CON BEYTS KLARK
- Oxunub 1491 dəfə
(1847, Providens, ABŞ – 1938, Nyu-York, ABŞ)
Əsərləri: “Sərvətin fəlsəfəsi” (1886), “Sərvətin bölgüsü” (1889), “Əmək haqqının elmi qanunun qurulmasının mümkünlüyü” (1899), “İnhisarlar problemi” (1901), “İqtisadi nəzəriyyənin mahiyyəti” (1907), “Sosializmsiz sosial ədalət” (1914)
Con Beyts Klark Amerika marjinalist məktəbinin banisi, məhsuldarlıq həddi nəzəriyyəsinin müəllifidir. O, istehsal amillərinin seçilməsinə uyğun olaraq faydalanma həddini müəyyən etmişdir.
Klark, ictimai gəlirin bölgüsünün ictimai qanunlarla tənzimləndiyindən hər bir sosial qrupun ədalətlilik prinsipinə görə pay almaq imkanına malik olması ideyasını irəli sürürdü. O, cəmiyyətin illik gəlirini əmək haqqının ümumi məbləği, faizin ümumi məbləği, məcmu mənfəət məbləği olmaqla üç hissəyə ayırır və bu gəlirlərin əməyi, kapitalı və istehsalı təşkil edənlərin sərəncamına keçdiyini göstərirdi. Klarka görə, mənfəət, gəlir növü kimi kapitalistə sahibkarın sərəncam və istifadəsinə vermiş olduğu maşın və avadanlıqlarına görə, sahibkara isə istehsal amillərinin birləşdirilməsi qabiliyyətinə, həmçinin istehsala yenilik gətirmək və təşkilatçılığına görə çatır.
Klark hər istehsal amilinə görə məhsuldan müvafiq pay əldə etmək meyarını faydalılığın azalmasında görür və hesab edirdi ki, istehsal amillərinin seçilməsi ilə həm məhsulların faydalılıq həddini, həm də son məhsuldarlıq həddini müəyyən etmək olar. Hər bir sahibkar elə tətbiq olunacaq amillər qrupunu tapmağa çalışır ki, onların vasitəsi ilə minimum xərclə maksimum gəlir əldə edə bilsin.
“Klark qanunu” adlanan məhsuldarlıq həddi qanununa görə, əmtəənin faydalılığı tərkib elementlərinə bölünür, əmtəənin qiyməti (dəyəri) onun bütün elementlərinin həddi faydalılığının məbləği ilə müəyyən olunur. Əmtəəyə qiyməti istehlakçılar qrupu verir. İstehlakçı öz pulunu ilk əvvəl ən faydalı, daha sonra az faydalı nemətə xərcləyir.
Klarkın konsepsiyasına görə, əmək haqqının bazar səviyyəsi “təbii qanun”la müəyyən edilir və əmək haqqı sonuncu əməyin artımının məhsulu ilə, faiz və mənfəət isə kapitalın sonuncu artımının məhsulu ilə müəyyən olunur. Azalan məhsuldarlıq qanununa əsasən, kapital sabit qaldığı halda hər əlavə işçi əvvəlki işçiyə nəzərən daha az məhsul istehsal edir. Son işçinin əməyinin məhsuldarlığı əməyin məhsuldarlıq həddi adlanır. İqtisadçının ideyasına görə, əmək haqqının səviyyəsini rəqabət bərabərləşdirir. O, əmək haqqının aşağı səviyyəyə düşməsi və işsizlərin yaranması səbəbini əhalinin sürətli artımında görürdü. Klarkın məntiqi ilə, pis istehsal şəraitində işləyən və yalnız öz istehsal xərclərini ödəyən fəhlələr ən məhsuldar fəhlələrdir.
Onun statika və dinamika haqqında təliminə əsasən, dinamika statik vəziyyətin davamıdır. Statik vəziyyətdə müvazinətli və iqtisadiyyatın sabit prosesi əks olunur. İqtisadiyyatı qeyri-sabit vəziyyətə gətirən dinamik şəraiti formalaşdıran beş amil qrupuna aşağıdakılar daxildir: əhalinin artımı, kapitalın artımı, istehsal metodlarının yaxşılaşdırılması, sənaye müəssisələrinin formalarının dəyişilməsi, daha məhsuldar müəssisələrin köhnə və az məhsuldarlı müəssisələrə nisbətən yaşaması. Bu amillərin hər biri cəmiyyətin dinamik inkişafının əsas səbəbi olmaqla, onun statik vəziyyətindən çıxmasının başlıca istiqaməti kimi qiymətləndirilir.
Kapitalist iqtisadiyyatının qanunlarını təbii hesab edən və onların daim mövcud olacağını deyən Klark bütün gücünü kapitalizmdə istismarın olmadığı və gəlirlərin ədalətli olduğu fikrini sübut etməyə sərf etmişdir. O, istehsalın dörd amilini göstərmişdir: 1) pul formasında kapital; 2) kapital nemətləri (istehsal vasitələri və torpaq); 3) sahibkarın fəaliyyəti; 4) fəhlələrin əməyi. İstehsalın hər bir amili gəlir yaradır, belə ki, kapital bankirə faiz gətirir, kapital nemətləri rentanı yaradır, sahibkarın fəaliyyəti ona mənfəət gətirir, əmək isə fəhləyə əmək haqqını təmin edir. Klark kapitalı iki amil kimi (pul kapitalı və kapital nemətləri) nəzərdən keçirirdi.
Klarka görə, sərvətin artımı işlədilən əməyin və kapitalın kəmiyyətindən asılıdır. Kapital sərvətin həqiqi forması olmaqla daim hərəkətdə olan və gəlir gətirən bir ehtiyatdır. Klark iqtisadiyyatın inhisarlaşmasını tənqid etmiş və onları soyğunçuluq və tərəqqinin qarşısını almaqda ittiham etmişdir. Klarkın iqtisadi fikirləri XIX əsrin sonu XX əsrin əvvəllərində neoklassik nəzəriyyələrin inkişafına böyük təsir göstərmişdir.
P.S. Hələ məktəbdə oxuyarkən valideynlərinə kömək məqsədilə Klark bəzən atasının biznesini idarə etmək üçün torpaq şumlamış, fermada məşğul olmuşdur. Maliyyə çətinlikləri səbəbindən kollecdə təhsilini dəfələrlə yarımçıq qoymuş və yalnız 25 yaşında oranı bitirmişdir. Bu təcrübə onu rəqabətli kapitalizmin sərt təbiəti haqqında düşünməyə vadar etmişdir.
Uzun müddət Kolumbiya Universitetində dərs deyən iqtisadçının məşhur iqtisadçı tələbələrindən biri Trosteyn Veblen idi.
Klark 1893-1895-ci illərdə Amerika İqtisadiyyat Assosiasiyasının prezidenti olmuşdur.
Müasirlərinin yekdilliklə dediyinə görə, Klark asanlıqla ətrafdakıların rəğbətini qazanırdı. O, nadir hallarda mübahisələrə qoşulurdu, iştirak etdiyi debatlar isə (məsələn, Bem-Baverklə) rəqibinə qarşı hörmətlə müşayiət olunurdu.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva