Orta Dəhliz Avrasiyanın önəmli marşrutuna çevrilir
- Oxunub 119 dəfə
Bu yol Qərbdə də, Şərqdə də getdikcə daha böyük maraq doğurur
Uzaq Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən multimodal dəhliz olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) iştirakçı dövlətlərin, o cümlədən Azərbaycanın iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihədir. İqtisadi baxımdan səmərəli olduğu kimi, siyasi cəhətdən də xüsusi əhəmiyyət kəsb edən Orta Dəhliz Avrasiya regionunda son illər ən çox müzakirə olunan məslələrdəndir. Sözügedən nəqliyyat dəhlizinin işinin canlandırılması istiqmətində həyata keçirilən tədbirlər layihəyə marağı getdikcə artırır.
Bugünlərdə Vaşinqtonda fəaliyyət göstərən Xəzər Siyasət Mərkəzi Britaniyanın nüfuzlu beyin mərkəzi olan Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutla birgə Londonda Xəzər Enerji Təhlükəsizliyi mövzusunda konfrans təşkil edib. Tədbirdə Britaniya və Xəzər hövzəsi ölkələrinin enerji təhlükəsizliyi, regional əməkdaşlıq və son zamanlar strateji əhəmiyyəti artan Orta Dəhlizin inkişafının perspektivləri müzakirə olunub.
Forumda çıxış edən Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Tim Stern enerji təhlükəsizliyi, eləcə də alternativ enerjiyə keçiddə Xəzər hövzəsi ölkələrinin mühüm roluna diqqət çəkərək ölkəsinin Orta Dəhlizin inkişaf etdirilməsinə tam dəstək verdiyini bildirib.
Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti Xəzər hövzəsi regionunun strateji əhəmiyyəti, xüsusilə enerji təchizatının şaxələndirilməsindəki rolundan, Orta Dəhliz vasitəsilə enerji daşımaları sahəsində görülən işlərdən söz açıb. Tədbirdə, həmçinin Gürcüstan, Türkiyə, Qırğızıstan və Özbəkistanın Britaniyadakı səfirləri, Qazaxıstanın bu ölkədəki səfirliyinin nümayəndəsi, britaniyalı diplomat Deyvid Moran, Xəzər Siyasət Mərkəzinin Məşvərətçi Şurasının üzvü Erik Rudenşold, eləcə də Britaniya siyasi və akademik dairələrindən olan mütəxəssislər çıxış edərək Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın əlaqələndirici roluna diqqət çəkiblər.
Orta Dəhlizin perspektiv imkanları, onun fəaliyyətinin genişləndirilməsi ilə bağlı məsələlər Bakıda keçirilən SPECA BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində də əsas müzakirə mövzularından olub. Məsələn, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov SPECA Ticarət üzrə İşçi Qrupunun 18-ci iclasında Orta Dəhlizin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına üzv ölkələr arasında iqtisadi əlaqələrin canlanmasına və ticari əməkdaşlığın genişlənməsinə xidmət etdiyini bildirib. Ölkəmizin bu mühüm beynəlxalq nəqliyyat marşrutunun inkişafına mühüm töhfə verdiyini diqqətə çatdıran nazir deyib ki, Azərbaycan təkcə tranzit ölkə deyil, həm də nəqliyyat dəhlizlərinin həyat qabiliyyətini, səmərəliliyini və dayanıqlı inkişafını təmin edən katalizatordur. Onun sözlərinə görə, Orta Dəhlizin rəqabət qabiliyyətinin davamlı olması üçün qarşılıqlı fəaliyyət möhkəmləndirilməli, ticarət və onunla əlaqəli prosedurların rəqəmsallaşması artırılmalı, eləcə də gələcəkdə əməkdaşlıq genişləndirilməlidir.
Hazırda Orta Dəhlizin funksionallığının artırılması məqsədilə rəqəmsallaşma konsepsiyası hazırlanır, bununla bağlı beynəlxalq şirkətlərlə danışıqlar aparılır. Orta Dəhlizin rəqəmsallaşmasının çox vacib və qaçılmaz məsələ olduğunu bildirən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası"nın baş katibi Qaydar Abdikerimov deyib ki, bunu tətbiq etməsək, digər dəhlizlər qarşısında rəqabət qabiliyyətliliyimizi itirə bilərik. Onun dediyinə görə, Orta Dəhlizdə konteyner daşımaları üçün yaradılan platformalar marşrut boyunca rəqəmsallaşmanı həyata keçirməyə imkan verəcək.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin 2023-cü il nöyabrın 23-də təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”na əsasən, növbəti üç il ərzində Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10,7 milyon tondan 13,6 milyon tona çatdırılması nəzərdə tutulur.
Ekspert rəyi
Təbriz YADİGAROV,
ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent
Orta Dəhlizi tarixi İpək yolunun ən mühüm komponentlərindən birinə çevrilib. İqtisadi əməkdaşlığın və beynəlxalq ticarətin genişləndirilməsi məqsədilə başlanan layihənin geosiyasi səbəblərə və hegemonluq istəyinə söykəndiyi iddia edilsə də, hazırda beynəlxalq güc balansında çəkisi olan və Amerika Birləşmiş Ştatlarına meydan oxumağı bacaran Çin Asiya–Sakit okean regionunda əhəmiyyətli güc proyeksiyası yaratmağa müvəffəq olub.
Bəşər tarixinin ən iddialı iqtisadi inkişaf proqramlarından hesab olunan, Çin və Avropanı inkişaf etmiş yollar, yüksək sürətli dəmir yolu xətləri, elektrik xətləri, limanlar, boru kəmərləri və digər mühüm infrastruktur vasitələri ilə birləşdirməyi hədəfləyən bu layihə 65 ölkəni, 4,4 milyard insanı və dünya ümumi daxili məhsulunun 40 faizini əhatə edir. Təsir dairəsi çox yüksək olduğu üçün layihə beynəlxalq ictimaiyyətin də böyük marağına səbəb olub. Statistik mənbələrə görə, kəmərlər və yolların tikintisinə sərf olunan Çin sərmayəsinin məbləği 1 trilyon dollardan 8 trilyon dollara qədərdir. Dünya Bankının məlumatına görə, dəhliz boyunca yerləşən 70 ölkədə (Çin istisna olmaqla) “bir kəmər–bir yol” təşəbbüsü çərçivəsində investisiyalar 575 milyard ABŞ dolları təşkil edir.
Avrasiya regionunda əsas nəqliyyat marşrutuna çevrilən Orta Dəhlizin inkişafı, Şimal Dəhlizinin rəqabət qabiliyyətinin azalması ilə Avropa, Türkiyə və Mərkəzi Asiyadan daha çox ekspeditor və logistika şirkətləri Çinin dəstəklədiyi İpək Yolu və “bir kəmər–bir yol” təşəbbüsünün potensialını genişləndirməkdə maraqlıdırlar. Yaxın illərdə Avropa İttifaqında enerji və əmtəə böhranı fonunda Orta Dəhliz boyunca yük daşımalarının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Multimodal yük daşımaları, xüsusilə konteyner daşımaları, o cümlədən Avropa sənayesinin neft-kimya və mineral xammala artan ehtiyacları səbəbindən getdikcə daha çox tələbat qazanır.
Qeyd edək ki, Orta Dəhliz Şərqlə Qərb arasında etibarlı logistika üçün optimal seçimə çevrilir. Bu marşrut Çin və Avropa arasında üç ticarət dəhlizindən biridir və onun uzunluğu avtomobil və dəmir yolu ilə birlikdə 4256 kilometr, dəniz yolu ilə isə 508 kilometrdir. Bu dəhlizlə hərəkət edən konteyner bloku qatarı Çindən Avropaya yükləri orta hesabla 20-25 günə çatdırır ki, bu da mühüm logistik üstünlüklərdən hesab olunur.
"Xalq qəzeti" 25.11.2023