ELM XADİMİNİN ŞƏRƏFLİ ÖMÜR YOLU
- Oxunub 1539 dəfə
İnsan ömrünün səhifələrini vərəqləyərkən, onun həyat yolu nəzərində canlanır. Bu illərdə onun necə yaşadığı, yazıb-yaratdığı, xeyirxah əməlləri yaddaşlara həkk olur. Xeyirxahlar yalnız yaşadıb-yaradır və xeyriyyəçilik fəaliyyəti ilə digərlərinə sevinc bəxş edir. Belə insanlar digərlərinə örnək məktəbi olaraq həyatda silinməz bir iz qoyurlar. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyev də məhz belə insanlardan idi.
Bu gün fədakar alimin yaratdığı məktəbdə onun irsindən yararlanan yeni-yeni nəslin sayı durmadan artır. O, hər zaman öz nüfuzunu, böyüklüyünü qoruyub saxlayan bir alim idi. Bütövlükdə, öz amalı ilə qanunun aliliyini üstün tutaraq, elmi fəaliyyətində öhdəlikləri vaxtında və yüksək səviyyədə yerinə yetirən, səliqəli, nizam-intizama riayət edən bu şəxs həmişə digərlərinə örnək olmuşdur. Yetişdirdiyi hər bir kadra mütəmadi olaraq məsləhətlər verərək onları müasir elmi biliklər əsasında fəaliyyətlərini qurmağı tövsiyə edirdi.
Qədim Naxçıvan şəhərində anadan olan Aqil Əlirza oğlu Əliyev orta məktəbi bitirdikdən sonra Bakıya gəlmişdir. Belə ki, Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra 1953-cü ildən başlayaraq 2006-cı ilə qədər elmi və pedaqoji fəaliyyətinin əksər hissəsini Azərbaycan Tibb İnstitutunda davam etdirmiş, müəllim, professor və kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir.
90-cı illərin əvvəlləri Azərbaycana ağır və çətin günlər bəxş etdi. Bütün respublikada olduğu kimi, Tibb Universitetində də təqib və represiyalar gücləndi. Bütün şüurlu həyatını sərf etdiyi Azərbaycan Tibb Universitetində, kafedra müdiri vəzifəsindən çıxarıldı, kafedrası isə ləğv edildi. Öz doğma kollektivindən ayrı düşən alim bu illər ərzində işsiz qalıb, represiyanın qurbanı olmuşdur. Lakin bütün bu təqiblərə baxmayaraq Aqil Əliyev həyatın çətin anlarında da qürurlu, alnıaçıq, möhkəm iradə sahibi olmasını nümayiş etdirmişdir.
Tezliklə səriştəsiz idarəetmə və xaos dövrü, çətin günlər geridə qaldı və Azərbaycan öz uğurlu günlərini yaşamağa başladı.
Aqil Əliyev sonrakı illərdə (1992-1998-ci ilərdə) yenidən Tibb Universitetinin iqtisadi nəzəriyyə və tarix kafedrasında professor, bir müddətdən sonra isə kafedra müdiri vəzifəsində çalışmağa başlamışdır.
Professor daim öz elmi yaradıcılıq və pedaqoji fəaliyyətini genişləndirməyə, zənginləşdirməyə səy göstərən bir alim kimi diqqəti cəlb etmişdir. Bunun nəticəsidir ki, o, 1996-cı ildə Beynəlxalq Enerji-İnformasiya Elmlər Akademiyasının Azərbaycan bölməsinin həqiqi üzvü - akademik, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Aqil Əliyev fədakar əməyinə, elmi və pedaqoji fəaliyyətinə görə bir sıra nişan, medal və ordenlərlə: “Səhiyyə əlaçısı” döş nişanı, Vətən müharibəsinin “Fədakar əməyə görə”, “Böyük Vətən müharibəsinin qələbə çalmasının 30-cu ildönümü ilə əlaqədar”, “Sovet İttifaqı Marşalı Jukov” medalları, “Qırmızı Əmək Bayrağı” və “Şöhrət” ordenləri ilə təltif olunmuşdur.
50 ildən çox ömrünün ən faydalı illərini Tibb Universiteti ilə bağlayan bu insan bu təhsil ocağında Azərbaycanın həkimlər ordusunun yetişdirilməsində yaxından iştirak etmişdir. Belə ki, sağlam düşüncəyə, dövrün tələblərinə uyğun tibbi kadrların hazırlanmasında xidmətləri təqdirəlayiq olmuşdur. Nəcib, alicənab və xeyirxah insan kimi, o, bu təhsil ocağının professor-müəllim və tələbə heyətinin rəğbətini qazanmış və sevimlisinə çevrilmişdir.
Alimin 200-dən yuxarı elmi əsəri, o cümlədən 30-dan artıq monoqrafiya və dərslikləri işıq üzü görmüşdür. Qələminin məhsulu olan irihəcmli kitabları və monoqrafiyaları, elmi-tədqiqat işlərinin nəticələri elmə bir sıra yeniliklər gətirmişdi. Əsasən bu istehlak problemlərinin həllinə və aqrar münasibətlərinin tədqiqinə yönəldilən araşdırmalardır. O, şəxsi istehlak problemlərini tədqiq edərək göstərir ki, cəmiyyət inkişaf etdikdə onun strukturu və həcmi dəyişilir, istehsalın və şəxsi istehlakın inkişafı arasında qarşılıqlı əlaqə yaranır.
Aqil Əliyevin apardığı tədqiqat işləri çoxsahəli olsa da, onun elmi yaradıcılığında əsas yeri iqtisadi nəzəriyyənin bir sıra aktual problemləri, o cümlədən sosial-iqtisadi məsələlər, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ərzaq və təchizat problemləri, səhiyyənin iqtisadiyyatı və s. mühüm yer tutmuşdur. Belə ki, “Səhiyyənin iqtisadiyyatı” dərsliyində o, səhiyyə problemlərini araşdırır və konkret olaraq səhiyyənin inkişafı ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqənin olmasını əsaslandırır. Burada səhiyyənin planlaşdırma və maliyyə sistemində ciddi dəyişikliklərin aparılmasının zəruriyyəti qeyd olunur.
“Azərbaycanın sosial inkişafında islahatların rolu”, “Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri”, “Sosial sferanın iqtisadi və metodoloji əsasları” əsərlərində o, iqtisadi inkişaf və əhalinin gəlirləri arasında əlaqələri təhlil edərək elmi-praktiki əhəmiyyətə malik olan nəticələr əldə etmişdir ki, bunlar da müasir dövrdə sosial sahələrin inkişafı və istehlakın artırılması istiqamətində istifadə oluna bilər.
Aqil Əliyev elmi fəaliyyətini genişləndirərək bazar iqtisadiyyatının mürəkkəb problemlərinə həsr edilmiş əsərlər yazmışdır. “Naxçıvan Muxtar Respublikası: nailiyyətlər, problemlər” (1-ci və 2-ci hissə), “Azərbaycan gömrüyü iqtisadi inkişaf yollarında”, “Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləri” və s. kimi.
Onun apardığı tədqiqatlar respublikamızdan uzaqlarda, xüsusi olaraq İngiltərə, Almaniya və MDB məkanında tanınır və yüksək dəyərləndirilir. Belə ki, Çexiya, Slovakiya, Moskva, Sank-Peterburq alimləri öz əsərlərində məhz A.Əliyevə istinad edirlər. O, xarici ölkələrin və respublikanın bir çox elmi simpoziumlarında və elmi-nəzəri konfranslarında məruzələrlə çıxış etmişdir.
Aqil Əliyev yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da fəal iştirak edirdi. Onun rəhbərliyi altında 4 iqtisad elmləri doktoru və 6 elmlər namizədi hazırlanmışdır. Həmin kadrlar həmişə öz xeyirxah rəhbərlərinin qayğısını öz üzərində hiss edirdilər. Hazırda onların bir qismi iqtisadiyyatın müxtəlif sahələrində rəhbər və pedaqoji işdə çalışırlar.
Aqil Əliyevin yetirmələrinin sırasına daxil olmaq, xoşbəxtlikdən mənə də nəsib olmuşdur. Bu görkəmli və müdrik alimin rəhbərliyi altında doktorluq dissertasiya işini müdafiə etmək onun dəyərli elmi məsləhətlərini çalışdığım iqtisad elmi sahəsində istifadə etməkdə köməklik göstərirdi. Onun bir məsləhətini yada salmaq istərdim: “İşdə fəaliyyətinizi elə qurun ki, illər keçdikcə, heç kəs sizdə bir nöqsan tapa bilməsin”. Biz həmişə çalışırıq ki, onun bu müdrik məsləhətinə riayət edək. Bütün bunlar böyük alimin qanunun aliliyinin üstün tutmasından xəbər verir.
O, böyük iqtisadçı alim, savadlı pedaqoq olmaqla yanaşı, həm də gözəl və qayğıkeş insan idi. Belə ki, o, öz xeyriyyəçilik fəaliyyəti ilə çoxdandır tanınırdı. Təvazökar, mərhəmətli, sadə bir insan olaraq o, yaxşılıq etməkdən usanmırdı. İnsanlara əl uzatmaq, çətin məqamlarda onlara dayaq duraraq köməklik göstərmək, onun əsas həyat amallarından biri olmuşdur. Doğma vətəninə bütün varlığı ilə bağlı olan bu alimin özündə doğma vətəninin və xalqının dərdini daşımağa daim güc tapması onun böyük bir şəxsiyyət olduğunu sübut edir.
Elmin müxtəlif zirvələrinə yüksəlmiş onun yetişdirmələri özlərində məhz bu böyük və fədakar alimin danılmaz əməyini qeyd edərək, daim ona minnətdarlıq ifadə edirlər. Müdrik və görkəmli alimin keçdiyi həyat yolu yeni formalaşan gənc nəsil üçün örnək olmalı və onun qoyduğu məktəb yetişdirmələri sayəsində daim inkişaf etdirilməlidir. Belə ki, mən də Aqil Əliyevin şərəfli məktəbinin yetişdirməsi kimi, onun elmi irsini daim layiqincə təmsil edəcəyəm.
90 illik yubileyi yaxınlaşan AMEA-nın müxbir üzvü, professor Aqil Əlirza oğlu Əliyev bizim yaddaşımızda əbədi yaşayacaq və onun fədakar həyat yolu bizim üçün nümunədir.
Rəna SULTANOVA,
AMEA-nın İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin müdiri,
iqtisad elmləri doktoru, professor.
"Respublika" qəzeti, 03 mart 2017