Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

PLATONun iqtisadi fikirləri

  • Oxunub 3590 dəfə

(e.ə. 427, Afina, Yunanıstan – e.ə. 347, Afina, Yunanıstan)

 Əsərləri: “Dövlət”, “Qanunlar”, “Siyasətçi” 

Qədim Yunanıstanda iqtisadi fikir tarixinin tanınmış simalarından biri Platon olmuşdur. Görkəmli filosof iqtisadi pro­seslərə olan münasibətini, iqtisadi fikirdə olduqca dəyərli görü­şlərini “Dövlət” və “Qanunlar” əsərlərində şərh etmişdir.

Platon yaşadığı zəmanəsinə xas olan ictimai, iqtisadi, sosial-siyasi, mənəvi-hüquqi məsələlərin, xüsusən də kübarlarla demokratlar, varlılarla kasıblar, qullarla quldarlar arasında gedən sinfi mübarizənin həll olun­masına çalışmışdır.

Platonun kon­sepsiyasında qeyd edilir ki, yeni və ya ideal dövlət yaradılması üçün varlıların və kasıbların maddi mənafe­lərinə uyğun gələn vahid dövlət olmalıdır, əks təqdirdə o hər vaxt parçalanmaya məruz qalacaq. Dövlətin varlılarla kasıbların mənafeyini birləşdirmə­məsi səbəbindən o, iki yerə bölünür. Nəticədə belə şəraitdə varlanmağa cəhd edən, hərislik göstərən dövlətlilər fəaliyyətsizləşir, kasıbların təsərrüfatının aparılmasını məhdudlaşdıran imkansızlara çevri­lirlər. O, göstərirdi ki, hakim siniflə azad əhali arasındakı qeyri-bərabər əmlak artımını dayandırmaq la­zımdır.

Platon yazırdı ki, dövlət torpaq paylarını bölür, kollektiv istehlakı təmin etməklə, natural təsərrüfatın inkişafını tənzimləyir. Şəhərlərin salınması zamanı əhalinin əmlaka görə yerləşdirilməsi qaydalarını göstə­rən mütəfəkkir qeyd edirdi ki, əmlakın azalıb-çoxalması ilə əlaqədar bir sinif digər sinfə keçirilməlidir. Əmlakın çoxalması zamanı dövlət nəzarətinin güclən­dirilməsini vacib sayırdı. Əgər əmlak mövcud payın dəyərindən 4 dəfə çox olarsa, onda əlavə əmlak dövlətə və ya hökmdara verilməlidir. Belə şəraitdə nə varlı, nə kasıb olacaq, nə də vətəndaşlar arasında ciddi narazılıqlar baş verəcək. O, cəmiyyət üzvlərinin bərabərliyini təmin etməyi və vətən­daşların dövlətə tabe olma ruhunda tərbiyə olunmasını tövsiyə edirdi. Bununla yanaşı xüsusi mülkiyyəti toxunulmaz elan edirdi.

Platonun fikrincə, hər kəs təbii qabiliyyətinə uyğun gələn payı almalıdır. O, göstərirdi ki, hərə bir işlə məşğul olsa və müəyyən bir işə uyğunlaşsa, bu, çox asan məhsul istehsal etməyə səbəb olar. Platon hesab edirdi ki, dövlət üç təbəqədən: hökmdar və filosoflar, hərbçilər və əkinçilər, sənət­kar və tacirlərdən ibarət olmalıdır. Hər təbəqənin mənəvi təbiəti müxtəlif olduğundan onlar dövlət işlərində də müxtəlif işləri yerinə yeti­rməlidirlər. Belə ki, filo­sof və hərbçilər yalnız dövlət idarəçiliyi işi ilə məşğul olmalı və məhsuldar əməkdən azad edilməli, bu işə yalnız qullar, sənətkarlar və kəndlilər cəlb olunmalıdır.

Əmək bölgüsünə, xüsusən ixtisaslaşmaya böyük əhəmiyyət verən Platon göstərirdi ki, cəmiyyətdə müxtəlif kə­miyyətli tələbatlar fəaliyyət göstərdiyindən, hətta bir adamın tələbatının ödənilməsi üçün çoxnövlü əmək tətbiq etmək la­zımdır. Beləliklə, o, belə qənaətə gəlirdi ki, əmək bölgüsü cə­miyyətdə adamların biri-biri ilə əlaqəyə girməsinə səbəb olur. Belə əlaqə şəraitində müxtəlif tələbatlarla ayrıca bir adamın məhdud qabiliyyəti arasındakı ziddiyyət həll edilir.

Platon ticarətin xüsusi rolunu şəhərlər da­xilində və şəhərlər arasında əmək bölgüsünə xidmət etməsində görürdü. Zəruri olmayan malla­rın ixracını, dövlətə lazım olan malların idxalını, bunun üçün rüsumların olmamasını vacib sayırdı. Bir gündə bir məhsula iki qiymətin qoyulmasını qa­dağan edirdi. Platon faizlə borc verilməsinin, kreditlə mal alınmasının əleyhinə idi.

Pu­l haqqında fikirlərində isə, o, pulun mahiyyətini izah etmir, onun iki funksiyasının (dəyər ölçüsü və tədavül) olduğunu qeyd edirdi. Pulun yalnız mübadilə vasitəsi olduğunu hesab edir və pul yığımına qarşı olmuşdur.

Dövlətin sabit inkişafını natural təsərrüfatla əlaqələndirir və göstərirdi ki, yalnız quldarlığı saxlamaqla, yeni şəhərlər salmaqla buna nail olmaq olar. Sənətkarlıq və ticarətlə müqayisədə əkinçiliyin inkişafına üstünlük verir və əldə olunan məhsulların 12 hissəyə, hər 12 hissənin isə 3 hissəyə bölünməli olduğunu bildirirdi. Bir hissə azad adamlar üçün, digər hissə qullar üçün, üçüncü hissə isə xaricilərə satılmaq üçün nəzərdə tutulmalıdır.

Platon antik dövrün ən məşhur mütəfəkkiri və sonrakı elmi dünyagörüşlərin forma­laşmasının mənbəyi kimi bəşər tarixində əbədiləşmişdir.

P.S. Sokratın şagirdi, Aristotelin müəllimi olmuş qədim yunan filosofu
Platon (Əflatun kimi də tanınır) əsərləri günümüzə qədər qısa, hissələrlə deyil, tam şəkildə gəlib çatmış ilk filosofdur. Platon Afinada aristokrat ailəsində dünyaya gəlmişdir.
Antik ənənəyə görə, onun doğulduğu gün (21 may) əfsanələrə əsasən, bayram kimi qeyd edilən tanrı Apollonun dünyaya gəldi günə təsadüf edir.

Əsl adının Aristokl olduğu (qədim yunancadan hərfi tərcüməsi “şan-şöhrət”) və elə bu adla da basdırıldığı iddia olunur. Platon (yunanca “Plato” - genişlik) isə uca boylu və iri cüssəli olduğuna və ya geniş alnı olduğuna görə gimnastika müəllimi Ariston tərəfindən ona verilmiş təxəllüsdür. Onun maraq dairəsinə rəsm, musiqi, gimnastika, metafizika, etika, estetika, siyasət, təhsil, riyaziyyat fəlsəfəsi daxil idi. Mükəmməl gimnast olan Platon, deyilənə görə, hətta Olimpiya oyunlarının qalibi olmuşdur. Poetik istedadı olan Platon, gəncliyində şeir və dram əsərləri tərtib etməyə çalışmış, lakin həyatının 20-ci ilində Sokrat ilə tanışlıqdan sonra ədəbiyyatı atmış, özünü tamamilə fəlsəfəyə həsr etmişdir.

Platon dörd şeyə görə göylərə təşəkkürünü bildirirdi: 1) heyvan deyil, insan 2) qadın deyil, kişi doğulduğuna, 3) barbar deyil, yunan və ən çoxu isə - 4) Afina vətəndaşı və Sokratın müasiri olduğuna görə. Platon heç vaxt evlənməmişdir. O, şərəfli, sakit və ciddi həyat tərzi sürmüşdür. Daima hisslərini cilovlamağı bacaran filosofu gənclik illərində belə gülən, əyləncəli halda görmək olmazmış.

Qədim mənbələrə əsasən, Platon anadan olduğu gündə vəfat etmiş və yaratdığı və 40 il fəaliyyət göstərdiyi öz şəxsi məktəbində - Akademiyada dəfn edilmişdir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva