Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi gerçəkləşir
- Oxunub 311 dəfə
Türk dünyasının bir parçası olan Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə, ərazi bütövlüyünün təmin edilməsi ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını, xüsusən də türk dövlətləri ilə əməkdaşlıq əlaqələrini xeyli sürətləndirib. Bu baxımdan Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə yaradılan mükəmməl hüquqi baza müstəsna rol oynayır.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının ötən il noyabrın 11-də Səmərqənd şəhərində keçirilmiş IX Zirvə Görüşünün yekunlarına dair imzalanmış Səmərqənd Bəyannaməsində dövlət və hökumət başçıları Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduqlarını bir daha təsdiqləmişdilər. Eyni zamanda türk ölkələrinin dövlət və hökumət başçıları Avropa ilə Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndirilməsi və nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verən bir sıra nəqliyyat infrastrukturunun yaradılması üçün üzv dövlətlərin səylərini dəstəklədiklərini bəyan etmişdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il 2 may tarixli fərmanı ilə “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişi təsdiq edib. Xatırladaq ki, 2022-ci il noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində imzalanmış saziş Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin ərazisində sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasını nəzərdə tutur. Saziş tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsinin aparılması, onların gömrük proseduralarını mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərində istifadə edilə bilən elektron sistemin yaradılması ilə bağlı məsələləri özündə ehtiva edir. Sazişə əsasən, tərəflərin gömrük orqanlarının razılığı əsasında altı ay icra olunacaq pilot layihə ilə dəhlizin praktiki reallaşdırılması təmin ediləcək. Bu dəhliz türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yüklərin sürətli daşınmasına imkan verəcək.
Ekspertlər sazişin reallaşdırılmasını türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafına və ticarət dövriyyəsində kəskin artıma səbəb olacağını bildirirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, yaxın illərdə Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması nəzərdə tutulur. 2022-ci ildə isə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə xeyli artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollara çatıb. Bütövlükdə isə, ötən il bütün türk dövlətləri ilə ticarət dövriyyəmizdə artım qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Azərbaycanla qardaş Türkiyə arasında ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar təşkil etdiyi halda, ötən il bu rəqəm 5 milyard 842 milyon dollaradək yüksəlib. Heç şübhəsiz, son illər ölkəmizin türk dövlətləri ilə apardığı ticarət əlaqələrində ən yüksək artım Türkmənistanla Qazaxıstanın payına düşür. Belə ki, ötən il Türkmənistanla ticarət dövriyyəmiz əvvəlki ilə nisbətən 5,1 dəfə artaraq 105 milyon 23 min dollardan 535 milyon 397 min dollara çatıb. 2022-ci ildə Qazaxıstanla 598 milyon 486 min dollarlıq ticarət əməliyyatları aparılıb ki, bu da əvvəlki ilə nisbətən 4,4 dəfə çoxdur. Bundan əlavə, ötən il Azərbaycan Özbəkistanla 183 milyon 307 min dollar, Qırğızıstanla isə 10 milyon 809 min dollarlıq ticarət əməliyyatları aparıb ki, bu da əvvəlki ilə nisbətən müvafiq olaraq 64 faiz və 17 faiz çoxdur.
Avropa ilə Asiya arasında ən təhlükəsiz və qısa yol hesab olunan Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca vahid tarif və gömrük sisteminin yaradılması isə yaxın illərdə türk dövlətləri arasında iqtisadi əlaqələrin, xüsusən də ticarət dövriyyəsinin bir qədər də artmasına səbəb olacaq.
Ekspert rəyi
Təbriz YADİGAROV,
ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent
Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub marşrutları nəqliyyat qovşağına çevrilməsi yüklərin dünyanın bir başından digərinə iki dəfə az vaxt ərzində nəql edilməsinə geniş şərait yaradır. Çindən Avropaya türkdilli ölkələrin ərazilərindən keçən yeni transkontinental dəhlizlərin yaradılması Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bu potensialdan səmərəli istifadə etməsinə şərait yaradır. “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı sahələrində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan arasında əməkdaşlığın gücləndirilməsinə mühüm töhfədir.
Qeyd edək ki, beynəlxalq kombinə edilmiş yükdaşımalar multimodal daşımaların ayrıca növü kimi malların və məhsulların uzun məsafələrə çatdırılmasında cəlb olunacaq nəqliyyat vasitələrinin sayından asılı olmayaraq bütün daşıma üçün vahid tarif tətbiq edilməklə yanaşı, daşımada istifadə olunan nəqliyyat vasitələri üçün vahid sənəd (gömrük, sığorta, nəqliyyat və s.) tələb edir. Daşınma “qapıdan qapıya” sxeminə əsasən, yəni yükü göndərənin anbarından onu alanın anbarına qədər həyata keçirilir. Beynəlxalq kombinə edilmiş daşımalar yükün maksimum təhlükəsizliyini təmin etməyə, çatdırılma xərclərini minimuma endirməyə və onun vaxtını azaltmağa, logistika sxemini optimallaşdırmağa imkan verir.
2023-cü ilin ilk rübündə Azərbaycanın ümumi ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artaraq 11 milyard 771,2 milyon dollar olmuşdur ki, onun da 17,1 faizini və yaxud 2 milyard 13 milyon 640 min dollarını türkdilli dövlətlərlə aparılan idxal və ixrac əməliyyatları təşkil etmişdir. 2022-ci ilin eyni dövrü ilə müqayisədə türkdilli dövlətlərlə ticarət dövriyyəsində 28,7 faiz artım qeydə alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması, eləcə də beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Sazişin təsdiq edilməsi “Türk Dünyasına Baxış-2040” sənədinin həyata keçirilməsi məqsədilə təsdiq edilmiş “Türk Dövlətləri Təşkilatının 2022–2026-cı illər üçün Strategiyası”nda nəzərdə tutulan bütün məsələlərin həllində mühüm rol oynayacaq, respublikamızın dünya ölkələri ilə assosiativ fəaliyyətinin genişləndirilməsini təmin edəcək.
"Xalq qəzeti", 04.05.2023