artıq tranzit gəliri əldə etmək imkanı yaradacaq. Bundan əlavə, gələcəkdə dəhlizin genişləndiriləcəyi və Orta Asiya respublikalarının, eləcə də Çinin və Asiyanın digər ölkələrinin Avropa ilə nəqliyyat əlaqələrinin Zəngəzur dəhlizi vasitəsilə qurulacağı təqdirdə ölkəmizin illik qazancı 5 milyard dollara qədər arta bilər. Elə Prezident İlham Əliyevin “Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Zəngəzur dəhlizi Azərbaycan, bəzi qonşu dövlətlər və daha böyük coğrafiya üçün strateji layihədir” fikri də bu qənaəti bir qədər də möhkəmləndirir.
Yeri gəlmişkən, Zəngəzur dəhlizi daxili iqtisadi proseslər baxımından da xüsusi əhəmiyyət daşıyır. Belə ki, dəhlizin işə düşməsi Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərini sürətləndirməklə yanaşı, bölgədə iqtisadi fəallığın artmasına və sənayeləşmənin sürətlənməsinə səbəb olacaq. Eyni zamanda Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi olan Naxçıvanla yanaşı, Türkiyə və Avropanı da nəqliyyat baxımından ölkəmizlə birləşdirəcək. Bundan əlavə, Çin və Orta Asiya ölkələrindən Azərbaycana daxil olan yüklər Zəngəzur dəhlizi ilə Türkiyəyə, oradan Avropaya və əks istiqamətə daşınacaq. Dəhlizin fəaliyyəti dövründə yol boyu texniki xidmət mərkəzləri, mehmanxana və digər iaşə obyektləri yaradılacaq ki, bu da ölkədə əlavə iş yerlərinin açılmasına səbəb olacaq.
Göründüyü kimi, qlobal inteqrasiyanın sürətləndiyi bir dövrdə yeni bir nəqliyyat-logistika qovşağının yaradılması üçün tarixi zərurət yaranıb. Bununla belə, Azərbaycanı istəməyən bəzi qüvvələr, xüsusən də düşmən Ermənistan buna hər vəchlə mane olmağa çalışır. Süni maneələr, siyasi əngəllər prosesin ləngiməsinə səbəb olsa da, ortada Azərbaycanın, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi iradəsi var. Bu da bütün maneələri, siyasi əngəlləri dəf etməyə inamı gücləndirir. Prezident İlham Əliyevin bununla bağlı fikirləri də maraq doğurur: “Əlbəttə ki, Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun”.
Təbriz YADİGAROV,
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent
"Xalq qəzeti" , 01.03.2023.