NASSAU UİLYAM SENİOR
- Oxunub 1079 dəfə
(1790, Kompton, İngiltərə - 1864, Kensinqton, İngiltərə)
Əsərləri: “Siyasi iqtisadın əsas prinsipləri” (1836), “Fabrik qanunvericiliyi haqqında məktəblər” (1837), “Siyasi iqtisad” (1850)
Məşhur ingilis iqtisadçısı Nassau Uilyam Senior XIX əsr klassik siyasi iqtisadın görkəmli nümayəndələrindən biridir. Seniorun bəzi iqtisadi proseslərin təhlilinə özünəməxsus yanaşması olmuşdur. İqtisadçı siyasi iqtisadın predmetini sərvətin istehsalı və bölgüsünü öyrənən elm kimi məhdudlaşdırırdı. İlk dəfə kapital-mülkiyyət və kapitalın funksiyası arasında fərqləndirmə aparmış, gəlirin iki növü olduğunu göstərmişdir: sahibkar gəliri və kapitala ödəniş kimi faiz.
Senior öz iqtisadi baxışlarında dəyəri istehsal xərcləri ilə eyniləşdirmiş və onun iki elementlə - əmək və kapitalla müəyyən edildiyini göstərmişdir. O, dəyər ünsürlərinin (əmək və kapitalın) və onların gəlirlərinin psixoloji izahını vermişdir. Seniora görə, dəyər, tələb və təklif arasındakı əlaqələrlə yanaşı, yalnız kapitalist tərəfindən çəkilmiş istehsal xərcləri ilə deyil, həmçinin malların satışı zamanı tələb olunacaq xərclərlə müəyyən edilir. Bu iki qiymətləndirmələr (satıcı və alıcı tərəfindən) bazar qiymətinin dəyişməsinin yuxarı və aşağı limitlərini müəyyən edir. O, resursların qıtlığı probleminə diqqət çəkərək dəyəri faydalılıq və təklifin həcminin təhlili əsasında müəyyən edirdi. Onun fikrincə, yalnız məhdud sayda olan faydalı şeylər mübadilə edilə bilər. Əmtəənin qıtlıq və faydalılığı onun qiymətinə birbaşa təsir edir.
Senior imtina nəzəriyyəsini yaratmışdır. O, bu nəzəriyyədə xüsusi diqqəti istehsal fəaliyyətinə yönəltmirdi. Senior imtinanı insan davranışı kimi başa düşürdü. İqtisadçı əmək haqqını və mənfəəti fəhlənin və kapitalistin subyektiv qurbanları kimi izah edirdi. Onun imtina nəzəriyyəsinə görə, əmək haqqı fəhlənin öz istirahət və rahatlığından “imtina” edib işlədiyinə görə onun mükafatıdır – haqqıdır, mənfəət isə kapitalist öz kapitalını istehsal vasitələrinə çevirərək, onu istehlaka sərf etməkdən “imtina” etdiyinə görə onun mükafatıdır. Bununla da Senior mənfəətin kapitalistin imtinası ilə yaradıldığını göstərir. Bundan başqa, o, sahibkar gəlirinə istehsalı idarə etdiyinə görə kapitalistin “əmək haqqı”sı kimi baxır. Senior tərəfindən gəlirlərin bu cür şərhi kapitalizmdə siniflər arasındakı antoqonist ziddiyyəti aradan qaldırmış olur. Seniorun təlimində “imtina” özlüyündə sərvət yaratmır, amma mükafat almağı mümkün edir. Onun variantına görə, imtina xalis yığım sıfıra bərabər olan stasionar iqtisadiyyatda yox olur.
Kapitalistin öz kapitalını istehlaka xərcləməkdən imtina etməsinə görə mükafatlandırılmasının səbəbini Senior məhz təsərrüfatçılıq edən subyektlərin psixologiyasında axtarmışdır. Onun fikrincə, hamı sonra yox, indi istehlak etməyi üstün tutur. İnsanlar bunu qismən gələcəyə ümid etməyib, ölə bilməsi məntiqilə, qismən də gələcək istehlakın nədən ibarət olmasını dumanlı dərk etdiyindən qiymətləndirməyi bacarmadıqlarından edirlər. Onun bu nəzəriyyəsindən sonralar çox iqtisadçılar tərəfindən istifadə olunmuşdur.
XIX əsrin 30-cu illərində Böyük Britaniyada 10 saatlıq iş günü uğrunda güclü mübarizə getdiyi vaxtda Senior 11,5 saatlıq iş günü ərzində (iş gününün uzunluğu bu qədərdir) birinci 10,5 saat avans edilmiş kapitalın dəyəri ödənilən, son saatda isə mənfəət yaradılan nəzəriyyə irəli sürmüşdür. O, iş gününün qısaldılması əleyhinə çıxaraq qeyd edirdi ki, iş gününün 10 saata qədər qısaldılması mənfəətin yox olmasına səbəb olar, bu isə İngiltərənin iqtisadi vəziyyətinə mənfi təsir göstərər, belə ki, sahibkarlarda təsərrüfat fəaliyyəti stimulları itərdi. Sonralar Senior başa düşdü ki, əmək haqqı və mənfəət arasında nisbət nəinki
iş saatlarının azaldılması, həmçinin əmək məhsuldarlığının artımı vasitəsilə dəyişə bilər.
Klassik ənənəyə sadiq qalaraq, Senior iqtisadi liberalizm və azad xarici ticarətin tərəfdarı idi, azad rəqabətin yüksək səmərəliliyi təmin etməsi fikrini irəli sürürdü. Pula xüsusi əmtəə kimi baxan iqtisadçı, onu mübadilənin universal vasitəsi hesab edirdi. Nassau Senior iqtisad elmi tarixinə klassik siyasi iqtisadı zənginləşdirən bir neçə orijinal ideyaların müəllifi kimi daxil olmuşdur.
P.S. Kənd kahininin ailəsində doğulan və böyük oğul olanNassauSenior hüquqşünas olmuşdur. Lakin səhhəti ilə əlaqədar vəkil karyerasını tərk etmək məcburiyyətində qalmışdır. İqtisad elminə maraq göstərən Senior bu istiqamətdə məhsuldar fəaliyyət göstərmişdir. O, öz dövrünün bir çox görkəmli şəxsləri ilə əlaqə saxlamışdır.
Karl Marks “Kapital”ın birinci cildində onun iş günü ilə bağlı ideyasını istehza ilə onun “sonuncu saatı” kimi xarakterizə etmişdir. Yozef Şumpeter də onun iqtisadçılar arasında kifayət qədər dəyərləndirilməməsinin səbəbini “sonuncu saat” nəzəriyyəsi ilə bağlayırdı. Bu nəzəriyyə o qədər cəfəngiyyat idi ki, sonralar müəllif özü də müasirlərinin tənqidlərini qəbul edərək ondan imtina etmişdi. Alfred Marşall sonradan Seniorun istifadə etdiyi “imtina” sözünü “gözləmə”sözü ilə əvəz etmiş və bu əsasdan da faiz nəzəriyyəsini yaratmışdır.
Tomas Maltusun ilk tənqidçilərindən olan Senior onun əhali nəzəriyyəsinə qarşı çıxmışdır. O, yüksələn həyat səviyyəsini Maltusun pessimist nəzəriyyəsinə qarşı güclü dəlil kimi göstərmişdir. Həyatının son illərində Nassau dünyanın bir çox yerlərini səyahət etmişdir. Onu ilk növbədə müxtəlif ölkələrdə yerli siyasi və ictimai həyatın xüsusiyyətləri maraqlandırmışdır.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva