Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Azərbaycan dilində iqtisadi termin yaradıcılığının vacib prinsipləri

  • Oxunub 3789 dəfə

 II yazı

 4. Termin yaradılmasında beynəlmiləlliyə – latın, yunan və ingilis dillərinə üstünlük verilməsinin səbəbləri

Terminlərin yaranması üçün öz dili və özgə dili seçimindən başqa hələ İntibah dövründən başlayaraq üçüncü yol — heç kəsin mirası sayılmayan qədim yunan və latın dillərinin sözyaratma modellərindən istifadə edilməkdədir. Belə ki, bu dillərdə antik dövrlərdə kifayət qədər elmi, texniki, siyasi terminlər (tarix, fəlsəfə, piramida, bissektrisa, respublika və s.) yaradılmışdı. İkincisi, yunan və latın sözlərinin birbaşa mənasını dolayı çevirmə ilə də termin yaratmaq mümkündür. Yunanca dekan - onbaşı pedaqogikada dekan; latınca seminarium - seminariya buna misaldır. Üçüncüsü, qədim yunan və latın dillərindəki kök, onların hallarından, prefiks və suffikslərdən sonsuz sayda süni yeni terminlər (termometr, psixologiya, intelligensiya, spektroqraf, politeizm, monoqrafiya və digər) yaratmaq mümkündür. Antik miras ancaq ayrı-ayrı sözlər kimi qaldığı üçün onların yeni terminlərdə sözyaratma ünsürlərinin nə dərəcədə dəqiq olmasını axtarmağa ehtiyac da qalmır. Bu terminləri hər xalq öz dil qanunlarına, qramatika və fonetikasına uyğun olaraq istifadə edərək yeni terminlərin bütün kombinasiyasını yarada bilər.

Belə ki, bütün dillərdə eyni mənada qəbul edilən inqilab termini latınca revolvo, revoltum, revolvi, revolvere felindən yaranmış, mənası - “geriyə qaytarmaq”, “diyirlətmək” mənasında və hərəkətin maddi formasını ifadə edir. Lakin “revolutio” sözü “çevriliş” mənasını da verir. “İnqilab” sözünün belə keçici mənaları “ictimai-siyasi münasibətlərdə cevriliş”, “mədəni inqilab” və s. kimi sosial dəyişikliklərə də şamil olunmuşdur.
Bütövlükdə sosiologiya terminlərinin əksəriyyəti qarışıq latın-yunan ünsürlərindən ibarətdir. Məsələn, latınca societas - “cəmiyyət”, yunanca loqos - “elm”. Bəzən latın və yunan dillərindəki antik kök, suffiks və prefikslərdən istifadə edərək milli dildə yeni terminər də yaradılır.

Qədim yunan və latın dillərinin lüğət zənginliyi istisnasız olaraq bütün elmlər üçün minlərlə yeni termin yaradılmasında əsas konstruktiv material olmuşdur. Dünyanın bütün inkişaf etmiş ölkələri və dilləri termin yaratmanın bu cığırından kənara çıxa bilməmişlər. Bu gün də termin yaradıcılığında beynəlmiləlçilik adlanan — yunan və latın dillərindəki söz, kök, önlük və suffikslərdən istifadə edilməsinə üstünlük verilir. Məhz belə beynəlmiləlçiliyin ən böyük təsiri müqayisə olunmaz dərəcədə iqtisadiyyat elmlərində hiss olunmaqdadır. Əksər dillərdə olduğu kimi, Azərbaycan iqtisadçılarını dilinə də yeni terminlər ingilis dili vasitəsi ilə daxil olur. Hazırda maliyyə-bank, valyuta-kredit, sığorta, qiymətli kağızlar və birja sferasında daha çox latın dili, onun qramatika, fonetika və hərfləri əsasında yeni terminlər yaradılması prosesi davam etməkdədir.

Bəzən iqtisadi ədəbiyyatda termin və termin olmayan anlayışları formasına, səslənməsinə, söz və ya söz birləşməsinin uzunluğuna görə fərqləndirmək çətin olur. Əslində, terminlər ortalama qeyri-terminlərdən uzun olur. Məsələn, institusionalizm, xarici iqtisadi əlaqələr, antiinflyasiya siyasəti, “Pareto-səmərəlilik”, “opportinist davranış xərcləri” (D.Nortou) və s. Buna görə də terminləri çox uzun verməmək üçün mürəkkəb tərkibli uzun terminləri bəzi əsas sözlərin əsasını kəsməklə birləşdirib, önlük və ya suffiks əlavə etməklə yaradırlar. Belə terminlər daha informativ olur. Belə ki, terminin tərkib hissəsindəki sözlərə görə onun mənasını da başa düşmək olur. Həm də nəzərə almaq lazımdır ki, terminlərin sayı minlərlədir, onları yadda saxlamaq da mümkün deyildir. Məsələn, rus dilindəki qısaldılmış “zarplata” termininin geniş mənası və yazılışı hamıya məlumdur və bu, heç bir narahatlıq yaratmır.
İqtisadi terminologiyada sözlərin baş hərflərindən ibarət qısa terminlər də (məsələn, ÜDM - ümumi daxili məhsul, MHS - milli hesablar sistemi, İRM - iqtisadi-riyazi modellər və s.) kifayət qədərdir.

Bazar iqtisadiyyatı terminləri XVII-XIX əsrlərin klassik ingilis nəzəriyyələrinə və XX əsrdə əsasən amerikan iqtisadçılarının əsərlərində inkişaf etdirilən anlayış və terminlərə əsaslanır. Müasir iqtisad elmi yeni terminologiyanı ən çox dünyanın ən nüfuzlu iqtisadçılarının elmi əsərlərindən götürür. Belə iqtisadçı alimlər ilk növbədə, Nobel mükafatı laureatları (iqtisadçılar 1969-cu ildən təltif edilir) - arasındadır və onların adı ilə xeyli yeni kateqoriya, anlayış və terminlər bağlıdır. İqtisad elminin bu korifeylərinin elmi əsərlərinin öyrənilməsi təkcə iqtisadi terminologiyanı deyil, həm də iqtisadçıların professional dünyagörüşünün sərhədlərini də genişləndirir. Müasir terminologiyada Amerika və Böyük Britaniya (ingilis dilli ölkələr kimi) iqtisadçılarının xidmətləri təsadüfi deyil. Belə ki, 1969-2015-ci illər ərzində təltif olunan 74 iqtisadçı Nobel mükafatçısından 53-ü ABŞ, 9-u Böyük Britaniya (83,7 faizi) iqtisadçı-alimləridir. Buna görə də dünyada iqtisadiyyat üzrə monoqrafiya və dərsliklərin də əksəriyyəti ABŞ-da (ingilis dillində) nəşr olunur. Həmin kitab və dərsliklər bu gün də dünyanın əksər dillərinə tərcümə olunaraq tədris edilməkdə, həm də elmi mənbə kimi istifadə edilməkdədir. Tərcümə ilə bağlı bir məsələni də qeyd etmək istərdim ki, bu gün Azərbaycanda iqtisadiyyata dair müxtəlif fənlərə aid olan xeyli dərslik yazılsa da, onları əksəriyyəti, istər həmin predmetə aid olan mövzuların aqrdıcıllığı və məntiqi, istərsə də üslub baxımdan kifayət qədər qüsurludur. Təəssüf ki, həmin dərsliklərdə Azərbaycan dilində termin yaratma təcrübəsi də yox dərəcəsindədir. Müxtəlif dərsliklərdə bəzən eyni terminlər müxtəlif cür verilir. Bu dərsliklərin bir qismini, həm də mahiyyətcə çox pis tərcümə olunmuş, primitiv plagiat saymaq olar. Fikrimcə, belə psevdo dərsliklərin əvəzinə, dünyada qəbul edilən və tədris olunan kitabların peşəkarlar tərəfindən tərcüməsinə üstünlük verilməlidir.

İqtisad elmində eyni mənada çox işlənən terminlərdən biri də “davamlı inkişaf” və “dayanıqlı inkişaf” terminləridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2008-ci il tarixli fərmanı ilə təsdiq edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı”nda termin “davamlı inkişaf”; Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 26 dekabr 2014-cü il tarixində təsdiq etdiyi rəsmi metodiki sənəd - “Dayanıqlı inkişafı xarakterizə edən göstəricilər”də “dayanıqlı inkişaf” adlanır. Eyni terminin belə fərqli ifadəsinə çoxsaylı kitab və məqalələrdə də rast gəlinir.

“Dayanıqlıq” anlayışının semantik yükünü “stabillik” anlayışı ilə müqayisə etmək olar. Onların hər ikisi sosial gözləntiləri, sabahkı günə inamı əks etdirən vacib komponent kimi vaxta görə dəyişməyən - eyni stasionar vəziyyəti ifadə edirlər. Belə yanaşdıqda “dayanıqlıq” adi “durğunluq”dan fərqlənmir və cəmiyyət həyatının istənilən durğunluq forması davamlı inkişaf kimi də başa düşülə bilər.

“Davamlı” sözü digər elmlərdə - məsələn, riyaziyyat və fizikada daşıdığı mənanı tam ifadə etmədiyindən, “dayanıqlı” kimi işlənir. Bu sözdən “hərəkətin dayanıqlığı”, “elastik sistemlərin dayanıqlığı”, “tarazlığın dayanıqlığı”, “termodinamik dayanıqlılıq” və s. törəmə terminlər yaranmışdır. “Dayanıqlıq” riyaziyyat və fizikada - hər hansı sistemin sükunət halını (dayanıqlı tarazlıq) və yaxud hərəkətini (dayanıqlı hərəkət) ifadə edir və hər iki halda, daxili və xarici təsirlərin olmasını da nəzərdə tutur. Bu təsirin müəyyən səviyyəsində sistem tarazlıqdan çıxa bilər və yaxud təsirləri neytrallaşdırmaq və ya ondan yararlanmaqla sabit hərəkət trayektoriyası təmin edilə bilər, yayınmış hərəkəti əvvəlki trayektoriyasına döndərmək imkanı yarana bilər. Dayanıqlılığın bu məzmunda başa düşülməsi sosial və humanitar hadisələrin tədqiqinə də yardımçı ola bilər.
Onu da qeyd etmək lazımdır ki, “dayanıqlı inkişaf” sözünün özü də ingiliscədən (sustainable development) düzgün tərcümə deyildir, əslində “dəstəklənən inkişaf”dır. İstənilən halda, dayanıqlı inkişaf konsepsiyası əsasən insan və ətraf mühit kimi sisteminin tarazlaşdırılmış təkamülünə səmtləndiyindən, bütöv sistemin (insan-təbiət) həm “substainable development”, həm də “dayanıqlı inkişaf”ı ilə öncə adaptasiya prosesləri - sistemlərin adaptiv qarşılıqlı əlaqəsi, ancaq ayrılıqda hər altsistemin daxilində adaptasiya imkanları ilə təmin oluna bilər.

Müxtəlif müəlliflər dəfələrlə bu terminin bir sıra xarici dillərdə də, cümlədən rus dilində dəqiq olmayan tərcüməsinə toxunmuşlar. Bəzi müəlliflərin fikrincə, elmi ədəbiyyatda “dayanıqlı (davamlı) inkişaf” termininin 100-dək müxtəlif şərhləri və izahları vardır.

Əslində, buna normal da baxmaq lazımdır. Cəmiyyət həyatında sosial, iqtisadi və ekoloji aspektlərə malik belə mürəkkəb terminə müxtəlif təbəqələrin - iqtisadçı, filosof, ekoloq, siyasətçi və sahibkarların bu problem haqqında təsəvvürləri, bu terminə yanaşma tərzləri və hətta maraqları da fərqlidir. Doğrudan da, “dayanıqlı inkişaf” termininin tərifi, sadəcə olaraq, sabit, daimi artım deməkdir. Eyni zamanda, Avropa dillərində terminin tərkib hissəsi olan sözlərin tərcüməsi belə verilir: ingiliscə sustainable - davamlı, dəstəklənən, sabit, etibarlı, yaşam qabiliyyətli, ekoloji cəhətdən rasional; gələcək ehtiyacları təmin edən; development - inkişaf, artım, böyümə, genişləndirilmə, işləmə, təkamül, təkmilləşdirilmə, yaxşılaşdırma, yaratma, şərh, açıqlama, nəticə, mənimsəmə, istehsal, tikinti, hadisə, vəziyyət, təzahür; fransızca development - inkişaf; durable - davamlı, möhkəm, uzunmüddətli, uzunmüddətli isifadə, etibarlı; almanca nachhaltige - davamlı; entwicklung - inkişaf, təzahür, işləmə, yaratma, konstruksiya, genişləndirmə, layihə, layihələndirmə, modernləşdirilmə, dəyişiklik.

Belə kontekstdə bu tərcümə dar mənada götürülməlidir. Bunu bəşəriyyətin mövcudluğu və onun əvvəlki istiqamətdə inkişafına zidd olmayan “davam edən” (“özünəyetərli”) inkişafı kimi ifadə etmək olar. Professor L.Q.Melnikə görə “sustainable development”in rusca tərcüməsi “ustoyçivoye razvitiye” - dayanıqlı inkişaf terminin məna yükünü tam ifadə etmir və hətta, müəyyən məntiqsizliyin də daşıyıcısıdır. Belə ki, “dayanıqlılıq” tarazlığı nəzərdə tutur, “inkişaf” isə ancaq sistemin daima tarazlıq halından çıxması şərtində mümkündür. Əgər inkişaf varsa, onun daimiliyi, sabitliyi ola bilməz. Digər müəlliflərə görə, daimilik və sabitliyin mövcudluğu inkişafın olmasını inkar etmir, dayanıqlı, sabit cəmiyyətün özü təkcə fiziki artımda yox, keyfiyyətcə inkişafda maraqlı olacaqdır.

Bəzən eyni müəllif “dayanıqlı inkişaf” termininin bir-birinə əks şərhini verir: “keyfiyyətə transformasiya, təşkilin yeni səviyyəsi ilə xarakterizə olunan dönməz, səmtləndirilmiş, qanunauyğun dəyişiklik”; “zamana görə keyfiyyətcə yeni, daha mükəmməl vəziyyətə keçidlə xarakterizə olunan, məqsədyönlü, fasiləsiz və dönməz istiqamətdə qanunauyğun dəyişmələr prosesi”.

Dayanıqlı inkişaf daxili və xarici təsirlərin nisbəti ilə xarakterizə olunur, onun təmin olunması isə çoxşaxəli və kompleks amillərin məcmusunu özündə əks etdirir. İqtisadiyyatın inkişafı o zaman dayanıqlı hesab edilir ki, xarici və daxili təsirlərin tarazlığı təmin edilsin, amma mövcud vəziyyət əvvəlki vəziyyətdən az kənarlaşsın. Xarici təsirin dayanıqlılıq şərtinə malik olması, ilk növbədə obyektin özünün daxili əlamətlərindən, onun müqavimət imkanlarından asılıdır. Dayanıqlılıq, eyni zamanda zahiri forma olmaqla, iqtisadi sistemin formalaşmasının daxili struktunrunnun təzahürünü özündə əks etdirir.

İqtisadiyyatın dayanıqlı inkişafının mahiyyətini, onun elmi-nəzəri tərəflərini araşdırarkən aşağıdakı anlayışları fərqləndirmək məqbul hesab edilir: “dayanıqlı inkişaf”, “dayanıqlı iqtisadiyyat”, “dayanıqlı artım”, “davamlı istifadə”. Bu anlayışlar bir-birini tamamlasa da, qarşılıqlı şəkildə əvəzlənmir. “Dayanıqlı artım” termini daxilən ziddiyyətli xüsusiyyətə malikdir. Belə ki, heç bir fiziki təsir sonsuz şəkildə arta bilməz. “Davamlı istifadə” termini yalnız resursların yeniləməsində tətbiq edilir. Belə ki, resurslardan hər hansı hədd səviyyəsində və onların bərpa imkanları çərçivəsində istifadə edilməsi mümkündür. “Dayanıqlı inkişaf” termini isə bütövlükdə iqtisadiyyatın, onun ayrı-ayrı sahələrinin istehsal-iqtisadi göstəricilərinin öz sərhədlərindən kənarlaşmadan, sabit və fasiləsiz artım meyillərinin məcmusunu özündə əks etdirir. Dayanıqlı inkişaf əhalinin və bütünlükdə iqtisadiyyatın artmaqda olan ehtiyaclarının fasiləsiz şəkildə ödənilməsinə xidmət edir. Əslində, dayanıqlılıq termini özündə “davamlılığı” da bir prinsip kimi əks etdirir və həmin mənanı da daşıyır. Lakin “davamlılıq” sözü zamanca fasiləsizliyi və möhkəmliyi ifadə edir, onun dayanıqlılıq əlamətini isə ancaq ehtimal etmək olar.

Əksər elmlərdə, o cümlədən iqtisad elmində və xeyli törəmə iqtisadi terminlərinin yaranmasında çox istifadə edilən anlayışlardan biri də struktur terminidir. Lakin nəşr olunan bir çox elmi monoqrafiya, məqalə və tezislərdə bu termin “quruluş” kim tərcümə olunur. Struktur (latinca structura - quruluş) - obyektin bütövlüyünü, özünəbənzərliyini təmin edən, yəni müxtəlif xarici və daxili dəyişmələrdə öz əsas xassələrini qoruyan sabit əlaqələrin məcmusu; obyektin hissələri arasında əlaqələrin məcmusu, hər hansı bir şeyin daxili qurğusu, məkanca quruluşu; tamı (şeyi) əmələ gətirən elementlərin əlaqələrinin nisbi daimi sistemi və ya elementlər arasında daimi əlaqələrin daimi məcmusu.

Hər hansı bir hadisənin (şeyin) strukturu dedikdə, hər şeydən əvvəl, onun tərkib elementlərinin müəyyən ardıcıllığı, onların bir yerdə təşkilinin obyektiv üsul və qanunları nəzərdə tutulur. Hadisənin strukturunun müəyyən edilməsi - onun tərkib elementlərinin kəmiyyəti, proporsiyaları, keyfiyyət və ardıcıllığı ilə şərtlənən qarşılıqlı münasibət qanunauyğunluqlarının müəyyən olunması deməkdir. Məhz buna görə, struktur təhlil sistemin tərkib elementlərini dəqiq müəyyən etməklə, həmin elementlərin nisbəti daxilində qarşılıqlı daxili əlaqələrini aşkara çıxarır. Struktur - fəlsəfədə idrakın ən mühüm kateqoriyalarından biridir.

Bu təriflərdən göründüyü kimi, “struktur” anlayışı, hətta, mənbəyində (lat.) “quruluş” mənasında olmasına baxmayaraq, elmlərin müasir inkişafı prosesində bu termin yeni mənalar da əxz etmiş və onun hərfi tərcüməsi terminin nə mahiyyətini, nə də yuxarıda göstərdiyimiz təriflərini əks etdirmir.

İqtisad elmində “iş qüvvəsi” və “işçi qüvvəsi” kimi işlədilən terminlər də belələrindəndir. İşçi qüvvəsi – marksist siyasi iqtisadında iş qüvvəsi - insanın əmək qabiliyyəti, insanın öz fəaliyyətində iistifadə etdiyi fiziki və əqli qabiliyyətinin məcmusu; istehsal amillərindən biri, əmək bazarında öz fiziki və əqli qabiliyyətini satan insanlar qrupu; iqtisadi subyektlərin ehtiyaclarını ödəmək üçün yeni məhsul və xidmətlərin yaradılması prosesində birbaşa iştirak edən xüsusi əmtəə, istehsal amili; publisistik ədəbiyyat və jurnalistikada - işçi, fəhlə; daha çox ən ixtisassız işləri yerinə yetirən, əl əməyi işçiləri. Təriflərdən göründüyü kimi “iş qüvvəsi” bu terminin ancaq bir mənasını əks etdirir və mahiyyətcə abstrakt anlayışdır. Fikrimizcə, burada"işçi qüvvəsi" termini daha universaldır və digər mənaları da əks etdirir.

İngilis dilinin özünün terminologiya sistemi latın, yunan, fransız, alman, italyan, holland dillərindən kifayət qədər faydalanmışdır. İstənilən halda, ingilis iqtisadi terminologiyasında ən çox alınma terminlər latın və fransız dillərindəndir. Bu, əslində, inkişaf etmiş digər dillərə də xasdır.

İngilis dilində iqtisadi terminologiya sisteminin əsasını isimdən yaradılan sözlər təşkil edir. İkinci yerdə nisbətən çoxsaylı feldən ibarət terminlərdir. Sifətdən ibarət terminlər isə müstəqil deyil, əsasən təyinedici rol oynayan sözlərdən ibarətdir. Ən az terminlər felin məsdər formasında olan sözlərdir.

İngilis mənşəli iqtisadi terminologiyada mövcud olan iki məsələni — həmin terminin Azərbaycan dilində yazılışı və şifahi səslənməsini də qeyd etmək lazımdır. Azərbaycan iqtisad elmində terminlərə çox azsaylı lüğət və ensiklopediyalarda, internet mənbələrində rast gəlinir. Bu lüğətlərin, demək olar ki, heç birində Azərbaycan dilində yeni terminlərin yaradılmasına cəhd edilmir, ancaq mövcud olan, artıq qəbul edilmiş terminlər şərh və ya tərcümə olunur.

Bu gün Azərbaycan dilinə ingilis dili vasitəsilə keçən bir sıra terminlər var ki, bəzi iqtisadçıların fikrincə, onu tərcümə ilə qəbul etmək də olar. Məsələn, “marketinq” – market - bazar deməkdir və ingilis şəkilçisi əlavə olunub; “menecment” – latınca əl mənasını verən manus və ment şəkilçisindən ibarətdir. Həmin sözlərin tərcümə olunma və Azərbaycan və ya digər dillərdə yeni terminlə ifadə olunma imkanlarını iki ensiklopedik lüğətdə tərifini verməklə əyani göstərmək istəyirik: marketinq (ingiliscə marketinq) – bazarın öyrənilməsi və istehlak tələbinə aktiv təsir üzrə tədbirlər sistemi; bazarın tələbindən çıxış edərək, yeni növ məhsulların işlənməsi, istehsalı və satışı və ya xidmətlərin göstərilməsi üzrə fəaliyyətin idarə edilməsi və təşkili; menecment (ingiliscə menagement) – istehsalın, həmçinin intellektual maliyyə və digər resursların idarə edilməsi prinsipləri, metodları, vasitələri və formaları; istehsal və satışın onun səmərəliliyinin yüksəldilməsinə və mənfəətin artırılmasına yönəldilən idarəetmə praktikası və nəzəriyyəsi.

Türkcə bu terminlər “bazarlama” və “yönətim”, rusca marketinq eyni saxlansa da, menecment termini “idarəetmə” və ya “rəhbərlik” (upravlenie, rukovodstvo) kimi tərcümə olunub və Rusiyada bəzi ali məktəblərdə bu adla da tədris olunur. Gətirdiyimiz bu nümunə ilə onu göstərmək istəyirik ki, bütün dünya ölkələri tərəfindən qəbul olunmuş terminlərin milli dillərdə uğurlu tərcüməsi olsa da, artıq iqtisad elminin müstəqil istiqamətlərinə çevrilmiş bu terminləri yenidən yaratmağa ehtiyac yoxdur.

İqtisadi terminologiya işinin ən vacib mərhələsi ona aid olan bütün terminlərin sözlük fondunun yaradılmasıdır. Bunun nəticəsi olaraq müxtəlf səpkili (tarixi, etimoloji və s.) terminoloji lüğətlər tərtib edilir.
Avroamerikan mənşəli terminlərin əksəriyyəti Azərbaycan dilinə rus dili vasitəsilə daxil olmuşdur: aktiv, aksept, debet, devalvasiya, deponent, emitent, indeksasiya, bazis, ipoteka, lizinq, banknot, direkt-meyl, ofşor və s. məhz rus dilində tələffüz edilən kimi yazılır. Dempinq, demarketinq, injinirinq, konsaltinq, listinq, marketinq və s. müstəqillikdən sonra birbaşa ingilis dilindən alınmışdır. Bonus, denominasiya, kalkulyasiya -latın; monopoliya - yunan; allonj, afera, aval, avans, avuar, kadastr, konosament - fransız; avers, akkreditiv, aksiz -fransız-latın; bankrot - italyan; gildiya, fraxt, veksel, indossat, subvensiya, preferensiya - alman dillərindən alınmadır.

Məlum olduğu kimi, bu gün dünya təcrübəsində elmi və informasiya tərçüməsinə kifayət qədər sərt və birmənalı tələb qoyulur: xüsusi mətnlərin tərcüməsi maksimum orijinala yaxın olmalı, kənarlaşmaya ancaq dilin xüsusiyyətləri və üslubu ilə izah olunmalıdır. Məhz buna görə də termin həm də tərcümə vahidi kimi çıxış edir. Terminin elmi mətndə verilməsi ona uyğun-ekvivalent kontekstindən asılı olmayaraq, birmənalı istifadə edilməlidir. Burada, sözün ona yaxın hər hansı mənası ilə əvəz edilməsi yolverilməzdir.

Terminlərin tərcüməsi ilə bağlı bir məsələyə də toxunmamaq olmaz. Bu gün ingilis və rus dillərindən Azərbaycan dilinə tərcümələrin əksəriyyətini daha çox dilçi-tərcüməçilər yerinə yetirirlər. Lakin dilçi-tərcüməçi nə qədər peşəkar olsa da, iqtisadi terminlərin əsl mahiyyətini başa düşmədiyindən, onun hansı mənada işlənməsini düz ifadə etməyə bilər. Məsələn, ingilis və rus dillərindən tərcümə olunan “saving - sberecenie” termini əmanət, qənaət və yığım kimi tərcümə oluna bilər. Yaxud, ingiliscə “business” termini, bir qayda olaraq, Azərbaycan dilinə biznes kimi tərcümə edilir, Halbuki, bu terminin ingiliscə - sahibkarlıq, kommersiya fəaliyyəti, içgüzar fəallıq və s. mənaları da var. Belə hallara kütləvi informasiya vasitələrində, dissertasiya, monoqrafiya və məqalələrdə, hətta ensiklopediyalarda da rast gəlinir.

Ölkədə mövcud olan terminologiya işinin qaydaya salınması, təkcə mütərəqqi terminologiya və anlayışlar sisteminin təşəkkül tapmasına deyil, həm də ayrı-ayrı elmlərin inkişafına da təkan verir. İqtisadi terminologiya sahəsində ixtisaslaşan mütəxəssislərlə həmin elm sahəsi ilə məşğul olan alimlərdən bir fərqi də odur ki, onun peşə hazırlığı daha dərin və əhatəli, dilçilik qanunlarını və imkanlarını yaxşı bilən, həmçinin ən aparıcı xarici dillər sahəsində müəyyən səriştəyə və biliyə malik olmağı tələb edir.

Tanrıverdi PAŞA,
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü, AMEA İqtisadiyyat İnstitutu maliyyə, pul-kredit siyasəti şöbəsinin müdiri

"Xalq qəzeti", 18.04.2016.