Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İnsan potensialının sahibkarlığın inkişafına təsirinin praktik aspektləri

  • Oxunub 3619 dəfə

 Tədqiqatın məqsədi – Azərbaycan Respublikasında insan potensialından istifadənin sahibkar­lı­ğın inkişafına təsirinin daha da yaxşılaşdırılmasının müasir və­ziy­­­yətini nəzəri-praktik materiallar və statistik göstəricilər əsasında təhlil etməkdən ibarət­dir. Tədqiqat işi sis­temli təhlil və məntiqi ümumiləşdirmə kimi tədqiqat üsu­llarına əsaslanır. Tədqiqat işində ölkə iqtisadiyyatının mövcud vəziyyəti, sahibkarlığın inkişaf mərhələləri, onların səciyyəvi xüsusiy­yətləri təhlil edilmiş və bu istiqa­mət­də təkliflər verilmişdir. Təd­qiqat nəticəsində aşkar edilmişdir ki, dövlət-sahibkar müna­sibət­­lərinin digər institusional mexanizmlərinin təkmil­ləş­­dirilməsi; sahibkar­ların ixrac imkanları­nın genişləndirilməsi üçün mütəmadi tədbir­lərin davam etdirilməsi; kiçik, orta və iri müəssisələr ara­sın­da qarşılıqlı səmərəli əməkdaşlığın, о cümlədən istehsal-kooperasiya əlaqələrinin geniş­lən­di­ril­­məsi və gücləndirilməsi üzrə səylərin dəstəklənməsi vacibdir. Tədqiqatın məh­dudiy­­yət­ləri: ge­niş statistik məlumat tələb edir. Tədqiqatın elmi yeniliyi: perspektiv dövr üçün sahib­kar­lı­ğın, ki­çik və orta biznesin inkişafının, eləcə də fərdi əmək fəaliyyəti ilə məşğul olanların (xüsusilə də əmək bazarında gərginlik olan ərazilərdə) iqtisadi həvəsləndirilməsinin təmin edilməsi istiqa­mət­ində təkliflər verilmişdir.

Açar sözlər: milli iqtisadiyyat, sahibkarlıq, insan potensialı, dövlət tənzimlənməsi, dövlət-sahib­kar­ münasibətləri.

Ölkənin sahibkarlıq sektorunun inkişafı göstəricilərinin dinamikası həyata keçi­ri­lən iqtisadi islahatların uğurlu nəticələrinin əyani təsdiqidir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyllər özünü göstərmək­də davam edir. 2014-cü il ərzində 2013-cü illə müqayisədə ÜDM-in həcmi 2,8 faiz artaraq 59 milyard manata çatmışdır. Ölkədə biznes mühitinin yaxşılaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sağlam rəqabətin təmin edilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sahibkarların maarifləndiril­mə­si,  qanunvericilik bazasının təkmilləşdirilməsi və digər tədbirlər nəticəsində ümu­mi daxili məhsulun həcmində özəl sektorun payı 81,9 faiz təşkil etmişdir.

Aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 70,0-99,8 faiz arasında dəyişir. Məşğulluğun 73,4 faizi özəl sektor tərəfindən təmin edilir. İqtisadiyyatın qeyri-neft sahələrində əlavə dəyər 7,0 faiz artmış, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 61,0 faizə çatmışdır. 2014-cü ildə özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 79,5 faizini təşkil etmiş, sənayenin ümumi istehsalının 92,4 faizi malların (əmtəələrin) istehsalı, 7,6 faizi isə xidmət­lərin göstərilməsi hesabına yaradılmışdır. Ölkədə sahibkarlıq subyektlərinin sayı 614423 vahid olmaqla, onların 37,2 faizi Bakı şəhərində, 62,8 faizi regionlarda qeydiyyatdan keçmişdir. Sahibkarların ümumi bölgüsünə görə onların 15,4 faizini hüquqi şəxslər, 84,6 faizini isə fiziki şəxslər təşkil edir.

Müəssisələrin inkişafı dinamikası. 2014-cü il ərzində müəssisə və təşkilatların sayı 9 faiz artaraq, 2015-ci ilin 1 yanvar tarixinə 94563 vahid olmuşdur [17]. 2014-cü il ərzində 9130 yeni hüquqi şəxs qeydiyyata alınmışdır. Bu dövrdə qeydiyyatda olan müəssisə və təşkilatların 26,3 faizi "Ticarət; nəqliyyat vasitələrinin təmiri", 15,8 faizi "Digər sahələrdə xidmətlərin göstərilməsi", 10,8 faizi "Tikinti", 9,8 faizi "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", 6,3 faizi "Peşə, elmi və texniki fəaliyyət", 5,9 faizi "Emal sənayesi", 3,6 faizi "İnzibati və yardımçı xidmətlərin göstərilməsi", 3,2 faizi "Təh­sil", 2,3 faizi "İnformasiya və rabitə" və qalanları isə digər bölmələrin payına düşür. 2014-cü ildə müəssisələr əsasən Bakıda (9,4 faiz), Quba-Xaçmaz (12,5 faiz), Abşeron (11,6 faiz), Dağlıq Şirvan (16,8 faiz), Şəki-Zaqatala (11,9 faiz), Lənkəran (11,5 faiz), Aran (8,5 faiz) və Gəncə-Qazax (9,7 faiz) iqtisadi rayonla­rın­da qeydiyyata alınmış­dır. 2014-cü il ərzində qeydiyyata alınan yeni hüquqi şəxsin 1607-si dövlət mülkiyyətinə, 7-si bələdiyyə və 7516-sı xüsusi mülkiyyətə aid olmuşdur. Xüsusi mülkiyyətli müəssisələrin 533-ü tam xarici inves­tisiyalı, 147-si isə birgə müəssisələrə aiddir. 2015-ci ilin 1 yanvar tarixinə qey­diy­yata alınmış 94563 hüquqi şəxsin 10540-ı dövlət mülkiyyətinə, 82370-i xüsusi mülkiyyətə (o cümlədən xüsusi mülkiyyətli müəssisələrin 5429-u tam xarici in­ves­ti­siyalı, 1754-ü isə birgə müəssisələrə aiddir), 1653-ü bələdiyyə mül­kiy­yətinə mə­n­sub olmuşdur. Statistik vahidlərin Dövlət reyestrində qeydiyyat­dan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (30,4 faiz), Böyük Bri­taniya (8,6 faiz), Rusiya (6,5 faiz), İran (5,1 faiz), ABŞ (3,7 faiz), Alma­niya (1,9 faiz) və digər ölkələrin (43,7 faiz) sahibkarları tərəfindən yaradılmışdır.

Ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün 2014-cü ildə bütün ma­liy­yə mənbələrin­dən əsas kapitala 17615,8 milyon manat vəsait yönəldilmiş, onun 75,4 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki il­lə müqayisədə tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 11,8 faiz artmışdır [16]. Ümumi sərmayənin 48,2 faizi dövlət, 51,8 faizi isə qeyri-dövlət sek­to­ru­nun payına düşmüşdür [5]. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 72,3 faizini təşkil etmiş, onun 63,4 faizi dövlət böl­mə­si­nin payına düşmüşdür. 2014-cü ildə xarici mənbələrdən əsas kapitala 4880,4 milyon manat investisiya yönəldilmişdir. Xarici ölkələr və beynəlxalq təş­ki­latlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 4484,2 milyon manatı (91,9 faizi) Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran, Rusiya və Yaponiya sərmayədarlarına məxsus olmuşdur.

Kiçik müəssisələrin inkişaf dinamikası. Bazar münasibətlərinin tələblərinə uyğun olaraq ölkə iqtisadiyyatında kiçik sahibkarlığın inkişafı prosesi davam etmişdir. Ölkədə fəaliyyət göstərən kiçik müəssisələrin sayı və strukturu "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azər­bay­can Respublikası Qanunu və "İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəy­yən­ləşdirilməsi meyarlarının hədlərinin təsdiq edilməsi haq­qın­da" Azərbaycan Respub­li­kası Nazirlər Kabinetinin Qərarı ilə müəyyən­ləş­diril­miş işçilərin sayı və illik dövriyyə meyarına görə müəyyən edilir. 2015-ci il 1 yan­var tarixinə ölkədə fəaliyyət göstərən müəssisə­lərin 75119 vahidi ki­çik müəssisələr olmuşdur. 2015-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə müəssisələrin ümumi sayı­nın 79,4 faizini kiçik müəssisələr təşkil etmiş və onların əsas hissəsi ticarət (31,8 faiz), tikinti (12,7 faiz), digər sahələrdə xidmətlərin göstərilməsi (12,2 faiz) və kənd təsərrüfatı (11,8 faiz) böl­mələrində yaradılmışdır. Kiçik müəssisələrin 56,6 faizi Bakıda, 13,2 faizi Aran, 6,8 faizi Abşeron, 6,1 faizi Gəncə-Qazax, 5,8 faizi Lənkəran, qalanları isə digər iqtisa­di rayon­lar­da yara­dılmışdır [6].

Fiziki şəxslərin inkişaf dinamikası. Fiziki şəxslərin sayı dinamik şəkildə artmaqda davam et­miş­­dir. 2015-ci ilin 1 yanvar tarixinə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq for­masında fəaliyyət göstərən fiziki şəxslərin sayı 12,5 faiz artaraq 519860 vahidə çatmışdır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əsas hissəsi Bakı­da (34,3 faiz), o cümlədən Aran (19,7 faiz), Gəncə-Qazax (12,7 faiz) və Lənkəran (7,5 faiz) iqtisadi rayonlarında qeydiyyata alınmışdır. (cədvəl 9). Hesabat dövründə fərdi sahibkarların çox hissəsi "Ticarət; nəqliyyat vasitələrinin təmiri" (36,8 faiz), "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" (16,2 faiz), "Nəqliyyat və anbar təsərrüfatı" (13,5 faiz) və "Digər sahələrdə xidmət­lərin gös­təril­məsi" (13,3 faiz) bölmələrində qeydiyyatdan keçmişdir. Hüquqi şəxs yaratma­dan sahib­karlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin 81,0 faizini kişi­lər, 19,0 faizini isə qadınlar təşkil etmişdir. Sahibkar qadınların 39,4 faizi Bakıda, 16,3 faizi Aran, 15,0 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçmişlər. 2014-cü ildə pərakəndə əmtəə dövriyyəsinin həcmi 22,0 milyard manat olmaqla əvvəlki illə müqayisədə 10,0 faiz artmışdır. İs­teh­­­­lak mallarının 99,8 faizi özəl təsərrüfat subyektlərində, o cümlədən 11,5 faizi hüquqi şəxs statuslu müəs­sisə­lərdə, 52,5 faizi fərdi sahibkarlara məxsus ticarət subyekt­lərində, 35,8 faizi əmtəə bazarlarında satılmışdır. Özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyə­sinin həcmi 2013-cü ilin səviyyəsini 10,0 faiz üstələmiş, bu bölmə üzrə real artımın 65,7 faizi fərdi sahibkarların ticarət fəaliyyəti sayəsində yaranmışdır. 2014-cü ildə elektron ticarət şəbəkəsində istehlakçılara 6,4 milyon manatlıq və ya əvvəlki illə müqayisədə 2,4 dəfə çox istehlak malları satılmışdır. Elektron ticarət dövriyyəsinin 94,6 faizini təşkil edən qeyri-ərzaq mallarının satışı əvvəlki ilin səviyyəsini 2,5 dəfə üstələyərək 6,1 milyon manata bərabər olmuşdur. Elektron ticarəti üzrə istehlak mallarının satışının 91,3 faizi hüquqi şəxslərin, 8,7 faizi isə fərdi sahib­kar­la­rın ticarət subyektləri tərəfindən həyata keçirilmişdir. Dövlət Gömrük Komitəsin­dən verilən məlumata əsasən, 2014-cü il ərzində Azərbaycan Respublikası 150 öl­kə ilə ticarət sahəsində qarşılıqlı əməkdaşlıq etmişdir. 2014-cü il ərzində bir çox sa­­hib­karlıq subyektləri, o cümlədən Bakı şəhə­rin­də "Norm" sement zavodu, Sum­qa­yıt şəhərində "Azərsun Sənaye Parkı"nın nəzdində kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində "DET-AL Alümi­nium" MMC-nin Metaltökmə və fasiləsiz yayma, Təzyiqlə emal və boyama zavod­ları, Ağ­daş rayonunda Gilan Yem və Ağdaş meyvə emalı zavodları, İsmayıllı, Lən­kəran və Şəmkir ra­yon­larında çörək zavodları, Qəbələ rayonunda "Tufan" Dağ-Xi­zək Yay-Qış İstirahət Komplek­si­nin bi­rin­ci mərhələsi, "Qafqaz Yengicə Termal Ho­tel və SPA" otel kompleksi, Naftalan şəhərin­də "Qarabağ SPA and Resort" otel kompleksi, Lənkəran rayonunda Çörək istehsalı zavodu, Füzuli rayonunda Tikiş fabriki, Şamaxı rayonunda "Şamaxı Palace Platinum By Rixos" oteli kompleksi və s. obyektlər istifadəyə verilmişdir [6].

Azərbaycanda qadın sahibkarlığın inkişafi. 2015-ci ilin əvvəlinə ölkə əha­li­si­nin sayı 1,2 faiz artaraq 9 milyon 593 min nə­fər  olmuşdur ki, onların da 49,8 faizi­ni kişilər, 50,2 faizini isə qadınlar təşkil et­miş­dir. 2014-cü ildə məşğulluğun 73,4 faizi özəl sektor tərəfindən təmin edilmişdir. Bu dövrdə vergi daxilolmalarında qeyri-dövlət sektorunun payı 70,4 faiz təşkil et­miş­dir. Məşğulluq xidməti or­qan­ları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu veril­miş şəxslərin sayı 2015-ci ilin 1 yanvar tarixinə 28,7 min nəfər olmuşdur ki, onla­rın da 39,4 faizini qadınlar təşkil etmişdir [4].

Ölkəmizdə elektron xidmətlərin tətbiqi həyatımızın bütün sahələrini, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı xidmətləri də əhatə edir. Müəssisə və təş­kilat­ların elektron qaydada qeydiy­ya­ta başlamasından sonra onların sayı əvvəlki ilə nisbətən 9 faiz artaraq 2015-ci ilin 1 yanvar tari­xi­nə 94563 vahid olmuşdur. 2015-ci ilin 1 yanvar tarixinə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliy­yət göstərən fiziki şəxslərin sayı 12,5 faiz artaraq 519860 vahidə çatmışdır. Ölkədə sahibkarlıq subyektlərinin bölgüsünə gəldikdə, onların 15,4 faizini (94563 vahid) hü­quqi şəxslər, 84,6 faizini (519860) isə fiziki şəxslər təşkil edir. Fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin 19 faizini qadınlar, 81 faizini isə kişilər təşkil etmişdir. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə bölgüsündən aydın olur ki, Bakıda (21,9 faiz), habelə Gəncə-Qazax (22,6 faiz) və Şəki-Zaqatala (20,6 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır. Fiziki şəxslərin tərkibində sahibkar qadınların 60,6 faizi regionlarda, 39,4 faizi isə Bakıda qey­diy­yatdan keçmişdir.   

Azərbaycanda fəaliyyət göstərən qadın sahibkarlar əsasən “Ticarət, nəqliyyat vasitələrinin təmiri” (39,6 faiz), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (17,7 faiz) di­gər­ləri isə əsasən yüngül sənaye, tikiş sənayesi, xalçaçılıq, tətbiqi in­cə­sənət, xalq sənətkarlığı, elm və təhsil, yeyinti sənayesi, kənd təsərrüfatı və digər xidmət (42,7 faiz) sahələrində çalışırlar [5].

Son illərdə qadın sahibkarların sayının artdığı müşahidə olunur. Qadın sa­hib­­­karlığının inkişafı yoxsulluğun azaldılmasına, məşğulluğun təmin edilməsinə və bir çox hallarda, cəmiyyətdə gen­der bərabərsizliyinin aradan qaldırılmasına kömək edir. Ötən illər ərzində ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində yaradıl­mış dəstək mexanizmləri vasitəsilə silsilə tədbirlər davam etdirilmişdir. İstənilən iş­gü­zar fəaliyyət kimi, qa­dın sahibkarlığının inkişafının da mühüm amili zəruri ma­liy­yə vəsaitlərinin əldə edilməsi imkan­ları ilə bağlıdır. Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qəbul edilmiş sənədlər sahib­kar­ların maliyyələşdirilməsinin səmərəli mexanizmini for­ma­laş­dırmaqla, sahibkar qadınların da maliyyə vəsaiti ilə təminatı imkanlarını genişləndir­mişdir. Fon­dun və­saitindən istifadə üzrə seçilmiş müvəkkil banklar tərəfindən əsasən regionlarda fəaliyyət göstərən onlarla qadın sahibkarın məişət-sanitariya məmulatlarının isteh­sa­lı, yüngül sənaye, turizm, kənd təsərrüfatı məhsul­larının istehsalı və emalı yönüm­lü investisiya layihələri maliy­yə­ləş­­­dirilmişdir. 2002-2014-cü illər ərzində 2773 qadın sahibkara 55,5 milyon manat, o cümlədən 2014-cü ildə 703 qadın sahib­kara 9,3 milyon manat güzəştli kredit verilmişdir (qrafik 4). 2002-2014-cü illər ərzində qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına 3460 yeni iş yerinin, o cümlədən 2014-cü ildə verilmiş güzəştli kreditlər hesabına 1377 yeni iş yerinin yaradılması nə­zər­də tutulmuşdur.

Sahibkarlıq fəaliyyəti zamanı beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ölkə xaricində keçirilən tədbirlərdə qadın sahibkarların iştirakı daim təmin edilir. Belə ki, Azərbaycan Respub­likası İqtisadiyyat və Sənaye Nazirliyi ilə Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Na­zirliyi arasında imzalanmış memoran­duma uyğun olaraq, ölkə sahibkarları “biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması” proqramı çərçivəsində 220 sahibkardan 46-ı qadın sahibkar, o cümlədən 2014-cü il ərzində 47 sahibkardan 16-ı qadın sahibkar olmaqla Al­ma­ni­yada ixtisas artırma kurslarına göndərilmişdir. Bununla yanaşı, ölkədə keçirilən tədbirlərdə, konfranslarda, biznes forumlarda seminar və treninqlərdə qadın sahibkarların iştirakı təmin edilmişdir. Qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi sahəsində beynəlxalq təcrübənin öyrənil­mə­si, əldə olunmuş məlumatların ölkədə tətbiqi siyasətinin həyata keçirilməsi istiqamə­tin­də təd­birlər davam etdirilir.

Sahibkarlıq subyektlərinə verilmiş dövlətin güzəştli kreditləri. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə 5560 sahibkarlıq subyektinə 295 milyon manat dövlətin güzəştli kreditləri verilmiş və bu kreditlər hesabına 12564 yeni iş yerinin yaradılması imkanı yaranmışdır. Güzəştli kreditlərin 82,7%-i aqrar sektorun, 17,3%-i müxtəlif sənaye məh­sullarının istehsalı və emalının inkişafına verilmişdir. Verilmiş kreditlərin 77,7%-i respublikanın regionlarının, 22,3%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Sahibkarların güzəştli kreditləşməsinin tam olaraq elektronlaşdırılması və əsaslandırılmış nümunəvi investisiya layihələrinin təşviq olunması nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 24,4% artmışdır. 2014-cü il ərzində kiçik həcmli 5449 layihəyə 63,9 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 9475 yeni iş yerinin yaradılması imkanı yaranmışdır.

2013-cü illə müqayisədə kiçikhəcmli layihələrin sayı 24,5%, məbləği 20,8% və bu kreditlər hesabına yeni yaradılan iş yerlərinin sayı isə 23,5% artmışdır. Fondun vasitəsilə müasir texno­lo­gi­yaların tətbiqinə əsaslanan iri layihələrin maliyyə­ləşdirilməsi ilə yanaşı, kiçik həcmli layihə­lərin də güzəştli şərtlərlə maliyyə­ləş­diril­məsi əsas məsələlərdən biridir. Əsasən əhalinin həssas qruplarının, o cümlədən məcburi köçkün, əlil, gənc və qadın sahibkarların, eləcə də aztəminatlı ailələrin ki­çik həcmli kreditlərdən maksimum bəhrələnərək özlərinə biznes imkanları yaratmaları daim diqqət mərkəzində saxlanılır. Belə ki, 317 məcburi köçkün sahib­kara 7,7 mln. manat, 703 qa­­dın sahibkara 9,3 mln. manat və 1249 gənc sahibkara 49,7 mln. manat güzəştli kredit verili­miş­dir. Bu kreditlər hesabına müvafiq olaraq 545, 1377 və 2403 yeni iş yerinin yaradılması im­kanı yaranmışdır.

Qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan aqrar sektorun inkişafı ölkə əhalisinin ərzaq təhlükəsizliyinin və məşğulluğunun təmin edilməsi baxımın­dan xüsusi əhəmiyyət daşıyır. Aqrar sahənin daha da inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən investisiya layihələrinin reallaşdırılmasına, güzəştli kreditlərin verilməsinə xüsusi əhəmiyyət verilir və bu istiqamətdə fəaliyyət getdikcə geniş­lənir. Bu dəstək tədbirlərinə misal olaraq Fondun vəsaitləri hesabına döv­lə­tin gü­zəşt­li kreditlərinin verilməsini göstərmək olar. Aqrar sektorun inkişafı ilə bağlı 5366 (96,5%) layihəyə 244 (82,7%) milyon manat dövlətin güzəştli kreditləri verilmişdir ki, bu da ötən illə müqayisədə maliy­yə­ləşdirilən layihələrin sayının 25,1%, məbləğinin isə 28,7% artması deməkdir.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, əhalinin qida məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi, ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin daha da yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Dövlət Proqramına uyğun olaraq, Fond tə­rə­­findən 2014-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı 5344 investisiya layihəsinin maliyyələşdirilməsinə 164,2 milyon manat, kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı 11 investisiya layihəsinin maliyyələşdirilməsinə 22,2 milyon manat və digər ərzaq məhsul­la­rının istehsalı ilə bağlı 57 investisiya layihəsinin maliyyələşdiril­mə­sinə 12,2 milyon manat güzəştli kredit vəsaiti ayrılmışdır. Maliyyələşdirilmiş layihələr hesabına 11050 yeni iş yerinin yaradılması imkanı yaranmışdır.

“Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmil­ləş­diril­mə­si sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli sərəncama uyğun olaraq, dövlətin güzəştli kreditləri hesabına tutumu 152 min ton olan 6 logistik mərkəzə 32,7 milyon manat və 3 ixtisas­laş­dırılmış yaşıl marketə 19,8 milyon manat güzəştli kreditlər verilmişdir. Bu layihələr üzrə 486 ye­ni iş yerinin yaradılması imkanı yaranmışdır. Belə yaşıl marketlərin yaradılması kənd təsərrü­fatı məhsulları istehsalçılarının vasitəçilərsiz bazara çıxmasına şərait yaradır ki, bu da istehlakçı­la­rın fasiləsiz olaraq əlverişli qiymətlərlə keyfiyyətli məhsullarla təmin olunmasına imkan verəcək­dir. Azərbaycanda aqroparkların yaradılması aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şə­kil­­də təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsi, rəqabət­qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, ixrac potensialının və məşğul­lu­ğun artırılması üçün əhəmiy­yət­lidir.

Sahibkarlığın inkişafının insan kapitalına təsiri. Təhsilin insan inkişafında rolun­­dan danışanda söhbət mütləq iki istiqamətdən biri­nə yönəlir: ya təhsilin insan potensialının artırılmasına təsiri, ya da təhsilin insan kapitalının yaradılmasında rolu müzakirə olunur. İnsan inkişafı konsepsiya­sın­da “insan potensialı” anlayışı öz əhatə dairəsinə görə “insan kapitalı” kateqoriyasından daha genişdir. İnsan kapitalı nəzəriyyəsi baxımından, təhsilə sər­ma­yələrin məqsədi əmək məhsuldarlığını artırmaqdır. İnsan inkişafı yanaşması tərəfdarlarının fikrincə isə iqtisadi inkişafın əsas məqsədi insanın özüdür.

İnsan kapitalı – təhsilə və ixtisaslı kadr hazırlığına qoyulmuş kapital texniki bilik və bacarıq­lar ehtiyatı formalaşdırılmasını nəzərdə tutur. Onun sayəsində zənginləşmiş işçi qüvvəsi isə adi, ixtisas və təhsil almamış işçi qüvvəsinə nisbətən elmi-texniki tərəqqini daha sürətlə in­ki­şaf etdirir, onun nailiyyətlərindən bacarıqla və səriştəli istifadə edir, nəticə etibarilə daha çox mən­fəət, gəlir və məhsul yaradır, əhalinin daha firavan yaşamasına maddi imkan formalaşdrır [7].

İxtisaslı kadr hazırlığına qoyulmuş kapital müəyyən əmək sahəsində səriştə və təcrü­bə­yə malik inkişaf etmiş, həm də işçi qüvvəsidir ki, insanın buna malik olması üçün ona müəyyən təhsil və ya xüsusi hazırlıq verilmə­li­dir, bunun üçün isə kapital qoyulmalıdır. Xüsusi hazırlıq, təhsil tələb edən ixtisaslı əmək adi işçi qüvvəsinə nisbətən daha çox məsrəf tələb edən, istehsalına daha çox iş vaxtı sərf olunan və buna görə də dəyəri daha yüksək olan işçi qüvvəsinin təzahürüdür. Həm də ona görə belə kapitala insan kapitalı deyilir ki, təhsilə və ixtisas hazırlı­ğı­na qoyulmuş kapital sayəsində işçi qüvvəsində toplanmış texniki biliklər və bacarıqlar ehtiyatı, işçi qüvvəsi, onun sahibi insan tərəfindən ona sərf edilmiş kapitalın dəyərindən daha çox dəyər yaradır, elmi, texnikanı inkişaf etdirir, ondan səmərəli istifadə edir, cəmiyyət üçün tələb olunan səviyyədə insan tərbiyə edir, deməli, bütün növ kapitallar kimi, insan kapitalı da məqsədli səciyyə daşıyır.

Bunun sayəsində insan kapitalı əmək amilinin yeni iqtisadi formasını meydana çıxarır, onun inkişafını və formalaşmasını təmin edir. İnsan kapitalı işçi qüvvəsin­də texniki bilik və bacarıq ehtiyatının toplanmasını ifadə edir. Çünki bunsuz işçi qüv­vəsi müasir elmi-texniki inqilab və fəaliy­yət göstərə bil­məz. Məhz insan kapitalı öz mahiyyəti etibarilə insanda texniki biliklərin və ba­carıqların artması sayəsində mövcud ehtiyatlardan daha faydalı istifadəni, hətta istehsal im­kan­larının məhdudluğu şəraitində daha yüksək nəticələrə nail olun­ma­sını şərtləndirir. İnsan kapitalı iq­ti­sadi imkanlara deyil, əqli imkanlara görə daha çox məhsul və nemət istehsal etməyə imkan verir.

Amerika Birləşmiş Ştatlarının məşhur iqtisadçı alimləri Pol A. Samuelson və Vilyam D. Nordahus özlərinin “İqtisadiyyat” dərsliyində insan kapitalını “təhsil və ixtisaslı hazırlığa qoyulmuş kapital sayəsində işçi qüvvəsində toplanılmış texniki bilik və bacarıqlar ehtiyatı” kimi qiymətləndirmişlər. Bununla yanaşı, həmin ölkə­nin Harvard Universitetinin professoru N. Qre­qo­ri Mənkyu “İqtisadiyyatın əsas­ları” dərsliyində insan kapitalını “Təhsil və iş zamanı əldə edilən biliklər for­malaş­masında insanda toplanmış investisiyalar” kimi dəyərləndirmişdir. Fikrimizcə, insan kapitalına verilən bu iki tərif məzmun və mahiyyətcə bir-birini tamamlasa da, “İqtisadiyyat” dərsliyindəki fikirlər tutumlu, zəngin və dolğundur.

Mühüm sosial-iqtisadi, mənəvi və hətta siyasi əhəmiyyəti olan insan kapitalının normal olaraq reallaşdırılması və gerçəkləşməsi aşağıdakı istiqamətlər vasitəsilə təmin olunur:

– təhsilə kapital qoyuluşu vasitəsilə;

– ixtisaslı kadr hazırlığına kapital qoyuluşu vasitəsilə;

– nəhayət, elmə kapital qoyuluşu vasitəsilə.

Son illərdə ölkəmizdə insan kapitalının reallaşması istiqamətində xeyli iş görülmüş, xüsusilə peşəkar kadrların hazırlanmasına, təhsilin inkişafına, bu sahəyə ayrılan büdcə vəsaitinin ildən-ilə çoxalmasına, təhsil işçilərinin sosial məsələləri­nin həllinə, tələbələrin təqaüdlərinin artırılmasına, istedadlı tələbələrin xarici ali mək­təblərə qəbuluna, təhsil işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilmişdir.

Qeyd etmək lazımdır ki, orta və ali təhsil müəssisələrinin maddi-texniki baza­sı­nın möhkəm­lən­dirilməsi son illərdə xüsusilə diqqət mərkəzində saxlanılır, orta məktəblər üçün yeni binalar, ali məktəblərdə yeni korpuslar tikilir, labora­tori­yalar zənginləşdirilir və yeniləri yaradılır. Bütün bunlar isə təhsilin keyfiyyətinin yüksəl­dil­məsinə, işçi qüvvəsinin texniki bilik və vərdişlərinin artırılmasına, onların əmə­yi­nin səmərəliliyinin çoxalmasına əlverişli şərait yaradır.                 

Təkcə ABŞ-da 400 nəfər azərbaycanlı gənc həmin ölkənin nüfuzlu ali məktəb­lərində təhsil alır. Azərbaycanda informasiya və kommunikasiya texnologi­yala­rının ali və orta məktəblərdə tətbiqinə qoyulan vəsaitin həcmi getdikcə çoxalır. Ha­zır­da ölkəmizdə də informasiya cəmiyyəti və elmtutumlu iqtisadiyyat formalaş­mış­dır. İnformasiya və kommunikasiyaların davamlı inkişafı dövlət siyasətinin prioritet istiqamətləri sırasında yer almış, onun nəinki sosial-iqtisadi inkişafda, ha­belə təhsilin və elmin irəliləməsində mühüm rolu hiss olunmağa başlamışdır [11].

Eyni zamanda təhsil sistemi üçün yüksək ixtisaslı elmi-pedaqoji kadrlar hazır­lan­masına xüsusi diqqət yetirilməlidir. Ölkədə təhsilin və elmin inkişafının elmi əsaslarla qurulması prinsipi ardıcıl olaraq davam etdirilməlidir. Bundan başqa, təhsilin və elmin maliyyə təminatı mexaniz­minə bir daha yenidən baxılmalı­dır. Həm də maddi istehsal və qeyri-maddi istehsal, xidmət müəssisələri üçün ixti­sa­slı kadrların hazırlığını təmin etmək məqsədilə respublikamızın bəzi nazirlik­ləri və iri maddi istehsal müəssisələri nəzdində onların hesabına daimi fəaliyyət gös­tərən kurslar və ixtisaslı işçilər hazırlayan məktəblərin yaradılması məsələləri götür-qoy edilməlidir.

Ölkəmizin ali və orta ixtisas məktəb tələbələrinin, habelə sahibkarların və rəh­bər işçilərin insan kapitalı və onunla əlaqədar digər məsələlər üzrə biliklərinin daha da genişləndirilməsi məqsədilə “İqtisadi nəzəriyyə” fənninə ayrıca bir mövzu salın­malı və tədris olunmalıdır. Bütün bunlar onu deməyə əsas verir ki, indi ölkəmizdə təhsilin inkişafı üçün heç vaxt olmadığı qədər əlverişli şərait yaradılmışdır. Bu isə heç şübhəsiz, insan kapitalının reallaşdırıl­ması və gerçəkləşdirilməsi işində yeni istiqamətlər formalaşdırmağa imkan verəcəkdir.

İnsan kapitalı ölkənin ən qiymətli sərvətidir. Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsi (2009-2013) bu sahədə müasir texnologi­yalarla idarəetmə təlimlərinin keçilməsi və xüsusi texniki təlimlərin keçilməsini təşkil edir. Hazırda dövlətin qarşısına qoyduğu vacib məsələ bacarıqlı işçi qüvvəsinin hazırlanması olmalıdır. Bəzən ölkədə xüsusi sektorlara (neft, qaz, maliyyə, iqtisadiyyat və s.) axın digər vacib sektorlarda kadrların çatışmazlığına gətirib çıxarır. İnkişaf  etmiş ölkələrdə adətən inkişafa ehtiyacı olan sektorlar üçün xüsusi strateji layihələr vasitəsilə bu boşluğu aradan qaldırmaq mümkün olur. Azərbaycanda da neft sek­to­run­dan əldə olunan gəlirlər neft sahəsində bacarığın inkişafı ilə yanaşı, qeyri-neft sektorunun, xüsusilə də turizm, kənd təsərrüfatı, nəqliyyat sektorlarının inkişafına yönəldilir. Hələ 2007-ci ildə Azərbaycan hökumətinin ən yüksək səviy­yə­lərində “qara qızılın insan qızılına” çevrilməsi uzunmüddətli milli prioritet kimi qəbul edilmişdi.

2012-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası böyük əhəmiyyətə malik olan strateji bir sənəddir. Konsepsiyada yoxsulluğun azaldıl­ması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, həssas qrupların sosial müdafiəsi, sahibkarlığın inkişaf etdirilməsi, təbii sərvətlərdən istifadənin azaldılması və digər məsələlər barədə əsaslı inkişaf proqramı ortaya qoyulmuşdur.

2020-ci ilədək Azərbaycanda milli inkişaf strategiyasının istiqamətlərini müəy­yənləşdirən bu sənəddə təhsilə bilavasitə və birbaşa aidiyyəti olan hissələrdə elmi potensialın möhkəmləndiril­məsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, in­for­masiya və kommunikasiya texnologiyalarının inkişafı, informasiya cəmiyyəti­nə keçidin təmin edilməsi, insan kapitalının inkişafı və müasir təhsil sisteminin for­ma­laş­dırılması kimi prioritetlər irəli sürülmüş, konkret fəaliyyətlər müəyyən­ləşdiril­mişdir.

Nəticə

- sahibkarlığın dəstəklənməsi üzrə mövcud və yaradılacaq təsisatlar arasında ümumi məqsədin reallaşdırılması baxımından səmərəli əməkdaşlığın qurulması;

- sahibkarlıq subyektlərinin yaradılmış biznes mühitdən eyni dərəcədə fayda­lan­ma­sı imkanlarını təmin edəcək rəqabət mühitinin formalaşdırılması istiqamə­tin­də fəaliy­yətin gücləndirilməsi;

- iqtisadi tənzimləmə üsullarının tətbiqi sahəsində dövlət (büdcə gəlirlərinin formalaşması, iqtisadi təhlükəsizlik və s.), sahibkar (mənfəətin artırılması) maraq­la­rının cəmiyyət maraqları baxımından vahid müstəviyə gətirilməsini təmin edən taraz­lı vergi, gömrük, tarif siyasətinin həyata keçirilməsi;

- dövlət-sahibkar münasibətlərinin digər institusional rnexanizmlərinin təkmil­ləş­­dirilməsi;

- sahibkarların ixrac imkanlarının genişləndirilməsi üçün mütəmadi tədbirlərin davam etdirilməsi;

- kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, о cümlədən istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi və gücləndirilməsi üzrə səylərin dəstəklənməsi;

- ölkədə sahibkarlığın məsləhət, informasiya təminatı və kadr hazırlığı sistemi­nin təkmilləşdirililməsi, onun yeni informasiya texnologiyalarından istifadə edərək müasir dövrün tələbləri səviyyəsinə uyğunlaşdırılması.

Ədəbiyyat

 [1] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında Hesabat, Bakı-2014

[2] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında Hesabat, Bakı-2013

[3] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-cü ildə fəaliyyəti haqqında Hesabat, Bakı-2012

[4] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-cü ildə fəaliyyəti haqqında Hesabat, Bakı-2011

[5] Azərbaycan Dövlət İstatistika Komitəsi.Azərbaycanın Statistik Göstəriciləri. 2002-2014

[6] Azərbaycan Dövlət İstatistika Komitəsi, Azərbaycan Regionları. 2010-2014

[7] Шумпетер  И. Теория  экономического развития (исследования при­бы­ли, ка­пи­тала, кредита, процента и цикла конъюктуры) (пер. с нем). М. Прог­ресс1982, с. 455.

[8] Seref Gümüş. İnnovasionu oluşturan işletmelerin yaşam döngüleri. Hiperlink yayınları, 2014, (149 c.).

[9] AKYOS, M., DURGUT, M., GÖKER, A. (2003). Ulusal inovasyon sistemi (Kav­ramsal çerçeve, Türkiye incelemesi ve ülke örnekleri), İstanbul, TÜSİAD. S.23].

[10] http://www.economy.gov.az/index.php?lang=az

[11] ttp://www.economy.gov.az/index.php?option=com_content&view=article&id= 397&Itemid=134&lang=az

[12] http://www.economy.gov.az/index.php?option=com_content&view=article&id= 152&Itemid=146&lang=az

  

Təranə Nəcəfova,  

i.e.n., AMEA İqtisadiyyat İnstitutu

 “Azərbaycan Dövlət İqtisad Universitetinin elmi xəbərləri”, iyul-sentyabr 2016.