“Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə biznes mühitinin yaxşılaşdırılması”
- Oxunub 3812 dəfə
AMEA İqtisadiyyat İnstitutunun əməkdaşının Polşada nəşr olunmuş kitabdakı məqaləsi
Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540 və bərpasının 20 illiyinə həsr olunmuş III elmi konfransın materialları kitab şəklində Varşavada cap olunub (Varşava 2014, 268 səh.). Kitabda AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d. Təranə Nəcəfovanın “Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə biznes mühitinin yaxşılaşdırılması” adlı məqaləsi də yer alıb. Məqaləni oxucularımıza təqdim edirik.
***
Xülasə: Məqalədə milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılnıasının müasir vəziyyəti statistik göstəricilər əsasında təhlil edilmişdir. Eyni zamanda son illərdə bu istiqamətdə Azərbaycan hökuməti tərəfindən əldə edilən makroiqtisadi uğurlar, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əldə edilmiş nəticələr göstərilmişdir. Sonda müəllif sahibkarlığın inkişafı sahəsində həyata keçirilməsi zəruri olan təkliflər vermişdir.
Açar sözlər: iqtisadi inkişaf, milli iqtisadiyyat, sahibkarlığın inkişafı, biznes mühiti, rəqabət qabiliyyətlilik.
Məlum olduğu kimi, bir çox inkişaf etmiş ölkələrdə qlobal iqtisadi böhranın mənfi təsirlərinin aradan qaldırılmasının mümkün olmadığı bir zamanda, Azərbaycan iqtisadiyyatı mənfi xarici iqtisadi təsirlərə yüksək dayanıqlılıq nümayiş etdirmiş, son beş ildə makroiqtisadi sabitlik qorunmaqla iqtisadi artımın davamlılığı təyin edilmişdir. İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, özəl bölmənin fəaliyyəti üçün əlverişli imkan yaradılmış, azad rəqabət mühiti təmin edilmiş, daha əlverişli investisiya mühitinin yaradaılması istiqamətində tədbirlər davam etdirilmiş və əhalinin sosial rifahı daha da yaxşılaşmışdır.
1993-cü ildən etibarən Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında formalaşdırılan məqsədyönlü siyasətin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırılması, milli sahibkarlar təbəqəsinin formalaşdırılması istiqamətindəki ardıcıl, sistemli və yeni inkişaf mərhələsinə əsaslanan siyasəti ölkənin davamlı və tarazlı inkişafının təmin edilməsinə, həmçinin, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və sosial məsələlərin həll olunmasına xidmət edir. Azərbaycan Respublikasında sahibkarlığın inkişafı qarşıya qoyulmuş iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, dövlət tənzimlənməsi sisteminin, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, maarifləndirmə, işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilmişdir. Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratmışdır.
Ölkə iqtisadiyyatının inkişafı bir sıra beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda öz müsbət əksini tapmışdır. “Qlobal rəqabətlilik hesabatı”na əsasən 2012-ci ildə Azərbaycan MDB ölkələri arasında 1-ci yerdə olmuşdur. 2012-ci il hesabatında ölkəmiz 9 pillə irəliləyərək 144 ölkə arasında 46-cı yerə qalxmışdır. Hesabatda əks etdirilmiş bəzi göstəricilər üzrə isə xüsusi ilə yaxşı nəticələr əldə edilmişdir. Belə ki, “əmək bazarının səmərəliliyi” göstəricisi üzrə ölkəmiz dünya sıralamasında 26-cı, “makroiqtisadi sabitlik” göstəricisi üzrə isə 18-ci olmuşdur.
Son “Doing Business” hesabatında isə ölkəmiz 185 ölkə arasında 67-ci yerə çıxmışdır. Hesabatın aparıldığı 10 göstəricidən 4-ü üzrə Azərbaycan dünya ölkələrinin sıralamasında “ilk 25”-ə daxil olmuşdur. Belə ki, “mülkiyyətin qeydiyyatı” göstəricisi üzrə ölkəmiz dünyada 9-cu, “biznesə başlamaq” göstəricisi üzrə 18-ci, “investorların müdafiəsi” göstəricisi üzrə 25-ci, “müqavilələrin icrasının təmin edilməsi” göstəricisi üzrə isə 25-ci yerə layiq görülmüşdür. Bununla yanaşı Azərbaycan iqtisadiyyatının vəziyyəti beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, 2012-ci ilin aprel ayında “Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın uzunmüddətli kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə yüksəltmiş, reytinq üzrə proqnozu isə sabit kimi qiymətləndirilmişdir.
2012-ci ilin dekabr ayında “Standart & Poor’s” reytinq agentliyi Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren kredit reytinqini bir daha “BBB-“səviyyəsində təsdiq etmişdir. Eyni zamanda “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini "sabit" proqnozu ilə "BBB-" səviyyəsində saxlamışdır. Təsadüfi deyildir ki, öz inkişaf xüsusiyyətləri ilə seçilən son 9 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı real ifadədə 3 dəfə, o cümlədən sənaye məhsulunun ümumi həcmi 2.6 dəfə, kənd təsərrüfatı 1.4 dəfə, tikinti sektoru 3.8 dəfə, nəqliyyat sektoru 2.4 dəfə, rabitə və informasiya sektoru 7.4 dəfə, ticarət 2.9 dəfə artmışdır. 2004-2012-ci illər ərzində adambaşına ÜDM istehsalı üzrə 2.7 dəfə artım qeydə alınmışdır.
Bütün bu uğurlar Ümummilli Lider Heydər Əliyev tərəfindən uzunmüddətli dövr üçün müəyyən edilmiş sosial-iqtisadi inkişaf strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müasir tələblərə əsaslanmaqla və inamla davam etdirilməsi sayəsində mümkün olmuşdur.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş məqsədyönlü siyasət ölkədə sərbəst bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan milli iqtisadiyyatın formalaşmasına yol açmış, sosial-iqtisadi sabitliyi və dinamik inkişafı təmin etmişdir. Həyata keçirilən iqtisadi islahatlar ölkədə sahibkarlığın davamlı inkişafına əlverişli zəmin yaratmışdır. Belə ki, bu islahatlar nəticəsində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən, sahibkarlıq fəaliyyətinin, о cümlədən sahibkarlığın inkişafına dövlət himayəsinin gücləndirilməsi, sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması, dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi, lisenziya verilən fəaliyyət növlərinin sayının azaldılması və bu kimi digər vacib məsələrin tənzimləməsi ilə əlaqədar mütərəqqi hüquqi-normativ baza, institusional və iqtisadi mexanizmlər yaradılmış və onların mütəmadi olaraq konkret şəraitin tələbləri nəzərə alınmaqla təkmilləşdirilməsi, sahibkarlığın, xüsusi ilə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi üzrə kompleks siyasət tədbirlərinin, о cümlədən konkret dövrlər üçün qəbul edilən dövlət proqramlarının həyata keçirilməsi və işgüzar mühitin yaxşılaşdırılması istiqamətində məqsədyönlü, ardıcıl və sistemli iş təşkil olunmuşdur. Ölkədə həyata keçirilmiş genişmiqyaslı iqtisadi islahatlar nəticəsində Azərbaycan cəmiyyətində sahibkarlar təbəqəsi formalaşmış, ÜDM-də özəl bölmənin payı 83%-э çatmış, sahibkarlıq fəaliyyəti cəmiyyətin inkişafında əhəmiyyətli rol oynamağa başlamışdır.
Bütün bunlara baxmayaraq, ölkəmizdə sahibkarlığın inkişafı sahəsində, xüsüsilə də qeyri-neft sektorunda və regionlarda böyük potensial imkanlar vardır. Eyni zamanda, bu sahədəki inkişaf meyllərinin və beynəlxalq təcrübənin təhlili göstərir ki, ölkəmizdə sahibkarlığın inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin möhkəmlədirilməsi və artırılması üçün biznes mühitinin əlverişliliyinin artırılması və kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi siyasəti davam etdirilməlidir. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmiləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Bu sahədə həyata keçirilən dövlət siyasəti sahibkarlığa yaradılmış fəaliyyət mühitinin daha da yaxşılaşdırılmasına, dövlət himayəsinin təkmilləşdirilrnəsinə, dövlət-sahibkar münasibətlərinin yaxşılaşdırılması, bazar iqtisadiyyatının tələblərinə uyğun təsisatların yaradılmasına və onların səmərəli fəaliyyətinin təmin edilməsinə yönəldiləcəkdir.
Azәrbaycan Respublikasında әvvәlki illәrdә olduğu kimi, makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun vә regionların inkişafı sürәtlәnmiş, valyuta ehtiyatlarının sәmәrәli idarә edilmәsi vә milli valyutanın sabitliyi tәmin olunmuş, sahibkarlığa dövlәt dәstәyi güclәndirilmiş, biznes mühiti daha da yaxşılaşmışdır. Bütün bunlar әsası Ümummilli Liderimiz tәrәfindәn qoyulmuş vә hazırda Azәrbaycan Respublikasının Prezidenti cәnab İlham Әliyevin böyük inamla davam etdirdiyi uğurlu iqtisadi siyasәtin mәntiqi nәticәsidir. 2012-ci ildә ümumi daxili mәhsulun artımı 2,2%, onun adambaşına düşәn hәcmi 5884,5 manat (7490,5 ABŞ dolları) tәşkil etmiş, ÜDM-nin artımı qeyri-neft sektoru hesabına tәmin olunmuşdur. Ötәn il qeyri-neft sektoru üzrә artım 9,7% olmuş vә bu sahәnin ÜDM-dә payı artaraq 52,7%-ә çatmışdır. Orta illik inflyasiya 1,1%, ölkәnin strateji valyuta ehtiyatları 46 mlrd. ABŞ dolları tәşkil etmişdir.
Son illәr ölkәmizdәki davamlı inkişaf, iri regional vә beynәlxalq layihәlәrin hәyata keçirilmәsi, müxtәlif infrastruktur layihәlәrinin icrası Azәrbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün әlverişli şәrait yaratmış, ölkәmizi investorlar üçün daha cәlbedici etmişdir. 2012-ci ildә 13,3 milyard dolları daxili vә 8,8 milyard dolları xarici olmaqla ölkә iqtisadiyyatına 22,1 milyard ABŞ dolları hәcmindә investisiya yatırılmışdır. 2012-ci ildә isә әrzaq mәhsullarının istehsalı ilә bağlı 2300-ә yaxın sahib-kara 183.8 milyon manat dövlәtin güzәştli kreditlәri verilmiş vә bu kreditlәr hesabına 7700-dәk yeni iş yerlәrinin yaradılması tәmin olunmuşdur. 2012-ci ildә sәrhәd, cәbhә vә mәcburi köçkünlәrin sıx mәskunlaşdığı rayonlardan olan 1373 sahibkara 104 milyon manatdan çox güzәştli kredit verilmişdir. 2011-ci illә müqayisәdә sәrhәd vә cәbhә bölgәlәri üzrә maliyyәlәşdirilmiş layıhәlәrin sayı 65%, sahibkarlara verilmiş güzәştli kreditlәrin mәblәği 85.2% vә yeni yaradılan iş yerlәrinin sayı isә 85% artmışdır.
Müasir texologiyalara әsaslanan layihәlәrә verilmiş kreditlәrin mәblәği 2011-ci illә müqayisәdә 62% artmışdır. Dövlәtin güzәştli kreditlәri hesabına rәqabәtqabiliyyәtli vә ixrac yönümlü mәhsullar istehsal edәn kiçik vә orta hәcmli qeyri-neft sәnaye müәssisәlәrinin yaradılması respublikanın müxtәlif yeyinti vә digәr sәnaye mәhsullarına olan tәlәbatının yerli istehsal hesabına ödәnilmәsi ilә yanaşı, ölkәnin ixrac potensialının artırılmasında mühüm әhәmiyyәtә malikdir. Bundan әlavә, müasir texnologiyaların tәtbiqinә әsaslan investisiya layihәlәrinin reallaşdırılması regionların investisiya cәlbediciliyinin artırılmasına, digәr sahәlәrin inkişafının stimulaşdırılmasına, elәcә dә iqtisadiyyatın strukturunun dәyişilmәsinә şәrait yaradır.
Azərbaycan Respublikasında sahibkarlığın inkişafı qarşıya qoyulmuş iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, dövlət tənzimlənməsi sisteminin, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması kimi kompleks tədbirlər həyata keçirilmişdir. Həmçinin, sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilməkdədir. Sahibkarlığın inkişafına dövlət köməyi digər tədbirlərlə yanaşı, bu sektora əhalinin daha geniş kütləsinin, o cümlədən gənc sahibkarların, qadın sahibkarların cəlb edilməsini, insanların işgüzarlıq potensialının gerçəkləşməsinə əlverişli imkanların yaradılmasını nəzərdə tutur. Bununla yanaşı, sahibkarlığa dövlət maliyyə dəstəyi mexanizmi yaradılmış və bu mənbə hazırda kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsində mühüm rol oynayır.
Ötən illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, idxalda rüsumların 15%-lik maksimal həddi müəyyənləşdirilmiş, mənfəət vergisinin dərəcəsi 20%-ə endirilmiş, sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması prosedurları daha da sadələşdirilmiş, elektron qeydiyyat prosesinin həyata keçirilməsinə başlanmışdır. Qeyd etmək lazımdır ki, sahibkarlara göstərilən xidmətlər tamamən elektronlaşdırılmış, o cümlədən lisenziya və sertifikatların verilməsi və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların on-line rejimində elektron qaydada ödənilməsi təmin edilmişdir. Ötən ildən başlayaraq Vergilər Nazirliyi tərəfindən fərdi sahibkarlarla yanaşı, hüquqi şəxslərin də qeydiyyatı elektron qaydada həyata keçirilir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən fiziki şəxslərin gəlir vergisi üzrə vergi dərəcələri azaldılmış, sənaye və texnologiyalar parklarına vergi güzəştləri nəzərdə tutulmuşdur.
Ölkə iqtisadiyyatında və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyllər daha qabarıq şəkildə özünü göstərir. Ümumi Daxili Məhsulun həcmində özəl sektorun payı 2003-cü ildə 74% təşkil edirdisə, ötən illər ərzində həyata keçirilmiş tədbirlər nəticəsində 2012-ci ildə bu göstərici 83% təşkil etmişdir. Aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 70-99% arasında dəyişir. 2012-ci ildə özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,0%-ni təşkil etmişdir.
2012-ci ildə ölkədə hüquqi şəxslərin sayı artmaqda davam etmiş və 5417 vahid yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs qeydiyyata alınmış, onların sayı artaraq ümumilikdə 78966 vahidə çatmışdır. Yeni fəaliyyətə başlamış sahibkarlıq subyektləri iqtisadiyyatın bütün sahələrini əhatə edir. Ölkə ərazisində yeni müəssisələrin 60,0 faizi Bakıda, 12,7 faizi Aran, 7,2 faizi Abşeron və 5,7 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə fəaliyyətə başlamışlar. Müəssisələrin çox hissəsi topdan və pərakəndə satış; avtomobillərin, motosiklelərin təmiri; kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq; tikinti; emal sənayesi; peşə, elmi və texniki fəaliyyət sahələrində fəaliyyət göstərmişdir.
Son beş il ərzində fiziki şəxslərin sayı dinamik şəkildə artmaqda davam etmişdir. 2012-ci ildə 65799 vahid fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxs qeydiyyatdan keçmişdir. Ölkədə fəaliyyət göstərən fiziki şəxslərin ümumi sayı dinamik şəkildə artaraq 2013-cü ilin 1 yanvar tarixinə 432141 (ləğv edilənlər də nəzərə alınmaqla) vahid olmuşdur. Ötən il ərzində fiziki şəxslər Bakıda, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Abşeron və Lənkəran iqtisadi rayonlarında daha çox qeydiyyata alınmışdır. Beləliklə, ölkədə sahibkarlıq subyektlərinin bölgüsünə gəldikdə, onların 15,5 faizini hüquqi şəxslər, 84,5 faizini isə fiziki şəxslər təşkil etdiyi məlum olur. Deməli hökumətin müvafiq qurumları tərəfindən dövlət-sahibkar münasibətləri inkişaf etdirilməsi, sahibkarlığınmdövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
Rəqabət qabiliyyətli sənaye məhsulları istehsal edən 100-dən artıq müəssisəsini təmsil edən nümayəndələrin iştirakı ilə keçirilmiş görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi, sənaye məhsullarının yeni kataloqunun, spesifikasiyasının hazırlanması və həmin məhsulların ölkə daxilində istifadəsinin genişləndirilməsi sahəsində tədbirlərin təşkili məsələləri geniş müzakirə edilmişdir. Tədbirin davamı olaraq, sənayenin 10 sahəsi üzrə 97 müəssisənin fəaliyyətinə dair toplanmış məlumatlar əsasında “Azərbaycanda istehsal olunan sənaye məhsullarının” kataloqu və 75 müəssisənin istehsalı olan sənaye məhsullarının əhatəli spesifikasiyası hazırlanmışdır. 2011-ci il 8 oktyabr tarixində Sumqayıt Texnologiyalar Parkında ölkəmizdə rəqabət qabiliyyətli sənaye məhsulların istehsalçıları və potensial alıcılarının, o cümlədən dövlət satınalmalarını həyata keçirən dövlət təşkilatları nümayəndələrinin iştirakı ilə geniş tərkibli görüş keçirilmişdir. Görüşdə Azərbaycanda istehsal olunan sənaye məhsullarının kataloqunun və məhsulların elektron formatda hazırlanmış spesifikasiyasının təqdimatı keçirilmiş, həmin materiallar iştirakçılara paylanmış və müvafiq müzakirələr aparılmışdır.
Yuxarıda deyilənlərdən bu qənaətə gəlmək olar ki, sahibkarlığın inkişafı sahəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edirik:
- sahibkarlıq fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi işinin davam etdirilməsi, iqtisadiyyatın dövlət tənzimlənməsinin səmərəliliyinin artırılması;
- sahibkarlığın, xüsusilə regional sahibkarlığın maliyyə təminatının təkmilləşdirilməsi, bu istiqamətdə məqsədli dövlət maliyyələşməsi ilə yanaşı, alternativ maliyyə mənbələrinin daha da aktivləşdirilməsi üzrə zəruri mühitin yaradılması;
- kiçik və orta sahibkarların maliyyəyə çıxış imkanlarının daha da artırılması, kreditlərin sığortalanması mexanizminin formalaşdırılması üçün təkliflərin hazırlanması;
- start kapitalının formalaşması, kapital qoyuluşlarının maliyyələşməsi üçün uzunmüddətli kreditlərə çıxış imkanlarının genişləndirilməsi;
- öncül sahələrdə sahibkarlığın inkişafına yönəldilmiş təşkilati tədbirlərin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif istiqamətdə davamlı və sistemli xidmətlər göstərən təsisatların yaradılması;
- ölkənin ixrac potensialının səmərəli reallaşdırılması məqsədilə özəl sektorun ixrac qabiliyyətli sahələr üzrə məhsul istehsalı, onun dünya bazarlarına çatdırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi, milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi.
Ədəbiyyat
1. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, 2009.
2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfi. I. (2009-2012).
3. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfi. III. (2009-2012).
4. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfi. IV. (2009-2012).
5. Azərbaycanın statistik göstəriciləri 2011. Bakı. 2011.
6. Azərbaycanın demoqrafik göstəriciləri. Statistik məcmuə. Azəbaycan Res¬pub¬likası Dövlət Statistika Komitəsi. Bakı, 2011.
7. «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldıl-ma¬sı və davamlı inkişaf Dövlət Proqramı», Bakı, 2008.
8. Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatı (06.11.2009)
9. Avrasiya əməkdaşlıq Fondunun məlumatı (23.11.2009)
10. Абросимова Е. Юридическиe инициативы НПО России, Социоло-гический опрос. Москва, 2008.
11. Алешковкий И.А., Ионйев В.А. Тенденции междунородной миграции в глобализирующемся мире // Век глобализации. 2008, №2, с.77-87.
12. Elizabeth Warner, Public Financing Mechanisms and their implications for NGO Sustainability, NGO Sustainability Index, www.usaid.gov/locations/europe_eurasia/dem.../ngoindex/2008/article2.pdf (22.01.2010)
13. Eurostat Yearbook 2002.-Luxemburg,2002-P.186
14. Neighbourhood İnvestment Facility. Annual Report.
http://ec.europa.eu/europeaid/where/neighbourhood/regionalcooperation/irc/documents/nif_operational_annual_report_2008_en.pdf (22.01.2010).
15. www.azstat.gov.az .
16. www.azstat.org/statinfo/consumermarket/az/xar),
17. www.azertag.com/ [14 fevral 2010 02:25:16]
18. www.day.az /17.10.2010.