Azad edilən torpaqların bar-bərəkəti cana gətirilir
- Oxunub 311 dəfə
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin kənd təsərrüfatı potensialı olduqca yüksəkdir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən əsrin 80-ci illərində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları respublika üzrə kənd təsərrüfatı məhsulları istehsalında əhəmiyyətli paya malik olub.
Belə ki, təqribi hesablamalara görə, həmin dövrdə taxıl məhsullarının 14 faizi, kartof, tərəvəz və bostan məhsullarının 6 faizi, tütünün 8 faizi, üzümün 25 faizi, ət və süd məhsullarının hər biri üzrə istehsalın 15 faizi məhz bu bölgənin payına düşüb.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqların minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi bu yerlərdə həyatın canlanmasına, xüsusən də kənd təsərrüfatının dirçəldilməsinə, kəndlinin əkin-biçinə marağının artmasına səbəb olub. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyevin azad olunmuş torpaqlarımızla bağlı ilk tapşırıqlardan biri məhz həmin torpaqların minalardan təmizlənərək əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı olub.
Yeri gəlmişkən, dövlət başçısının 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. 2026-cı ilədək olan dövrü əhatə edən bu mühüm dövlət sənədində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatının inkişaf etdirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Həmin tədbirlərə işğaldan azad olunmuş ərazilərdə yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının bərpası, məhsuldar ərzaq istehsalı sistemləri təmin edilməklə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi, ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturunun formalaşdırılması, kənd təsərrüfatının müxtəlif sektorlar üzrə inkişafının stimullaşdırılması və s. mühüm məsələlər daxildir.
Qeyd edək ki, hazırda qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Laçın və Kəlbəcər yaylaqlarına aparmaq istəyən fermerlərin qeydiyyatı aparılır. Qaydalara əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər öz təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürə bilərlər. Bu iqtisadi zonalardan olan, 40 və daha artıq arı ailəsinə sahib fermerlərə arıçılıq təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürməyə icazə verilir. Bununla yanaşı, eyni kateqoriyadan olan, təsərrüfatlarında 200 başdan artıq xırdabuynuzlu heyvan olan fermerlərə də təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürməyə icazə verilir. Yeri gəlmişkən, ötən ilin yaylaq mövsümündə 17 min 406 şəxsin fermer təsərrüfatlarının tərkibində azad olunmuş ərazilərdəki yaylaqlara getməsinə icazə verilmişdi. Cari ilin eyni mövsümündə isə bu rəqəmin daha yüksək olacağı gözlənilir.
Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları baramaçılıq və pambıqçılıq üçün də əlverişlidir. Məlum olduğu kimi, keçmiş SSRİ dövründə Qarabağda və ətraf rayonlarda yetişdirilən barama məhsulu Xankəndidəki ipək kombinatında emal olunurdu. Kənd təsərrüfatı mütəxəssisi Firdovsi Fikrətzadənin qənaətinə görə, bölgədə baramaçılıq ənənəsi bərpa edildikdən sonra burada ipək istehsalı üçün perspektiv yaranacaq. Mütəxəssis hesab edir ki, Ağdam və Füzuli rayonlarında pambıq əkinini genişləndirməklə kənd təsərrüfatının bu mühüm sahəsinin əvvəlki şöhrətini qaytarmaq olar. Eyni zamanda, adıçəkilən rayonların tərəvəz, o cümlədən soğan istehsalında da potensialı olduqca yüksəkdir.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl və Zəngilan isə üzümçülük ənənəsi ilə tanınıb. Həmin sahələrin bərpası sözügedən iqtisadi rayonunun aqrar sahəsi üçün böyük perspektivlər vəd edir. Bununla yanaşı, Qarabağ iqtisadi rayonunda nar və xurma yetişdirməklə meyvəçiliyi inkişaf etdirmək mümkündür.
Nazirlər Kabinetinin 2022-ci ilə dair fəaliyyəti haqqında hesabatında bildirilib ki, ötən il işğaldan azad olunmuş torpaqlarda, ümumilikdə, 48,7 min hektar əkinəyararlı torpaq sahəsi müəyyən edilib və bu sahələrin 38,2 min hektarında payızlıq buğda, 9,6 min hektarında isə arpa əkilib. Bundan əlavə, həmin ərazilərdə biçinin həyata keçirilməsi üçün ayrılmış 10 ədəd yeni kombayn və digər rayonlardan dislokasiya edilmiş 20 ədəd kombayn hesabına 15 min hektara yaxın sahənin biçini təmin edilib.
Ekspert rəyi
Mahir ZEYNALOV,
İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent
Azərbaycanda kənd təsərrüfatı qeyri-neft sektorunun ən mühüm sahələrindən biridir. Ölkə iqtisadiyyatının 6 faizini əhatə edən aqrar sektor ərzaq təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Buna görə də dövlət kənd təsərrüfatının davamlı inkişafını daim dəstəkləyir. Müsbət haldır ki, Azərbaycanda, hətta pandemiya dövründə belə, kənd təsərrüfatında artım meyilləri davam edir.
Hazırda işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının hərəkətə gətirilməsi, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində böyük bir canlanma müşahidə olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar sektorda ölkənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək həcmlərdə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal olunacağı gözlənilir. Xüsusən də, taxıl, meyvə, tərəvəz istehsalı, heyvandarlıq əsas sahələr olacaq.
Bu ərazidə mövcud 1,213 milyon hektar torpaq sahəsinin 591,776 min hektarı əkinə yararlı, 231,56 min hektarı əkin, 351,822 min hektarı örüş-otlaq və biçənək, 8,898 hektarı isə həyətyanı sahələrdir. Bir məqamı da diqqətə çatdırım ki, 1980-ci illərdə Qarabağ və ətraf rayonlar üzrə 139,814 hektar ərazidə əkin aparılırdı ki, bu da ölkə üzrə əkin sahələrinin 7,7 faizini təşkil edirdi.
Düşmən tapdağından azad edilmiş torpaqlarımızda kənd təsərrüfatı dirçəldildikdən sonra burada heyvandarlıq məhsulları, o cümlədən ət istehsalı aparıcı sahələrdən biri olacaq. Post-konflikt rayonlarda ənənəvi heyvandarlıq sahələri yüksək potensiala malikdir. Çünki Qarabağda heyvandarlığın inkişafı üçün təbii şərait mövcuddur. Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ildə orta hesabla 30 min ton ət istehsalı proqnozlaşdırılır ki, bu da ölkənin özünü ət və ət məhsulları ilə təminetmə səviyyəsinin yüksəlməsi, eləcə də idxalın əvəzlənməsi baxımından əhəmiyyətli rəqəmdir.
Düşünürəm ki, post-konflikt rayonlarda kənd təsərrüfatı dirçəldildikdən sonra Azərbaycan özünü mal, qoyun və keçi əti ilə tam təmin edə biləcək. Göründüyü kimi, dünyada ərzağın bahalaşdığı bir şəraitdə Qarabağda kənd təsərrüfatının dirçəldilməsi müstəsna əhəmiyyət daşıyır. Bu, həm də ərzaq təhlükəsizliyimiz, daxili bazarın ekoloji təmiz, keyfiyyətli məhsullarla təmin olunması və qiymətlərin ucuzlaşması baxımından vacibdir.
"Xalq qəzeti". 30.04.2023