Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

JAN BATİST SEY

  • Oxunub 2777 dəfə

(1767, Lion, Fransa - 1832, Paris, Fransa)

 Əsərləri: “Siyasi iqtisad traktatı və ya sərvətlərin yaranması, bölünməsi və istehlakı üsulunun sadə xülasəsi”(1803), “Siyasi iqtisadın katekizisi” (1817), “Siyasi iqtisadın tam kursu” (1828-1830).

İqtisad elminin görkəmli simalarından biri olan fransız iqtisadçısı Jan Batist Sey dəyər nəzəriyyəsi, istehsalın üç amili və reallaşdırma nəzəriyyəsi haqqındakı fikriləri ilə məşhurdur. Sey proteksionizmin əleyhinə olmuş, azad sahibkarlıq sistemini daimi və ideal saymış, iqtisadiyyata dövlət müdaxiləsinin minimuma endirilməsi uğrunda çıxış etmişdir.

Sey özünün reallaşdırma nəzəriyyəsinə əsasən iddia edirdi ki, istehsalçı ümid edir ki, onun məhsulları qiymətləndiriləcək və onları almaq üçün vəsaiti olan  insanlara satılacaq.  Bu vəsaitlər isə başqa dəyərlərdən, başqa məhsul və kapitallardan ibarətdir. Seyin ictimai məhsulun reallaşdırılması müddəası sonralar “bazarlar qanunu” və ya sadəcə “Sey qanunu” adını almışdı. Daxili və xarici ticarətdə “məhsullar məhsullar üçün ödənilir” deyimi bazarlar qanununun mahiyyətidir və burada ticarət mahiyyətcə barter mübadiləsindən ibarətdir. Onun fikrincə, əmtəələr bilavasitə insanların tələbatını ödəmək üçün istehsal olunur, bu mübadilədə pul passiv, vasitəçi rolunu oynayır, o, yalnız tədavül vasitəsidir. Bu qanuna görə, cəmiyyət tərəfindən iqtisadi liberalizmin bütün prinsiplərinə nail olunduqda və riayət edildikdə, istehsal uyğun istehlak doğuracaq, yəni əmtəə və xidmətlərin istehsalı hökmən bu əmtəə və xidmətlərin sərbəst reallaşdırılan gəlirlərini doğuracaq. Seyin qanununa görə, qiymətin səviyyəsindən asılı olmayaraq iqtisadiyyatda həmişə məcmu tələb məcmu təklifə bərabərdir. Bunun isə əsas şərti pula tələbin olmamasıdır.

Onun fikrincə, əmtəənin qiyməti onun dəyərinin ölçüsüdür, dəyəri isə onun faydalılığının ölçüsüdür. O, sərvətin istehsal sferasında yarandığını göstərmişdir. Sey cəmiyyətin sərvətinin mənbəyi olan üç istehsal amili (torpaq, əmək, kapital) nəzəriyyəsini işləmişdir. Həmin nəzəriyyəyə görə, əmək, torpaq və kapital (istehsal vasitələrinə bərabər tutulan) məhsulun (əmtəənin) dəyərinin yaradılmasının eynihüquqlu iştirakçılarıdır. Onlar birlikdə “istehsal fondu”nu yaradırlar.

Sey azad rəqabət şəraitində sahibkarların istehsal amilləri və cəmiyyətin siniflərini istismar etməsinin mümkünlüyü fikrini rədd edirdi. Sahibkarlarla fəhlələr arasında fərqi yalnız əmək haqqının ölçüsündə, səviyyəsinə görə sahibkarın daha çox əmək haqqı almasının əsasını onun yüksək ixtisaslı əməyi, sənaye qabiliyyətləri, istedadı, intizamı, rəhbərlik ruhunda görürdü.

Sey xərclər nəzəriyyəsinə əsaslanaraq, əmək haqqının yüksəldilməsinə qarşı çıxırdı. Onun fikrincə, əmək haqqının artımı dərhal əmtəə qiymətlərinin yüksəldilməsini doğurar ki, nəticədə hər şeydən əvvəl, fəhlələr zərər çəkərlər. Seyin “satış nəzəriyyəsi” ona əsaslanır ki, hər bir satıcı eyni zamanda alıcıdır və ona görə də, cəmiyyət miqyasında təklif və tələb bərabərləşir. İstehlakçılar çoxsaylı və onun tərkibinə hər növ istehsalçılar da daxil olduğuna görə Sey tərəfindən cəmiyyətin ən mühüm sinfi kimi xarakterizə olunurlar.

Sey bazarın dörd əsas qanununu irəli sürmüşdü: bazar nə qədər böyükdürsə, istehsal da bir o qədər genişdir və istehsalçı üçün daha sərfəlidir, çünki tələbin artması ilə qiymət də artır; hər istehsalçı digərinin uğurunda maraqlıdır, çünki bir sahənin uğuru, ümumi inkişafı stimullaşdırmaqla digərlərinin də uğuruna yardım edir; idxal mübadilənin inkişafına kömək edir, çünki yalnız yerli malların reallaşdırılmasından sonra xarici mallar alınır; cəmiyyətin heç bir şey istehsal etməyən təbəqəsi  iqtisadiyyatın sərvətini çoxaltmır, onu məhv edir.

J.B.Seyin nəzəriyyələri iqtisad elmi tarixində mühüm yer tutmuşdur.

P.S. Tacir ailəsində doğulan, yaxşı kommersiya təhsili alan, iqtisadi biliklərini müstəqil surətdə artırmağa olduqca böyük səy göstərən Jan Batist Sey gənclik illərində pambıq zavodunda, sığorta şirkətində işləyib, sonralar jurnal redaktoru kimi çalışıb.

Sey özünü Adam Smitin etibarlı şagirdi adlandırırdı. David Rikardo Seyə hörmət və rəğbətlə yanaşmış, özünün ölümünə qədər onunla intensiv surətdə məktublaşmışdır. O, hesab edirdi ki, Sey siyasi iqtisadın zənginləşməsində böyük rol oynamışdır. Sey həmçinin Tomas Maltusla da dostluq etmişdir.

Ömrünün son illərində şan-şöhrət əsirinə çevrilən və elmi tədqiqat işlərini dayandıran Sey davamlı olaraq köhnə ideyalarını təkrar edirmiş. Yazılarında qeyri-ciddiliyi və lovğalığı ilə fərqlənmiş, müzakirə və mübahisələrində aşağılayıcı üsullardan və kobud səs tonundan istifadə etmişdir. Bu xüsusiyyətlərinə görə də o, azsevilən olmuşdur.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva