PYER LEPEZAN BUAGİLBER
- Oxunub 1479 dəfə
(1646, Ruan, Fransa- 1714,Ruan, Fransa)
Əsərləri: “XIV Lüdovikin krallığı dövründə Fransa haqqında təfsilat” (1696), “Fransanın günahlandırılması” (1707), “Fransanın pərakəndə ticarəti” (1909), “Sərvətin, pulun və verginin təbiəti haqqında”
Fransada klassik iqtisad elminin yaradıcısı, məşhur iqtisadçı Pyer Buagilber olmuşdur. Buagilberin baxışlarına yaşadığı dövrdə Fransada yaşanan iqtisadi və sosial bərabərsizliklər güclü təsir etmişdir. O, yoxsul kəndlilərin mənafeyini müdafiə etmişdir. Öz baxışlarını kəndə yönəltmiş və kənd təsərrüfatının inkişafına sənayeyə və ticarətə nisbətən üstünlük vermiş, iqtisadi inkişafın və sərvətin artımının əsasını onda görmüşdür.
Buagilber iqtisadiyyatın yüksəlişinin, ölkənin və xalqın rifah halının yüksəldilməsinin yolunu iqtisadi islahatların aparılmasında görürdü. Onun baxışları merkantilistlərin fikriləri ilə ziddiyyət təşkil etmişdir. O, Fransada merkantilizmi ilk tənqid edən şəxs olmuşdur. Onları pula, ticarətə önəm verdiklərinə və sərvəti pul ilə eyniləşdirdiklərinə görə kəskin tənqid etmişdir.
Məhz Buagilberin baxışları klassik iqtisad elminin xüsusi məktəbi olan “fiziokratlar” məktəbinin formalaşmasında nəzəri-metodoloji əsas olmuşdur. O, sonralar fiziokratların fikirlərində mərkəzi yeri tutan torpağın sərvətin əsas mənbəyi olması ideyasını qəbul etmişdir.
İqtisadçı iqtisadi qanunauyğunluqları tədavüldə deyil, istehsalda (kənd təsərrüfatında) axtarmışdır. O, iqtisadi azadlıq tərəfdarı olmuş və dövlətin iqtisadiyyata ağılsız müdaxilə etməsinə qarşı çıxmışdır. Bununla da liberalizm prinsipinin müdafiəçisi olmuşdur. O, hesab edirdi ki, dövlət yox, təbiət təsərrüfatın inkişafını tənzimləyən yüksək və yaxşı hakimiyyətdir. Buagilber fəaliyyət göstərməyi yalnız təbiətin sərəncamına verməyi lazım bilirdi.
Buagilber sərvəti pulda deyil, istehlak predmetlərində görmüş, sərvətin yalnız əşya məzmununa diqqət yetirmiş və onu istehlak dəyərlərinin kütləsi kimi şərh etmişdir. Onun fikrincə, istehlak malları qızıl və gümüşdən, yəni puldan daha əhəmiyyətlidir.
Milli gəliri istehlak xərcləri ilə eyniləşdirirdi. O, bir milli iqtisadiyyatda kənd təsərrüfatı istehsalı ən yüksək səviyyəsinə çatdığı zaman iqtisadi inkişafın dayanacağını və bir “tarazlıq” halına çatacağını söyləmişdir.
Buagilber pulun insanlar üzərində hakimiyyətinə qarşı mübarizə aparmış və bütün ictimai ədalətsizliklərin səbəbini pulda görmüşdür. O, hesab edirdi ki, pul təbii ədaləti və əmtəə mübadiləsinin ekvivalentliyini pozur. İqtisadçı pulu nemət saymamış və onun kəmiyyətinin ölkədə bolluq yaratmadığını demişdir. O, pulun yalnız mübadilə vasitəsi funksiyasını yerinə yetirdiyini qeyd etmiş və hesab etmişdir ki, mübadilə funksiyasını istənilən əmtəə yerinə yetirə bilər. Onun tələbi əmtəə istehsalını saxlayıb pulu rədd etmək olmuşdur.
Buagilber Fransada əmək-dəyər nəzəriyyəsinin banisi olmuşdur. Bazar qiymətlərinin arxasında axtardığı “həqiqi qiymətin” kəmiyyətinin əmək məsrəfləri ilə müəyyən olunduğu fikrini irəli sürmüşdür. O, azad rəqabətin əsasında yaranan “həqiqi qiyməti” iqtisadi müvazinətin və inkişafın ən zəruri şərti hesab etmişdir. Kənd təsərrüfatı məhsullarının qiymətinin tələb və təklif əsasında formalaşmasını məqsədəuyğun saymışdır. Buagilberin irəli sürdüyü optimal qiymət orta hesabla hər bir sahədə istehsal xərclərini ödəyən və müəyyən mənfəəti təmin edən qiymətlərdir.
Dərin və orijinal fikirləri ilə seçilən Buagilber iqtisadi fikir tarixində özünəməxsus yer tutur.
P.S. Mülkədar ailəsində dünyaya gələn Pyer Buagilber yaxşı təhsil almış, hüquq təhsilinə malik olmuş, sonralar ədəbiyyatla maraqlanmış və qədim dillərdən tərcümələr etmişdir. Müəyyən səbəblərə görə atası ilə küsülü olmuş və kiçik qardaşının xeyrinə mirasdan məhrum edilmişdir. O, ömrünün sonuna qədər Ruan şəhərində ali məhkəmənin sədri olmaqla nüfuzlu vəzifəyə yiyələnmişdi.
Buagilber özünü “kənd təsərrüftanın vəkili” adlandırırdı.Yoxsul kəndlilərin mənafeyini müdafiə etdiyi üçün Karl Marks yazmışdır ki, “Buagilber ... ağıl və cəsarətlə məzlum siniflərə tərəfdar çıxır”.
Əzmkarlıq və inadkarlıq kimi xüsusiyyətləri ilə seçilən Buagilber haqda deyilənlərə görə, o, daim münaqişələr yaradır, mübahisələrə daxil olur, hər yerdə narahat, barışmaz xarakterini göstərirmiş.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva