Professor Əli Nuriyev “Təfəkkür” jurnalının mükafatına layiq görülmüşdür
- Oxunub 1577 dəfə
AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının üzvü, AMEA-nın müxbir üzvü Əli Nuriyevin son illərdə “Təfəkkür” jurnalında olduqca sanballı bir neçə məqaləsi dərc olunmuşdur. Görkəmli iqtisadçı alim, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Əli Nuriyev “Təfəkkür” elmi xəbərlər jurnalında 2015-ci ildə dərc olunan “İlin ən yaxşı elmi kəşflərinə və elmi araşdırmalarına həsr olunmuş elmi məqalə” üçün təsis etdiyi mükafata layiq görülmüşdür.
Əli Nuriyev 1939-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. 1963-cü ildə BDU-nun iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1966-cı ildə Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. O, 1969-cu ildə iqtisad elmləri namizədi, 1991-ci ildə isə iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır. İstedadlı iqtisadçının doktorluq dissertasiyası Azərbaycan elmi ictimaiyyəti ilə yanaşı, keçmiş SSRİ məkanında da görkəmli alimlərin diqqətini cəlb etmiş, yüksək qiymətləndirilmişdir.
AMEA-nın müxbir üzvü Əli Nuriyevin zəngin elmi yaradıcılıq yolu iqtisad elminin müxtəlif sahələrini əhatə edir. Onun elmi əsərləri dövrün aktual problemlərinə həsr olunması ilə seçilmiş, konseptual yanaşma, çeviklik və məqsədyönlülük xüsusiyyətləri kəsb etmişdir. Görkəmli alim 240-dan çox elmi və metodiki əsərin, o cümlədən 16 monoqrafiya və kitabçanın müəllifi, 10 monoqrafiyanın müəlliflərindən biridir. Alimin bu əsərlərində Azərbaycanda ilk dəfə olaraq sənaye qovşaqları və ərazi sənaye-istehsal komplekslərinin iqtisadi mahiyyəti açılmış, onların səmərəli formalaşması və inkişafının nəzəri-metodoloji problemləri araşdırılmış, məsələnin Gəncə – Qazax iqtisadi rayonu və aşağı Kür - Araz regionu sənaye komplekslərinə tətbiqi ətraflı təhlil olunmuşdur.
Əli Nuriyevin 1992 – 1999-cu illərdə çap olunmuş bir sıra əsərlərində Azərbaycanın ötən əsrin 80-ci illərinin axırları və 90-cı illərin əvvəllərində hərtərəfli böhrana düşməsinin obyektiv və subyektiv səbəbləri ətraflı təhlil olunmuş, böhrandan çıxmağın, iqtisadiyyatda yeni təsərrüfatçılıq formalarını inkişaf etdirməyin, iqtisadi inteqrasiyanın, ərazi idarəetməni təkmilləşdirməyin, ölkədə siyasi sabitliyə nail olmağın konseptual əsasları şərh olunmuşdur.
1998-2003-cü illərdə Ə.Nuriyev respublikanın tanınmış alimləri ilə birlikdə Naxçıvan iqtisadiyyatının inkişafı ilə bağlı məsələlərin tədqiqinə yenidən müraciət etmişdir. Onun “Naxçıvan iqtisadiyyatı statistika güzgüsündə” monoqrafiyasında muxtar respublika iqtisadiyyatının XX əsrdə keçdiyi inkişaf mərhələləri, əldə etdiyi nailiyyətlər, həll etməli olduğu problemlər, bazar münasibətləri şəraitində inkişafının əsas problem məsələləri və istiqamətləri öz əksini tapmışdır. Alimin tədqiqatları həmişə orijinallığı və aktuallığı ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilmiş regional inkişaf proqramlarının, onların yerinə yetirilməsi gedişinin, 2004 – 2008-ci illərdə ölkədə aparılan regional siyasətin ilk və sistemli elmi təhlili Əli Nuriyevin monoqrafik tədqiqatlarında və məqalələrində geniş əksini tapmışdır. Onun bu problemlərə həsr olunmuş əsərləri içərisində “Regional siyasət və idarəetmə”, “Regional siyasət və idarəetmənin əsasları” kitabları mühüm yer tutur.
Professor Əli Nuriyevin ümummilli lider Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf etdiyi “Azərbaycanda iqtisadi inkişaf və modernləşmə siyasətinin konseptual əsasları” kitabı onun son illərdə xüsusi seçilən yaradıcılıq uğurudur. Son illərdə çap olunmuş məqalələrində nüfuzlu iqtisadçı alim respublika regionlarının davamlı inkişafının təşkilati-iqtisadi problemlərinə, respublikanın investisiya siyasəti, iqtisadiyyatın maliyyə resursları, daxili maliyyə təminatı, xammal təminatı və kommersiya xidmətinin təşkilinin təkmilləşdirilməsi ilə əlaqədar məsələlərə də xeyli yer vermişdir.
Əli Nuriyev Dövlət İdarəçilik Akademiyasında “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalının redaksiya heyətinin, Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin “Təfəkkür” elmi xəbərlər jurnalı redaksiya heyətinin üzvüdür. O, iyirmidən artıq elmlər namizədi və elmlər doktorunun elmi rəhbəri olmuşdur. 2009-cu il də görkəmli iqtisadçı alimə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adı verilmişdir (economics.com.az)