Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Qədim tarixə malik elmimizin 70 yaşlı varisi

  • Oxunub 1365 dəfə

 Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi münasibətilə bu qurumun üzvlərini, alimlərini, texniki işçilərini ürəkdən təbrik edirəm.
 Biz həqiqətən qürurverici bir təşkilatın işçiləriyik. Bu təşkilatın rəsmi yaranma tarixi 1945-ci il martın 31-nə təsadüf etsə də, onun fəaliyyət predmeti olan elm sahələrinin ölkəmizdə başlanğıcı çox-çox keçmişlərə gedib çıxır. Bu həqiqəti AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xüsusi qeyd etmişdi.

 Demişdir: “...Qədim sivilizasiyanın əsas məskənlərindən olan Azərbaycanda uzun əsrlərdən bəri folklor, ədəbiyyat, fəlsəfə, incəsənət, riyaziyyat, etika, coğrafiya, fizika, kimya, tibb və sair elm sahələri bir-biri ilə qarşılıqlı əlaqədə inkşaf edib. Bugünkü Elmlər Akademiyası əsrlər boyu inkişaf etmiş və püxtələşmiş Azərbaycan elminin varisidir".

 Akademiyanın keçmiş ittifaq, eləcə də dünya elminə töhfələri kifayət qədər olub. Xüsusilə ötən əsrin 70-85-ci illərində, necə deyərlər, qızıl dövrünü yaşayıb. Həmin illərdə Akademiyada neft və qaz yataqlarının kəşfi, işlənməsi, mürəkkəb geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli, həmçinin kimyanın, neft-kimya sənayesinin inkişafı üçün xammal bazasının, kimya-texnologiya komplekslərinin yaradılması, coğrafi, geoloji və geofiziki, tədqiqatlar, filiz və qeyri-filiz, həmçinin digər faydalı qazıntı yataqlarının tədqiqi, energetika, mexanika, fizika, riyaziyyat, astronomiya, informatika sahələrində mühüm əhəmiyyətə malik tədqiqatlar aparılmış və nüfuzlu elmi məktəblər yaradılmışdır.

 90-cı illərin əvvəllərində Akademiya problemlərlə üzləşdi. Ölkə iqtisadiyyatında özbaşınalıq, yersiz siyasi təzyiqlər bu qurumun da fəaliyyətinə mənfi təsir göstərdi. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Akademiya həyatının yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yeni-yeni elmi uğurlarla zənginləşdi. Onun imzaladığı "2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya", "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası elm adamlarını daha böyük elmi nailiyyətlər qazanmağa səfərbər edir.

 Ötən 70 ilin sevincini və kədərini həmkarlar ittifaqı da Akademiyanın əməkdaşları ilə birlikdə yaşamışdır. Təşkilatımız alimlərə, digər işçilərə həmişə mənəvi və maddi dəstək göstərmiş, problemlərinin həlli üçün səlahiyyətləri daxilində böyük işlər görmüşdür. Əlbəttə, həmişə istəyimizə nail ola bilməmişik. Amma ruhdan da düşməmişik.

 Etiraf edim ki, hörmətli Akif Əlizadə Akademiyanın prezidenti seçiləndən sonra həmkarlar ittifaqlarının missiyasını yerinə yetirmək sahəsində işi xeyli asanlaşıb. Çünki yeni rəhbərlik fəaliyyətə başladığı ilk günlərdən elmimizin inkişafına, Akademiyanın əməkdaşlarının rifah halının yüksəldilməsinə xidmət edən islahatlar paketi ortaya qoydu. İslahatların tətbiqi prosesində həmkarlar ittifaqı təşkilatının da fəal iştirakı üçün şərait yaradırlar.

 Akademiyanın rəhbərliyi ilə həmkarlar ittifaqı arasında olan işgüzar, qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlıq kollektiv müqavilədə də əksini tapır. Yəni bu sənəddə işçilərin sosial-əmək hüquqları kifayət qədər yüksək səviyyədə qorunur. Kollektiv müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasına vaxtaşırı keçirilən ictimai nəzarət deməyə əsas verir ki, rəhbərlik imkanı daxilində əməkdaşların rifah halının yaxşılaşmasına çalışır. Buna misal olaraq AMEA-nın Mərdəkandakı istirahət zonasını deyə bilərəm. Həmkarlar ittifaqının da dəstəyi ilə Akademiyanın müvafiq strukturları həmin zonada neçə müddət idi ki, təmir işləri aparırdı. İstirahət zonasında tamamlanma işləri yaxın günlərdə başa çatacaq. Burada alimlər yay istirahətlərini rahat, sərfəli qiymətlərlə keçirə biləcəklər.

 Şamaxının Pirqulu adlanan ərazisində AMEA-ya məxsus istirahət zonasında da təmir-tikinti işləri gedir. Biz həmkarlar ittifaqı olaraq bu obyekti də diqqətdə saxlayırıq. İstirahət zonasında kotteclər bərpa edilir. Əlavə yeni beşmərtəbəli yaşayış və müalicə korpusu tikilir. Korpusun istifadəyə veriləcəyi gün də çox uzaqda deyil. Hər iki istirahət zonası birlikdə yay mövsümlərində təxminən 250-300 turisti qəbul etmək gücündə olacaq.

 Mətbuatdan da bildiyimiz kimi, alimlərimizin mənzillə təminatı həmişə problemli məsələlərdən sayılıb. Bu problemin qismən də olsa aradan qaldırılması məqsədilə son illər irəliyə doğru addım atılıb. Yaxın zamanlarda yataqxanada məskunlaşan əməkdaşların yaşayış binasına köçürülməsi planlaşdırılıb. Perspektivdə "Alimlər şəhərciyi"nin salınması da gözlənilir.

 Həmkarlar ittifaqı fəaliyyətində mədəni-kütləvi, idman tədbirlərinin, yay mövsümündə turist səfərlərinin təşkilinə də geniş yer verir. Belə ki, hazırda "Mədəniyyət" universiteti formalaşdırırıq. Təşkilatçılığımız ilə yaradılan "Zirvə" instrumental ansamblına ən istedadlı gənc alimlər cəlb edilmişdir.

 Qarşıdan iki bayram gəlir: Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il. Hər iki bayramı yüksək səviyyədə keçirməyə hazırlaşırıq. Həmin günlər ərəfəsində bədii-ədəbi gecə və digər tədbirlər keçiriləcək.

 Ümumiyyətlə, elə dövlət, milli, dini bayram olmayıb ki, onu kollektiv şəkildə qeyd etməyək. Bunlardan əlavə, yaşlı işçilərin ad günləri, 8 Mart Beynəlxalq Qadınlar Günü və s. münasibətlə yığıncaq keçirilir. Səbəbkarlara təntənəli şəkildə hədiyyələr təqdim olunur.

 AMEA həmkarlar ittifaqının uğurlarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xidmətləri böyükdür. Konfederasiya əməkdaşları daim təşkilatımız ilə sıx əlaqə saxlayır, lazımi köməklik göstərir. AHİK sədri, millət vəkili Səttar Mehbalıyev özü bir neçə dəfə Akademiyada olub, Hİ üzvlərinin problemləri ilə maraqlanıb, arzularını, təkliflərini dinləyib. Müvafiq strukturlara, o cümlədən Akademiyanın həmkarlar ittifaqına səslənən problemlərin həlli istiqamətində dəyərli tövsiyələrini verib.

 Həmkarlar ittifaqı elmimizin tərəqqisi naminə gələcəkdə də Akademiya əməkdaşlarının əmək və sosial hüquqlarının keşiyində ləyaqətlə duracaq.

İsa ALIYEV,
AMEA Azad Həmkarlar İttifaqının sədri, i.e.d., professor