Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Aqrar sektor milli təhlükəsizliyin təmin olunmasında mühüm amildir

  • Oxunub 2089 dəfə

 Milli təhlükəsizlik — ölkənin bütövlüyünü qorumaq, siyasi, iqtisadi və sosial məsələləri həll etmək, eləcə də müstəqil subyekt kimi dövlətin mənafeyi mövqeyindən beynəlxalq münasibətlərdə çıxış etməkdir. Milli təhlükəsizlik sistemində mərkəz yeri siyasət tutur, onu müəyyən edən, stimullaşdıran isə iqtisadi təhlükəsizlikdir. İqtisadi inkişafda prioritet olan ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin təmin olunmasında əsas amillərdəndir.

İqtisadi təhlükəsizlik özündə bilavasitə mühüm sahələrin təsərrüfat növlərini əhatə edir; istehsalat, kredit-maliyyə sahəsini, kənd təsərrüfatını, tikinti sahələrini. Bu baxımdan hazırkı zamanda ərzaq təhlükəsizliyinə böyük diqqət ayrılmalıdır, çünki iqtisadi təhlükəsizliyin bünövrəsindən biridir. Ərzaq təhlükəsizliyi iqtisadiyyatın elə bir sahəsidir ki, hansı ki, bununla dünya bazarının inkişafından asılı olmayaraq əhalinin ərzaqla stabil təminatina zəmanət verilir.

Kifayət qədər səmərəli qidalanmaq üçün yüksək keyfiyyətli ərzağın istehlakı qarşıda duran əsas həll olunası məsələdir. Ərzaq təhlükəsizliyinin hansı orqanlar tərəfindən həyata keçirilməsindən asılı olaraq, dörd səviyyəyə ayırmaq olar: qlobal, dövlət, yerli, ailə (ailə təsərrüfatı). Dövlət səviyyəsində ərzaq təhlükəsizliyinin vəziyyətini hökümət və qanunverici orqanlar müəyyən edirlər. Onların fəaliyyəti iqtisadi inkişafın stabilliyinə, dövlət fondlarının formalaşmasına və tələblə tələbatın daxili ərzaq bazarında balansını təmin etməyə istiqamətləndirilib. Yerli səviyyədə ərzaq təhlükəsizliyinə yerli idarəetmə orqanları (bələdiyyə, rayon, vilayət) məsuldurlar hansılar ki, ərzaqla təchizatı təmin etməlidirlər və ala bilmək üçün əhaliyə gəlir əldə etməyə şərait yaratmalıdırlar. 

Hazırda aqrar sahənin inkişafı iqtisadiyyatın şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən biridir. Əhalinin əsas ərzaq məhsulları ilə etibarlı təmin olunması və ölkənin məşğul əhalisinin böyük hissəsinin çalışdığı aqrar sektorun inkişafı siyasətinin əsası 90-cı illərin ortalarında qoyulub. Belə ki, Azərbaycanda MDB ölkələri arasında ən sürətli torpaq islahatları həyata keçirilib, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılıb, beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanıb. 2001-ci ildə ölkə rəhbərinin Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Nəticədə Azərbaycanda aqrar sahənin daha da inkişaf etdirilməsi üçün görülən tədbirlər də genişlənib və dinamik xarakter alıb və Azərbaycan Prezidentinin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil edib. Belə ki, ölkə əhalisinin təxminən 1,5 milyon nəfərinin aqrar sektorda çalışması baxımından bu sahənin inkişaf etdirilməsi həm də qeyri-neft sektorunun inkişafı, işsizliyin və yoxsulluğun azaldılması baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir.

Bunu da qeyd etmək lazımdır ki, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi 2014-cü ildən etibarən Azərbaycanda aqrar islahatların yeni mərhələsinin başlanması ilə bağlı cənab Prezident tərəfindən verilən siyasi qərarların məntiqi davamıdır. Ölkədə aqrar sahənin yeni inkişaf mərhələsi ilə bağlı dövlət başçısı tərəfindən müəyyən olunmuş strateji vəzifələrə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi də aidiyyəti dövlət orqanları ilə birgə müvafiq tədbirlər planı hazırlayıb. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması ilə bağlı qəbul olunmuş tədbirlər planı 50 tədbirdən ibarət olmaqla, ümumilikdə 5 istiqamətdə prioritet vəzifələri əhatə edir.

Ümumilikdə isə Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsində əsas istiqamət istehsalın müasir texnologiyalar əsasında intensivləşdirilməsidir. Bizim ölkədə kənd təsərrüfatı istehsalı üçün mövcud təbii ehtiyatlar və iqlim şərtləri əlverişlidir, ancaq çox məhduddur. Məsələn, ölkəmizdə adambaşına düşən kənd təsərrüfatına yararlı torpaq sahəsi 0,55 ha, o cümlədən əkin yerləri 0,22 ha təşkil edir. Otlaq sahələrimiz tələbatla müqayisədə çox azdır. Əsas heyvandarlıq regionlarının işğal altında qalması bu problemi daha da kəskinləşdirir. Bizim su ehtiyatlarımız da həmçinin məhdud həcmdədir. Buna görə də Azərbaycanda istehsalın intensiv texnologiyalar əsasında genişləndirilməsi üçün tədbirlər həyata keçirilir.

Ötən il Azərbaycanda ilk böyük aqroparkın təməli qoyuldu. Ölkənin digər bölgələrində də aqroparkların yaradılması davam etdirilir. Hazırda ölkəmizdə Avropa İttifaqının təşəbbüsü və maliyyə yardımı ilə həyata keçirilən “Kənd təsərrüfatı və kənd yerlərinin inkişafına dəstək proqramı”nın məqsədi Azərbaycan iqtisadiyyatının çoxşaxəliliyi üçün dayanaqlı kənd təsərrüfatının və kənd ərazilərinin inkişafına, təhlükəsiz və keyfiyyətli ərzaqla təminatın artırılmasına və ərzaq təminatını stabilləşdirmək, biznes mühitini və institusional potensialı yaxşılaşdırmaqla kənd təsərrüfatının və kənd ərazilərinin inkişafı sahəsində sahibkarlığı həvəsləndirməyə dəstək verməkdən ibarətdir. Kənd təsərrüfatı sahəsində BMT-nin ixtisaslaşmış qurumu olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan Respublikası arasında uzunmüddətli əməkdaşlıq davam edir. FAO təşkilatına üzv olduğu müddətdə Azərbaycan Hökuməti kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə müxtəlif inkişaf və fövqəladə hallara hazırlıq layihələrinin icrası, habelə kənd təsərrüfatında islahatların aparılması və sürətləndirilməsi, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı bir çox çətinliklərin müsbət həlli üçün FAO-dan dəstək almışdır. FAO Azərbaycanda 1995-ci ildən etibarən ümumən büdcəsi 27,2 milyon ABŞ dolları dəyərində olan 31 layihə tərəfdaşı olub. Hazırda FAO tərəfindən 19 ümumi layihə icra edilib, 6-sı icradadır. 6-sı isə təsdiq mərhələsindədir. Ölkəmizin Dünya Bankı ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Hökuməti və Dünya Bankının təşəbbüsü ilə yaradılıb maliyyələşdirilən və ümumi büdcəsi 46,6 milyon ABŞ dolları olan Kənd İnvestisiya Layihəsi həyata keçirilmişdir. Sözügedən layihə çərçivəsində icma yönümlü kənd infrastrukturlarına çıxış və istifadəni yaxşılaşdırmaq və kənd yerlərində ailələrin iqtisadi fəaliyyətlərini genişləndirmək məqsədilə tədbirlər həyata keçirilmişdir. Sözügedən layihənin uğurlu icrası və dayanıqlı nəticələrini təmin etmək məqsədilə ümumi büdcəsi 53,64 milyon ABŞ dolları olan İkinci Kənd İnvestisiyaları Layihəsi və ümumi büdcəsi 50 milyon ABŞ dolları olan İkinci Kənd İnvestisiya Layihəsinə Əlavə Maliyyələşmə hazırda həyata keçirilir. Dünya Bankının dəstəyi ilə ümumi büdcəsi 53.25 milyon ABŞ dolları olan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” icra olunur. Layihənin qeyri-neft sektorunun inkişafına töhfə verəcəyi nəzərə alınaraq, Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında aparılan müzakirələrin nəticəsində Ölkə Tərəfdaşlıq Strategiyasına daxil edilmişdir. Xüsusi olaraq, layihə aqro-ərzaq məhsullarının istehsal və təchizat zəncirlərinin (dəyər zəncirləri) təkmilləşdirilməsi vasitəsilə Tərəfdaşlıq strategiyasının rəqabətli kənd təsərrüfatı sektorunun inkişafına töhfə verəcəyi gözlənilir.

BMT-nin kənd təsərrüfatının inkişafı sahəsində xüsusi maliyyə institutu olan İFAD agentliyi 1997-ci ilin iyul ayında Dünya Bankı və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşən, ümumi büdcəsi 28,8 milyon ABŞ dolları olan “Təsərrüfatların Özəlləşdirilməsi Layihəsi”nin icrası ilə ölkəmizlə əməkdaşlığa başlamışdır. Hazırda İFAD tərəfindən kənd təsərrüfatı sahəsində ümumi büdcəsi 103,5 milyon ABŞ dolları olan 1 layihə (Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi) icra olunur. Layihə çərçivəsində ərzaq təhlükəsizliyinin və gəlirlərin artırılması imkanlarının təkmilləşdirilməsi vasitəsilə Ağdaş, Yevlax, Şəki və Oğuz rayonlarında kənd yoxsulluğunun azaldılmasına, eyni zamanda layihə ərazilərinin suvarılan sahələrində (təxminən 86500 ha) təsərrüfatdaxili suvarma və drenaj sistemlərinin təmir-bərpası, səmərəli məsləhət və maliyyə xidmətlərinin təşkili ilə bitkiçilik və heyvandarlıq fəaliyyətlərindən yüksək məhsuldarlıq əldə edilməsi üçün fermerlərə dəstək veriləcəkdir.

Aqrar sektorun inkişafına yönələn Dövlət proqramları ərzaq təhlükəsizliyinin reallaşmasında mühüm rol oynayır. Aqrar sahənin inkişafı, yoxsulluğun azaldılması regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Dövlət proqramlarında aparıcı yeri tutub. “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edib.

Aqrar sektorun inkişafı və ərzaq məhsulları istehsalının artırılması üçün yeni texnologiyaların və müasir texnikanın cəlb edilməsi həlledici əhəmiyyət kəsb edir. Lakin yeni texnologiyaların cəlb edilməsi, müasir kənd təsərrüfatı texnikalarının alınması böyük vəsaitlər tələb etdiyindən dövlətin dəstəyi olmadan bu sahədə dönüş yaratmaq mümkün olmazdı. Bunu nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ildə “Aqrolizinq” ASC-nin yaradılması barədə sərəncam verib. “Aqrolizinq” ASC-yə mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların ölkəyə gətirilib istehsalçılara çatdırılması və digər funksiyalar həvalə edilib.

“Aqrolizinq” ASC dövlət büdcəsi hesabına alınmış kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqları fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərti ilə lizinqə verir və ya lizinq yolu ilə satır. İndiyədək “Aqrolizinq” ASC xəttilə 9452 ədəd müxtəlif markalı kənd təsərrüfatı texnikası alınıb.

Dövlət siyasətinin əsas istiqaməti həm də ona yönəlib ki, daxili ərzaq bazarının idxaldan asılılığı maksimum azaldılsın və ərzaq ehtiyatlarının yaradılması üçün kompleks tədbirlər həyata keçirilsin. 2008-ci ilin mayında isə ölkə prezidenti tərəfindən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair ayrıca Dövlət Proqramı qəbul edilib. Bu proqram 2008-2015-ci illəri əhatə edir. Həmin Dövlət Proqramı Azərbaycanda aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından ən mühüm sənəd hesab olunur. Proqramın qəbul olunmasının ardınca orada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etmək üçün büdcədən kənd təsərrüfatına ayrılan xərclər də 2009-cu ildə əhəmiyyətli ölçüdə - 44 faiz artaraq 388.2 milyon manata çatdırılıb. Bu artım tendensiyası sonrakı illərdə də davam edib və gələcəkdə də davam edəcək.

Əhalinin ərzaqla etibarlı təminatına yönələn dövlət siyasətinin nəticəsi olaraq 2003-cü ildən sonra aqrar sektorda inkişaf davamlı tendensiyaya çevrilib. 2003-2007-ci illər ərzində aqrar bölmədə real artım orta hesabla ildə 4,5 faiz təşkil edirdi. Bu tendensiya sonrakı illərdə də davam edib, bitkiçilik məhsulları istehsalı 9,4 faiz, heyvandarlıq məhsulları istehsalı 3,6 faiz və kənd təsərrüfatının ümumi məhsulu 6,8 faiz artıb. 2014-ci ilin 9 ayın yekunlarına əsasən isə kənd təsərrüfatı sahəsində 6,3 faiz artım əldə olunmuşdu. Həmçinin əvvəlki illə müqayisədə taxıl istehsalı 1,6 faiz, o cümlədən buğda istehsalı 1,7 faiz artıb. Statistik göstəricilərə görə kənd təsərrüfatı Azərbaycana ÜDM-nin 5,4 faizini verir. Burada əsas fondların 7,9 faizi, məşğul əhalinin isə 38 faizi cəmlənib. Hazırda bu sahədə 24000 müəssisə, 2800 fərdi sahibkar, 10000 ailə fermer təsərrüfatı fəaliyyət göstərir və 550 emal müəssisəsi işə salınıb. 2015-ci ildə qida məhsullarının istehsalı 102,9 faiz təşkil edib.

Kənd təsərrüfatında artım tendensiyasını saxlamaq üçün dövlət tərəfindən bu sahəyə yönələn subsidiya və güzəştli kredit siyasəti yürüdülür. Elmi tədqiqat institutlarında istehsal olunmuş məhsuldar toxumların dəyərinin isə 30-40 faizi dövlət tərəfindən ödənilir. Fermerlərə yanacaq 50 faiz endirimlə satılır, onlar gübrələri dəyərinin 50-75 faizinə alırlar. Bu maddi yardımlar bir çox kənd təsərrüfatı məhsullarının idxalını əhəmiyyətli dərəcədə azaldır. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Yardım Milli Fondu tərəfindən verilən vəsaitlərin əsas hissəsi də kənd təsərrüfatına yönəlib. Həmçinin ət, süd və yağ istehsalında artıma nail olmaq məqsədilə ölkəyə damazlıq heyvanların gətirilməsi üçün də xüsusi proqram var. Bu proqram əsasında Kənd Təsərrüfatı Nazirliyi dövlət vəsaitləri hesabına Avropa ölkələrindən indiyədək 5 mindən çox damazlıq heyvan gətirib, proses gələcəkdə də davam edəcək.

Bu məqsədlə məhsuldar cins heyvanlardan ibarət təsərrüfatların yaradılmasına dövlət tərəfindən dəstək verilir, Fransadan, Almaniyadan və digər Avropa ölkələrindən idxal olunan yüksək məhsuldarlıqlı cins heyvanlar 50 faiz güzəştlə istehsalçılara 3 illik lizinq şərti ilə verilir. Bu heyvanlar əsasında böyük həcmli qapalı heyvandarlıq komplekslərinin yaradılması dəstəklənir və bununla yanaşı dövlət dəstəyi ilə iri taxılçılıq komplekslərinin yaradılması da prioritet vəzifədir. İstehsalçıların keyfiyyətli toxumla və gübrələrlə təminatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən subsidiya ayrılır. 

Digər fəaliyyət sahəsi iri fermer təsərrüfatlarının yaradılmasıdır və yemlə təchiz etmək üçün ölkə Prezidentinin tapşırığına əsasən yaxın illərdə ölkədə 50 iri taxılçılıq təsərrüfatı formalaşdırılmalıdır. Hazırda Azərbaycanda aqrar sektorun inkişafı əhalinin əsas kənd təsərrüfatı məhsullarına olan tələbatını (bəzi məhsullara görə artıqlaması ilə, bəzi məhsullara görə böyük ölçüdə) ödəməyə imkan verir və mütəxəssislərə görə ərzaq təhlükəsizliyinin təmin olunması baxımından orta səviyyədə qiymətləndirilir. Azərbaycan kənd təsərrüfatının inkişafı perspektivinə görə böyük potensiala malik ölkələrdən hesab olunur və ardıcıl xarakter daşıyan dövlət siyasətinin davam etdirilməsi bu sahədə gələcəkdə 2-3 dəfəlik artıma nail olmağa imkan verə bilər. Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi “Azərbaycan—2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur.

İnarə RƏSULOVA,

AMEA İqtisadiyyat İnstitutu, elmi işçi.

“Respublika” qəzeti, 5 noyabr 2016-cı il