Azərbaycanlıların deportasiyaya və soyqırıma məruz qalması ermənilərin və onların havadarlarının insanlığa yad olan təcavüzkar siyasətlərinin nəticəsidir və tarixi həqiqətdir
- Oxunub 2474 dəfə
Azərbaycan Respublikası dünyada ən qədim yaşayış məskənlərindən biri kimi tanınması ilə yanaşı həmdə özünün etno-demoqrafik inkişaf xüsusiyyətlərini və tolirantlılıq ənənələrini qoruyub saxlaması ilə şöhrət tapmışdır.
Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi: “Biz Azərbaycan deyəndə, onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başşıca sərvətlərindən biri, bəlkə də ən başlıca sərvəti qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər çox zəngin olar.. Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar vahid ailə kimi yaşayırlar. Bu bizim ən böyük sərvətimizdir və xalqımızın gündəlik həyatıdır. ...Biz fəxr edirik ki, Azərbaycanda müxtəlif millətlərdən olan insanlar arasında qarşılıqlı anlaşma mövcuddur. Başqa dövlətlər də Azərbaycanın təcrübəsindən faydalana bilərlər.” Təsadüfi deyildir ki, keçmiş SSRİ-də hələ 1926-cı ildə ilk dəfə keçirilmiş Əhalinin Ümumi siyahıyaalınması məlumatlarına əsasən Azərbaycan Respublikasında yaşayan müxtəlif millətlərin, xalqların və etnosların sayı 95-i ötüb keçdiyi halda, qonşu Gürcüstanda onların sayı 76, Ermənistanda isə cəmi 46 olmuşdur. Bu vəziyyət qonşu Gürcüstan və Ermənistana nisbətən uzun illərdən bəri Azərbaycanda formalaşıb inkişaf etmiş beynəlmiləlçilik və talirantlılıqənənələrinin nəticəsində milliyyətindən və dini əqidəsindən asılı olmayaraq başqa ölkələrdən və ərazilərdən gəlib burada yaşayanlar üçün əlverişli həyat şəraiti yaradılması ilə bağlı olmuşdur. Lakin bütün bunlara baxmayaraq vaxtı ilə öz ərazimizdə yaşamaq üçün sığınacaq verdiyimiz, çörəyimizi yeyib suyumuzu içən erməni qəsbkarları torpaqlarımızın zəbt edilməsi hesabına “Böyük Ermənistan” dövləti yaratmaq kimi sərsəm xülyaya düşərək və “Yersiz gəldi, yerli qaç” prinsipini əsas götürərək öz havadarlarının köməkliyi ilə son iki əsr ərzində ardıcıl surətdə həyata keçirdikləri deportasiya-köçürmə əməliyyatları və soyqırımı nəticəsində azərbaycanlıların əzəli torpaqları olan indiki Ermənistan ərazisindən 1,5 milyon nəfərdən çox soydaşlarımızın zorla qovulub çıxarılmalarına və qətlə yetirilmələrinə nail olmuş; XX əsrin 80-ci illərinin axırı və 90-cı illərinin əvvəllərində isə Azərbaycan Respublikasının ərazisində 1,0 milyon nəfərdən çox azərbaycanlıları öz doğma torpaqlarında məcburi köçkün və qaçqın həyatı yaşamağa məruz qoymuşlar. Bunun nəticəsidir ki, XIX əsrin əvvəllərində əhalisinin 85 faizi, XX əsrin əvvəllərində isə 39-40 faizindən çoxunun azərbaycanlılardan ibarət olduğu indiki Ermənistan Respublikasında bir nəfər də olsun azərbaycanlı yaşamır. Tarixi faktlar sübut edir ki, indiki Ermənistan ərazisində yaşayan ermənilərin çoxu yerli əhali deyil sonradan buraya gələnlər olmuşlar. N.İ.Şavrovun 1911-ci ildə Ş-Peterburq şəhərində nəşr olunmuş “Zaqafqaziyada rus işinə təhlükə” adlı kitabında göstərilir ki, “1826-1828-ci illərin müharibəsindən sonrakı iki ildə 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran ermənisi, 84600 Türkiyə ermənisi köçürülmüş və onlar erməni millətinin cüzi olduğu Yelizavetpolun və İrəvan quberniyasının ən yaxşı torpaqlarında yerləşdirilmişlər. Köçkünlərin ən çoxu ermənilərdir. İndiki Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfərin 1 milyonu diyarın yerli əhalisi deyil, gəlmələrdir”. (Bax: Н.И.Шавров. Новая угроза русскому делу Закавказье. С.Петербург. 1911, с.59-61).Z.Kopkodyanın yazdığına görə isə indiki Ermənistan ərazisində əvvəllər mövcud olmuş İrəvan quberniyasının Zəngəzur və Qazax-Dilican qəzalarında, Tiflis quberniyasının Lori-Pəmbək (Borçalı mahalı) qəzasında 2310 yaşayış məntəqəsindən 2000-i azərbaycanlılara mənsub olmuşdur. (Bax: Z.Korkodyan. Sovet Ermənistanın əhalisi 1831-1931. İrəvan, 1932. s. 162 (erməni dilində). 1897-ci ildə Rusiya İmperiyasında keçirilmiş Əhalinin Birinci Ümumi siyahıyaalınması məlumatlarına əsasən İrəvan quberniyasında yaşamış 829,5 min nəfər əhalinin 313,2 min nəfəri və ya 37,7 faizi; İrəvan qəzasında yaşamış 150,9 min nəfər əhalinin 77,5 min nəfəri və ya 51,4 faizi; İrəvan şəhərində yaşamış 29,0 min nəfər əhalinin 12,3 min nəfəri və ya 42,4 faizi; Naxçıvan qəzasında yaşamış 100,8 min nəfər əhalinin 64,1 min nəfəri və ya 63,6 faizi; Naxçıvan şəhərində yaşamış 8,8 min nəfər əhalinin 6,2 min nəfəri və ya 70,4 faizi; Şərur-Dərələyəz qəzasında yaşamış 76,5 min nəfər əhalinin 51,6 min nəfəri və ya 64,4 faizi; Ecmiəddin qəzasında yaşamış 124,2 min nəfər əhalinin 36,0 min nəfəri və ya 28,9 faizi və s. azərbaycanlılar olmuşlar. 1-ci cədvəlin məlumatlarından göründüyü kimi, qeyd edilən dövrdə İrəvan quberniyasında yaşamış əhalinin 53,2 faizi; o cümlədən İrəvan qəzasında 38,5 faizi; İrəvan şəhərində 43,1 faizi; Naxçıvan qəzasında 34,4 faizi; Aleksandrapol qəzasında 85,7 faizi; Novobayazid qəzasında 63,7 faizi; Ecmiəddin qəzasında isə 62,5 faizi ermənilər olmuşlar. Bu ərazilərdə ermənilərin nisbətən belə yüksək xüsusi çəkiyə malik olmasının əsil səbəbi isə vaxtı ilə İranla Rusiya arasında bağlanmış Türkmənçay və Türkiyə ilə Rusiya arasında bağlanmış Andreanpol sülh müqavilələrindən sonra həmin ərazilərə İrandan və Türkiyədən çoxlu sayda ermənilərin köçürülməsi ilə bağlı olmuşdur. Tarixi mənbələrə əsasən 1828-1830-cu illərdə Zaqafqaziyaya köçürülmüş İran və Türkiyə ermənilərinin 200 min nəfəri erməni millətinin cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirilmişlər. (Bax: Z.Korkodyan. Sovet Ermənistanın əhalisi 1831-1931. İrəvan, 1932. s. 162 (erməni dilində). 1877-1879-cu illərdəki Türkiyə-Rusiya müharibəsi vaxtı isə Türkiyədən Zaqafqaziyaya 85 min nəfər, 1894-cü ildə 90 min nəfər, 1897-ci ildə isə 10 min nəfər erməni köçürülmüşdür. Tarixi mənbələrə əsasən 1908-ci ilədək ruslar tərəfindən xarici ölkələrdən Zaqafqaziyaya köçürülmüş 1 milyon nəfərdən çox erməni millətindən olan əhalinin əksəriyyəti qədim Azərbaycan torpaqları olan Yelizavetpol quberniyasının Şuşa, Zəngəzur, Cavanşir, Cəbrayıl uezdlərində və İrəvan quberniyasında məskunlaşdırılmışlar. 1820-1920-ci illəri əhatə edən 100 il ərzində isə rus imperiyasının ərazisinə 600 min nəfər erməni köçürüldüyü halda, Rusiyadan 2 milyon nəfərədək müsəlman çıxıb getmişdir. (Bax: İ.Məmmədov, S.Əsədov. Ermənistan azərbaycanlıları və onların acı taleyi. Bakı. 1992, s. 23-24). Azərbaycanlıların 1918-1920-ci illərdəki soyqırımı dövründə Ermənistanın indiki ərazisində yaşamış 575 min nəfər azərbaycanlının 565 min nəfəri və ya 98,3 faizi qırılmış və qovulmuşlar.
1-ci Cədvəl
1897-ci ildə İrəvan quberniyası əhalisinin milli tərkibi.
|
Mövcud əhali (min nəfər) |
O cümlədən |
|||||||
azərbaycanlılar |
ermənilər |
ruslar |
başqa millətlər |
||||||
min nəfər |
Yekuna nisbətən %-lə |
min nəfər |
Yekuna nisbətən %-lə |
min nəfər |
Yekuna nisbətən %-lə |
min nəfər |
Yekuna nisbətən %-lə |
||
İrəvan quberniyasında cəmi |
829,5 |
313,2 |
37,7 |
441,0 |
53,2 |
15,9 |
1,9 |
59,4 |
7,2 |
O cümlədən İrəvan qəzasında |
150,9 |
77,5 |
51,4 |
58,1 |
38,5 |
3,7 |
2,4 |
11,6 |
7,7 |
O cümlədən İrəvan şəhərində |
29,0 |
12,3 |
42,4 |
12,5 |
43,1 |
3,2 |
11,1 |
1,0 |
3,4 |
Naxçıvan qəzasında |
100,8 |
64,1 |
63,6 |
34,7 |
34,4 |
1,0 |
1,0 |
1,0 |
1,0 |
O cümlədən Naxçıvan şəhərində |
8,8 |
6,2 |
70,4 |
2,3 |
26,1 |
0,2 |
2,3 |
0,1 |
1,2 |
Aleksandropol qəzasında |
165,5 |
7,8 |
4,7 |
141,5 |
85,7 |
6,8 |
4,1 |
9,4 |
5,5 |
Novobayazid qəzasında |
122,6 |
34,7 |
28,3 |
78,1 |
63,7 |
5,9 |
4,8 |
3,9 |
3,2 |
Surmalin qəzasında |
89,1 |
41,5 |
46,6 |
30,3 |
34,0 |
- |
- |
17,3 |
19,4 |
Şərur-Dərələyəz qəzasında |
76,5 |
51,6 |
67,4 |
20,7 |
27,1 |
0,1 |
0,1 |
4,1 |
5,4 |
Ecmiəddin qzasında |
124,2 |
36,0 |
28,9 |
77,6 |
62,5 |
0,2 |
0,2 |
10,4 |
8,4 |
Mənbə: Первая Всеобщая перепись Российский империи. 1897 г. Эриванская Губерния. S. 2-3.
Z.Korkodyanın yazdığına görə, 1920-ci ildə Ermənistanda daşnaklardan sonra cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdı. Ancaq 1922-ci ildə 60 min nəfər qaçqın buraya geri qayıtdıqdan sonra azərbaycanlıların sayı burada 72596 nəfər təşkil etmişdir. (Bax:З.Коркодян. «Население советской Армении. 1831-1931».с. 184-185; Историческая география западного Азербайджана).Ermənistanda yaşayan azərbaycanlıların sayı 1922-ci ildən sonra az da olsa, tədricən artaraq 1926-cı ildə 84,0 min nəfərə, 1939-cu ildə isə 139,9 min nəfərə gəlib çatmışdır. (Bax:Население СССР. М., 1977, с. 278.) Lakin 1948-1953-cü illərdə 100 min nəfərdən çox azərbaycanlı Ermənistandakı ata-baba torpaqlarından zorla köçürüldü və köçürülməyə məcbur edildi ki, bunun da nəticəsində həmin ərazidə yaşayan azərbaycanlıların sayı yenidən azalaraq 1959-cu ildə 107,7 min nəfərə düşmüş, sonrakı iki onillik ərzində isə onların sayı bir qədər artaraq 1970-ci ildə 148,2 min nəfər, 1979-cu ildə isə 160,8 min nəfər təşkil etmişdir. Ancaq bu Ermənistanın ərazisində azərbaycanlıların sonuncu artımı oldu. Halbuki, nə qədər təəccüblü olsa da, azərbaycanlıların Ermənistandan qovulduğu bütün dövrlərdə Azərbaycanda yaşayan ermənilərin sayı nəinki azalmamış, əksinə daha da artmışdır. Belə ki, 1939-1959-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıların sayı 32,2 min nəfər və ya 23,0 faiz azalaraq 139,9 min nəfərdən 107,7 min nəfərə düşdüyü halda, Azərbaycanda yaşayan ermənilərin sayı 54,1 min nəfər və ya 13,9 faiz çoxalaraq 388,0 min nəfərdən 442,1 min nəfərə çatmışdır. (Bax: Население Азербайджанской Республики. Стат. Сборник. Баку, 1991. с. 39). 1926-1979-cu illəri əhatə edən 43 il ərzində isə Ermənistanda yaşayan azərbaycanlıların sayı cəmi 76,8 min nəfər artaraq 84 min nəfərdən 160,8 min nəfərə, Azərbaycanda yaşayan ermənilərin sayı isə bundan 2,5 dəfə çox, yəni 193,2 min nəfər artaraq 282 min nəfərdən 475,2 min nəfərə çatmışdır. Başqa sözlə desək, müqayisə edilən bütün bu illər ərzində Azərbaycanda yaşayan ermənilərin sayı Ermənistanda yaşayan azərbaycanlıların sayından 2,9-4,1 dəfə çox olmuşdur. 1959-1979-cu illəri əhatə edən 20 il ərzində Ermənistanın paytaxtı Yerevan şəhərində isə onsuzda çox cüzi sayda olmuş azərbaycanlıların sayı 2,1 dəfə azalaraq 4968 nəfərdən 2352 nəfərə düşdüyü halda, Azərbaycanın paytaxtı Bakı şəhərində yaşayan ermənilərin sayı 2,8 dəfə artaraq 76,6 min nəfərdən 215,8 min nəfərə çatmışdır. 1897-ci ildə İrəvan şəhərinin (indiki Yerevan) əhalisinin 42,4 faizi azərbaycanlı olduğu halda, bu göstərici ilbəil azalaraq 1926-cı ildə 7,7; 1959-cu ildə 0,7; 1970-ci ildə 0,4; 1979-cu ildə isə cəmi 0,2% təşkil etmişdir. Halbuki, Bakı şəhərində yaşayan əhali arasında ermənilərin xüsusi çəkisi 1926-cı ildə 16,9; 1959-cu ildə 17,2; 1970-ci ildə 16,4; 1979-cu ildə isə 14,1 faiz təşkil etmişdir. 1999-cu ildə Azərbaycan Respublikasında keçirilmiş Əhalinin siyahıyaalınması məlumatlarına əsasən Azərbaycanın ərazisində yaşayan ermənilərin sayı 120,7 min nəfər, o cümlədən Bakı şəhərində 378 nəfər (352 nəfər qadın, 26 nəfər kişi) təşkil etdiyi halda, Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamamışdı. (Bax: Şahbaz Muradov. İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər. Bakı, “Elm” 2004, səh. 61-62; Azərbaycan Respublikası əhalisinin siyahıya alınması 1999. səh. 155; Azərbaycan regionları. Bakı, 2002. səh. 23). Bütün bunlar təsadüfü olmayıb, bir tərəfdən erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı yeritdiyi təcavüzkar siyasətin nəticəsində baş vermişdirsə, digər tərəfdən də həmin dövrlərdə Azərbaycana rəhbərlik etmiş bəzi adamların ayıq-sayıq olmamaları, keçmiş SSRİ-nin başqa ərazilərindən, xüsusilə də Ermənistandan fərqli olaraq Azərbaycanda yaşayan başqa millətlərdən, xalqlardan və etnik qruplardan olan əhali üçün daha münasib və əlverişli həyat şəraiti yaradılması ilə bağlı olmuşdur. Təsadüfi deyildir ki, 1918-ci ilin may ayında əzəli Azərbaycan torpaqları olan İrəvan quberniyası ərazisində Ermənistan dövləti yaradılan zaman onun paytaxtı üçün müvafiq şəhər tapılmadığı çətin bir vaxtda Azərbaycan hökuməti milli münaqişələrə son qoyulması məqsədilə mayın 29-da İrəvan şəhərini özlərinə paytaxt elan etmələri üçün ermənilərə güzəştə getdiyini bəyan etmişdir. Bu tarixi həqiqəti açıqlayaraq Azərbaycan Respublikasının prezident cənab İlham Əliyev haqlı olaraq demişdir ki: “... indiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında formalaşmışdır. İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri 1918-ci ildə Ermənistana hədiyyə edibdir. Yumşaq desək, o da böyük bir səhv idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda İrəvan şəhərini Ermənistana bağışlamışdır. İrəvan Xanlığı Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, ermənilər bu bölgəyə qonaq kimi gəlmişdilər”.(Bax: “Azərbaycan” qəzeti. 19 yanvar 2008-ci il). Burada onu da qeyd etmək lazımdır ki, XX əsrdə Azərbaycanın 5 dəfə üzləşdiyi demoqrafik çətinliklərin də 1941-1945-ci illərin müharibəsi istisna edilməklə dördü məhz erməni qəsbkarları və onların havadarları tərəfindən törədilmiş soyqırım, köçürmə, işğalçılıq siyasəti və iyrənc erməni xisləti ilə əlaqədar olmuşdur. Bu demoqrafik çətinlik dövrlərinə aşağıdakılar aiddir:
Birincisi, 1905-1907-ci illər. Bu dövrdə Çar Rusiyasının hakim dairələrindən hərtərəfli yardım alan erməni quldur dəstələri İrəvanda, Zəngəzurda, Göyçədə, Naxçıvanda, Qarabağda, Gəncədə, Şirvanda, Bakıda və başqa ərazilərdə dinc azərbaycanlılara və digər müsəlman təriqətli xalqlara (türklər, kürtlər, tatarlar, ləzgilər və.s ) amansızcasına divan tutmuş, şəhər və kəndlər yandırılmış, uşaqlar, qadınlar, qocalar tarixdə görünməyən qəddarlıq və vəhşiliklə öldürülmüşlər. Şübhəsiz ki bu hadisələr Azərbaycanın inkişafına mənfi təsir göstərmiş və onun demoqrafik vəziyyətinə də zərbə vurmuşdur. (Bax: Şahbaz Muradov, göstərilən kitabı. Səh. 72.)
İkincisi: 1913-1920-ci illər. Birinci dünya müharibəsi (1914-1918), xarici müdaxilə, ermənilər tərəfindən azərbaycanlıların soyqırımına məruz qalması və s. nəticəsində Azərbaycanın əhalisi bu dövrdə 387 min nəfər və ya 16,6 faiz azalaraq 2339,2 min nəfərdən 1952,2 min nəfərə düşmüşdü.
Azərbaycan xalqına qarşı soyqırım cinayətləri 1918-ci ildə daha mütəşəkkil və böyük qəddarlıqla həyata keçirilmişdir. 1918-ci ilin təkcə mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda erməni-bolşevik silahlı dəstələri 50 min nəfərdən çox azərbaycanlını qətlə yetirmiş, on millərlə insanı yerindən-yurdundan didərgin salmışlar. Mart ayının üç günü ərzində Bakı şəhərində 30 mindən artıq azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmişlər. Bakı qırğınının ardınca Şamaxı qəzasının 58 kəndi dağılmış, 7 minədək adam, o cümlədən, 1653 qadın, 965 uşaq qılıncdan keçirilmiş və güllələnmiş, Quba qəzasının 122 kəndi yerlə-yeksan edilmişdir. Şərur-dərələyəz, Naxçıvan bölgəsində, Qarabağın dağlıq hissəsində, Zəngəzur qəzasında yüzlərlə azərbaycanlı kəndi yandırılmış, əhaliyə cinsinə və yaşına fərq qoyulmadan qəddarcasına divan tutulmuşdur. İrəvan quberniyasında azərbaycanlılara məxsus 211, Qars vilayətində 92 kənd dağıdılmış, yandırılmış və talan edilmişdir. Erməni terrorçu dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yeridilən “türksüz Ermənistan” siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 5,3 dəfə azalaraq 1916 ildəki 375 min nəfərdən 1922 ildə 70 min nəfər düşmüşdür. (Bax: Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı. “Azərbaycan” qəzeti, 31 mart 2001-ci il, №71).
Üçüncüsü: 1948-1953-cü illər. Bu dövrdə SSRİ Nazirlər Soveti İ.Stalinin imzası ilə xaricdə yaşayan erməniləri Ermənistanda yerləşdirmək məqsədilə azərbaycanlıların Ermənistandan köçürülməsi haqqında iki qərar qəbul etmişdir: Birincisi, 1947-ci il 23 dekabr 4083 saylı “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar idi. Bu qərarın 1-ci maddəsində deyilirdi ki, “1948-1950-ci illərdə Ermənistan SSR-dən könüllük əsasında Azərbaycan SSR-nin Kür-Araz ovalığına 100 min kolxozçu və başqa azərbaycanlı köçürülsün, onlardan 10 min adam – 1948-ci ildə, 40 min adam – 1949-cu ildə, 50 min adam – 1950-ci ildə”. İkincisi, 1948-ci il 10 mart tarixli 754 saylı “Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında” qərar idi. Yuxarıda adı çəkilən birinci qərarda “Könüllülük” ifadəsinin işlədilməsinin xüsusi məqsəd daşıdığını və həmin qərarın əsil mahiyyətini (repressiya xarakteri daşımasını) ört-basdır etməkdən ibarət olduğunu ikinci qərarın axırıncı 11-ci maddəsinin məzmunundan daha aydın görmək olar. Orada deyilir ki: “Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalisinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikintilərdən və yaşayış evlərindən xaricdən Ermənistana gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər”. (Bax: “Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, Bakı, 2007 s.86-99.)
Həmin qərarların həyata keçirilməsi nəticəsində 1948-1953-cü illərdə “Könüllülük” prinsipi adı altında Ermənistan SSR-dən 100 min nəfərdən çox azərbaycanlı öz dədə-baba yurdlarından kütləvi surətdə zorakılıqla köçürülmüş və ya köçməyə məcbur edilmişlər və onların heç birinin Dağlıq Qarabağda məskunlaşmasına icazə verilməmişdir.
İ.V.Stalinin vəfatından sonra köçürülmə qəti surətdə dayandırılmış və bu zaman əks proses başlanmışdır. Ermənistanın dağ rayonlarından Azərbaycanın Kür-Araz vadisinə köçürülən on minlərlə əhalinin aqibəti daha kədərli olmuşdur. İqlimə uyğunlaşa bilmədikləri üçün, adi məişət şəraiti olmadığından onların 13 -i aclıq və xəstəliklər nəticəsində həlak olmuş, salamat qalanların isə 40-45 faizi bütün çətinliklərə və təzyiqlərə məruz qalmalarına baxmayaraq öz doğma yurdlarına qayıtmışlar. Tarixi faktlar sübut edir ki, Ermənistandan azərbaycanlıların köçürülməsində məqsəd heç də xaricdən gələn erməniləri yerləşdirmək deyil, əslində azərbaycanlıların Ermənistandan təmizlənməsi idi. Təsadüfü deyildir ki, Ermənistanda əvvəllər azərbaycanlıların yaşadığı yüzlərlə kənd xarabalığa çevrilmişdir. Ermənistan KP MK-nın 1975-ci il yanvar Plenumunda deyilmişdir ki, həmin kəndlərin 476-dan çoxu istifadəsiz qalmışdır. Erməni millətçilərinin özləri də 90-cı illərdə etiraf etmişlər ki, azərbaycanlıların köçürülməsi ilə əlaqədar boşaldılan ərazilərdən və mənzil fondundan xaricdən gələn ermənilərin yerləşdirilməsi üçün istifadə edilməmişdir. (Bax: “Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, s. 86-99.)
Onu da qeyd etmək lazımdır ki, adi hüquq normalarına zidd olan bu yuxarıda adları çəkilən qərarların icrası zamanı totalitar-avtoritar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən, qocalar və körpələr ağır köçürülmə şəraitində kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin mövqeyindəki qətiyyətsizlik də az rol oynamamışdır. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktının ötən 50 il ərzinsə araşdırılması, ona hüquqi-siyasi qiymət verilməsi də obyektiv səbəblər üzündən mümkün olmamışdır. Yalnız 1997-ci il dekabr ayının 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tarixi ədaləti bərpa edərək 1948-53-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyat keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisində tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalamışdır.
Dördüncüsü: 1988-1993-cü illər. Bu dövrdə Azərbaycan keçmiş sovet respublikaları arasında qaçqın problemi ilə üzləşən ilk ölkə olmuşdur. Qaçqınların Ermənistandan Azərbaycana ilk axını 1987-ci ilin sonundan başlamışdır. Hər şeydən əvvəl burada belə bir faktı da qeyd etmək lazımdır ki, 1988-ci ilin noyabr-dekabr aylarında olan hadisələrin ağır xronikası yaddaşlardan silinmir. Respublika prokurorluğunun məlumatlarında deyilir: 1988-ci ilin noyabr ayının 28-dən dekabr ayının 8-dək Ermənistan SSR-də kütləvi surətdə azərbaycanlılar yaşayan 22 rayonun 185 yaşayış məntəqəsinə quldurcasına basqın edən erməni vəhşiləri 217 nəfəri müxtəlif işgəncə ilə qətlə yetirmişlər. Onlardan 49 nəfəri divan tutulmaqdan qorxub qaçarkən dağlarda borana-çovğuna düşüb donmuş, 41 nəfəri qəddarlıqla döyülüb öldürülmüş, 115 nəfər diri-diri yandırılmış, 16 nəfəri güllələnmiş, 10 nəfər təhqirlərə dözməyib infarktdan ölmüş, 2 nəfər erməni həkimləri tərəfindən xəstəxanada öldürülmüş, 3 nəfər suda boğulub öldürülmüş, 1 nəfər asılmış, 1 nəfər əzablardan qurtarmaq üçün özünün öldürmüş, 1 nəfər elektriklə öldürülmüş, 3 nəfər xəstəxanada olarkən tibbi xidmət göstərilməməsi nəticəsində öldürülmüş, 8 nəfər oğurlanmışdır. Öldürülmüşlərdən 57 nəfəri qadın, 5 nəfəri körpə uşaq, 18 nəfəri yeniyetmələrdən ibarət olmuşdur. Qırğın Ermənistanın 19 rayonu və 11 şəhərində törədilmişdir. 400-dən çox yük maşını qarət edilmiş, 25 min ailənin əmlakı talan olunmuş, 40897 azərbaycanlı ailəsi məcburi qaydada deportasiya edilmiş, mənzil və əmlaklarından məhrum olmuşlar. (Bax: Azərbaycan qəzeti. 26 iyul 2007-ci il.) 1990-cı ilin əvvəlinədək Ermənistandan Azərbaycana 204,6 min nəfər zorla qovulub çıxarılmış adam gəlmişdir. Onların 186 min nəfərini azərbaycanlılar, 11 min nəfərini kürdlər, 3,0 min nəfərini ruslar, 4,5 min nəfərini isə başqa millətlərdən olan insanlar təşkil etmişlər. Ermənistandan qaçqın düşmüş rusların əsas hissəsinin, həmçinin kürdlərin və azərbaycanlıların bir qisminin sonradan Rusiya və digər MDB ölkələrinə getməsi nəticəsində 1992-ci ildə Azərbaycan Respublikasında Ermənistandan zorakılıqla qovulmuş 196846 nəfər qaçqın qeydə alınmışdır. Bununla yanaşı, əvvəllər Gürcüstandan deportasiya olunaraq Orta Asiya respublikalarında yerləşdirilmiş Məshəti türkləri 1989-cu ildə Özbəkistanda baş vermiş milli münaqişə nəticəsində keçmiş SSRİ-nin başqa regionlarına, xüsusilə Azərbaycana və Rusiyaya köçməyə məcbur olmuşlar. 1989-91-ci illər ərzində 51649 nəfər Məshəti türkü Azərbaycana pənah gətirmişdir. (Bax: Ş.M.Muradov. Azərbaycan Respublikası əhalisinin dinamikası və quruluşu: əsas demoqrafik və etno-demoqrafik dəyişikliklər. (1897-2007-ci illər) B. Elm. 2008. səh. 76-77. (azərbaycan, ingilis və rus dillərində).
1988-1993-cü illərdə Ermənistan SSR-nin təcavüzü nəticəsində Azərbaycan SSR-nin Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilmiş, təqribən 1 milyon nəfərdən çox insan öz vətənində qaçqın və köçkün vəziyyətinə düşmüş; 20 min Azərbaycan vətəndaşı həlak olmuş; 100 mindən çox adam yaralanmış; 50 min nəfər müxtəlif xəsarət almış; minlərlə adam əsir və girov götürülmüş, itkin düşmüşdür; 900-dən çox irili-xırdalı yaşayış məntəqəsi, 1025 təhsil, 798 səhiyyə ocağı, 1510 mədəniyyət müəssisəsi, 300 min iş yeri məhv edilmişdir. Bəşər tarixində ən böyük müsibətlərdən sayılan Xocalı faciəsi nəticəsində 1992-ci il fevralın 26-da Dağlıq Qarabağın Xocalı şəhəri bütövlükdə erməni qoşunları tərəfindən yerlə-yeksan edilmiş, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə öldürülmüş; 478 nəfər şikəst edilmiş, 1275 sakin – qocalar, uşaqlar, qadınlar isə əsir aparılaraq dəhşətli təhqirlərə və həqarətə məruz qalmışlar. (Bax: Azərbaycan Respublikası Milli Məclisinin adı çəkilən Bəyanatı. “Azərbaycan” qəzeti. 31 mart, 2001.) Lakin bütün bu yuxarıda qeyd edilən demoqrafik çətinliklərə, dəfələrlə ermənilər və onların havadarları tərəfindən törədilmiş soyqırımına məruz qalmalarına baxmayaraq azərbaycanlıların sayı daim artıb çoxalmış və onların intellektual inkişaf səviyyəsi durmadan yüksəlməkdədir. İndi Yer kürəsində təqribən 50 milyon nəfərdən çox azərbaycanlı yaşayır və 2014-cü ilin əvvəlinə olan məlumatlara əsasən ölkəmizin əhalisinin sayı 9,5 milyon nəfərə gəlib çatmışdır. (Bax: Azərbaycanın demoqrafıq göstəriciləri . Bakı,2014,səh.41). Əlbəttə, əgər XX əsrdə erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı əməliyyatları olmasaydı bizim sayımız indikinə nisbətən əhəmiyyətli dərəcədə çox olardı. Ancaq indiki halda da respublikamızın əhalisinin sayı Ermənistan Respublikasının əhalisinin sayından təqribən 3,2 dəfə çoxdur və bu fərq getdikcə bizim xeyrimizə artacaqdır. Nəzərə alsaq ki, Ermənistanın Milli Statistika Xidmətinin son məlumatlarına əsasən 2001-ci ilin əvvəlindən 2014-cü ilin əvvəlinədək olan 14 il ərzində Ermənistan Respublikasında yaşayan daimi əhalinin sayı 200,0 min nəfər və ya hər il orta hesabla 14,3 min nəfər azalaraq 3,2 milyon nəfərdən 3 milyon düşmüşdüsə, Azərbaycan Respublikasının əhalisinin sayı bu dövrdə 1,4 milyon nəfər və ya hər il orta hesabla 100,0 min nəfər artaraq 8,1 milyondan 9,5 milyon nəfərə gəlib çatmışdır. Dünya ölkələrə üzrə aparılmış proqnoz məlumatlarına əsasən, 2014-cü illə müqayisədə Yer Kürəsi əhalisinin sayı müvafiq sürətdə 1,2 və 1,3 milyard nəfər və ya 16,7 və 34,7 faiz artaraq 2014-cü ilin əvvəlindəki 7,2 milyard nəfərdən, 2030-cu ildə 8,4 milyard nəfərə, 2050-ci ildə isə 9,7 milyard nəfərə, Azərbaycan Respublikasının sayı isə müvafiq surətdə 1,6 və 2,6 milyon nəfər və ya 15,8 və 27,4 faiz çoxalaraq 2014-cü ildə ki 9,5 milyon nəfərdən , 2030-cu ildə 11,1 milyon nəfərə, 2050-ci ildə isə 12,1 milyon nəfərə çatacağı halda Ermənistan Respublikasının sayı birinci dövrdə dəyişməz qalaraq 2030-cu ildə 3 milyon nəfər, 2-ci dövrdə isə 2014-cü ilə nisbətən 200 min nəfər və ya 6,7 faiz azalaraq 2014-cü ildə ki 3 milyon nəfərdən 2,8 milyon nəfərə düşəcəkdir. (Bax: http://demoscope.ru/weekly/app/world2014iphp). Bu rəqəmlərdən göründüyü kimi Azərbaycan Respublikası əhalisinin sayı 2030-cu ildə Ermənistan Respublikasıəhalisinin sayından 3,7 dəfə, 2050-ci ildə isə 4,3 dəfə çox olacaqdır. Bu, uzun illər bundan sonrada ölkəmizdə əhalinin artımı sahəsində baş verəcək dəyişikliyin ermənilər üçün əlçatmaz olacağından və buradan irəli gələn bir çox məqamlardan xəbər verir. Bu məsələdən bəhs edərkən Ölkə başçımız möhtərəm İlham Əliyev cənabları demişdir : “....Bir neçə ildən sonra ümumiyyətlə, demoqrafıq vəziyyət həlledici məqama çevriləcəkdir. Təsadüfi deyildir ki, son çıxışlarımda mən bu məsələyə xüsusi ilə diqqət yetirirəm. Azərbaycanda demoqrafik vəziyyət yaxşıdır, müsbətdir, təbii artım vardır. Ancaq hesab edirəm ki, bu artım dahada güclü olmalıdır. Bu artımı stimullaşdırmaq və əhalinin artımını təmin etmək üçün yəqin ki əlavə tədbirlər görülməlidir... Bizim iqtisadiyyatımız, sənaye gücümüz və siyasi iradəmiz diqtə edir ki Azərbaycan əhalisi daha da çox artmalıdır. Bu, nəinki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli üçün lazımdır bu məsələni biz həll edəcəyik və Azərbaycan bayrağını Xankəndində qaldıracayıq-bu ümumiyyətlə gələcək üçün lazımdır... Güclü olmaq üçün güclü iqtisadiyyat, hərbi sənaye potensialı və böyük əhali lazımdır. Buna görə biz bu məsələ ilə bağlı ciddi məşğul olmalıyıq. Bu günə qədər bu proseslər təbii xarakter alırdı. Sadəcə olaraq ölkə iqtisadiyyatı artdıqca təbii artımda, necə deyərlər, daha da sürətli idi. Biz statistikadan bunu görürük. Son illər ərzində doğulan uşaqların sayı daha da çoxdur nəinki 10-15 il bundan əvvəl. Yəni, bu iqtisadi və sosial amillərlə birbaşa bağlı olan məsələdir. Ancaq yenə deyirəm, biz bu məsələyə yeni prizmadan yanaşmalıyıq. Azərbaycan əhalisi daha da sürətlə artmalıdır. (Bax: Azərbaycan qəzeti 12 iyul 2012-ci il s.1,2). Bəli, Ölkə başçımız tərəfindən irəli sürülmüş bu çox mühüm sosial-iqtisadi, demoqrafik və siyasi xarakter daşıyan vəzifənin uğurla həyata keçirilməsi üçün respublikamızda hər bir şərait vardır. Biz gələcəkdə də olacağıq, artıb çoxalacağıq, ərazi bütövlüyümüzü təmin edəcək və dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcəyik.
Şahbaz Muradov
AMEA-nın müxbir üzvü,
i.e.d., professor.
Məqalə "Azərbaycan" qəzetinin 07 aprel 2015-ci il sayında dərc olunub.