Elmə həsr olunmuş ömür
- Oxunub 1757 dəfə
Bu il oktyabrın 25-də iqtisadçı-alim, iqtisad elmləri doktoru, professor Rauf Mirzə oğlu Cəbiyevin 80 yaşı tamam olub. O, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya, 1971-ci ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun sənaye iqtisadiyyatı fakültəsini bitirmişdir. 60 ildən çox istehsalat, elmi və elmi-pedaqoji fəaliyyəti dövründə Azərbaycanda fəaliyyət göstərən müxtəlif müəssisə və təşkilatlarda, komitələrdə, ali məktəblərdə və sairə elm ocaqlarında - kinomexanik, xəritəçi, şöbə müdiri, baş iqtisadçı, baş müfəttiş, sektor müdiri, kafedra müdiri, baş elmi işçi, baş mütəxəssis vəzifələrində işləmiş, həmişə öz prinsipiallığı, qətiyyətliliyi ilə fərqlənmişdir. R.Cəbiyev 1974-cü ildə namizədlik, 1991-ci ildə isə Kiyev şəhərində doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüş, 1993-cü ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilmişdir.
Onun elmi fəaliyyət dairəsi keçən əsrin 70-90-cı illərində yeni təsərrüfatçılıq şəraitində mənfəətin stimullaşdırıcı rolu, sənayedə təsərrüfat hesabı münasibətlərinin təkmilləşdirilməsi və inkişafı problemlərinə həsr edilmiş və bu istiqamətdə SSRİ miqyasında nəşr edilən nüfuzlu iqtisadiyyat jurnallarında çoxsaylı məqalələri işıq üzü görmüş, respublika və ittifaq miqyaslı elmi-praktiki konfranslarda prinsipial və novator çıxışları ilə fərqlənmişdir.
Azərbaycan öz suverenliyini bərqərar etdikdən sonra yubilyar öz elmi istiqamətini zənginləşdirmiş, ölkəmiz üçün daha aktual olan iqtisadi problemlər üzrə tədqiqatlarını davam etdirmiş, yerli nüfuzlu jurnallarla yanaşı, iri həcmli elmi məqalələrini - Moskva, Sankt-Peterburq, Kiyev və digər şəhərlərdə - ən nüfuzlu jurnallarda nəşr etdirməyə nail olmuşdur.
O, beynəlxalq layihələr üzrə keçirilən müsabiqələrdə fəal iştirak etmişdir - 2003-cü ildə Dünya Bankının “Azərbaycanda yoxsulluq və onun azaldılması" mövzusunda keçirilən müsabiqədə qalib gələrək birinci yerə və pul mükafatına layiq görülmüşdür. 2005-ci ilə o “Neft və yoxsulluq" mövzusunda keçirilən müsabiqədə iştirak edərək mükafat almışdır. 2007-ci ildə Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi tərəfindən elan edilən “Rusiya - Azərbaycan münasibətləri; stabillik və qarşılıqlı maraqlar" adlı müsabiqədə iştirak edərək birinci yeri tutmuşdur. Elə həmin il İNTAS xətti ilə “Elmin, texnologiyanın və innovasiyanın inkişafı" qrant layihəsini udmuşdur.
Yubilyarın dövlət mülkiyyətinin özəlləşdirilməsi və bazar münasibətlərinə keçidlə əlaqədar rəhbərliyi və bilavasitə iştirakı ilə işlənib hazırlanan metodiki materiallar, proqramlar öz dövründə “Vışka", “Xalq qəzeti", “Ponorama" və digər qəzetlərdə çap etdirilmiş və böyük ictimai marağa səbəb olmuşdur. Onun əmək haqqı, əmək məhsuldarlığı, normalaşdırma, istehsalın son nəticəsi ilə əmək haqqının uzlaşdırılması, maddi maraq fondunun formalaşdırılması, kiçik, orta və iri sahibkarlıq subyektlərinin meyarlarının müəyyən edilməsi, məhsulun tədarükü prosesində müqavilə münasibətlərinin, investisiya və innovasiya fəaliyyətinin, ölkələrarası xarici iqtisadi əlaqələrin tənzimlənməsi və digər problemlərə həsr etdiyi və xarici jurnallarda çap etdirdiyi elmi-praktiki xarakterli məqalələri öz yeniliyi, elmi yanaşmaları ilə fərqlənmişdir.
O, elmi-pedaqoji fəaliyyəti dövründə yaxın və uzaq xarici ölkələrdə 19 monoqrafiya və kitab, 360-dan çox məqalə nəşr etdirmişdir. Onun sonuncu “İnnovasiya sferasında Azərbaycan dövlət siyasəti" adlı kitabı Berlin şəhərində çapdan çıxmışdır. İqtisadçı alimin elmi-praktiki fəaliyyəti 1999-cu ildə “Hayka” nəşriyyatında çapdan çıxan «Кто есть кто» və 2013-cü ildə nəşr edilən “Böyük İqtisadi Ensiklopediya” da öz əksini tapmışdır.
O, uzun illərdir ki, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdindəki Müdafiə Şurasının, bir çox qəzet və jurnallarının redaksiya heyətinin üzvüdür. Beynəlxalq İnformasiya Agentliyinin iqtisadi məsələlər üzrə məsləhətçisidir.
Professor Rauf Cəbiyevi 80 illik yubileyi münasibətilə AMEA İqtisadiyyat İnstitutunun bütün kollektivi adından ürəkdən təbrik edir, ona bundan sonrakı fəaliyyətində də yeni-yeni nailiyyətlər və möhkəm can sağlığı arzulayırıq! (economics.com.az).