CON RAMSEY MAK–KULLOX
- Oxunub 1237 dəfə
(1789, Uitorn, Şotlandiya – 1864, London, Böyük Britaniya)
Əsərləri: “Siyasi iqtisadın inkişafı haqqında mülahizələr” (1924),“Siyasi iqtisadın əsasları” (1825), “Ticarətin prinsipləri, təcrübələri və tarixi” (1831), “Ticarət və ticarət naviqasiyasının lüğəti” (1832), “Britaniya imperiyasının statistik tədqiqatı” (1837), “Siyasi iqtisadın ədəbiyyatı” (1845), “Metal və kağız pullar və banklar haqqında traktat” (1858)
Məşhur şotland iqtisadçısı Con Ramsey Mak-Kullox iqtisadi siyasət sahəsində burjua liberalizminin tipik nümayəndəsi olmuşdur. David Rikardonun davamçısı kimi tanınan iqtisadçı onun nəzəriyyəsinin inkişafı və müdafiəsi adı ilə çıxış edərək, onun əmək-dəyər nəzəriyyəsinin əsaslarını məhv edərək bayağılaşdırmışdır. Mak-Kullox kapitalist münasibətlərini sadə əmtəə təsərrüfatı münasibətləri ilə eyniləşdirmiş, birincinin xüsusiyyətlərini nəzərə almamışdır. O, işçi və kapitalistlərə ekvivalent mübadilədə iştirak edən əmtəə sahibləri kimi baxırdı ki, bununla da kapitalist istismarı faktını inkar etmiş olurdu.
İqtisadçı əməyi dəyər mənbəyi hesab edərək, əməyin özünün tamamilə sərbəst şərhini vermişdir. O, əməyin insanlar, maşınlar, heyvanlar və ya təbiətin qüvvələri tərəfindən yerinə yetirilməsindən asılı olmayaraq, onu hərəkətlər və əməliyyatlar növü kimi müəyyən edirdi. Mak-Kulloxun fikrincə, dəyəri yalnız insanlar deyil, həm də heyvanlar, maşınlar, bioloji proseslər və təbiətin başqa qüvvələri işləyir və yaradır. O, dəyər yaratmaq xüsusiyyətini bütün əmtəələrə aid edirdi. Bununla da əmək-dəyər nəzəriyyəsini inkar etmiş olurdu.
Mənfəət onun şərhində yığılmış əmək, yəni kapital tərəfindən yaradılan dəyərin bir hissəsi idi. Mənfəəti dövriyyə sahəsində dəyər qanununun pozulması kimi izah edirdi. O, iqtisadiyyata iri bir şirkət kimi baxılan “iş fondu nəzəriyyəsini” yaratmışdır. Burada işçilərə böyük bir fonddan ödənməli olan pul onlar arasında bölüşdürülməlidir. Bu halda işçilərin sayının artması əmək haqqının azalmasına səbəb olacaqdır.
Mak-Kullox cəmiyyətin iqtisadi həyatının bu və ya digər xalqın milli xüsusiyyətlərindən asılı olmayaraq ümumi xarakterə malik olan iqtisadi qanunlarla tənzimləndiyini qeyd edirdi. Onun fikrincə, şəxsi mülkiyyət hüququ və sənaye azadlığına əsaslanan müasir cəmiyyətdə ayrı-ayrı siniflərin maraqlarının tam harmoniyası mövcuddur. İqtisadi siyasətin yeganə düzgün başlanğıcı şəxsi maraqlarının arxasınca düşən fərdlərin tam azadlığının təmin edilməsidir.
P.S. Filosof, iqtisadçı, kitab naşiri və mükəmməl redaktor kimi tanınan Mak-Kulloxkiçik torpaq mülkiyyətçisinin oğlu olmuşdur. O, əvvəlcə hüquq, daha sonra jurnalistika və iqtisadiyyat üzrə təhsil almışdır. London universitet kollecində siyasi iqtisad üzrə ilk professor olmuşdur. Mak-Kullox heç vaxt şotland ləhcəsindən qurtula bilməmişdir. O, optimistik və həm də mühafizəkar baxışları ilə seçilirdi. Mak-Kulloxun statistik işləri böyük üstünlükləri ilə fərqlənir.
O, David Rikardonun tərəfdarı, dostu olmuş və onun əsərlərini populyarlaşdırmışdır. 1817-ci ildə Rikardonun “Siyasi iqtisadın və vergiqoymanın əsasları” əsəri meydana çıxan zaman Mak-Kullox Edinburqda baxılması üçün kitabın xülasəsini yazmış və bu, Rikardo tərəfindən böyük rəğbətlə qarşılanmışdır. 1823-cü ildə Rikardonun ölümündən sonra dostları və tərəfdarları onun haqda memorial mühazirələrin oxunması üçün Mak-Kulloxu seçmişdilər. O, həmçinin Tomas Maltus və Con Stüart Milli yaxından tanımış, əhali problemi, icarə haqqı kimi məsələlər barədə onların fikirlərini bölüşmüşdür.
Karl Marks Mak-Kulloxu vulqar iqtisadçı hesab edirdi və onun baxışlarını rikardoçuluğun əsas metodoloji əsası olan - əmək-dəyər nəzəriyyəsinin məhvi kimi qiymətləndirirdi. Yozef Şumpeter isə Rikardonun təliminin onun əlində solduğunu və ölü və səmərəsiz bir şeyə çevrildiyini iddia edirdi. Mak-Kulloxun nəzəri fikirlərini Bem-Baverk də kəskin tənqid etmişdir. Mak-Kulloxun “iş fondunun nəzəriyyəsi” də tənqidlərə məruz qalmışdır. Onun bu nəzəriyyəsi Maltusun ailənin ölçüsünün məhdudlaşdırılması ilə bağlı “əmək haqqının dəmir qanunu” ilə eynidir.
O, indi demək olar ki, unudulmuş iqtisadçılardandır.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva