Azərbaycan dünyanın aparıcı nəqliyyat-tranzit qovşağına çevrilməkdədir
- Oxunub 1962 dəfə
“...Artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri reallaşmaq üzrədir ki, hər iki layihədə də ölkəmiz çox ciddi rol oynayır. Bu layihələrin reallaşmasına Azərbaycan yüz milyonlarla dollar vəsait sərf edibdir. Bu layihələr başa çatandan sonra ölkəmizə böyük həcmdə vəsait gətirəcəkdir. Azərbaycan nəqliyyat sahəsində əvəzolunmaz mövqeyə yiyələnəcəkdir. Coğrafi vəziyyətimiz bizə bu imkanları yaradır. Biz bu coğrafi vəziyyətə infrastruktur layihələrini əlavə edirik, böyük vəsait qoyulur. Nəqliyyat infrastrukturu Azərbaycanda bu gün ən çox sərmayə alan sahədir və bu, ölkəmiz üçün çox lazımdır, biz bunu etməliyik”
İLHAM ƏLİYEV
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
Artıq dünyada cərəyan edən prosesləri qabaqlayan, neftin qiymətində müşahidə edilən tərəddüdləri aradan qaldırmağa yönəlik addımlar atan və bütün bunların kontekstində hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin etməyi ali məqsəd kimi qarşıya qoyan hökumət fəaliyyətini yalnız sosial müdafiə tədbirləri ilə məhdudlaşdırmayıb, zəruri olan bütün sahələrdə kompleks islahatlar aparır və müxtəlif istiqamətlərdə infrastruktur layihələrinin gerçəkləşdirilməsinə xüsusi diqqət yetirir. Təbii ki, düşünülmüş, uzaqgörən siyasət olmadan iqtisadi sahədə, eləcə də əksinə güclü iqtisadi dayaqlar olmadan siyasi sahədə ciddi müvəffəqiyyətlər əldə etmək qeyri-mümkündür. Burada Ümummilli lider Heydər Əliyevin, hər zaman öz aktuallığını qoruyub saxlayan “Iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” sözləri yada düşür.
Ölkənin iqtisadi qüdrətinin artmasında və Azərbaycanın qalan dünyaya inteqrasiyasında müxtəlif nəqliyyat növlərini əhatə edən beynəlxalq və regional layihələrin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Bu layihələr dünya bazarlarına çıxışa imkan yaratmaqla, həm də ümumi iqtisadi inkişafa ciddi dəstək verməkdədir.
Milli iqtisadiyyatın aparıcı infrastruktur sahəsi olan nəqliyyat sistemi istər ölkənin iqtisadi təhlükəsizliyinin etibarlı təminatında, istərsə də ölkə üzrə ümumdaxili məhsulun (ÜDM)-in formalaşmasında da çox mühüm əhəmiyyətə malikdir. Dünya Bankının qiymətləndirmələrinə əsasən nəqliyyat sektoru dünya üzrə cəmi ÜDM-nin 3-5 %-ni formalaşdırır ki, bunun da, orta hesabla, 2-2,5 %-ni dövlət investisiyaları təşkil edir. O cümlədən, dəmir yolu, avtomobil, dəniz, hava kimi müxtəlif nəqliyyat növlərini əhatə edən nəqliyyat sistemi dünya iqtisadiyyatında mövcud iş yerlərinin 5-8 %-ni təmin edir. Bütün bunlarla yanaşı, beynəlxalq nəqliyyat əlaqələri bir çox ölkələrin valyuta daxil olmalarında da əsas mənbələrdən birini təşkil edir.
Araşdırmalar göstərir ki, yalnız 2010-cu ild, dünya üzrə ümumi əmtəə və xidmətlərin ixracın-dan daxil olan gəlirlərin tərkibində nəqliyyat xidmətlərinin ixracından əldə edilən gəlirlərin payı Norveçdə-10,1%, Latviyada-18,2%, Kiprdə-16,7%, Danimarkada-18,6%, Efıopiyada-28,9%, Yunanıstanda-33,2%, Panamada-47,4% təşkil edir. Göründüyü kimi, beynəlxalq təşkilatların hesabatlarında da nəqliyyatın xüsusi rolu vurğulanır ki, bunu verilmiş rəqəmlər də bir daha təsdiq edir. Digər tərəfdən, dünya təcrübəsi sübut edir ki, bir çox ölkələr etibarlı nəqliyyat sisteminin yaradılmasını özlərinin milli iqtisadi təhlükəsizliyinin əsas təminatçısı kimi qəbul edirlər. Bütün bunlar isə, sürətli qlobal dəyişikliklər, informasiya, inteqrasiya və s. kimi xüsusiyyətlərlə xarakterizə edilən XXI əsrdə ölkəmizdə də nəqliyyat sisteminə yeni yanaşmanı zəruri edir.
Məlumdur ki, XX əsrdə dünya iqtisadiyyatında baş vermiş inqilabı dəyişikliklərin ana xəttini dinamik inkişaf təşkil etmiş, eyni zamanda, sürətli inkişaf dinamikası müşahidə edilən sahələr-dən biri də nəqliyyat olmuşdur. Tam əminliklə demək olar ki, bu dövrdə nəqliyyat sektoru öz inkişaf sürəti və miqyasına görə əsrlərə bərabər yol keçmişdir. Məhz, XX yüzillikdə nəqliyyat sektorunun, mürəkkəb və mühüm bir infrastruktur sahə kimi formalaşması başa çatmış, onun təkmilləşməsi istiqamətində inqilabi dəyişikliklər aparılmışdır. Bir cəhəti də vurğulamaq lazımdır ki, həyata keçirilən islahatlar və atılmış addımlar nəticəsində nəqliyyat sektorunun inkişafı bütövlükdə iqtisadiyyatın inkişafının güclü faktoruna çevrilmiş, eləcə də sahənin özünün inkişafı üçün yeni-yeni imkanlar açılmışdır. Belə ki, XIX əsr su nəqliyyatının genişlənməsi və yeni-yeni ərazilərə dəmir yollarının çəkilişi ilə xarakterizə olunurdusa, artıq XX əsr nəqliyyatın yeni-yeni sahələrinin yaranması, bütünlükdə iqtisadiyyatın bu sektorunun sürətli inkişafı ilə, xüsusilə avtomobil nəqliyyatının daha çox maliyyə, texniki və əmək resursları cəlb edən bir sahəyə çevrilməsi ilə xarakterizə olunurdu. XXI əsr isə, qloballaşma və inteqrasiya proseslərinin sürətlənməsi dünyanın vahid iqtisadi orqanizmə çevrilməsinin sürətlənməsi, insanların tələbat və zöqlərində sürətli dəyişikliklərin baş verməsi ilə müşayiət edilir ki, bu da nəqliyyat xidmətlərində də müvafiq təkmilləşdirmələri tələb edir. Başqa sözlə desək, bir sözlə nəqliyyat qloballaşan dünyanın ən fəal, dinamik strukturlarından birinə çevrilir.
Şərqlə-Qərbin qovşağında yerləşən, unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycan Respublikası da dünya təsərrüfatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmamışdır. XXI əsr iqtisadiyyatı bütün dünya ölkələrində rəqabətə dözümlü, ixtisaslaşmış məhsullar istehsalını tələb etdiyi kimi, nəqliyyat sahəsində də daha çox yük tutumuna və intensiv hərəkətə malik nəqliyyat vasitələrinin olmasını tələb edir. Bu baxımdan nəqliyyat sistemində rəqabətin əsasını qısa vaxt ərzində uzaq məsafələr qət etməklə ağır tonnajlı yüklərin daşınmasının həyata keçirilməsi təşkil edir. Təbii ki, bu, həm nəqliyyat vasitələrindən, həm də müvafiq infrastruktur təminatından asılıdır ki, bu istiqamətdə də ölkəmizdə genişmiqyaslı layihə və proqramlar həyata keçirilməkdədir. Bütün bunların nəticəsində ölkəmizdə təkmil nəqliyyat-tranzit infrastrukturu formalaşdırılmış, eləcə də Azərbaycan Respublikası Avropa-Asiya arasında daşımalar sahəsində qısa yol, zaman sərfi baxımından daha rəqabət qabiliyyətlidir. Yaxın gələcəkdə isə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi ölkəmizi tranzit daşımalarda daha rəqabət qabiliyyətli edəcəkdir.
Ümumilikdə isə, ölkəmizin nəqliyyat sektorunda müsbət dəyişikliklərin əsası, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda keçirilmiş və qədim “İpək yo-lu”nun bərpasına həsr edilmiş Beynəlxalq Konfransla qoyulmuşdur. Məlumn olduğu kimi, 7- 8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət başçısı (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna), 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş Beynəlxalq Konfrans keçirilmiş, Avropa İttifaqının TRASEKA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir. Məhz, bünovrəsi bu tədbirlə qoyulmuş beynəlxalq nəqliyyat layihələrinin nəticəsi kimi, Azərbaycan Respublikasının müxtəlif istiqamətləri əhatə edən nəqliyyat dəhlizlərinin qovşağına çevrilməsi milli təsərrüfatın davamlı inkişafı üçün münbit şərait yaratmışdır. İki və çoxtərəfli müqavilələr sayəsində artıq Azərbaycan Trans Anadolu və Trans Asiya nəqliyyat şəbəkəsinin strateji əhəmiyyətli bir tranzit qovşağına çevrilməkdədir ki, bu da olduqca ciddi uğurlar vəd edir.
Araşdırmalardan aydın olur ki, Qazaxıstan və Orta Asiya respublikalarından sonra “İpək Yolu” layihəsindən ən çox gözləntiləri olan dövlət Azərbaycandır. Buna əsas səbəb Azərbaycanın əlverişli coğrafi mövqeyi və bu layihədə həlledici rol oynamasıdır. Bu nfikirləri Ümummilli lider Heydər Əliyevin hələ 2001-ci il 22 mayda Avropa Parlamentinin nümayəndə heyətini qəbul edərkən söylədiyi sözlər də bir daha təsdiq edir: “... Bir neçə proqramın -TASİS, TRASEKA, INOGATE – yaranması AB-nin həqiqətən bizim regiona çox diqqətlə yanaşmasını göstərir. Bi-zim respublika bu proqramların həyata keçirilməsində fəal iştirak edir. Ölkəmizin coğrafi, coğrafi-strateji vəziyyəti elədir ki, bu proqramlar Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz”.
Döğurdanda, hələ 15 il öncə söylənilmiş bu fikirlərdən də göründüyü kimi, artıq müasir dün-yada hər bir ölkənin çoğrafi, geostrateji mövqeyi onun siyasi, hərbi və iqtisadi siyasətinin xarakterini şərtləndirən və prioritetlərini müəyyənləşdirən ən önəmli faktorlar kimi çıxış edir. Azərbaycan Respublikası Xəzər və Qara dəniz arasında əlverişli geostrateji mövqedə yerləşən, özünün inkişafı ilə Cənub Qafqaz regionunun liderinə çevrilən bir ölkədir. Təbii ki, Avropa və Asiya arasında strateji məkan olan Cənubi Qafqazın aparıcı ölkəsi kimi Azərbaycan qitələrarası inteqra-siyada, ticarət proseslərinin həyata keçirilməsində tranzit ölkə kimi xüsusi maraq kəsb edir.
Azərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolunu oynamaq üçün əlverişli geosiyasi mövqe ilə yanaşı, zəngin yeraltı və yerüstü ehtiyatlara, yüksək insan potensialına, rəngarəng təbii-iqlim imkanlarına malikdir. Bütün bunları artıq bütün dünya alimləri, aparıcı şirkətlər də açıq şəkildə etiraf edir, eləcə də inkişaf etmiş ölkələr tərəfindən Azərbaycan dünyanın ən mühüm və böyük yol ayrıcı kimi qəbul olunur. Bu baxımdan da, “yol ayrıcın”ın yaratdığı imkanlardan səmərəli istifadəni təmin etməklə tranzit xidmətlərini postneft dövründə büdcənin əsas gəlir mənbələrindən birinə çevirmək qarşıda duran başlıca vəzifələrdən biridir.
Son dövrlər qəbul edilən qərarlar, atılna addımlar nəqliyyat-tranzit sisteminin əhəmiyətliliyini bir daha təsdiq edir və daha da artırır. 2015-ci ilin ikinci yarısından etibarən isə Azərbaycanın tranzit imkanlarını genişləndirmək üçün çox əlamətdar hadisələr baş vermiş, avqust ayında Çindən Qazaxıstan ərazisindən keçməklə Azərbaycana birinci konteyner qatarı gəlmişdir. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı ciddi addımlar atılır ki, bu da Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini daha da artıracaqdır.
“Ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edən nəqliyyat sektorudur. Bildiyiniz kimi, son illər ərzində bu sektora bəlkə də bütün infrastruktur layihələri arasında ən böyük vəsait ayrılmışdır. Çünki bizim coğrafi vəziyyətimiz diktə edir ki, burada – həm ölkə daxilində müasir nəqliyyat infrastrukturu yaradılmalı, həm də tranzit imkanlarımız genişlənməli, bizə daha da böyük həcmdə siyasi və iqtisadi dividentlər gətirməlidir” - söyləyən İlham Əliyev cənablarının Çinə səfəri çərçivəsində Azərbaycanla Çin arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma” Memorandumu, “Nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma” Memorandumu, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Xalq Respublikasının Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmasını xüsusi qeyd etmək lazımdır. Dünyanın əsas yük mərkəzi olan Çinə səfər nəticəsində əldə edilən razılaşmalar ölkəmizdə nəqliyyat-tranzit xidmətlərinin canlanmasında, inkişafında müsbətə döru bir inqilabi dönüş yaradacaqdır.
Bnir müddət öncə, noyabrın 27-də Azərbaycanla Çin arasında Dövlət Komissiyasının nümayəndə heyətinin tərkibində bu ölkədə səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri ilə Çin Dəmir Yollarının rəhbərliyi arasında görüş keçirilmiş, yüklərin Azərbaycan üzərindən daşınması məsələləri müzakirə olunmuş və nəhayət ölkə başçısının səfəri zamanı razılaşmalar imzalanmışdır. Bunun ilk nəticəsi olaraq isə, Çinin Lyanyunqan vilayətindən yola düşən Avropa Birliyi, Çin, Azərbaycan, Gürcüstan, Türkiyə bayraqları ilə bəzədilmiş üçüncü konteyner qatarı Transxəzər - Çin - Qazaxıstan - Azərbaycan - Gürcüstan -Türkiyə marşrutu ilə hərəkət edərək, Azərbaycana çatdı.
Bu isə, artıq ölkə başçısının söylədiyi: “Nəqliyyat sektorunun gələcək inkişafı daha da düşünülmüş şəkildə olmalıdır. Bu gün yüklər uğrunda mübarizə gedir. Bu gün yeni tranzit marşrutları açılır. Bölgə ölkələri rəqabət aparır. Bu da təbiidir, o vaxta qədər ki, bu, sağlam rəqabətdir. Azərbaycan da burada passiv bir müşahidəçi olmamalıdır. Bəzi hallarda gözləyirik kimsə gəlib bizim qapımızı döysün ki, gəlin biz sizdən yük keçirək. Biz özümüz təşəbbüs göstər-məliyik, yükləri müəyyən etməliyik, yaxşı şərtlər ortaya qoymalıyıq” fikirlərinin bariz nümunəsi, qarşıya qoyulan vəzifələrin və verilmiş tapşırıqların praktiki təsdiqidir.
Qeyd edildiyi kimi, artıq Transxəzər - Çin - Qazaxıstan - Azərbaycan - Gürcüstan - Türkiyə marşrutu üzrə 3-cü qatar dekabrın 10-da Azərbaycana çatıb. Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində isə ölkələr arasında nəqliyyat sektorunda əməkdaşlıqla bağlı imzalanmış sənədlər isə Transxəzər - Çin - Qazaxıstan -Azərbaycan - Gürcüstan - Türkiyə marşrutunun tam gücü ilə işə düşməsi, gömrük və sərhəd prosedurlarının asanlaşdırılması, əlverişli tarif siyasətinin həyata keçirilməsinə əlavə impuls verəcək. Bu marşrutun işləməsi əsas yük bazası rolunu oynayan Çin üçün də çox vacibdir. Bu marşrutun açılması Pekinin “İpək Yolu İqtisadi Kəməri” yaradılması strategiyası çərçivəsində nəzərdən keçirilməlidir.
Bu barədə, hələ 2013-cü ildə ÇXR-nın sərdi Qazaxıstana səfəri zamanı öz fikilərini bildirmiş, bu layihənin reallaşdırılmasında əsas məqsədin qədim “İpək yolu”nu Şanxaydan Berlinə qədər uzanan müasir tranzit, ticarət və iqtisadi dəhlizə çevrilməsi olduğunu bildirmişdir. Eyni zamanda, Çin 2014-cü ildə bu planın maliyyələşdirilməsinin bir hissəsi olaraq Asiya İnfrastruktur İnvestisiya Bankını (AİİB) təsis edərək, layihə üçün ilkin maliyyə vəsaitini təmin etmişdir. ÇXR yeni “İpək Yolu” layihəsini dəstəkləmək üçün, ən azı, 62 milyard dollar qoymağı planlaşdırır ki, bu istiqamətdə də öz növbəsində 47 milyard dollar pul ayırmışdır.
İlk dövrlərdə, dünyanın və Çinin bəzi mütəxəssisləri Şanxay-Berlin marşrutunu elə təklif edirdilər ki, Azərbaycan Respublikası bu xətdən kənarda qalırdı. Hətta bu istiqamətdə ÇXR Milli Strateji Araşdırmalar və İnkişaf İnstitutu, layihə olaraq, bir neçə konkret trayektoriya təklif etmişdir ki, bunların heç biri Azərbaycandan keçmirdi. Nəhayət, sevindirici haldır ki, ölkə başçısının, eləcə də ayrı-ayrı müvafiq qurumların, xüsusilə “Azərbaycan Dəmir Yolları” QSC-nin apar-dığı mütəmadi danışıqlar, ölkəmizdə tranzit daşımaların stimullaşdırılması istiqamətində atılan addımlar tərəfləri bu layihənin Azərbaycanın iştirakı olmadan reallaşmasının qeyri-səmərəli olduğuna inandıra bildi. Və bu Azərbaycanın praktiki olaraq mühüm nəqliyyat-tranzit qovşağına çevrilməsində inqilabi bir addım kimi dəyərləndirilə bilər.
Təbii ki, bütün iştirakçı ölkələr üçün, o cümlədən Çin üçün bu yolun iqtisadi əhəmiyyəi ilə yanaşı, strateji əhəmiyyəti də çox mühümdür. Ona görə ki, Çinin ticarətinin əksər hissəsi dəniz yolu vasitəsilə həyata keçirilir. Çənubi Çin dənizi və Malakka boğazının bağlanması Çinin Hind okeanında blokaday alınması üçün kifayətdir. Nəzərə alsaq ki, dünya ticarətinin 25%-i Malkka boğazından keçir və Çinin xarici ticarətinin 60%-i Malakka vasitəsi ilə həyata keçirilir, onda yüni “İpək Yolu İqtisadi Kəmərinin” strateji əhəmiyyəti aydın olar.
Günün mənzərəsi belə deməyə əsas verir ki, “Asan Xidmət” brendinin yaradan ölkəmiz artıq, Qitələrarası “Asan daşıma” strategiyasını da mərhələ-mərhələ uğurla reallaşdırmaqdadır. Bu istiqamətdə mühüm addımlardan biri də odur ki, məhz Azərbaycan hökuməti və xüsusilə “Azər-baycan Dəmir Yolları” QSC-nin səyləri ilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinin ölkəmiz üzərindən keçən Qərb marşrutunun işə salınması məqsədilə ilkin addımlar atıldı. Dövlət başçısı tərəfindən “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi ilə bağlı sərəncam imzalandı. Artıq İranla Azərbaycan arasında dəmir yolları şəbəkəsinin əlaqələndirilməsinə dair əməkdaşlıq barədə çərçivə sazişinin və Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi və maliyyələşdirilməsi haqqında müqavilə layihələrinin hazırlanmasına başlanılıb. Ölkə başçısının tapşırıöı ilə, məhz “Azərbaycan Dəmir Yolları” QSC-nin fəal təşviqi ilə indiki mərhələdə Qərb marşrutunun istifadəsi imkanlarının reallaşdırılması üçün “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara (İran)-Sankt-Peterburq dəmir yolu marşrutunun açılması gündəliyə gəlidi və bu istiqamətdə konkret işlər görülür.
Azərbaycan üçün hazırda prioritet olan Transxəzər - Çin-Qazaxıstan - Azərbaycan – Gürcüstan - Türkiyə marşrutunun tam gücü ilə işləməsi üçün səylər göstərilir. Bu marşrut üzrə qatarların hərəkəti dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq, “Qazaxıstan Dəmir Yolu” SC, “Çin Dəmir Yolları”, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir. Layihə çərçivəsində tranzit və xarici yüklərin cəlb olunması, rəqabətə davamlı vahid tariflərin tətbiqi və daşınan yüklərin həcminin artırılması işinə təşkilati yanaşma işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Ölkə başçısının 21 oktyabr 2015-ci il tarxli fərmanı ilə “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası”nın yaradılması isə bu sahədə işlərin mərkəzləşdirilmiş qaydada, daha səmərəli şəkildə həyata keçirilməsini daha da sürətləndirdi. Qısa müddət ərzində, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Azərbaycandan gələn bərə-gəmilərin Aktau limanında yanalma imkanlarının artırılması üçün Qazaxıstan tərəfi ilə danışıqlara başlayaraq, tranzit yüklərin daşın-ması üçün daha əlverişli şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görməkdədir. İlk addım-lardan biri kimi, tranzit daşımaların stimullaşdırılması, prosedurlarının sadələşdirilməsi və xidmət haqlarının aşağı salınması hesabına Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40 faiz azaldılıb. Azərbaycan ərazisindən keçən tranzit yükdaşımaları üçün imkanların genişləndirilməsi istiqamətində ardıcıl və sistemli işlər davam etdirilir. Artıq Şura, yüklərin cəlb edilməsi, daşımaların logistik təşkili istiqamətində konkret addımlar atmaqdadır.
Yeri gəlmişkən, 15 dekbar 2015-ci il tarixdə logistika sahəsi üzrə kadr hazırlığının həyata keçirilməsi məqsədilə ADA Universiteti ilə “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC arasında imzalanmış memorandum da Azərbaycanın qitələrarası logistika mərkəzinə çevrilməsi istiqamətində xüsusi əhəmiyyət kəsb edir. Paralel olaraq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən bərə-gəmiləri gözləyən yük maşınlarının sürücüləri üçün Bakı Dəniz Limanında müvafiq məişət şəraiti yaradılıb, dükan və kafe fəaliyyətə başlayıb. Limana girişdən öncə kassa yerləşdirilib və daşıma qiymətlərini və şərtlərini özündə əks etdirən lövhə quraşdırılıb. Limanda gözləyən sürücülər üçün sıralama biletlərinin tətbiq edilməsinə də başlanılıb. Bu sistemin köməyi ilə yük maşınlarının sürücüləri onlara təqdim edilən biletlər vasitəsi ilə öz sıra nömrələrini və vaxtlarını dəqiq bilməklə, gözləmə vaxtlarından səmərəli istifadə edə biləcəklər.
Baxmayaraq ki, Şərq-qərb nəqliyyat dəhlizində daşımaların əsas hissəsi, təqribən 50%- dəmir yolunun payına düşür, ümumilikdə nəqliyyat-tranzit xidmətlərinin təşkilində Liman mühüm əhəmiyyət kəsb edir. Təbii ki, əvvəldə də qeyd olunduğu kimi, tikilməkdə olan və istis¬mara verilməsi 2016-cı ildə gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti olacaq. Bu dəmir yolu işə düşəndən sonra Çindən başlayaraq, Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə vasitəsi ilə əlavə yükləmə-boşaltma əməliyyatları olmadan yükləri birbaşa Avropaya daşımağa imkan verəcək. Nəzərə alsaq ki, Çinin Avropa ilə illik dövriyəsi, təqribən 600 milyard ABŞ dolları civarındadır, onda həyata keçirilən tədbirlərin, imzalanmış Çin-Azərbaycan razılaşmalarının və cənab İlham Əliyevin Çin səfərinin tarixi bir səfər olduğunu, gələcəkdə ölkəmizə milyardlarla vəsat qazandıra biləsəyini qeyd edə bilərik. Ümumilikdə, Azərbaycan hökumətinin, xüsusən “Azərbaycan Dəmir Yolları” QSC-nin məhz bu il beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak, tranzit daşımalarının artırılması və müvafiq infrastrukturun inkişaf etdirilməsi məsələlərini aktuallaşdırması və gündəliyə gətirməsi, strateji baxımdan olduqca mühüm addım oldu. Həm də, bu addım zaman etibarı ilə tam yerinə düşdü. Ona görə ki, bunun üçün hazırda çox əlverişli konyuktura və siyasi şərait mövcuddur. İrana qarşı sanksiyalar aradan qaldırılır, ölkə uzunmüddətli (bir neçə illik) izolyasiyadan çıxmağa hazırlaşır, Çin qlobal ticarət üçün alternativ variantlar təklif edir, ekspertlər vurğulayır ki, son iki ildə qlobal ticarətin azalması fonunda 2018-ci ildən sonra dünyada ticarət bumu gözlənilir və s.. Təbii ki, bütün bunlar Azərbaycanın Qitələrarası “Asan daşıma” Strategiyasının reallaşması üçün əlverişli çərait yaradır. Bütün bunlar, ölkəmizdə yeni nəqliyyat sistemi formalaşdırararq Azərbaycanı dünyanın mühüm nəqliyyat-tranzit qovşağına çevirəcəkdir. Bütün dünyada xidmət sahələrinin aparıcı mövqe qazandığı, ÜDM-də daha çox paya malik olduğu bir dövrdə milli nəqliyyat sektoru, nəqliyyat-tranzit xidmətləri müqayisəli üstün sahə kimi daim diqqət mərkəzində saxlanmalı, bu sahədən daha çox gəlir əldə edilməsi istiqamətləri elmi cəhətdən araşdırılmalıdır. Başqa sözlə desək, Azərbaycan Hökumətinin həyata keçirdiyi islahatların elmi əsaslandırılması və təbliği ilə paralel olaraq, ölkəmizin nəqliyyat-tranzit potensialından daha səmərəli istifadənin təmin olunması, Azərbaycan Respublikasının logistik bir mərkəzə çevrilməsi, milli özəl daşıma şirkətlərinin yaradılması, bu sahədə stimullaşdırıcı addımlar, daşıyıcıların xarici bazarlara girişinin asanlaşdırılması və s. istiqamətlərdə təklif və tövsiyələrin işlənib hazırlanması müasir tədqiqatların qarşısında dayanan mühüm vəzifələr kimi qəbul edilməlidir.
AQİL ƏSƏDOV
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri,
iqtisad üzrə fəlsəfə doktoru, dosent
“Xalq qəzeti”, 24 yanvar 2016-cı il