TOMAS MAN
- Oxunub 1551 dəfə
(1571, London, Böyük Britaniya – 1641, London, Böyük Britaniya)
Əsərləri: “İngiltərə ilə Ost-Hindin ticarətinə dair fikirlər” (1621), “Xarici ticarətdə İngiltərənin sərvəti və ya bizim sərvətimizin tənzimləyicisi kimi xarici ticarətimizin tarazlığı” (1628)
İngilis iqtisadçısı Tomas Man merkantilizmin nümayəndələrindən olmuşdur. Man iqtisadi baxışlarında kapitalın əsas növünü ticarət kapitalı hesab edirdi. Zənginliyin mənbəyini malların ixracının idxaldan üstünlük təşkil etdiyi ticarətdə görən iqtisadçı qeyd edirdi ki, satışı itirməmək üçün mümkün qədər malları ucuz satmaq lazımdır. O, hər il xaricilərdən satın alındığından daha çox onlara satmağı təklif edirdi.
Sərvəti pul ilə müəyyən edən Man pulun miqdar nəzəriyyəsinin əsasını təşkil edən fikir irəli sürmüşdür: ölkədə pul artımı ticarətdən asılıdır. Bununla əlaqədar pula nəinki xəzinə, həmçinin dövriyyə və kapital vasitəsi kimi baxırdı. Sərvətin pul forması kimi qiymətli metal ehtiyatlarını (qızıl və gümüş) nəzərdə tuturdu. Onun fikrincə, fərdi ticarət kapitalisti sonradan tədriclə çıxarmaq üçün dövriyyəyə pul buraxdığı kimi, ölkə də mal ixracının idxaldan üstünlüyünü təmin etməklə ticarət yolu ilə zənginləşməlidir. İqtisadçı istehsalın inkişafını ticarətin genişləndirilməsi üçün bir vasitə kimi görürdü. Man kredit faizləri və kredit kapitalını ticarətdən asılı olaraq qəbul edir və qəti şəkildə kredit faizinin qanunvericilik vasitəsi ilə tənzimlənməsinə qarşı çıxırdı.
Man tərəfindən təklif olunan iqtisadi siyasət daha sonralar proteksionizm (himayədarlıq) siyasəti və ya milli bazarın qorunması siyasəti adlanmışdır. Ümumi mənada, idxalın məhdudlaşdırılması və ixracın təşviqi ilə məhdudlaşan bu siyasət və bu sahədə nəticəyə nail olmaq üçün yönəldilən tədbirlər bu günə qədər dəyişməz qalır. Bunlara: idxal olunan mallar üzrə proteksionist tarifləri, kvotalar, ixrac subsidiyaları, ixracatçılar üçün vergi imtiyazı və s daxildir. Şübhəsiz ki, bu tədbirlər dövlət dəstəyi olmadan həyata keçirilə bilməz, bu səbəbdən merkantilizmin nümayəndələri dövlətin iqtisadi proseslərə fəal şəkildə müdaxiləsini qəbul edirdilər.
Lakin Manın himayədarlıq siyasəti ilə bağlı baxışları məhdud xarakter daşıyırdı; belə ki, o, hökumətin bütün idxalı yerli istehsalla əvəz etməsini tələb etmir; əksinə hətta idxalın dolayı stimullaşdırılmasının tərəfdarı idi. O, xarici xammaldan hazırlanmış məhsulların rüsumsuz ixrac edilməsini dövlət üçün düzgün və faydalı siyasət hesab edirdi. Onun fikrincə, bu yolla belə sənayelər vasitəsilə bir çox yoxsul insanlar işlə təmin edilər, xaricə malların illik ixracı artar, xarici xammalın ölkəyə idxalı yüksələr və nəticədə dövlət gəlirlərinin axını yaxşılaşar.
P.S. Tomas Man uzun əsrlər boyu ingilis burjuaziyasının qalası hesab olunan və London Siti adlanan güclü burjua icmasının nüfuzlu üzvlərindən olmuşdur. O, köhnə sənətkar və tacir ailəsindən idi. Atası ipək və məxmər ticarəti ilə məşğul olurdu. Atasını erkən itirən Tomas zəngin tacir və Aralıq dənizi ölkələri ilə ticarət edən Ost-Hind ticarət şirkətinin qurucularından biri olan ögey atasının himayəsində böyümüşdür. Atasının dükanında və ofisində təlim aldıqdan sonra, on səkkiz yaşında işləməyə başlamış, bir neçə il İtaliyada yaşamış, Türkiyəyə və bir sıra digər ölkələrə səfər etmişdir.
Ost-Hind şirkətinin görkəmli üzvlərindən biri olan Man qısa müddət ərzində zəngin olmuş və möhkəm nüfuz qazanmışdı. O, varlı bir zadəgan qızı ilə ailə qurmuşdu. Həyatının sonunda daha da varlanan Man böyük torpaq sahələrini satın almış və Londonda nağd şəkildə böyük məbləğdə kredit verə biləcək adam kimi tanınırdı.
Onun ikinci əsəri ölümündən 23 il sonra 1664-cü ildə nəşr edilmişdir. Manın yazı üslubu sadəliyi ilə seçilirdi. O, öz sözləri ilə desək, “təhsilinin olmaması səbəbindən” əsərlərini artıq sözlər işlətmədən, qısa şəkildə, lakin hər bir detalda həqiqətləri qərəzsizliyi ilə yazırdı.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva